Birinci vitse-prezident təyinatının bir ilinin tamam olması, ölkəyə ərzaq idxalının artması, təqaüdlərin artırılmasına baxış və s. bugünkü (22 fevral, 2018-ci il) medianın aparıcı mövzularındandır.
Birinci vitse-prezident təyinatından bir il keçir
"Azərbaycan" qəzeti "Dövlətə, xalqa şərəfli xidmət missiyası" sərlövhəli məqalədə birinci ledi Mehriban Əlliyevanın birinci vitse-prezident olaraq birillik fəaliyyətini dəyərləndirir.
Müəllif xatırladır ki, 2016-cı il Konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirilib, ölkədə birinci vitse-prezident və vitse-prezidentlər institutu yaradılıb, 2017-ci il fevralın 21-də dövlət başçısı İlham Əliyevin sərəncamı ilə Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva birinci vitse-prezident vəzifəsinə təyin edilib: "Bu, Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadınının cəmiyyətdəki yeri, nüfuzu, işgüzarlığı, dövlətə layiqli xidmət missiyası bir daha aydın görünür. Ona görə Azərbaycan ictimaiyyəti bu təyinat zamanı əmin idi ki, Mehriban Əliyeva tarixin, zamanın, dövlətimizin onun üzərinə qoyduğu bu məsul vəzifəni də ləyaqətlə, mühüm nailiyyətlərlə həyata keçirəcək. Çünki insanlar ondan indiyədək təmsil olunduğu statuslarda yalnız belə fəaliyyət, xalqa, vətənə layiqli xidmət məramı görüblər".
Müəllif deyir ki, M.Əliyeva səylərini əhalinin zəif müdafiə olunan təbəqələrinə, xəstə və valideyn himayəsindən məhrum olmuş uşaqlara kömək göstərilməsinə, habelə, doğma torpaqlarından məcburi köçkün düşmüş vətəndaşların sosial problemlərinin həllinə diqqət göstərilməsini yönəldib.
Müəllif M.Əliyevanın istər Heydər Əliyev Fondunun prezidenti, istər deputat, istər bir vətəndaş, istərsə də ölkədəki bəzi beynəlxalq tədbirlərin təşkliat komitəsi rəhbəri kimi fəaliyyətinin çoxcəhətli olduğunu və daha çox ictimai məna daşıdığını bildirir.
Müəllif vurğulayır ki, M.Əliyeva öz siyasi-ictimai fəaliyyəti ilə bu vəzifəyə ən layiqli namizəd olduğunu çoxdan təsdiq etmişdi və buna görə onun Azərbaycanın birinci vitse-prezident vəzifəsinə təyinatını ictimaiyyət sevinc və rəğbətlə qarşılayıb.
M.Əliyevanın birinci vitse-prezident kimi fəaliyyətinə gəlincə, müəllif qaçqın və məcburi köçkün ailələrinin sosial problemlərini həll etməsini ön plana çıxarır,
Bununla yanaçı müəllif birinci vitse-prezidentin iştirakı ilə Bakının Ramana, Masazır qəsəbələrində məcburi köçkünlər üçün şəhərciklərin salındığını vurğulayır.
Müəllif M.Əliyevanın 2016-cı ilin aprel döyüşlərində xəsarət almış əsgərlərin sağlamlığının bərpasında da mühüm rol oynadığını bildirir.
Yazı müəllifi vurğulayır ki, M.Əliyevanın fəaliyyəti, çoxşaxəli və misilsizdir, buna görə də birinci vitse-prezident hər bir sahədə dövlət başçısının həyata keçirdiyi kursun dəstəklənməsinə və uğur qazanmasına layiqli töhfələr verir.
Seçki naminə "səxavət boğçası"
"Azadlıqinfo" da isə "Əliyevin vətəndaşa "seçki qayğısı" sərlövhəli məqalə diqqəti çəkir.
Müəllif dövlət başçısı İlham Əliyevin müxtəlif kateqoriya təqaüdçülər üçün təqaüdlərin artırılmasını öz baxış bucağından dəyərləndirir.
Müəllif öncə bu artımların növbədənkənar prezident seçkilərinə bir ay yarım qalmış edilməsinə diqqət çəkir və bunu vətəndaşı təhqir adlandırır.
Yazı müəllifinə görə bu, hökumətin ölkə vətəndaşını sadəlövh, düşüncəsiz, ən primitiv yalanlara aldanan şəxs kimi görməsinin göstəricisidir: "İndi də seçkilərə bir ay yarım qalmış "səxavət boxçası" açıblar. Ölkə başçısı bir ucdan sərəncam imzalayır və müxtəlif sahələrdə çalışanların maaşlarını artırır, təqaüdlərini çoxaldır və.s. Əslində bu prosesin özü də vətəndaşı alçatmaq, ağlayan uşağa konfet uzatmaq cəhdidir. Açıq şəkildə deyrilər ki, seçki ili olmasaydı vətəndaşın heç bir önəmi olmazdı".
Müəllifin firkincə, hökumət ölkədəki kütləvi narazılığı hiss edir, əhalinin sosial-iqtisadi vəziyyətinin pis olduğunu bilir və buna görə də seçkiyə qədər "qayğıkeş hökumət" roluna girib.
