Şuşanın işğalının 22-ci ildönümü tamam olur

1992-ci il mayın 8-də gecə saat 3.20-də erməni birləşmələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində ən böyük şəhəri olan Şuşanın ələ keçirilməsi üzrə əməliyyata başlayıblar. Səhər saat 6.00-a kimi şəhər artilleriya atəşinə tutulub və daha sonra minə yaxın əsgər şəhərə üç tərəfdən hücuma keçib. Hücumda 366-cı rus alayının hələ əvvəlcədən ermənilərə verdiyi 40 zirehli texnika da iştirak edib.

Hərbi mənbələrin məlumatına görə, ermənilər Azərbaycan tərəfin hər şeyə şübhəli yanaşdığını bilərək əməliyyatlar zamanı psixoloji aspektlərə əl atıblar. Belə ki, hücum ərəfəsində ermənilər şəhərin müdafiəsinə qalxanları əbəs yerə həlak olmamağa çağıraraq bildirirdilər ki, "onsuz da Şuşanı satıblır". Ermənilər şəhərdəki nizamsızlıqdan, hətta mina basdırılmış yerlərdən də xəbərdar olublar. Buna görə də onların zirehli texnikası heç bir maneə olmadan Xankəndi tərəfdən şəhərə daxil ola bilib.

Şəhərin işğalı əməliyyatına Baş Kəşfiyyat İdarəsinin (BKİ) "dağ tülküsü" ləqəbli polkovniki Arkadi Ter- Tadevosyan rəhbərlik edib. Həmin vaxt o, Dağlıq Qarabağdakı erməni qüvvələrinə komandanlıq edirdi.

Ermənilər qonşu Xanhəsən kəndinə hücumdan yayındırıcı manevr kimi istifadə ediblər və Şuşanın müdafiəçilərinin bir hissəsi ora göndərilib. Bundan sonra Şuşaya hücum sürətlənib.

Bununla belə, şahidlərin sözlərinə görə, şəhərə ilk hücum tam işğalla nəticələnməyib və küçə döyüşləri xeyli davam edib. Lakin özünümüdafiə qüvvələri möhkəmlənmədiyindən şəhəri tərk etməli olub. Şəhər iki sutka boş qalıb. Güclü müqavimətlə üzləşməyən ermənilər ora mayın 9-da daxil olublar.

Laçın tərəfdən Şuşaya girişə nəzarət edən erməni qüvvələrindən birinə sonralar Ermənistanın prezidenti olmuş Robert Köçəryan rəhbərlik edib. Separatçı qüvvələrin təchizatı və ümumi rəhbərliyi ilə indiki prezident Serj Sarkisyan məşğul olub.

Azərbaycan Müdafiə Nazirliyində də nizamsızlıq hökm sürürdü. Heç kim situasiyaya tam nəzarət etmirdi və real vəziyyətlə bağlı məlumatı yox idi. Buna görə də hələ bir neçə gün rəsmi mənbələr şəhər uğrunda döyüşlərin getdiyi barədə məlumatlar verirdi. Bununla belə, Şuşaya göndərilən zirehli texnika, Azərbaycan ordusu və DİN qüvvələrindən ibarət böyük bir qrup şəhərin azad olunmasına cəhd göstərə bilmədi. Hərbi əməliyyatlarda koordinasiyasının olmaması, AXC və Mütəllibov tərəfdarları arasında hakimiyyət uğrunda mübarizə Bakıda cəbhənin süqutuna və faktik olaraq strateji baxımdan digər mühüm şəhərin- Laçının ermənilərə verilməsinə gətirib çıxarıb.

Rusiya xüsusi təyinatlı bölmələrinin, Laqodexi (Gürcüstan) şəhərində yerləşmiş BKİ xüsusi təyinatlı dəstələrinin ermənilərin tərəfində döyüşdüyünü təsdiq edən çoxsaylı faktlar var.

Qeyd etmək lazımdır ki, ermənilərin Şuşaya hücumu başlamazdan bir neçə saat öncə Tehranda Ermənistan və Azərbaycan prezidentləri İran başçısının vasitəçiliyilə Qarabağ münaqişəsinin həllinə dair Ermənistan-Azərbaycan sülh sazişi imzalamışdı.

Moskvadakı müəyyən dairələr Şuşanın işğalından Azərbaycanın Rusiyadan ayrılmasına yol verməmək məqsədilə istifadə edirdi. Belə ki, şəhər işğal olunduqdan sonra ilk günlər rus generalları və siyasətçiləri açıq-aşkar deyirdilər ki, Bakı öz silahlı qüvvələrinin vahid MDB komandanlığına tabe olmasına, rusiyapərəst xarici və daxili siyasət yürütməyə razılıq versə, şəhər qaytarıla bilər.

Mayın 14-də hakimiyyətə qayıdan prezident Ayaz Mütəllibov Turana-a müsahibəsində qeyd edib ki, Şuşanın işğalı "müharibənin bir şıltaqlığıdır" və bildirib ki, şəhər azad olunacaq. Lakin bir gündən sonra Mütəllibov hakimiyyəti devrilib. Nəhayət, 1992-ci il mayın sonlarında Xalq Cəbhəsi hökuməti 60 minlik Rusiya ordusunun Azərbaycandan çıxarılmasına başlayıb. --0--

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti