www.stihi.ru

www.stihi.ru

Bu yaxınlarda Bakı məktəblərinin birində xəstə müəllimə ilə baş vermiş hadisə haqqında yazını oxudum. Həmin məktəbdə çalışan tanışlarım ilə əlaqə saxladım və məncə, hadisənin ən çirkin iştirakçıları müəllimənin adını və soyadını açıqlayan jurnalistlərdir.

Bu həftə orta məktəb müəlliməsində vərəm aşkar edilib. Onu tələsik müalicəyə göndəriblər, xəstəlik vərəqəsi verərək işdən azad ediblər. Məlum olub ki, o öskürürmüş və həkimə müraciət edib. Həkim qərara gəlib ki, müəllimə pnevmoniyadır. Ancaq ağzından qan gəldiyinə görə, həm də şagirdlərin gözləri önündə baş verib, məlum olub ki, vərəmdir.

Xəstəlik müalicə olunur, ancaq tam sağalana qədər qoruyucu vasitə olmadan adamlarla ünsiyyətdə olmaq olmaz. Üstəlik, bu, məktəbdə, ictimai nəqliyyatda, yeyinti müəssisələrində yolverilməzdir.

Xəstəliyə gəlincə, hər kəs xəstələnə bilər, əgər hər gün avtobusla gedirsənsə, bu qadının yaşadığı kimi məişət şəraiti yaxşı olmayan kirayə mənzildə yaşayırsansa xəstəlik qaçılmaz olur. Nəmişlik, yaxşı qızdırılmayan mənzil, yaxşı qidalanmamaq, zəif immunitet buna yol açır. Qadın təhna yaşayır, paytaxta əyalətdən gəlib. Kasıbdır, kəndə anasına pul göndərir. Bir sözlə, vərəmə yoluxmaq üçün hər cür şərait var.

Məktəbdəki həmkarları ona yardım etmək üçün pul yığırlar. Əgər məktəb və nazirlik yardım etsə belə, müalicə pulsuz olsa da bu, xəstəyə baha başa gələcək. Səhiyyə Nazirliyi təcili olaraq pedaqoji kollektivin flyuoroqrafiyadan keçməsi barədə göstəriş verib, şagirdlərə peyvənd vurulub, həm də operativ şəkildə və pulsuz.

Valideynlərin narahatlığı təbiidir. Hər kəs öz uşağına görə qorxur, ağlına min cür fikir gəlir. Valideynlər sosial şəbəkələrdə bu narahatlığı paylaşırlar, ad açıqlayırlar.

Məlum deyil, müəllimənin adı jurnalistlərin dilinə sosial şəbəkələrdən düşüb, yoxsa mətbuat bunu Səhiyyə Nazirliyindən və ya məktəbdən öyrənib. Ancaq xəstə müəllimənin adı və soyadı açıqlanıb. Bu hadisədə ən çirkin məqam budur. Hər kəs xəstələnə bilər, istənilən xəstəliyə düçar ola bilər, heç kim sığorta olunmayıb və əbədi deyil. Ən əsası odur ki, dövlət vaxtında və çevik hərəkət etdi.

Mətbuat isə özünün açıq-aşkar yaramaz olduğunu ortaya qoydu. Təbii ki, jurnalistlərin və KİV-lərin hamısı yox. Ancaq bir murdar kifayət edir ki, hamını ləkələsin. Yeddinci sinif şagirdi ilə də belə olub. Məktəblilərin intim münasibətlərini videoya çəkərək İnternetdə yerləşdiriblər. Bunu edən şəxs birmənalı olaraq əclafdır. Ancaq uşağın adını açıqlayan və bu videonu öz saytlarında yerləşdirən KİV və jurnalistlər də ondan geri qalmır.

Əgər bu qızın həyatı məhv olarsa, hətta əlini kəsmək istəyib, əgər müəllimə ilə faciəvi hadisə baş verərsə, bunda günahkar jurnalistlər olacaq.

Baş verənlərə təəccüb etmirəm. Son 20 ilə yaxındır ki, Azərbaycan dövləti jurnalistlər arasında "sarı mətbuat" kultivasiya edir. Dövlətin birbaşa və ya dolayısı ilə maliyyələşdirdiyi telekanallara baxmaqla buna əmin olmaq olar. Özünə hörmət edən, jurnalist prinsiplərinə sadiq olan həmkarlarımız həbsə alınır, çünki bu prinsiplər həqiqəti yazmağı tələb edir ki, bu da hakimiyyəti qıcıqlandırır. Heç bir günahı olmayan bədbəxt adamların adlarını KİV-də açıqlamaq daha asan və təhlükəsizdir.

Azərbaycanda hər 100 min nəfərdən 39-u vərəmdən əziyyət çəkir. Bu barədə 2018-ci ilin yanvarında Səhiyyə Nazirliyinin saytında bildirilib. Ölkədə xəstəliyin göstəricisinin azalması üzrə statistika müşahidə olunur. Hələ 2010-cu ildə bu statistika hər 100 min nəfərə 53 nəfər təşkil edib. İlkin xəstəlik halları 21% azalıb.

Əgər 2010-cu ildə ölüm göstəricisi 100 min nəfərə 7,9 nəfər təşkil edirdisə, 2016-cı ildə bu rəqəm 4,6-ya enib. 2007-ci ildə Azərbaycanda bu göstərici Avropa ölkələri arasında ən yüksək olub. 2017-ci ildə iki dəfə azalıb. Vərəm xəstələri pulsuz dərman preparatları ilə təmin olunur, zəruri hallarda xəstəxanaya yerləşdirilir, həmçinin xüsusi proqram üzrə müalicə olunurlar, Azərbaycan Səhiyyə Nazirliyinin məlumatında bildirilir.

Rəy yaz

Söz istəyirəm

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti