Açıq mənbələrdən foto

Açıq mənbələrdən foto

***

Sual: Əkrəm bəy, bildiyiniz kimi ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FES) növbəti faiz dərəcəsini açıqlayıb. FES uçot dərəcəsini 0-0,25% səviyyəsində saxlayıb. Bu vəziyyət manatın gələcək mövqeyi ilə bağlı müzakirələrə səbəb olub. Sizcə, bu halda manatı nə gözləyir?

Cavab: Bütövlükdə dolların dünyaya təsiri azalmaqdadır. Maraqlıdır ki, dünyada bazar iqtisadiyyatı modeli təbliğ edilir. Amma reallıqda ABŞ FES-nin inzibati yolla müəyyən etdiyi faiz dərəcəsi dünya iqtisadiyyatı üçün həlledici rol oynayır. Lap SSRİ-nin “Qosplan”ını xatırladır. Fərq yalnız ondadır ki, xeyir götürən yalnız bir ölkədir – ABŞ. Lakin tədricən bu hegemonluq azalır.

Bununla belə, Azərbaycan kimi kiçik ölkələr üçün, özü də diversifikasiyalı iqtisadiyyatı olmayan ölkələr üçün dolların təsiri əvvəlki kimi böyükdür. Konkret olaraq son qərarın özü yox, növbəti ildə faiz dərəcəsinin bir neçə dəfə artması gözləntisi dolları bahalaşdıracaq. O cümlədən bizim üçün.

Lakin iqtisadiyyatımız sırf neftin qiymətinə bağlı olduğu üçün hər şey növbəti ildə bu resursun qiymətindən asılı olacaq. Burada da iqtisadi amillər həlledici deyil. Neftin qiyməti daha çox geosiyasətdən asılıdır. Qərbin Rusiya ilə qarşıdurması neftin qiymətini yenə çökdürə bilər. Bu halda manatın da aqibəti acınacaqlı ola bilər.

Sual: Sizcə, yaxın vaxtlarda və ya yeni ildə manat dollar qarşısında ucuzlaşa bilərmi?

Cavab: Qeyd etdiyim kimi, hər şey neftin qiymətindən asılı olacaq. Qlobal geosiyasi gərginlik müşahidə olunur. Bu fonda hər şey ola bilər. İqtisadi amillər həlledici deyil

Sual: Dediyiniz kimi manatın məzənnəsi neftin qiymətindən də asılıdır. Neftin qiyməti ucuzlaşarsa, bu təhlükə manatı gözləyə bilərmi? 

Cavab: Elə ilk növbədə neftin qiymətindən asılıdır. Ucuzlaşma ehtimalı olduqca yüksəkdir.

Sual: Hazırda gündəmin əsas mövzularından biri də Türkiyə milli valyutasının sürətlə dəyərdən düşməsidir. Bu da Azərbaycan əhalisi arasında da panika yaradır. Sizcə, bu vəziyyət manata təsir edə bilərmi?

Cavab: Türkiyə lirəsinin məzənnəsinin manata ciddi mənfi təsiri yoxdur. Biz onsuz da Türkiyə ilə lirədə ticarət etmirik . Əksinə, Türkiyə malları bizim üçün ucuzlaşır. Türkiyə ilə yalnız Rusiyanın kənd təsərrüfatı məhsulları bazarında rəqabət aparırıq. Ola bilər ki, Türkiyə məhsulları bir qədər ucuzlaşsın. Amma yenə də düşünmürəm ki, bizim üçün əhəmiyyətli mənfi təsiri olsun.

Sual: Türk lirəsinin ucuzlaşması Azərbaycan iqtisadiyyatına hansısa formada təsir edir?

Cavab: Dediyim kimi heç bir formada təsir etmir. Psixoloji amildən başqa. Panikanın səbəbi də məhz budur.

Sual:  Azərbaycan manatının dəyərini qorumaq lazımdırmı? Yoxsa manatı sərbəst buraxmaq lazımdır? Nə təklif edirsiniz?

Cavab: 2017-ci ildə sərbəst buraxmaq lazım idi. Əlverişli məqam idi. Qismən sabitlik var idi. Hamı artıq manatın məzənnəsinin dəyişkən olacağı ilə barışmışdı. Amma sonra yenə sabit məzənnə rejimi seçildi. Sonra isə pandemiya və müharibə oldu. Hazırda ölkədə qiymətlər onsuz da artır. Manatın sərbəst buraxılması ciddi sosial problemlərə səbəb ola bilər. Buna görə də hazırda manatın məzənnəsi sabit qalmalıdır.

Lakin başa düşmək lazımdır ki, əvvəl axır devalvasiya qaçılmazdır. Neftin qiyməti sabit qalsa da, lap artsa da, bizdən hasilatın özü azalır. Qeyri-neft sektoru isə zəif inkişaf edir, çünki ölkədə normal hüquqi və investisiya mühiti yoxdur. Dəfələrlə demişəm ki, xalq arasında çox qeyri-populyar və çoxsaylı qarğış yiyəsi olan Elman Rüstəmovu elə ona görə Mərkəzi Bankın rəhbəri saxlayıblar ki, növbəti devalvasiyanı da zamanında etsin. O, bizim milli devalvatorumuzdur. Böyük ehtimalla növbəti devalvasiyadan sonra o gedəcək, manat isə nəhayət üzməyə başlayacaq. Yəni 2017-ci ildə edilməyəni yekunda edəcəklər. Lakin bunun nə vaxt olacağını demək çətindir. Yəqin ki, yaxın 3 ildə. Yaxşı olardı ki, növbəti ildə olmasın. Fəsadları çox ağır ola bilə mövcud şəraitdə. 

Kamran Mahmudov

Rəy yaz

Sual-cavab

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti