
Bazar günü səhər Yerevanda polis bölməsini tutanlar girovları azad etməkdən və hakimiyyətə təslim olmaqdan imtina edirlər. Bu barədə iyulun 18-də Ermənistan Təhlükəsizlik Xidməti bildirib.
Hüquq-mühafizə orqanları vəziyyətin dinc yolla həlli üçün “bütün mümkün vasitələr”dən istifadə edirlər. “Silahlı qrupun üzvlərini yeni qurbanlara və ağır nəticələrə səbəb ola biləcək hərəkətlərə yol verməməyə və silahlı qarşıdurmaya son qoymağa çağırırıq. Bundan ötrü zaman və imkan var”, - məlumatda deyilir.
Uzun danışıqlardan sonra iyulun 18-nə keçən gecə bir polisi, həmçinin təcili yardım maşınının sürücüsünü azad etmək mümkün olub. Lakin girovda qalan dörd hüquq-mühafizə əməkdaşının həyatı hələ də təhlükə altındadır.
Xatırladaq ki, bazar günü avtomat və tapança ilə silahlanmış 25 nəfər Yerevanda polis bölməsinin qapısına yük maşını ilə vuraraq binanı tutub. Hücum zamanı polis polkovniki Artur Vanoyan həlak olub. Podpolkovniklər Aram Ovannisyan və Qraçya Xosteqan, praporşik Qaqik Mkrtçyan yaralanıb.
Onlar hüquq-mühafizə orqanlarının əməkdaşlarını girovluqda saxlayırlar. Onların arasında Ermənistanın daxili işlər nazirinin müavini və polis rəisinin müavini var.
Hücumçular müxalifətçi Jirayr Sefilyanın azad edilməsini və prezident Serj Sarkisyanın istefasını tələb edirlər.-02D-
Rəy yaz