mod.gov.az
Zakir Həsənov Avropa elçisinə müharibə ehtimalından danışıb
Bakı/19.02.18/Turan: Cəbhə xəttində iki silahlanmış ordu daim üz-üzə dayanıb, müharibənin hər an başlaya biləcəyi istisna deyil.
Bu fikirləri müdafiə naziri Zakir Həsənov Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi elçisi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə ifadə edib.
Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir ki, görüşdə cəbhə xəttindəki hazırkı vəziyyətə dair məsələlər müzakirə edilib.
Z.Həsənov beynəlxalq birlik tərəfindən tanınan Azərbaycan ərazilərinin Ermənistanın işğalı altında olduğunu və danışıqlar prosesinin bu günədək nəticəsiz qaldığını xatırladıb. O, qeyd edib ki, beynəlxalq qurumlar Dağlıq Qarabağ münaqişəsinin fəsadlarının araşdırılması ilə deyil, onu yaradan səbəblərin köklü surətdə aradan qaldırılması ilə məşğul olmalı və münaqişənin bütövlükdə həllinə səy göstərməlidirlər.
T.Klaar-ın Cənubi Qafqaz regionunda sabitliyin təmin olunması üçün münaqişənin tez bir zamanda sülh yolu ilə həllinin vacibliyini qeyd etdiyi, Avropa İttifaqının bu istiqamətdə danışıqların davam etdirilməsinin tərəfdarı olduğunu vurğuladığı bildirilir.--0--
Xatırlatma
Avropa Birliyinin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi elçisi Toyvo Klaar bu gün Azərbaycana səfər edib.
Azərbaycan prezidenti İlham Əliyev də onun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Həmin görüşdə başqa məsələlərlə yanaşı Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli ətrafında da fikir mübadiləsi aparılıb. Bu istiqamətdə səylərin münaqişənin sülh və danışıqlar yolu ilə həllinə yönəldilməsinin vacibliyi qeyd olunub.
Prezident İ.Əliyev bildirib ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi danışıqlarda tərəqqinin əldə edilməsinə başlıca maneədir. Dövlət başçısı vurğulayıb ki, münaqişənin tezliklə həll edilməsindən ötrü Ermənistan işğal edilmiş torpaqlardan öz qüvvələrini geri çəkməyə başlamalıdır .
Siyasət
-
Fevralın 5-də axşam jurnalist Şahnaz Bəylərqızının saxlanıldığı məlum olub. Bir neçə il əvvəl o, “Toplum” TV-nin aparıcısı olub.
-
Dövlət başçısının 5 fevral tarixli sərəncamı ilə Muxtar Babayev prezidentin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib.
-
Fevralın 5-də prezident İlham Əliyev Ukraynaya humanitar yardımın göstərilməsi haqqında sərəncam imzalayıb. Sənədə əsasən, Azərbaycanda istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Energetika Nazirliyinə 1 milyon ABŞ dolları ayrılıb.
-
Fevralın 5-də Səbail Rayon Məhkəməsində “Kanal-13” İnternet- nəşrin rəhbəri əziz Orucovun işi üzrə proses davam edib.
Rəy yaz