Aqrar sahədə ixrac potensialının artırılması, bələdiyyə və icra hakimiyyətlərinin sahibkarlığın inkişafına maneçilikləri, Qarabağ problemi fonunda daxili siyasət bugünkü (20 fevral, 2018-ci il) medianın aparıcı mövzularındandır...
Ixrac potensialını artırmaq imkanı
"Azərbaycan" qəzeti "Aqrar sektorun ixrac potensialı genişdir" sərlövhəli məqalədə bu sahənin ixrac imkanlarını dəyərləndirir.
Müəllif aqrar sektorda həyata keçirilən islahatları uğurlu adlandırır, son dövrlər ənənəvi sahələrin dirçəldilməsi sayəsində məhsul istehsalı və ixracının artmasına imkan verdiyini vurğulayır.
Yazı müəllifi deyir ki, bu sahələrin bərpası və genişləndirilməsi kənd təsərrüfatında məhsul istehsalının istər daxili tələbatın ödənilməsində, istərsə də ixracda özünü aydın şəkildə büruzə verir.
Müəllif 2014-2018-ci illərdə regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda meyvəçiliyin inkişafı barədə xüsusi danışıldığını bildirir: "Meyvə istehsalı bizdə artır və artacaq. 2016-2017-ci illərdə 800 hektarda yeni xurma bağları salınıb. Ona görə xurma, nar istehsalı artacaq və artmalıdır. İntensiv bağçılığa çox böyük diqqət göstərilir. Alma bağları da sürətlə genişlənir və bu da ixrac üçün çox önəmli sahəyə çevrilib".
Yazı müəllifi ölkədə fındıq, xurma, alma istehsalı sahəsində uğurlar barədə danışır, zeytun istehsalının vacibliyini bildirir və yuxarıda adıçəkilən konfransda dövlət başçısının da zeytun istehsalına toxunduğunu bildirir: "Zeytun Azərbaycanda qədim zamanlardan becərilir, xüsusən də Bakı və Abşeron yarımadasında, amma potensial daha böyükdür. Bu il və gələn il Bakıətrafı bölgələrdə, qəsəbələrdə minimum 3 min hektar yeni zeytun bağları salınacaq.
Bununla yanaşı, yeni zeytun yağı fabriki tikiləcək. Onun istehsal gücü ildə 3000-4000 ton olacaq".
Müəllif deyir ki, dövlət başçısı sahibkarları kənd təsərrüfatında ixrac potensiallı ənənəvi sahələrə sərmayə yatırmağa çağıraraq dövlətin də bu sahədə onları məhsulun becərilməsindən ixracınadək dəstəkləyəcəyini bildirib.
Yazı müəllifi vurğulayır ki, bununla bağlı bir neçə sənəd də imzalanıb, bu sənədlərdə çayçılıq, çəltikçilik sahələrinin inkişaf etdirilməsi xüsusi olaraq vurğulanır.
Müəllif deyir ki, adları çəkilən sahələrdə istehsalın genişləndirilməsi həm yerli bazarı məhsulla təmin etməyə, həm də ixraca imkan verəcək.
Müəllif vurğulayır ki, adları çəkilən sahələrdə idxalla ixrac sahəsində nisbətdə hələlik idxalın xeyrinədir, amma bunu məhsul istehsalını artırmaqla aradan qaldırmaq olar.
Bələdiyyələr ya buraxılmalı...
"Exo" qəzetində isə "Azərbaycanda bələdiyyələr və icra hakimiyyətləri sahibkarlara mane olurlar" sərlövhəli məqalə oxumaq olar.
Müəllif bu qurumların sahibkarlara maneçilik spektrini ekspert Nəriman Ağayevlə müzakirə edir.
Müəllif deyir ki, dövlət başçısı İlham Əliyevin sahibkarların hüquqlarının müdafiəsilə bğlı sərəncamına baxmayaraq, bələdiyyə və icra hakimiyyətləri orta və kiçik biznesin inkişafına mane olurlar.
Müəllif deyir ki, 2016-cı il ilə müqayisədə 2017-ci ildə Apellyasiya şuralarına 1,7 dəfə az, yəni, 304 şikayət daxil olub.
"Hazırda Azərbaycanda bələdiyyələri müstəqil qurum saymaq mümkün deyil, gerçəkdə icra hakimiyyətlərindən asılıdırlar. Ölkə qanunvericiliyi bələdiyyələrin müxtəlif kiçik və orta müəssisələr qurmaq imkanını tanısa da təcrübədə bundan istifadə edilmir. Bundan əlavə, orta və ya kiçik sahibkarlar öz bizneslərini yaratmağa səy edirlərsə, icra hakimiyyəti, elə bələdiyyələr də onlara dəstək olmur, əksinə "təkər altına odun" qoyurlar. Baxmayaraq ki, dövlət başçısı sahibkarların hüquqlarının qorunması ilə bağlı sərəncam verib, bu qurumlar bu sənəddən yan keçməyin yolunu tapıblar". Bu sahədə mövcud durumu qəzetə ekspert N. Ağayev belə dəyərləndirir.
