MiQ-29 qırıcı təyyarəsinin quşla toqquşma nəticəsində qəzaya uğraması ehtimalı haqqında mübahisələr səngimir. Bunun fonunda, digər məsələ - təyyarənin və pilotun axtarışının bir ay sürməsi, Türkiyəli və daha sonra Rusiya mütəxəssislərin axtarışa dəvət olunması zərurəti ilə bağlı məsələ ikinci plana keçib.
Rəsmi şəxslər bu suallara məntiqli izahat vermirlər - axtarış çətinliyinin pis hava şəraiti ilə bağlı olduğunu bildiriblər.
Bu günlər 2008-ci ildə MiQ-29 təyyarəsinin eyni ərazidə qəzaya uğraması və 2013-cü ildə Bakıdan cənubda helikopterin dənizə düşməsi tez-tez yada düşür. Hər iki halda həlak olan şəxslər və uçüş vasitələr kifayət qədər tez tapılıb. Bu zaman yalnız yerli mütəxəssislər və avadanlıq cəlb edilib.
Bəs necə olur ki 11 il sonra mütəxəssis və avadanlıq çatışmayıb və xarici mütəxəssislərə üz tutmaq lazım gəlib?
Bu suallara gözlənilmədən ABŞ-dan, 2008 və 2013-cü illərdə xilasetmə işləri ilə bilavasitə əlaqəsi olan şəxsdən cavab gəldi.
2008-ci ildə MiQ-29-un qəzaya uğramasından sonra Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən axtarış-xilasetmə sisteminin dünya standartları səviyyəsində təkmilləşdirilməsi məqsədilə işçi qrup yaradıldı. Bu işi HDQ rəhbərliyinə tapşırdılar və 2011-2012-cil illərdə dənizdə qarşıya qoyulmuş vəzifəni qısa müddət ərzində həyata keçirməyə imkan verən nadir axtarış-xilasetmə sistemi yaradıldı.
Həmin dövrdə yaradılmış nadir sonar sisteminin hazırda istifadə olunan sistemlərdən 30 dəfə səmərəli olduğunu, bunun isə axtarış zamanı minimum vaxt itkisi demək olduğunu qeyd etmək kifayətdir. Bu sistemin səmərəliliyi 2013-cü ildə dənizə düşən döyüş helikopterinin və ekipajının bir gün ərzində tapılması zamanı sübut edildi, deyə mütəxəssis qeyd edib.
Adı çəkilən avadanlığın faktiki olaraq məhv edilməsinin, savadlı mütəxəssislər komandasının isə pərən-pərən salınmasının və ya ölkəni tərk etmək məcburiyyətində qalmasının səbəbi isə ölkənin Hərbi Prokurorluğunun məqsədyönlü fəaliyyətindədir.
Bunları 2011-ci ildə yaradılmış axtarış-xilasetmə sisteminin müəlliflərindən biri, Geo Globe şirkətinin keçmiş rəhbəri Fuad Mehrəliyev deyir.
Azərbaycanı tərk etmək məcburiyyətində qalmış və ABŞ-da sığınacaq almış Mehrəliyev Turan Agentliyinə müsahibəsində baş verənlərin təfsilatını danışıb. Hər şey 2013-cü ilin oktyabrında, HDQ komandanı admiral Şahin Sultanov və Naviqasiya Xidmətinin rəhbəri birinci dərəcəli kapitan Qasım Quliyev vəzifədən azad edildikdən və həbs edildikdən sonra başlayıb.
Daha sonra 35 zabit və HDQ ilə əməkdaşlıq edən müxtəlif xidmətlərin və idarələrin əməkdaşları həbs edilib.
Axtarış-xilasetmə sistemi HDQ-nin Naviqasiya Xidmətindən çıxarılaraq MN-in tərkibindəki Topoqrafiya İdarəsinə verildi. Eyni zamanda, kiçik zabit heyəti və təlim görmüş, yeni avadanlıq və texnologiya işlədə bilən komanda hərbi xidməti tərk etməyə başladı. Bu zaman xidmətin yeni tərkibi keçmiş HDQ komandanlığının əleyhinə ifadə verməyə hazır olanlardan seçilirdi, deyə Mehrəliyev iddia edir.
HDQ komandanlığına qarşı repressiyalar Hərbi Məhkəmədə davam etdi.
"Hərbi Prokurorluq tərəfindən əsası qoyulan bu açıq və təhlükəli təmayülü gördükdə mən ölkəni tərk etmək məcburiyyətində qaldım",- deyə Fuad Mehrəliyev qeyd edir.
Prokurorluğun ittihamlarının konkret olaraq nədən ibarət olduğu barədə suala cavabda Mehrəliyev deyib ki, dindirmə zamanı ondan keçmiş HDQ rəhbərliyinə və müdafiə nazirinin müavinlərindən birinə qarşı ifadə verməyi tələb ediblər.
Bu zaman ondan şirkətinin HDQ ilə müqavilələrinin (Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş müqavilələrin) fırıldaq olduğunu və ölkəyə ziyan vurduğunu etiraf etməyi tələb ediblər. Sonuncu dəfə bu, 2014-cü il sentyabrın 30-dakı dindirmədə olub.
"Bir neçə saat sonra mən ölkəni tərk etdim, 7 ay sonra (!) - 27 aprel 2015-ci il tarixində mənə qarşı CM-in 179.3.2 (dövlət əmlakının külli miqdarda mənimsənilməsi) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılıb", - deyə Mehrəliyev bildirib.
Mənimsəmə və dələduzluğun nədən ibarət olduğu barədə suala cavabda o qeyd edib ki, müstəntiq müqavilədə işlərin dəyərinin şişirdildiyini və görülməmiş işlərin göstərildiyini etiraf etməyi tələb edirdi.
"Vəkilin "bu qiymətləri haradan almısınız?" sualına cavabda müstəntiq deyib: "İnternetdən". Bu zaman vəkil müqavilənin mətnindən görülən işin qiymətinə avadanlıq, sığorta, zəmanət, yol xərcləri, idxal-ixrac əməliyyatları və şirkətin gəlirinin də daxil olduğuna dair qeyd edib.
Hərbi Prokurorluğun dələduzluq hesab etdiyi müqaviləni imzalayan dövlət qurumlarının heç birisi - Müdafiə Nazirliyi, HDQ və Nazirlər Kabineti irad bildirməyib və işlərin nəticədən razı qalıb", deyə Mehrəliyev qeyd edib.
Geo Globe-nin axtarış sistemindən istifadə olunsaydı, MiQ-29-un axtarışı nə qədər vaxt aparardı? Bu suala cavabda Mehrəliyev deyib ki, maksimum 2-3 gün. Təyyarənin dənizin dibindən çıxarılmasına gəlincə, bu, hava şəraitindən və dərinlikdən asılıdır. İstənilən halda, bu, 1-3 gün çəkə bilərdi.
"Ölkəni tərk etməyimdən beş ilə yaxın vaxt keçib və deyə bilərəm ki, bizim yaratdığımız nadir sistem məqsədyönlü şəkildə dağıdılıb, hazırlanmış mütəxəssislər repressiyaya məruz qoyulub və ölkəni tərk edib.
Bütün bunların məqsədi ziyankarlıq idi. Bunun nəticəsi olaraq, 2014-cü ildən sonra Xəzərdəki infrastrukturumuz xarici və texnogen təsirlərdən mühafizə olunmur.
Lakin bu nə birinci nə də sonuncu qəza hadisəsidir. Azərbaycanın bütün iqtisadiyyatı dənizdə olan enerji ehtiyatlarının istismarı ilə əlaqədardır və Xəzərdəki infrastruktur heç bir qəzadan sığortalanmayıb. Son illər bunun dəfələrlə şahidi olmuşuq. Biz çağırışlara hər zaman hazır olmalıyıq.
Mən məmləkəti tərk etmişəm. ABŞ-da yaşayıram. 2008-ci ildə MİQ-29 qırıcısının axtarışında iştirak etmiş sonra isə HDQ tərkibində axtarış-xilasetmə sisteminin qurulması layihəsinin müəlliflərindən və qurucularından biri olmuşam. Dənizdə müşahidə, kritik infrastruktura nəzarət və təklükəsizlik sahəsi üzrə işlərin davamı zamanı mənə və şirkətə qarşı AR HP tərəfindən təzyiqlər və qarşıma qeyri-mümkün şərtlər qoyulduğu üçün ölkədən çıxmışam. Son hadisələrə münasibətimi isə mətndə göstərildiyi kimi, xaricdən kömək dəvət edildikdə bildirməyi lazım bildim", - Fuad Mehrəliyev deyir.
Keçmiş HDQ komandanı Şahin Sultanova qarşı irəli sürülmüş ittihamlara gəlincə, istintaq və məhkəmə dövründə KİV vasitəsilə ona qarşı məqsədyönlü şəkildə qarayaxma kampaniyası həyata keçirilib.
8 il yarım azadlıqdan məhrumetmə cəzası alan Sultanov təslim olmayıb və sübut edib ki, ona qarşı ittihamlar saxtalaşdırılıb. Bunun sayəsində onun və bütün digər zabitlərin azadlıqdan məhrumetmə cəzasını şərti cəza ilə əvəz ediblər. Amma admiral razılaşmayıb və tam bəraət tələb edir.
Hələ 2015-ci ildə Haqqin.az nəşri bu barədə ətraflı yazmışdı. Həmkarlarımızın materialını qısaltmalarla dərc edirik.
"Boru kəmərinin müdafiə sistemi var, amma...
2012-ci ildə Müdafiə Nazirliyi HDQ mütəxəssisləri sualtı və suüstü infrastrukturun monitorinq sisteminin yaradılmasını təklif ediblər. Bu sistemin hazırlanması ən qabaqcıl təcrübəyə malik Geo Globe şirkətinə həvalə edilib. HDQ üçün qabaqcıl inteqrə olunmuş axtarış-xilasetmə sistemi uğurla hazırlandıqdan sonra şirkət Müdafiə Nazirliyinin yeni sifarişi ilə dəniz infrastrukturunun monitorinqi sisteminin hazırlanması ilə məşğul olub.
İşlərin birinci fazası üzrə müqavilə 2012-ci ilin oktyabrında bağlanıb və bir il ərzində yerinə yetirilməsi nəzərdə tutulmuşdu. Bundan sonra istehsal və sistemin tam miqyasda tətbiqi başlamalı idi. Amma işlər maliyyələşdirilmədi, baxmayaraq ki, söhbət strateji dəniz infrastrukturundan gedirdi.
Lakin HDQ-nin o vaxtki rəhbərliyinin səyləri ilə işlər dayandırılmadı və Geo Globe-nin resursları hesabına davam etdirildi. 2013-cü ildə pilot layihə BP şirkətinin texniki komissiyasına təqdim edildi və müsbət qiymət aldı.
Komandanın həbsi
Təhlükəsizlik sistemlərinin tətbiqinin gecikdirilməsinin təhlükəli olduğunu izah etmək cəhdləri cavabsız qalır, ya da vəsait çatışmazlığı bəhanələrlə qarşılanırdı. Belə çıxırdı ki, dövlət 15 mlrd. dollarlıq mövcud infrastrukturun davamı olacaq yeni energetika layihəsinə 45 milyard dollar yatırmağa hazırdır, amma bu investisiyaların müdafiəsi üçün kiçik vəsaiti tapmır!
2013-cü ilin avqustunda HDQ-nin Naviqasiya bölməsinin rəisi Qasım Quliyev rəhbərliyin əmri ilə pensiyaya çıxarılır, 2014-cü ilin yanvarında isə HDQ komandanı Şahin Sultanov tutduğu vəzifədən kənarlaşdırılır və hərtərəfli yoxlamalar başlayır. Nəticədə hər iki zabit ən ağır ittihamlarla barmaqlıqlar arxasına düşür (aprel, 2014), Geo Globe şirkəti isə tar-mar edilir.
Geo Globe "qunahı"..
HDQ-də həbs dalğası bu şirkətdən də yan keçməyib: bir il fasiləsiz yoxlamalardan sonra şirkət Hərbi Prokurorluq tərəfindən, demək olar ki, dağıdılıb. Əsas mütəxəssislər əmlakına həbs qoyulan şirkəti tərk edib. Aparıcı mütəxəssislər Hərbi Prokurorluq tərəfindən təhdid və şantajla məruz qalıb.
Geo Globe-nin Müdafiə Nazirliyi ilə əməkdaşlığı 2008-ci ilin yanvarın Şurabad qəsəbəsi yaxınlığında MiQ-29 qırıcı təyyarəsinin qəzasından sonra başlayıb. Şirkət bu təyyarənin axtarışında Müdafiə Nazirliyinə təmənnasız yardım edib. Bundan sonra şirkətə müvafiq avadanlıq istehsal etmək və hərbi gəmiləri onlarla təchiz etmək tapşırığı verilib.
Geo Globe mürəkkəb araşdırmalar aparan və böyük infrastruktur layihələrinin həyata keçirilməsi üçün mühəndislik təhlükəsizliyini təmin edən yeganə Azərbaycan şirkəti idi. Geo Globe-nin malik olduğu kimi dar profilli müasir avadanlıq, texnologiya və peşəkar kadrlar dövlət müəssisələrində belə yox idi. Şirkət qarşıya qoyulmuş vəzifənin öhdəsindən gəldi və bizim HDQ-nin tərkibinə müasir inteqrə edilmiş axtarış-xilasetmə sistemi yaradıldı.
