Açiq mənbələrdən foto.

Açiq mənbələrdən foto.

Bakı/15.12.22/Turan: Azərbaycan və Aİ arasında yeni sazişlə bağlı danışıqlar davam edir, bu həftə də danışıqların növbəti mərhələsi keçirilib. Bu barədə cümə axşamı Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko 2022-ci ilin yekunlarına həsr edilmiş mətbuat konfransında bildirib.

O, saziş üzərində işdə "irəliləyiş" olduğunu bildirib. "Amma bəzi bəndlərlə bağlı müzakirələr davam edir. İnanıram ki, tezliklə biz danışıqların başa çatmasının və yeni razılaşma əldə edilməsinin şahidi olacağıq", deyə səfir qeyd edib.

Mixalkonun sözlərinə görə, Aİ və Azərbaycan bu il iqtisadiyyat, ticarət və təhsil sahəsində səmərəli əməkdaşlıq ediblər.

Aİ bu yaxınlarda Azərbaycanda "yaşıl" və rəqəmsal keçidə təkan verməklə iqtisadi inkişafın sürətləndirilməsinə yönəlmiş layihələrin dəstəklənməsi üçün 2 mlrd. avro ayrılmasını nəzərdə tutur.

"Azərbaycanda artıq Aİ tərəfindən dəstəklənən bəzi layihələrin həyata keçirilməsinə başlanıb. Belə ki, Bakı Beynəlxalq Dəniz Limanının regionda ən qabaqcıl və yaşıl limana çevrilməsi məqsədilə cari ilin dekabrında limanın idarəetmə sisteminin təkmilləşdirilməsi layihəsinin həyata keçirilməsinə başlanıb", deyə Mixalko sözünə davam edib.

Avropa İqtisadi və İnvestisiya Planı əsasında Aİ Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq edəcək və bu məqsədlə yüksək səviyyəli işçi qrup yaradılıb.

Aİ nümayəndəsi həmçinin Gəncədə kənd yerlərində yüksək sürətli internetin çəkilməsi məqsədilə həyata keçirilən layihə çərçivəsində "Aztelekom"la əməkdaşlıq etdiklərini qeyd edib.

Səfir bildirib ki, energetika sahəsində də mühüm əməkdaşlıq mövcuddur. O xatırladıb ki, bu ilin iyulunda Aİ və Azərbaycan arasında Azərbaycandan qaz ixracının iki dəfə artırılmasını, habelə bərpa olunan enerji mənbələrindən istifadəni və bu sahədə əməkdaşlığı nəzərdə tutan Qarşılıqlı Anlaşma Memorandumu imzalanıb.

Hazırda Azərbaycanda 400-dən çox Avropa şirkəti fəaliyyət göstərir. Avropa şirkətləri yeni iş yerlərinin yaradılmasına təkan verir. Aİ şirkətlərinin dəstəyi ilə Azərbaycanda 2000-ə yaxın yeni iş yeri açılıb. Mixalko həmçinin qeyd edib ki, Aİ gələn il Azərbaycanda aqrar biznesə və turizmə investisiyaları davam etdirməyi planlaşdırır.

Azərbaycanla təhsil sahəsində əməkdaşlığa toxunan diplomat deyib ki, Aİ bu sahədə, o cümlədən elm və tədqiqatlar sahəsində tərəfdaşlığın daha da möhkəmləndirilməsini hədəfləyir.

"Erasmus+ proqramına Azərbaycanın 25-ə yaxın ali məktəbi cəlb edilib. Aİ-dən gündən-günə daha çox tələbə Erasmus+ proqramı çərçivəsində təhsil almaq üçün Azərbaycana gəlir", deyə Mixalko bildirib.

Peter Mixalko həmçinin qeyd edib ki, Aİ Azərbaycanda gender bərabərliyi ilə bağlı kampaniyalarda və layihələrdə fəal şəkildə iştirak edir. Onun sözlərinə görə, onlar gender zorakılığına qarşı BMT-dən olan tərəfdaşları ilə birlikdə işləyirlər.

"Azərbaycanda qadınları daha da gücləndirmək üçün biz qadın sahibkarların dəstəklənməsi ilə bağlı layihələr həyata keçiririk", deyə o, əlavə edib. 16D

Rəy yaz

Siyasət

Audio xəbər

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti