
Açiq mənbələrdən foto.
Hakimiyyət Əli Kərimlini terrorizmin maliyyələşdirilməsində ittiham etmək istəyir, onun mühafizəçisi həbs edilib
Bakı/18.05.20/Turan: 30 sutka inzibati həbsdən sonra Xalq Cəbhəsi Partiyasının fəalı Niyaməddin Əhmədova CM-in 214-1-ci maddəsi (terrorizmin maliyyələşdirilməsi) ilə cinayət ittihamı irəli sürülüb.
Mayın 16-da Nəsimi Rayon Məhkəməsi onu 4 ay müddətinə həbs edib. Bu barədə Turan-a N.Əhmədova dövlət hesabına təyin edilmiş vəkil Əhməd Fərhadov bildirib.
İstintaq N.Əhmədovu terrorizmin maliyyələşdirilməsi üçün xaricdən başqa müxalifətçidən pul almaqda ittiham edib.
Məhkəmədə N.Əhmədov bu ittihamı inkar edərək bildirib ki, ona pul göndərən şəxs, sadəcə, öz borcunu qaytarıb.
N.Əhmədov AXCP lideri əli Kərimlinin ictimai əsaslarla mühafizəçisidir. O, aprelin 15-də guya karantin rejimini pozduğuna görə saxlanılıb. Mayın 15-də həbs müddəti bitsə də onu azad etməyiblər.
N.Əhmədovu 14 ilədək azadlıqdan məhrum olunma təhlükəsi gözləyir.
AXCP sədrinin müavini Seymur Həzi N.Əhmədovun həbsini ən yüksək səviyyədə siyasi sifariş adlandırıb. Onun fikrincə, N.Əhmədov 19 oktyabr 2019-cu ildə keçirilmiş mitinqdə Əli Kərimlini müdafiə etdiyinə görə cəzalandırılır.—03B06-
Rəy yaz