Media-icmalı 19.02.18

Azərbaycana sərmayə yatırımı, kiçik və orta biznesin maliyyələşmə problemi, "Stalinin ölümü" kinokomediyasının yayımına maneələr, kreditləşmənin zəifləməsi bugünkü medianın (19 fevral, 2018-ci il) aparıcı mövzularındandır.

İnkişafın əsas göstəricilərindən biri- sərmayə yatırımı

"Azərbaycan" qəzeti "İnvestisiyanın əsas ünvanı qeyri-neft sektorudur" sərlövhəli məqalədə bu sektorun inkişafını dəyərləndirir.

Müəllif deyir ki, kapital qoyuluşu iqtisadiyyatın inkişafına təkan verən, dinamikasını qoruyan əsas vasitədir, buna görə də hər bir dövlət iqtisadiyyatının, xüsusilə xarici sərmayə hesabına kapitallaşmasına maraqlıdır.

Yazı müəllifi deyir ki, investorlar isə sərmayə yatırılmasına çox həssas yanaşırlar, ölkədə problemlər olduqda bundan dərhal imtina edirlər: "Azərbaycanda xarici investisiyaların qorunması üçün mükəmməl hüquqi baza var. Bunun nəticəsidir ki, ötən il xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 8607,4 milyon manat investisiya yatırılıb. Xarici ölkələrin və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilən vəsaitin 7086,4 milyon manatı İngiltərə, Türkiyə, Malayziya, İsveçrə, Rusiya, İran, Yaponiya, ABŞ və Çexiya sərmayədarlarına məxsusdur".

Müəllif vurğulayır ki, Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışlarda ölkə iqtisadiyyatına 14,6 milyard dollar sərmayə qoyulub və bunu yerli və xarici investorların ölkəyə vəsait qoymaqda maraqlı olması, həm də sabitliyin təzahürü, böyük uğur kimi dəyərləndirir.

Yazı müəllifi deyir ki, dövlət özü sosial-iqtisadi infrastruktur layihələrinə kapital qoymaqla investor kimi çıxış edir, ona görə də ölkə daxilində elektrik, qaz, kəndlərə yol, içməli su layihələri həyata keçirilib.

Müəllif Dövlət Statistika Komitəsinin məlumatına istinadən deyir ki, 2017-ci ildə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 15550,8 milyon manat vəsait yönəldilib, bu vəsaitin 76,3 faizi qeyri-neft istehsalat obyektlərinin tikintisinə sərf edilib.

Müəllif deyir ki, bu, ümumi sərmayənin 37,8 faizi dövlət, 62,2 faizi qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən yatırılıb və kapital qoyuluşunda özəl sektorun üstünlük təşkil etməsi dövlətin sahibkarlığa dəstəyinin ifadəsidir. "Beləliklə, əsas kapitala yönəldilən sərmayədə müəssisə və təşkilatların vəsaitləri 9854,2, bank kreditləri 2202,3, büdcə vəsaitləri 2393,6, büdcədənkənar fondların vəsaitləri 201,9, əhalinin şəxsi vəsaitləri 789,1 milyon manat və s. vəsaitlər isə 109,7 milyon manat təşkil edib".

Azərbaycanın 7-8 dəfə geriliyi

"Yeni Müsavat" qəzetində "Güzəştli kreditlər daha çox hansı sahibkarlara verilir..." sərlövhəli məqalədə müəllif iqtisadiyyatın inkişafında orta və kiçik sahibkarlığın rolunu ekspert Rəşad Həsənovla dəyərləndirir.

Müəllif Dünya Bankının məlumatlarına əsasən, inkişaf etmiş ölkələrdə kiçik və orta sahibkarlığın ÜDM-də payının 50 faiz, məşğulluqdakı payının isə 60 faizdən yuxarı olduğunu deyir.

Müəllifin deməsinə görə, Avropa İttifaqı ölkələrində isə müəssisələrin 99 faizini kiçik və orta biznes təşkil edir ki, bunların da məşğulluqda və ÜDM-də payı 60 faizdən çoxdur: "Kiçik və orta sahibkarlığın inkişafı baxımından Azərbaycan dünya üzrə orta göstəricidən 7-8 dəfə geri qalır, buna görə də bu istiqamətə dövlət dəstəyinin güclənməsi vacibdir. İri sahibkarlığa nisbətən kiçik və orta sahibkarlığın biznes kreditlərinə çıxış imkanları çox məhduddur". Bu sahədə indiki durumu qəzetə ekspert R.Həsənov belə izah edir.

