Azərbaycan AXC-nin 101 illiyini qeyd edir

Bakı/28.05.19/Turan: Mayın 28-də Azərbaycanda Respublika Günü qeyd edilir. 100 il əvvəl - 1918-ci ilin bu günündə müsəlman dünyasında ilk respublika -Azərbaycan Xalq Cümhuriyyəti (AXC) elan edilib.

Azərbaycanın və digər Qafqaz ölkələrinin müstəqilliyi Birinci Dünya Müharibəsi başa çatdıqdan və Rusiya imperiyası dağıldıqdan sonra mümkün olub. Amma Zaqafqaziyada imperiya irsi region xalqları arasında ciddi ziddiyyətlər yaradıb və onların elan etdikləri Zaqafqaziya Respublikası çərçivəsində birləşməsinə imkan verməyib.

1918-ci il mayın 26-da Zaqafqaziya Seymində (parlamentində) gürcü və erməni fraksiyaları arasında fikir ayrılıqları nəticəsində Zaqafqaziya Demokratik Federativ Respublikasının (ZDFR) dağılmasından sonra Azərbaycan öz müstəqilliyini elan edib.

Mayın 26-da gürcülər Federasiyadan çıxıb Gürcüstanın müstəqilliyini elan etdikdən sonra mayın 27-də Zaqafqaziya Seyminin müsəlman fraksiyaları Azərbaycanın müstəqilliyini elan ediblər. Elə həmin iclasda Məhəmməd Əmin Rəsulzadə Azərbaycan Milli Şurasının rəyasət heyəti və sədri seçilib.

2918-ci il mayın 28-də İstiqlal Bəyannaməsi qəbul edilib, sənəddə Azərbaycanda demokratik parlament respublikasının yaradıldığı elan edilib. Bəyannamədə qeyd edilirdi ki, Azərbaycan xalqları suveren hüquq daşıyıcılarıdır və Azərbaycan tamhüquqlu müstəqil dövlət elan olunur.

Azərbaycan Milli Şurası 18 gün ərzində Tbilisidə fəaliyyət göstərib, sonradan Gəncəyə köçüb. Həmin vaxt Bakı başda Stepan Şaumyan olmaqla, Bakı kommunasının nəzarəti altında idi. AXC hökuməti yalnız 1918-ci ilin sentyabrında Qafqaz Türk İslam Ordusunun paytaxtı Bakı komissarlarını əvəz edən eser-menşevik "Mərkəzi Kaspi Diktaturası" hökumətindən azad etməsindən sonra Bakıya köçüb.

AXC-də milli və dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşların hüquq və azadlıqları təmin edilib. Müsəlman dünyasında ilk dəfə olaraq qadınların seçki hüququ tanınıb.

AXC Versal Sülh Konfransında tanınıb. Mövcud olduğu 23 ay ərzində AXC-də bir sıra qanunlar qəbul edilib, siyasi, hərbi, hüquqi və iqtisadi islahatlar həyata keçirilib, Azərbaycanda ilk universitet yaradılıb.

İlk Azərbaycan Demokratik Respublikası 1920-ci il aprelin 28-də Qırmızı Ordunun işğalı nəticəsində dağılıb. Azərbaycan ittifaq dövləti kimi SSRİ-nin tərkibinə daxil olub.

1991-ci ildə SSRİ dağıldıqdan sonra Azərbaycan yenidən müstəqillik əldə edib və özünü AXC-nin varisi elan edib.

Bu il də Azərbaycan hakimiyyəti bu tarixi sönük qeyd edir, vətəndaşların AXC-nin demokratik irsinə sevgisini qısqanclıqla qarşılayır və ilk demokratik respublikanın yaradıcılarının rolunu kiçiltməyə çalışır.

Avropa Liqasının finalının Bakıda keçirilməsi isə hakimiyyətə şəhərin mərkəzində İstiqlaliyyət küçəsindəki Müstəqillik abidəsinə kütləvi ziyarəti qadağan etmək üçün bəhanə verib.

Müxalifət partiyalarının bir çoxu Novxanı qəsəbəsində Məhəmməd Əmin Rəsulzadənin abidəsi önündə bayram mitinqləri keçirəcəklər.

Son həftələr sosial şəbəkələrdə bir çox istifadəçi fəal şəkildə AXC xadimlərinə və Respublikanın 101 illiyinə həsr olunmuş məqalələr, postlar, foto və videomateriallar dərc edirlər.

Bu gün bir çox evdə Azərbaycan bayraqları asılıb, bu, hakimiyyətin AXC-ni və onun xadimlərini xalqın yaddaşından çıxarmaq cəhdlərinə baxmayaraq, bunu etməyin qeyri-mümkün olduğunu göstərir. -06D-

Rəy yaz

Siyasət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti