İran Azərbaycanda bir düyməni bastı

***

-İlham bəy, İran ordusunun ən önəmli rəhbərlərindən, yüksək çinli komandirlərindən birinin ABŞ tərəfindən öldürülməsinin bu ölkəylə İran arasındakı gərginliyin daha da artmasına səbəb olacağı heç kimdə şübhə doğurmur.  Bundan sonra gərginliyin artması nələrə səbəb ola bilər?

-40 ildən çoxdur ki, bu iki ölkə arasında gərginlik mövcuddur və zaman- zaman bu gərginliyin artan, səngiyən dövrləri olub. İran rəhbərliyində ABŞ-a, onun Yaxın Şərqdəki müttəfiqi İsrailə münasibət demək olar ki  dəyişməyib. Amma ABŞ prezidentləri İrana qarşı gah yumşaqlıq, gah sərtlik nümayiş etdirə biliblər. İndiki prezident Donald Tramp ilk gündən İranla çox sərt siyasət aparacağını bildirib və gördüyünüz kimi də sanksiyalar İran iqtisadiyyatını demək olar ki, çökdürüb. İraqda baş verən son hadisə isə göstərdi ki, ABŞ İranın qırmızı xətlərini keçməyə hazırdır və daha sərt tədbirlər də görə bilər. İranın qisas ritorikasının miqyası isə böyük olmayacaq və olsa belə İran fərqindədir ki, ABŞ-ın cavabı İran üçün daha fəlakətli ola bilər. Hər iki ölkə qarşıdurmanı üçüncü ölkənin-İraqın, ya Suriyanın ərazisində aparacaqlar. Ona görə də xüsusi gərginliyin, yəni müharibənin başlaması istisna olunur. Lokal qarşıdurmalarsa tədricən səngiyəcək.

-Bu hadisə Azərbaycanda da çox geniş müzakirələrə səbəb oldu və bir çox mətləbləri üzə çıxardı. Məsələn, Azərbaycanda İranpərəstlərin sayının həddindən artıq çox olması ilə bağlı. Və ya onlara qarşı çıxan İŞİD tərəfdarlarını və s. Siz həmin müzakirələrdə nələrin şahidi oldunuz? İranpərəstlərin və ya onlara qarşı olanların çoxluğu hansısa təhlükə yarada bilərmi? Bütün bunlarla bağlı Azərbaycan hansı ölçü götürməlidir?

-Azərbaycanda İranpərəstlərin çoxluğu sirr deyildi. İran o dövlətdir ki, Azərbaycan müstəqillik əldə edəndən sonra bizim vətəndaşlar arasında ciddi təbliğat işi görüb və İran xüsusi xidmət orqanları faktiki olaraq Azərbaycandan İrana gedən şəxslərin əksəriyyətini təsiri altına salmaq üçün çox vasitələrdən istifadə edib, onları öz adamlarına çevirə biliblər. Hətta hansısa uydurma ittihamlarla həbsə saldıqları Azərbaycan vətəndaşlarını da öz tərəflərinə çəkə biliblər. Dini təhsil adı altında Quma apardıqları gənclərin əksəriyyəti İran dövlətinin mənafelərinə, maraqlarına işləmək üçün məxfi əməkdaşlığa cəlb olunublar. Din pərdəsi altında insanlarımızı öz maraqları naminə işləməyə vadar ediblər. Bu müxtəlif regionlarda özünü daha qabarıq şəkildə göstərir. Azərbaycanın müstəqilliyini sinirməyən İran maddi maraq əsasında çox vətəndaşları antiazərbaycan maraqları üstündə fəaliyyətə sövq edə bilib. Dediyiniz müzakirələrdə nəyi daha çox müşahidə etdim? İran həmişə tərəfdarlarından basdırılmış mina kimi istifadə etməyi bacarır. Tərəfdarlarının vaxtından əvvəl addım atmamasını tapşırır. Bu dəfə sosial şəbəkələrdə öz adları ilə və feyk adlarla Azərbaycana, Türkiyəyə, türk millətinə açıq söyüşlər yağdırıldı. Generalı şəhid hesab etdilər və bunu qəbul etməyənləri düşmən adlandırdılar. Hiss olunur ki, İran düyməyə basıb. Tərəfdarlar bu və ya digər şəkildə aqressiv münasibət sərgiləyirlər. Onlara qarşı çıxanlar da izahedici iş aparmaqdan çox eyni dərəcədə aqressivdirlər. Bu, nə deməkdir? Bu, o deməkdir ki, ümumiyyətlə, cəmiyyətdə böyük aqressivlik, depressiv əhval-ruhiyyə mövcuddur və ciddi ekstremal situasiyada vətəndaş qarşıdurması qaçılmazdır. Bir tərəf din bayrağı altında Azərbaycanda Konstitusiya quruluşunu devirməyə cəhd edəcək, digər kəsim də onlara qarşı çıxacaq. Bu, milli təhlükəsizlik məsələsidir.

-Təəssüf ki, dövlət tərəfindən mövqe bildirilmir və bu susqunluq xarici qüvvəyə meyl edənləri ruhlandırır, ölkənin mənəvi dəyərləri ayaqlar altına salınır. Hələ bu günədək bir alim, bir ruhani televiziyaya çıxıb deməyib ki, şəhid dediyiniz general İran dövlətinin şəhididir, islam dünyasının yox. İslam şəhidliyinin prinsipləri başqadır. Bir hərbçi öz dövlətinin maraqlarını başqa dövlətin ərazisində qoruyur, döyüşür, müharibə aparır. Bu müharibə islam adına deyil, İran dövlətinin maraqlarına görədir. Xarici dövlətin hərbçisinin müharibədə ölməsinin Azərbaycana nə aidiyyatı?

-Müsəlman olduğuna görəmi? Bu zərərli müsəlman təəssübkeşliyindən Azərbaycan hər zaman zərər görüb. Böyük bir ideoloji boşluğun nəticəsində Azərbaycanı bir dövlət kimi perspektivsiz hesab edənlərin həmişə gözləri sərhədlərin o biri üzündə olacaq. Fundamental ideoloji iş başlanmasa, bu böhran dərinləşəcək.

-Gərginlik artarsa və regionda münaqişə yaranarsa, münaqişədə olan ölkələr Azərbaycanın imkanlarından öz qarşıdurmalarında istifadə etməyə çalışacaqlar. Azərbaycan tərəflərdən təkliflər alarsa, təkliflərə necə reaksiya verməlidir? Azərbaycan nə edə bilər ki, bu qarşıdurmanın obyektinə çevrilməsin? Bununla yanaşı Azərbaycan öz təhlükəsizliyinin təminatı üçün hansı addımlar atmalıdır?

-Cənubi Qafqaz böyük güclərin maraqlarının toqquşduğu coğrafiyadır. Azərbaycanın bu coğrafiyada rolu önəmlidir. Biz İran və Rusiya ilə qonşuyuq. Təbii ki, ABŞ və İsrail də burada maraqlarını qorumağa çalışır və təsir dairəsini tədricən genişləndirir. Bizi önəmli edən həm də Güney Azərbaycandır və oradakı çoxmilyonlu soydaşımızdır. Azərbaycan münaqişə aparan ölkələrin heç birinə açıq dəstək nümayiş etdirməməlidir və etməz də. Əks halda dediyiniz kimi hədəfə çevrilə bilər. Azərbaycan qonşularla dinc yanaşı yaşama prinsipinə, eyni zamanda ABŞ və İsraillə bu ərəfədə indiyədək apardığı siyasətə xüsusi dəyişiklik etməməlidir. Elə məsələlər də var ki, olduqca məxfi aparılır və heç bir şübhə yaratmır. Bu prinsipə də əməl olunmalıdır.

-Süleymaninin öldürülməsi bir çox ölkələrlə yanaşı Rusiyanın da Yaxın Şərqlə bağlı maraqlarına toxunur. Bu qarşıdurmalar dünya müharibəsi səviyyəsinə çata bilərmi?

-Dünyada qarşıdurma artan xətt üzrə davam edir. Amma Süleymaninin ölümünə görə Rusiya Yaxın Şərqdə İsrail və ABŞ-la xüsusi qarşıdurmaya getməyəcək. Bu, Rusiyanın maraqlarına ziddir. İran- ABŞ gərginliyi dünya müharibəsi miqyasına çatmayacaq. İranın sərt addımları sonucda yalnız İrana ziyan vuracaq. Rusiya, Çin hələ ki prosesləri yumşaltmaq istiqamətində, zəif olsa da bəzi diplomatik addımlar atırlar.

-İran Ali Məclisi də cavab olaraq ABŞ ordusu və Pentaqonu terror təşkilatı kimi tanıyan qanun layihəsini qəbul edib. Bunun ABŞ ordusunun və Pentaqonun nüfuzuna təsir edəcəyini gözləmək olarmı? Bu addım hansı nəticələrə gətirib çıxara bilər?

- Bu addım ABŞ-ın İran İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı kimi ötən ilin aprelində tanımasına olan cavabdan başqa bir şey deyil. Ona görə də Pentaqonun nüfuzuna xələl gətirəsi deyil. İran- ABŞ qarşıdurmasında Rusiya və Çin kimi super dövlətlər də üzdə neytrallığını qorumağa çalışır. İranın arxasında böyük dövlətlər dayanmadığından onun bu qərarı yalnız özü üçündür.

-ABŞ sanksiyaları çətin duruma düşən İran əhalisində hökumətə qarşı narazılığa səbəb olurdu. Ancaq bu addımdan sonra İran əhalisinin birliyinin, hökumətin yanında durduğunun,  ABŞ və Qərbə aqressiyasının şahidi oluruq. Bundan sonra demək olarmı ki, sanksiyalar əks effekt verəcək?

-İran ideoloji dövlətdir. Adətən bu tip dövlətlərdə xalq daxili siyasətdən narazı olsa da xarici müdaxiləyə qarşı birləşməyi bacarır. Amma bu, keçicidir. İranın iqtisadiyyatı daha da böhran yaşayacaq və daxildəki problemlərin başında aparılan səhv siyasət olduğu bir daha təsdiqlənəcək və bu zaman kütlənin üsyana qalxması ehtimalı yüksəkdir. İndiki halda isə bu, müşahidə olunmur.

Rəy yaz

Sual-cavab

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti