
Azərbaycan Mərkəzi Bank əhalinin nəzərinə çatdırır ki, qarşıdakı bayram günlərində milli valyutanın məzənnəsi ilə bağlı yarana biləcək hər hansı spekulyativ xarakterli məlumatlara və şaiyələrə inanmasınlar.
AMB-nin yaydığı məlumatda deyilir ki, bank tərəfindən müəyyən edilmiş yeni məzənnə siyasəti rejiminə uyğun olaraq tələb və təklif nəzərə alınmaqla manatın ABŞ dollarına nisbətən rəsmi məzənnəsi 05 yanvar 2016-cı il tarixi üçün 1.5610 müəyyənləşdirilib.
Həmçinin qeyd olunub ki, bayramqabağı günlərdə Mərkəzi Bank tərəfindən bankların valyutaya olan ehtiyacları keçirilmiş hərraclar vasitəsilə kifayət həcmdə təmin edilib.
AMB-nin məlumatı günorta yayılıb. Səhər tezdən isə Bakıda valyutadəyişmə məntəqələri yeni məzənnəni elan ediblər: dollar alışı 1,6 manat, satış 1,7 manat, Turan bildirib. Bu, bankların valyutanın rəsmən elan edilən məzənnədən iki faizədək həddə alışına və satışına yol verən AMB-nin normativ tələblərinə ziddir. Beləliklə, banklarda və valyutadəyişmə məntəqələrində məzənnə alış üçün 1,5610 manat, satış üçün 1,597 manat civarında olmalıdır.—0—
Rəy yaz