Ekspertə görə, bu vəziyyətdən iki çıxış yolu var, ya bələdiyyələri bütünlüklə buraxmaq, ya da onlara geniş hüquqlar verərək iri müəssisələr yaratmalarını stimullaşdırmaq lazımdır.
Müəllif deputat Qüdrət Həsənquliyevin də bu günlərdə prezidentin orta və kiçik sahibkarlara dəstək verdiyini, amma bələdiyyələrin onlara maneçilik törətdiklərini vurğuladığını bildirir.
Müəllif deyir ki, deputat bələdiyyələrin sahibkarlardan tikinti materialları aldıqlarını amma pullarını ödəmədiklərini bildirib və Ədliyyə Nazirliyinin bunun qarşısını almalı olduğunu söyləyib.
Azad İstehlakçllar Birlyinin (AİB) sədri Eyyub Hüseynov isə iddia edir ki, sahibkarlar onlara yaradılan əlverişli şəraitdən sui-istifadəyə yol verirlər.
"AİB-ə əhali tərəfindən sahibkarlarla bağlı şikayətlər daxil olur, son vaxtlar onlar "İstehlakçıların hüquqları haqqında" qanunu tez-tez pozurlar, amma bunları yoxlamaq həmişə mümkün olmur. Bu şikayətlər dövlət qurumlarına göndərilir, amma nəticəsi olmur. Bu qapalı dairədir, bir tərəfdən dövlət qurumları sahibkarların hüquqlarını pozur, digər tərəfdən də sahibkarlar istehlakçıların".
"Özünkünü əz, başqaları qorxsun" siyasəti
"Azadlıqinfo.az"da diqqəti "Əliyev nə vaxta qədər şikayət edəcək?" sərlövhəli məqalə diqqət cəlb edir.
Müəllif Azərbaycan hakimiyyətinin Qarabağ probleminin həllinə və daxildə vətəndaşına bağlı münasibətini müqayisəyə gətirir.
Yazı müəllifi xatırladır ki, 25 ildir ki, Qarabağ münaqişəsinin tənzimlənməsilə bağlı danışıqlar gedir, hələ ki, faydası yoxdur: "YAP hakimiyyəti 25 ildir Qarabağ danışıqları aparır. Amma hələ də zərrə qədər irəliləyiş əldə olunmayıb. Əksinə, atəşkəs dövründə minlərlə əsgərimiz şəhid olub, hər gün atəşkəs pozulur, erməni tərəf açıq mesaj verir ki, bir qarış torpağı da geri qaytarmayacağıq. Azərbaycan hökuməti isə "bizim güclü ordumuz var", "Sülh danışıqlarının potensialı tükənməyib" kimi arqumentlərlə Qarabağı unutdurmaq siyasəti yürüdür".
Müəllif deyir ki, bu günlərdə isə ölkə başçısı Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib və Ermənistandan şikayətlənib ki, bu ölkənin qeyri-konstruktiv mövqeyi danışıqlarda tərəqqi əldə edilməsinə başlıca maneədir.
Yazı müəllifi Azərbaycan hakimiyyətinin ölkəni regionun lider, analoqsuz inkişaf edən, hərbi büdcəsi Ermənistanın dövlət büdcəsindən çox olan
ölkəsi, Ermənistanı isə "acından ölən ölkə adlandırdığını xatırladaraq bu şikayətin anlaşılmaz olduğunu deyir: "Tərəf riyakardırsa, danışıqlar prosesində səmimi deyilsə, o zaman bu qədər danışıq kolleksiyası yığmağın nə mənası var? 20 faiz torpağı tapdaq altında olan ölkənin başçısı şikayətlənirsə bəs bu ölkənin taleyini kim həll etməlidir?".
Müəllif Qarabağ rpobleminin həllində ölkə hakimiyətinin qətiyyətsiz olduğunu iddia edir və daxili siyasətdəki bir nüansı yada salır: "İlham Əliyev başqa vaxt qətiyyətdən, müstəqil siyasətdən danışır. Bəs, bu qətiyyət Qarabağda niyə tətbiq olunmur? Ölkə müxalifətinə göstərilən qətiyyət, qisas hissi, nifrət duyğusu qarşı tərəfə göstərilsəydi bu gün Şuşada idik. Amma görünən budur ki, dövlətin gücündən qarşı tərəfə yox, xalqı səfil vəziyyətə salmaq üçün istifadə olunur".
Müəllifə görə, elə buradan da dövlət başçısının Sarkisyandan şikayət nə vaxta qədər şikayət edəcəyi, "uzaqgörən siyasət üzrə mütəxəssislər"in, daha neçə 10 illiklər mənasız danışıq aparacaqları sualları meydana çıxır.
Müəllif deyir ki, hakimiyyətə qalsa xalq yerində oturub, Ermənistan hökumətinin insaflı vaxtını gözləməlidir, Ermənistan israrından dönüb, bir kənd azad etməlidir və AzTv də bunu "uğur diplomatiyası" kimi gözümüzə soxmalıdır.
Müəllif deyir ki, torpağı azad etmək üçün şikayət yox, əməl lazımdır, bunu isə yalnız xalqın seçdiyi və vətənini sevən hökumət edə bilər.
Rəy yaz