Vəkilin şərhi
Şirkətin vəkili Kamandar Nəsibovun danışdıqları: "Bu ilin yazında Azərbaycan HDQ-ni həbs dalğası bürüdükdə Hərbi Prokurorluq HDQ və Geo Globe arasındakı müqaviləni də yoxlamağa başladı. İşi Hərbi Prokurorluğun müstəntiqi Rafael İsmayılov aparır. Müstəntiq müntəzəm olaraq şirkətin təsisçisi Fuad Mehrəliyevi dindirməyə çağırmağa başladı". Heç bir konkret ittiham irəli sürmədən, müstəntiq, demək olar ki, şirkətin fəaliyyətini dondurdu, onun əmlakının bir hissəsinə həbs qoydu, işçiləri sonu görünməyən dindirmələrə çağıraraq işdən ayırdı, şirkətin fəaliyyətinə ziyan vurdu.
2012-2014-cü illərdə işə qəbul edilmiş, dənizdə təhlükəsizliyin təmin edilməsi üzrə işlər barədə ümumiyyətlə məlumatı olmayan əməkdaşların dindirməyə çağırılması da vəkilə çox qəribə gəlir. Amma müstəntiq İsmayılov şirkət rəhbərliyindən və əməkdaşlarından əl çəkmək niyyətində deyil. O, əməkdaşları dindirməyə davam edir və onları şirkət rəhbərliyinə qarşı ifadələr verməyə məcbur etməyə çalışır.
İş sözün əsl mənasında marazma qədər gedib çatıb: 2009-cu ildə bağlanmış sazişlə bağlı iş üzrə dindirməyə 2014-cü ildə işə qəbul edilmiş əməkdaşlar çağırılıb. Onları öz rəhbərlərinə qarşı ifadə verməsələr həbs ediləcəkləri ilə hədələyiblər.
Naməlum şəxslər şirkət əməkdaşlarının qohumlarına zəng edir və Geo Globe-dəki yaxınları "istintaqa yardım etməsə" hesablaşma və həbslə təhdid edirlər. Dindirməyə cəlb edilən əməkdaşları lazımi ifadələri verənə qədər onlari "gözüm çixma" vəd edirlər.
Fuad Mehrəliyevin ailəsinə də daim təhdidlər gəlir. 80 yaşlı qaynatası müstəntiqlə söhbətdən sonra "hipertonik kriz" diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Əməkdaşlardan birinin 14 yaşındakı qızı müstəntiqin atasının tezliklə həbs ediləcəyi haqqında sözlərindən sonra hələ də özünə gələ bilmir.
Təəssüf ki, iş təhdiddən o tərəfə keçdi. Şirkət rəhbərliyini məsuliyyətə cəlb etmək üçün heç bir əsası və sənədli dəlili olmayan müstəntiq şirkətin əmlakına həbs qoymağı və rəhbərlərini həbs etməyi əmr etdi.
Hərbi Prokurorluğun müstəntiqinin təhdidləri onun ilk baxışda məntiqsiz görünən əməllərinin arxasında peşəkar yararsızlıq deyil, dövlət maraqlarına birbaşa təhdid durduğu fikri yaradır.
Bu gün ölkənin təhlükəsizliyi uğrunda güzəştsiz, amansız mübarizə təhlükə qarşısındadır və məqsədyönlü əməllərlə onun müdafiə sisteminin məhv edilməsi ölkənin gələcəyinə, rifahına qarşı yönəlmiş əməllərlə eynidir.
Eyni dirijor, eyni hədəflər...
BTC-də partlayış, 2008-ci ildə Gürcüstanda müharibə, Azərbaycan HDQ-də həbslər və 2014-cü ildə Şərqi Ukraynadakı hadisələr arasında əlaqə varmı?
Doğrusu, bu məqalədə bəhs edilənlərdən sonra bu hadisələr zəncirinin o qədər də təsadüfi və məntiqsiz olmadığını düşünmürsünüz? İstənilən halda, burada dirijor eynidir, elə hədəflər də...
Energetika bazarında amansız rəqabət Azərbaycanı öz neft-qaz infrastrukturunun və digər strateji infrastrukturun təhlükəsizliyi məsələlərinə həddindən artıq həssaslıqla yanaşmalıdır. Milli təhlükəsizliklə bağlı olan heç nəyi xarici şirkətlərə etibar etmək olmaz. Azərbaycan milli dəyərlərin mühafizəsi və təhlükəsizliyi nöqteyi-nəzərdən əhəmiyyət kəsb edən işləri yerinə yetirəcək elmi qurumlar və araşdırma mərkəzləri yaratmalıdır." -0-
Rəy yaz