Yazı müəllifi deyir ki, bu sərəncamlar milyonları əhatə etmir, yüzləri, minləri ağuşuna alır: "Əgər hökumət doğrudan da vətəndaşa qayğı göstərmək istəsəydi, şəhid ailələrinin slğorta pulunu verər, devalvasiyadan dəyən zərərin müəyyən hissəsini kompensasiya etməyə çalışar, təhsil haqlarını azaldar, monopoliyaları ləğv edər, maaşlarda əhəmiyyətli artıma imza atardı və.s"
Müəllif xatırladır ki, hökumət Beynəlxalq Bankın sağlamlaşdırılmasına10 milyardlar xərclədi, amma vətəndaşın zərərini ödəmək üçün 100 milyon vermədi.
Müəllifə görə, ölkə başçısı indiki mərhələdə büdcə pullarının bir hissəsini səfərbər etməklə öz təbliğatını aparır, yəni, bu sərəncamların məqsədi vətəndaşa gün ağlamaq deyil.
Yazı müəllifi deyir ki, yaranan ümumi mənzərə budur ki, hökumət hətta seçki öncəsi də vətəndaşa samballı jest etmədi, büdcədən bir neçə yüz milyon manat silməklə işlərini bitmiş hesab etdi.
Müəllif hesab edir ki, bütün bunlar həm də seçkinin bir oyun, yalnız YAP-ın namizədi üçün şərait yaradılması, büdcənin bir ailənin şəxsi "pul kisəsi" olmasının təsdiqidir.
Milyonlarla artan idxal
"Yeni Müsavat" qəzetində xaricdən niyə bu qədər ərzaq alırıq-səbəblər" sərlövhəli məqalə diqqəti cəlb edir.
Müəllif 2018-ci ildə ölkəyə ərzaq məhsulları idxalının artmasını ekspertlərlə müzakirə edir.
Yazıda Dövlət Gömrük Komitəsinə istinadən xatırladılır ki, 2018-ci ilin yanvarında ölkəyə 99 milyon 210 min dollarlıq məhsul idxal edilib ki, burada da ən yüksək pay buğdaya aiddir, belə ki, 21 milyon 720,36 min dollarlıq və ya 121 min 529,80 ton buğda idxal olunub. "İkinci yerdə 12 milyon 315,41 min dollarla (25 793.39 ton) meyvə-tərəvəz, üçüncü yerdə 8 milyon 785.83 min dollarla (8 842.47 ton) bitki və heyvan mənşəli piylər və yağlar gəlir".
Müəllif deyir ki, bu ilin ilk ayında ölkəyə 5 milyon 177,47 min dollarlıq şəkər (11 533,13 ton), 4 milyon 935,64 min dollarlıq (840.60 ton) kərə yağı və süddən hazırlanmış digər yağlar, 4 milyon 434,04 min dollarlıq (3 011.33 ton) ət, 4 milyon 155,03 min dollarlıq (1069.41 ton) çay, nəhayət, 966,47 min dollarlıq (673.13 ton) süd idxal edilib.
Ekspert V.Məhərrəmov deyir ki, 2017-ci ilin yanvarı ilə müqayisədə 2018-ci ilin yanvarında ərzaq idxalında 22 milyon 704 min dollarlıq artım var.
V.Məhərrəmov ərzaq məhsulları idxalındakı bu artımı həm də ölkənin ərzaq təhlükəsizliyinə təminat olmaması kimi dəyərləndirib.
Ekspert deyir ki, bu ilin birinci ayında ərzaq bəzi mallarının idxalı dəfələrlə artıb, ixracı isə azalıb.
Ekspert Rəşad Həsənov isə hesab edir ki, ərzaq məhsulları idxalındakı artım əsasən maliyyə bazarlarında məzənnələr dəyişikliyinin nəticəsi kimi ortaya çıxıb.
Ekspert xatırladır ki, 2017-ci ilin yanvar ayında manatın məzənnəsində sürətli ucuzlaşma baş verirdi, xarici valyuta bahalaşırdı: "Hazırda manatın məzənnəsindəki sabitlik iqtisadi proseslər təbii axarına dönüb, bu da nəticə etibarilə ərzaq məhsulları idxalının artmasına səbəb olub".
Ekspertə görə, ərzaq məhsulları idxalının artımına dövlət qurumlarının mal-məhsul idxalına qoyduğu qadağanın aradan qaldırılması, bəzi idxalçı firmaların anbarlarında ehtiyatların tükənməsi, bir sıra ərzaq məhsulları üzrə dünya bazar qiymətlərinin artması da təsir edir.
Yazı müəllifi ölkədə kifayət qədər meyvə-tərəvəz yetişdirilsə də 2018-ci ilin yanvarında bu sahədəki artımı da ekspertlə müzakirə edir və bunun yerli məhsullara inamsızlıq ola bilməsi şübhəsini dilə gətirir.
R.Həsənov isə bu şübhəni əsaslı saymır, deyir ki, son illər ərzaq məhsulları bazarında yerli məhsullardan istifadə artıb, burada məsələ ixracın istehsaldan daha sürətlə artması, çatışmayan hissənin idxal hesabına doldurulmasıdır.
Ekspertə görə, daha bir səbəb isə istehsal göstəricilərinin reallığı əks etdirməməsi, yəni, hansı səbəbdənsə istehsal həcmlərini bir qədər şişirdilmiş göstərməkdir.
Rəy yaz