Məhkəmə baş redaktorun iddiasını təmin etməyib
Bakı/22.12./Turan : Dekabrın 22-də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində hakim Aygün Abdullayevanın sədrliyi ilə infoaz.org saytının baş redaktoru Namiq Cəfərlinin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə qarşı iddiasına baxılıb.
Məhkəmə çəkişməsinə səbəb avqustun 18-dən Azərbaycan ərazisində infoaz.org saytına girişin məhdudlaşdırılmasıdır. N.Cəfərli rəhbərlik etdiyi İnternet resursuna girişin bloklanmasına görə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyini ittiham edir. Amma dekabrın 22-də məhkəmədə cavabdehin nümayəndəsi deyib ki, sayta girişin məhdudlaşmasında təmsil etdiyi nazirliyin heç bir rolu yoxdur. Nümayəndə bildirib ki, nazirlik hansısa müraciət əsasında İnternet resurslarını bloklaya bilər. Amma infoaz.org saytı ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə nə hansısa müraciət daxil olub, nə də bu qurum öz təşəbbüsü ilə hansısa tədbir görüb.
Hakim qısa müşavirədən sonra iddianın təmin olunmadığını açıqlayıb.
Baş redaktor bildirib ki, qərardan apellyasiya şikayəti verəcək. Paralel olaraq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinə də müraciət edəcək.
"Əgər deyildiyi kimi, həqiqətən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bizim saytın bloklanmasında rolu yoxdursa, belə çıxır ki, ortada kibercinayətkarlıq faktı var. Ümid edirəm ki, hüquq-mühafizə orqanları bu faktı araşdıracaq. Hərçənd, mən nazirliyin nümayəndəsinin sözlərinə də tam güvənmirəm", - baş redaktor bildirib.
İddiaçının vəkili Zibeydə Sadıqova da qərardan narazı qaldığını söyləyir. Yada salır ki, məhz Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə ölkədəki bir sıra saytlara, o cümlədən "Azadlıq" radiosunun, "Azadlıq" qəzetinin, "Meydan TV"nin İnternet səhifələrinə ölkə ərazisindən giriş məhdudlaşdırılıb.
Adları çəkilən saytlara giriş bu ilin martından məhdudlaşdırılıb və mayda məhkəmədə bəlli olub ki, nazirlik bunu Baş Prokurorluğun təqdimatı əsasında edib. Mayda beş saytın bloklanması haqda Səbayel Rayon Məhkəməsi qərar çıxarıb və dekabrın 19-da Bakı Apellyasiya Məhkəməsi həmin qərarı qüvvədə saxlayıb. Bu qərar həmin saytların dövlətin konstitusion quruluşunu dəyişməyə, zorakılığa, etnik nifrətə çağırışa səsləyən yazılarla izah edilsə də iddiada konkret nümunələr göstərilməyib. "Azadlıq" radiosunun rəhbərliyi bu iddiaları rədd edib.-0-
-
- İqtisadiyyat
- 22 Dekabr 2017 23:54
Cəmiyyət
-
"Son 10 ildə ali təhsil müəssisələrinə qəbul göstəricisi artıb və bu da kəmiyyət göstəricisidir". Bunu təhsil naziri Emin Əmrullayev fevralın 10-da Bakıda Dünya Bankının illik qlobal hesabatının təqdimatında deyib.
-
Gənclər Azərbaycanı beynəlxalq olimpiadalarda təmsil etməyə hazırlaşır Təhsil İnsititutunun təşəbbüsü və Azercell-in dəstəyilə İT üzrə beynəlxalq olimpiadalara hazırlaşan milli komandamız üçün növbəti “Qış Kampı” təşkil olunub. Bu dəfə düşərgə çərçivəsində məktəblilərimiz Oxford Universitetinin Avtonom maşınların idarə olunması üzrə məzunu Tərlan Süleymanov və Google Texnologiya şirkətinin Poqram təminatı mühəndisi Rəhim Məmmədli ilə görüşmək, onların dəyərli təcrübəsindən faydalanmaq imkanı əldə ediblər. Qonaqlar iştirakçılara müasir proqramlaşdırma dilləri və texnologiyaları barədə master-klass keçiblər.
-
Çərşənbə günü paytaxtda hava tutqun olacaq. Axşama doğru Abşeronda bəzi yerlərdə yağıntı ola bilər. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə mənfi 1 + 2, gündüz müsbət 3 +7 dərəcə olacaq. Rütubət gecə 70-80, gündüz 60-65 faiz olacaq.
-
Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclaslarının yenidən bərpa ediləcəyi və növbəti əfv sərəncamının imzlanacağı gözlənir. Sonuncu belə sərəncam ötən il mayın 25-də, Müstəqillik Günü (28 may) ərəfəsində imzalanmışdı. Sərəncam 154 nəfərə şamil edilmişdi. Onlardan 63 nəfər azadlıqdan məhrumetmə cəzasından azad edilmiş, 52 şəxsin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılmışdı. Qalanları isə, əsasən, elektron qolbaqdan azad edilib və ya belə cəzanın azaldılmasını əhatə edirdi.
Rəy yaz