Aİ səfiri: “Bakının mədəni irsinin qorunması xüsusi məna kəsb edir”
Bakı/28.10.19/Turan: Bu il ikinci "Fantaziya" mədəni irs festivalı keçirilir və bu proqramda iştirak edən səfirliklərin sayının artması sevindiricidir. Bu barədə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbərinin birinci müavini Denis Daniilidis “Fantaziya” festivalının başlanması ilə əlaqədar mətbuat konfransında deyib.
O qeyd edib ki, festivalın adı Bakıdakı unikal memarlığa malik hamamdan götürülüb. Bu, Bakının memarlıq müxtəlifliyini göstərir.
Öz növbəsində Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Jankauskas bildirib ki, hazırda Bakı yeni memarlıq nümunələri nümayiş etdirir. O qeyd edib ki, Bakının yeni baş planı hazırlanır və bu fonda mədəni irsin qorunması xüsusi məna kəsb edir.
“Biz bu festival vasitəsilə mədəniyyətlər arasında körpülər qururuq”, -Aİ səfiri deyib.
Fransanın Azərbaycandakı səfiri Zakari Qros mətbuat konfransında çıxış edərək bildirib ki, onun ölkəsi bu festivala məmnunluqla töhfə verir, çünki bu tədbir mühüm əhəmiyyət daşıyır.
“Aİ-nin bu məsələdə dəstəyi vacibdir. Biz əcdadlarımızdan aldığımız mədəni irsi qorumalı və gələcək nəsillərə ötürməliyik”, -Z.Qros deyib.
Öz növbəsində Niderland səfiri Otto Kravers xatırladıb ki, onun ölkəsi ilk festivalda da iştirak edib.
“Bu, mədəni irsin qorunması səylərini qiymətləndirməyimizin göstəricisidir. Keçən il olduğu kimi, bu il də “Qara şəhər və ağ şəhər” adlı fotosərgi təşkil edəcəyik. Sərgi köhnə ilə yeninin yanaşı mövcudluğunu sübut etməyə yönəlib”, - səfir bildirib.
Qeyd edək ki, ikinci “Fantaziya” mədəni irs festivalı noyabrın 1-dən 15-dək keçiriləcək. Festival çərçivəsində fotosərgilər, konsertlər, film nümayişləri, ustad dərsləri və teatr tamaşaları təşkil ediləcək.
Tədbirlər Bakı, Gəncə və Qəbələdə keçiriləcək. Festival çərçivəsində Qəbələ rayonunun Nic kəndində “Alban-Udin Mədəniyyəti Günü”nə həsr olunmuş tədbir təşkil ediləcək.
Avropa İttifaqı Azərbaycan nümayəndəliyinin festivalın keçirilməsi üzrə tərəfdaşları Fransa, Bolqarıstan, İtaliya, Latviya, Finlandiya, Belçika, Niderland, Macarıstan, Moldova, Meksika, Argentina, Tacikistan, Venesuela səfirlikləridir. Yerli tərəfdaşlar arasında Mədəniyyət Nazirliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, “İçərişəhər” Tarix-Memarlıq Qoruğu İdarəsi var. –71C-
Mədəniyyət
-
Azərbaycan kinosunun çoxdan gözlənilən anı nəhayət gəlib çatdı. Yerli rejissorlar öz yeni əsərlərini təqdim edərək, animasiya, dram və uşaqlıq xəyalları ilə dolu bir qarışığı böyük ekranlara gətirdilər. Nurlan Həsənlinin Erkən Hisslər, Hacı Səfərovun Tərsinə Kölgələr və Məsud Pənahinin animasiya filmi Nərqız maraqla gözlənilən tamaşaçılar tərəfindən həm alqışla, həm də tənqidlə qarşılandı.
-
Tarixdə baş verən hadisələr sadəcə bir rəqəm, tarixi yaddaş olaraq qalmır. Bu hadisələr mədəni yaddaşda da dərin izlər buraxır. Xüsusən sənətçilər hadisələri öz hiss etdikləri, anladıqları formada əsərlərinə köçürdürlər. 20 Yanvar da mədəni yaddaşa köçmüş hadisələrdən biridir. Müasir dövr yaradıcılığında nisbətən az işlənən mövzu olsa da heç vaxt öz aktuallığını itirmir. Bu tarixi yaddaş necə göstərilməlidir? İncəsənətdə necə öz əksini tapır?
-
Yanvarın 16-da nüfuzlu Gazelli Art House Elnarə Nəsirlinin irimiqyaslı “Meşənin Pıçıltısı – Səsin Sehri” adlı sərgisinin ikinci qapalı təqdimatına yenidən qapılarını açdı. Azərbaycanlı rəssamın bu sərgisi müxtəlif ölkələrin diplomatları, səfirlik nümayəndələri və xüsusi dəvətli qonaqlar tərəfindən böyük maraqla qarşılandı. Tədbir sərginin mədəniyyətlərarası və ekoloji əhəmiyyətini bir daha vurğuladı.
-
Hər il yanvarın 13-də Litva xalqı 1991-ci ildə müstəqillik uğrunda həyatlarını qurban vermiş qəhrəmanlarını anaraq Azadlıq Müdafiəçiləri Gününü qeyd edir. Bu mühüm tarix, Litva tarixində azadlıq iradəsinin Sovet təzyiqləri üzərində qələbə çaldığı dönüş nöqtəsini simvolizə edir. Həmin gün 14 nəfər həlak oldu, yüzlərlə insan yaralandı, lakin azadlıq arzusu heç vaxt sarsılmadı. Azadlıq Müdafiəçiləri Günü, Litva xalqının keçmişinə nəzər saldığı və azadlığın həqiqi qiymətini dərk etdiyi bir gündür.
Rəy yaz