R.Həsənovun fikrincə, sahibkarların kreditə əlçatanlığı Azərbaycan iqtisadiyyatının ən zəif həlqələrindən biridir, beynəlxalq hesabatlarda da əksini tapır, Dünya Bankının "Doing Business" hesabatında da bu göstəriciyə görə, Azərbaycan 190 ölkə arasında 112-ci yeri tutub ki, bu, olduqca zəif göstəricidir.

Ölkədə bütün istiqamətlərdə maliyyə əlçatanlığında problemlər olduğunu deyən R.Həsənov buna səbəb kimi istər dövlət maliyyə mexanimləri, istərsə də özəl maliyyə mənbələrinin zəif inkişaf etməsini göstərir.

Ekspert sadalayır ki, Sahibkarlığa Kömək Milli Fondu (SKMF), aqrokreditlərin layihələndirilməsi və dəstək fondu, informasiya texnologiyalarına dəstək fondu və Azərbaycan İnvestisiya Şirkəti də güzəştli maliyyələşdirmə mexanizmləri tətbiq edir: "Bu qurumlar arasında ən aktiv güzəştli kreditləşməni SKMF edir, onun da resursları məhduddur. 2014-cü ildən sonra fond vasitəsilə sahibkarlığın maliyyələşdirilməsi kəskin azalıb. Əgər 2014-cü ildə Fond güzəştli kreditləşməyə 300 milyon manat yönəltmişdisə, 2017-ci ildə 146 milyon manata qədər azalıb. Bu da onu göstərir ki, dövlətin güzəştli maliyyələşdirmə mexanizmləri kifayət qədər məhduddur".

Ekspertə görə, ilkin kapitalın olmaması biznes qurmaq yolunda ən böyük problemdir və bu ondan da görünür ki, SKMF 2017-ci ildə 146 milyon manat güzəştli kreditin 116,87 milyon manatını və ya 80,%-ini 27 iri layihəyə yönəldib.

8,941 milyon manat və 6,%1 vəsait 41 orta layihəyə, 20,189 milyon manat, yaxud 13,8% -sə 1875 kiçik layihəyə verilib.

Müəllif deyir ki, hazırda ölkədə prioritet kimi kiçik və orta sahibkarlığın inkişafı götürülüb, bu isə Azərbaycan üçün çox vacib məsələdir.

"Stalin sevgisi" vətəndaş haqqından öndə?...

"Azadlıqinfo.az" da isə "Hökumətin Stalin sevgisi" sərlövhəli məqalə oxumaq olar".

Müəllif Böyük Britaniya istehsalı olan "Stalinin ölümü" kinokomediyasının yayımına Azərbaycanda hökumət səviyyəsində qadağa qoyulduğunu bildirir və bunun səbəblərini araşdırmağa səy edir.

Müəllif deyir ki, bu filmin yayımına Rusiyada qadağa qoyulub, amma Belarus, Ermənistan, Qazaxıstanda belə qadağa yoxdur: "Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi filmin yayımını məqsədəuyğun hesab etməyib. "CinemaPlus"un direktoru Cəfər Axundzadə də deyir ki, filmin Azərbaycanda nümayişi üçün bütün qanuni imkanlardan istifadə ediblər. Filmin Azərbaycanda nümayişi üçün müqavilə var, bütün sənədlər toplanıb, yayım icazəsi üçün nazirliyə təqdim edilib. Amma icazə verilməyib və belə izah olunub ki, filmdə Böyük Vətən Müharibəsinin iştirakçıları, marşal Jukov bir az ələ salınıb. Yəni, izah etməyə çalışıblar ki, bu, bizim tariximizdir, bu filmin nümayişi həlak olanlara təhqirdir və.s".

Bu baxımdan müəllif deyir ki, Azərbaycan müstəqil dövlət olsa da iqtidar müstəqil deyil, qətiyyətsizdir, dövlət qüruru haqda düşünmür, dövlət marağından öncə Rusiyanın maraqlarını güdür və Kremldən gələn "məsləhət"lə hərəkət edir.

