Avtostopla Gürcüstandan Bakıya qədər...

 

Keçən dəfə Gürcüstan seçkiləri, ordakı vəziyyət barədə yazmışdım. Bu dəfə isə, seçkilərdən sonra başımıza gələn maraqlı hadisə barədə yazacam.
 
Cahangirlə mən Gürcüstanda 2 gün qalmağı planlaşdırırq. Lakin orda olan gürcü jurnalist dostlarımız əlavə bir gün də qalmağı təklif etdilər. Səbəb isə, sabahısı gün gözlənilməz hadisə, müxalifət lideri İvanişvili ilə müsahibə və s. olacağı idi.
 
Deyilən söhbətlərin heç biri olmadı. Beləliklə, pulumuz bitdi. 9 manat məndə 5 manat da Cahangirdə qaldı. Nə avtobusa, nə də qatara bilet ala bilmirik. Cahangir avtostopla Bakıya getməyi təklif edir. Saat 12-də yola çıxırıq. Üstümüzdə də təxminən 20 kq-dan artıq yük var.
 
Taa ki, magistral yola çıxana qədər Marcenaşvili küçəsindən Qırmızı körpü istiqamətinə 15 km yolu piyada gəlməli olduq.
 
Avtostopda nə etməli olduğumu bilmədiyimdən Cahangir bəzi hərəkətləri mənə gösətərir. Buna baxmayaraq bütün cəhdlərimiz uğursuz alınır. Təxminən saat 15.30-da bir maşın dayanır və bizi 2 km apara biləcəyini deyir. Biz də razılaşıb otururuq.
 
2 km maşınla getdikdən sonra daha 5 km yol piyada getməli oluruq. Artıq yorğunluq öz sözünü deyir. Qarşıda hələ 50 km-dən artıq yol qalıb.
 
Bəzi maşınların nömrələri Azərbaycan nömrəsi olanda sevinirdik. Yad bir yerdə öz doğma adamını görəndə istər-istəməz sevinirsən. İlk avtostopumda bir Azərbaycan nömrəli maşın saxlayır hara getməyimizi öyrənir. Dedim bəs Qırmızı körpüyə gedirik. Apara bilərsiz? Sürücü israrla mənə dedi ki, qardaş mən özüm taksi işlədirəm yolum o tərəfə deyil (p.s Azərbaycan nömrəsi ilə Gürcüstanda taksi işləyir ;) )
 
Nə isə, qardaşla sağollaşıb, yolumuza davam edirik. Saat artıq 17.00 olardı biz hələ Qırmızı körpüyə çatmamışıq. Bura kimi 20-yə yaxın maşın saxlayır, ermənsindən tutmuş yəhudisinə kimi. Bəzisinin işi, bəzisinin isə vaxtı olduğunu deyir, bir çoxlarıda sanki bizə acıq vermək üçün maşını ilə yanımızdan güllə kimi keçirdi.
 
Təxminən 15 dəqiqə getmişdik, yolda dayanan maşına yaxınlaşıb söhbət etməyə başlayıram. Sürücüyə pulumuzun bitdiyini, Gürcüstanda seçkiləri izlədyimiz üçün bura gəldiyimi deyirəm. 5 dəqiqə danışıqdan sonra sürücünün Azərbaycanlı olduğunu və bizi Qırmızı körpüyə aparacağını deyir.
 
... 30 dəqiqədən sonra biz Qırmızı körpüyə çatmışdıq. Hər ikimiz yorulmuşduq. Heç bir problem olmadan hər iki gömrüyü keçib Azərbaycan ərazisinə daxil oluruq. Sevinmək istəsəm də qarşıda hələ 400 km artıq yol qalırdı, sevinmək hələ tez idi. Hava da yavaş-yavaş qaralırdı. Yoldan su peçenye alıb günorta yeməyini yeyirik :)
 
Onu deyim bizdə avtostop inkişaf etmədiyindən burda ümumiyyətlə maşınlar dayanmırdı. Maşınla keçənlər də təəccüblə bizə baxırdılar. (Meşəyə insan gəlib) Bizə tərəf gələn eşşək arabasını görüb onu idarə edən oğlandan bizi aparmağı xahiş edirik. Oğlan da razılaşır, 1 km yaxın yolu araba ilə gedirik.
 
Havanın getdikcə qaraldığını görəndə istər-istəməz həyəcanlanmağa başlayırdım. Gecəni harada qalacayıq, bu işlərin axırı necə olacaq kimi suallar üstəgəl yorğunluq lap əsəbi olmağa gətirirdi. Amma motivasiyanın atası olan Cahangir, heç nə baş verməmiş kimi sakit danışır və rahat olmamı istəyir. Açığı nəsə bir şey etməyə əlac olmadığından özümü ələ almağa sakit yola davam etməyə başlayırıq.
 
Axşam saat 9 olardı hava tam qaralmışdı. İtlər çaqqallar ulamağa başlayırdı... Beləliklə çox çətinliklə də olsa Qazaxın mərkəzindən bir taksi şoferi bizi Şəmkirə kimi aparmağa söz verir.
 
***
 
Saat 10 olardı Şəmkirin "kruqunda" təxminən 20-25 dəqiqə dayanıb əl etdikdən sonra 07-də olan gənc oğlanlar bizi Gəncəyə kimi aparmağı təklif edirlər. Saat 23.30-da Gəncədən Bakıya avtobusun getdiyini də bizə deyirlər.
 
Gəncənin mərkəzinə çatanda Bakıya gedən avtobusu gördük. Cahangirə avtostopu dayandırmağı, avtobusla getməyi təklif etdim. Üstümüzdə olan texnikaya görə çox narahat idik. Razılaşıb, avtobus sürücüsünə yaxınlaşıb vəziyyəti izah edirik.
 
"... müəllim, biz Gürcüstandan gəlib Bakıya gedirik, pulumuz da bitib. Yeriniz varmı bizi də Bakıya aparasınız?"
 
Sürücü çox tərəddüd etdi. Ümumiyyətlə, heç razılaşmaq kimi bir fikri də yox idi. Sonda sürücüyə "Narahat olmayın, Bakıya çatanda Sizin pulunuzu ödəyəcəyik"
 
Nə isə... sürücünü güclə də olsa razı salıb keçib avtobusda yatmağa başlayırıq.
 
Belə.... artıq səhər 6 tamam olardı. Biz artıq Bakıda idik. Avtostop olduqca maraqlı keçdi. Müxtəlif insanları gördük, çox qonaq pərvərik deyib bizə tərəf baxmayanları da gördük :) Amma ümumilikdə götürdükdə maraqlı yolculuq idi.
 
p.s Avtostopa çıxanda mütləq yanınızda Sizi motivasiya edən bir adam götürməyi unutmayın. Hər şeydən vacib odur :) 

Rəy yaz

Söz istəyirəm

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti