Amnesty International: Azərbaycanda vəkilliyin məhdudlaşdırılması ədalətli mühakiməyə zərbədir

London/01.12.17/Turan: Azərbaycanda dekabrın 1-də qüvvəyə minmiş vəkillik fəaliyyətinin yeni qaydaları ədalətli mühakiməyə ciddi zərbə vurur, faktiki olaraq hüquq müdafiəçilərinin istənilən növ məhkəmə təhqiqatlarında iştirakını qadağan edir, bu barədə nüfuzlu beynəlxalq Amnesty İnternational təşkilatı bildirib.

Bu gün qüvvəyə minən Mülki-Prosessual Məcəlləyə, İnzibati-Prosessual Məcəlləyə və "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna düzəlişlər ölkədə yeganə Vəkillər Kollegiyasının üzvü olmayan bütün hüquqşünasları vəkil statusundan məhrum edir, deyə təşkilatın bəyanatında bildirilir.

9,8 milyon sakini olan ölkədə bu gün 900-dən bir qədər çox vəkil işləyir - Vəkillər Kollegiyasının üzvlərinin sayı məhz bu qədərdir, həm də onların 100-ə yaxını fəal iş aparmır.

Müstəqil Azərbaycanın mövcud olduğu müddət ərzində təqiblərə məruz qalan və müntəzəm olaraq vəkillik statusundan məhrum edilən hüquq müdafiəçiləri indi, demək olar ki, məhkəmə iclaslarında iştirak etmək imkanından tamamilə məhrum ediliblər. Bu, hökumətin Azərbaycanda ədalətli məhkəmə təhqiqatı hüququnun sarsılmasına yönəlmiş son tədbirlərindən biridir.

"Azərbaycan getdikcə daha çox qanunsuzluq uçurumuna yuvarlanır, vəkillər üçün yeni qaydalar ədalətli mühakiməyə daha bir ciddi zərbə vurur. Sosial şəbəkələrdə belə hakimiyyətin ünvanına tənqidi fikirlərin həbs təhlükəsi yaratdığı bir ölkədə indi ədalətli məhkəmə təhqiqatı şansı minimuma endirilib", deyə Amnesty International-ın Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Denis Krivoşeyev bildirib.

"Hazırda məhkəmələrdə fikri ifadə azadlığını müdafiə edərək və işgəncələrə qarşı mübarizə apararaq, hakimiyyətə qarşı çıxmağa cürət edən bir neçə cəsur vəkil onsuz da müntəzəm olaraq təqiblərə məruz qoyulur. Amma indi Azərbaycan hakimiyyəti sadəcə olaraq bu hüquq müdafiəçilərini məhkəmə proseslərindən uzaqlaşdırmaq imkanı əldə edib və müttəhimləri son ədalət ümidlərindən məhrum edib", deyə o əlavə edib. -02D-

Rəy yaz

Siyasət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti