Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu Turan-ın "Çətin sual" proqramına müsahibəsində gözlənilən əvf və amnistiya, insan hüquqlarının durumundan danışıb.
Sual: Mətbuat tez-tez Novruz bayramı ərəfəsində böyük amnistiya və ya əfv olacağını yazır. Sizcə, bu məlumatlar nə qədər əsaslıdır?
Cavab: Əsaslıdır. Çünki bu il elə ildir ki, həm qabaqda prezident seçkiləri gəlir, həm də Azərbaycan Cümhuriyyətinin yüzilliyidir. Onun üçün də yüz faiz əminik, həm də bilirik ki, həm amnistiya , həm də əfv fərmanı olacaq. Deyə bilmərəm, bu, Novruz bayramında olacaq. Novruz bayramında bir qisim adam azadlığa çıxacaq. Amma hesab edirəm ki, bu ilin axırına qədər həm əfv, həm də amnistiya ilə Azərbaycanda siyasi məhbus məsələsi qurtaracaq.
Sual: Yerli və beynəlxalq hüquq- müdafiə təşkilatları ölkələrə çoxsaylı "siyasi məhbus" və Amnesty İnternational tərəfindən "vicdan məhbusu" kimi tanınan şəxslərin, o cümlədən jurnalist və blogerlərin həbsdən dərhal azad olunmasını tələb edir. Siz necə düşünürsünüz?
Cavab: Mən hesab edirəm ki, hakimiyyət bu şəxsləri həbs etməsəydi daha yaxşı olardı. Bu gün onların heç biri bu hakimiyyətə heç bir zərər gətirə bilməz. Jurnalist yazı yazmalıdır, həmişə də yazacaq. İstəsələr də, istəməsələr də jurnalist yazısını yazacaq. Həbsdə olan jurnalistlər də azad edildikdən sonra yenə yazacaqlar. Hakimiyyət bunu bilməlidir və razılaşmalıdır ki, jurnalist tənqid etməlidir. Əgər jurnalist təhqir edirsə, bununla razı deyiləm. Jurnalist təhqir edirsə, ailə işinə qarışırsa, onda jurnalisti məsuliyyətə cəlb etmək lazımdlır. Təhqir olmaz. Amma bizim birinci günahımız odur ki, jurnalistləri, blogerləri həbs edirik.
Sual: Son dövrlər beynəlxalq təşkilatların Azərbaycana qarşı tənqidi bəyanatlarının böyük əksəriyyəti insan hüquqları, QHT-lərə münasibət və media azadlığı ilə bağlıdır. Sizcə, belə sərt bəyanatların yaranmasına səbəb nədir? Hökumət münasibtələrin liberallaşdırılması üçün kadr siyasətində dəyişiklik etməlidir, yoxsa köklü islahatlara ehtiyac var?
Cavab: Hesab edirəm ki, kadr dəyişməklə heç nə həll olunmayacaq. Köklü islahatlar lazımdır. Məsələn, qeyri- hökumət təşkilatlarının qrant almasını məhdudlaşdırırlar. Praktiki olaraq, dövlət etmədiyi işləri QHT-lər və ya jurnalistlər edir. Məsələn, qanun qəbul edilir. Bu qanunun məğzini regionda əhaliyə çatdırmaq lazımdır. Siz qanun qəbul edirsiniz, bu qanunun yaxşı-pis tərəfini regionda insanlara çatdırmaq lazımdır. Bunu QHT-lər və jurnalistlər edir. Yəni, kadr dəyişməklə heç nə dəyişməyəcək. Köhnə sistemdir, islahatlar lazımdır.
Sual: Ölkədə müstəqil hüquq- müdafiə təşkilatlarının özünün durumunu necə dəyərləndirərdiniz? Sizlərin təklifləri hökumət tərəfindən dinlənilirmi, aranızda dialoq mövcuddurmu?
Cavab: Dialoq var. Məsələn, Mehman müəllim (Turan agentliyinin direktoru Mehman Əliyev nəzərdə tutulur-red.) həbs ediləndə biz çox adamla görüşdük, çox adama məktubla müraciət etdik. Prezidentə, birinci vitse-prezidentə məktub yazdıq, çox insanlarla görüşdük. Dialoq olmasaydı Mehmanı azadlığa buraxmazdılar. Mehman elə insandır ki, hər tərəf onu qəbul edir. Onun üçün dialoq həmişə lazımdır. İstəsələr də, istəməsələr də dialoqa getmək, hökumətlə danışmaq lazımdır.
Beynəlxalq təşkilatlar bəyanat verməklə daha çox qıcıq yaradırlar. Amma dialoqla hər şeyi həll etmək olar. Bir az da hökumətin addımı lazımdır, hökumət bizə tərəf addım atmalıdır. Hökumət qulaq asır. Çox məsələləri elə Daxili İşlər Nazirliyi ilə həll edirik. Ramil Usubovla (daxili işlər naziri) ünsiyyət qurmaq asandır. Çox məsələlərdə, sadə insanların məsələlərində biz Ramil Usubovun (daxili işlər naziri-red.) yanına gedib həll edirik. Ya da baş prokuror Zakir Qaralovun komandası ilə, Rüstəm Usubovla (baş prokurorun birinci müavini-red.) çox məsələləri həll edirik. Bunlar vacibdir və lazımdır. Birinci dəfə Leyla Yunus tutulanda Rüstəm Usubovla onun yerinin dəyişdirilməsi, Xədicə İsmayıla qarşı təzyiqləri, bunların hamısını prokurorluqla danışıb nəsə həll etmişik. Hüquq müdafiəçiləri çalışırlar dialoqdan istifadə etsinlər.
Sual: Bəz, öz təşkilatınızın durumu necədir?
Cavab: Öz təşkilatımızın durumu indi çox pisdir. Həm QHT-lərə qrantlara məhdudiyyətlərin tətibiqi, həm də qanunvericiliklə bağlı çətinliklər var. Regionlara getmək çətindir. Bizə məhkəmələrdə ictimai vəkil kimi çıxış etməyə də məhdudiyyət qoyublar. İndi vəkil tutmaq imkanı olmayan kasıb insanların hüquqlarını müdafiə edə bilmirik. Biz ölkənin bütün regionlarına gedirdik. Vəkil tutmağa imkanı olmayan insanların hüquqlarını biz müdafiə edirdik. Bu gün o imkan əlimizdən alınıb. Ədliyyə Nazirliyinə məktubla müraciət etmişik. Görək, nə cavab verəcəklər.-0--
Rəy yaz