Müəllifə görə, bu münasibət vəziyyətin daha rüsvayçı olmasının göstəricisidir, belə ki, bu hökumət nəinki Qarabağ məsələsində müstəqil siyasət yürüdə bilmir, hətta Stalinlə bağlı filmin nümayişinə imkan yaratmaqdan da qorxur: "Göründüyü kimi, bizim əzəmətli hökumətimiz Stalinin, Jukovun ruhunu narahat etmək istəmir. Amma Stalinin əmriylə sürgün olunan, edam olunan, külliyyatı məhv edilən ziyalıların ruhu hökuməti narahat etmir. Ölkənin işıqlı adamlarını məhv edənlərin tənqidinə razı olmurlar".

Müəllifin baxımından bu, ona görədir ki, Azərbaycanda indi də eyni siyasət davam etdirilir, ölkənin işıqlı, vətənpərvər, ləyaqətli insanları şərlənərək həbs olunurlar, xalqa divan tutanlar isə "Şərəf", "Şöhrət" ordeni alır.

Müəllif vurğulayır ki, hökumət bununla "Stalin rejimi"nin qurbanı olmuş minlərlə Azərbaycan vətəndaşının qətlinə adi qurbanlar kimi baxdığını, Jukovun tənqid olunmasını isə yolverilməz saydığını ortaya qoyur.

Müəllif deyir ki, bu münasibətlə Stalin YAP hökuməti üçün həmişə diridir və elə ona görə də "Stalinin ölümü" filminin yayımına qadağa qoyulub.

Kredit yoxdursa, maraq da yoxdur ...

"Exo" qəzetində "Azərbaycanda özəl sektorun kənd təsərrüfatına təkan verməsinə necə nail olmaq olar?" sərlövhəli məqalə diqqət cəlb edir.

Müəllif ölkədə kənd təsərrüfatının güclü inkişaf etdirilməsi yollarını ekspert Elşad Məmmədovla müzakirə edir.

"Azərbaycan milli iqtisadiyyatın qeyri-neft sektorunu inkişaf etdrimək istiqaməti götürüb və bu yöndə kənd təsərrüfatı prioritet təşkil edir. Kənd təsərrüfatı iki səbəbə görə qeyri-neft sektorunun prioritet istiqamətidir. Birincisi, bu idxal siyasətini əvəz edərək daxili istehlak bazarını təmin edəcək, ikincisi, qeyri-neft ixrac potensialını inkişaf etdirəcək. Ona görə də kənd təsərrüfatının inkişaf etdirilməsi dövlət büdcəsini tamamlamaq üçün alternativ mənbələrdən biridir". E.Məmmədov kənd təsərrüfatı sahəsinin inkişaf etdirlməli olmasını belə əsaslandırır.

Ekspert hesab edir ki, kənd təsərrüfatının inkişafı həm də ölkə əhalisinin məşğulluq səviyyəsinin artmasına gətirəcək ki, bu da neçə illərdir ölkə regionlarında yer alan işsizlik probleminin həlli baxımından vacibdir.

E.Məmmədov deyir ki, burada narahatedici məqam var və bu da ondan ibarətdir ki, bazar iqtisadiyyatı şəraitində dövlət tənzimləyici, stimullaşdırcı rol oynaya bilər, amma iqtisadiyyatın hansısa sahəsinin inkişafında əsas ağırlıq özəl sektorun çiyninə qoyulmalıdır.

Ekspertə görə, elə məsələ də bundadır ki, özəl sektor kənd təsərrüfatının inkişafında kifayət qədər həvəslə iştirak etmir, bunun isə öz səbəbləri var.

"İqtisadiyyatın real sektorunun bir çox sahələrində, o cümlədən kənd təsərrüfatında gəlirlilik kifayət qədər yüksək deyil. Kənd təsərrüfatının inkişafına ucuz və uzunmüddətli kreditlər lazımdır ki, bu da olmadığına görə özəl sektor kənd təsərrüfatının inkişafında fəal rol oynamır", ekspert haqqında danışdığı səbəbi belə izah edir.

E.Məmmədov vurğulayır ki, bazar iqtisadiyyatı şəraitində əsas ağırlığın özəl sektorun yox, dövlətin üzərinə qoyulması yolverilməzdir, dövlət ancaq özəl sektorun kənd təsərrüfatı sahəsində çalışması üçün əlverişli olan şəraiti formalaşdırmalıdır.

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti