İlham Əliyev fövqəladə hal tətbiq ediləcəyini və "beşinci kolonun" təcrid ediləcəyini istisna etməyib
Bakı/19.03.20/Turan: Martın 19-da dövlət başçısı Novruz Bayramı ilə əlaqədar ölkə əhalisinə müraciət edib. "Bu il koronavirusa görə kütləvi tədbirlərin keçirilməsi mümkün deyil. Əminəm ki, Azərbaycan xalqı bu vəziyyəti yaxşı anlayır", deyə dövlət başçısının müraciətində bildirilir.
Ölkədəki vəziyyətə toxunan Əliyev həyata keçirilən islahatları və ictimai dialoqu xüsusi vurğulayıb. "... faktiki olaraq siyasi dialoq artıq başlamışdır. Əminəm ki, bunun nəticələri də xalqımız üçün və ölkəmizin gələcək inkişafı üçün müsbət olacaqdır. O ki qaldı, bu dialoqdan imtina edən qruplaşmalara, onlar özləri bilərlər. Hər halda mən demişəm, bir daha demək istəyirəm, uduzan tərəf biz olmayacağıq və yeni siyasi konfiqurasiyada satqın, xain beşinci kolonun nümayəndələrinə yer olmayacaq".
Daha sonra o, iqtisadiyyatda və Münhen konfransında "sarsıdıcı zərbə" vurulmuş erməni separatizminə qarşı mübarizədəki nailiyyətlər haqqında danışıb.
Bu il aztəminatlı ailələrə dəstək istiqamətində çoxsaylı sosial layihələr həyata keçiriləcək, məcburi köçkünlər üçün 7 min mənzil, şəhid ailələri üçün 1500 mənzil tikilib istifadəyə veriləcək.
Neftin qiymətinin ucuzlaşması ilə əlaqədar dünyadakı böhrana toxunan Əliyev qeyd edib ki, "Koronavirus xəstəliyi, əlbəttə ki, vəziyyəti çətinləşdirir. Bütün bunlara baxmayaraq, hesab edirəm ki, Azərbaycan bu sınaqdan da şərəflə və az itkilərlə çıxacaq".
Ən müasir dörd laboratoriya alınıb gətirilib və hazırda bizim laboratoriyalarımızın sayı 10-a çatıb. Lazım olarsa, əlavə laboratoriyalar alınacaqdır. On xəstəxana xüsusi rejimdə işləyir.
"Bizim əsas məqsədimiz bu xəstəliyin Azərbaycanda yayılmamasıdır. Buna nail olmaq üçün təkcə dövlət tərəfindən görülən tədbirlər kifayət deyil. Dövlət nə lazımsa edir, vəsait ayırır. Martın əvvəlində bu xəstəliklə mübarizə üçün 10 milyon manat vəsait ayrıldı. Bu gün bəyan edirəm, Prezidentin ehtiyat fondundan əlavə 20 milyon manat ayrılacaq", deyə Əliyev bildirib.
Eyni zamanda o, "nə vaxtsa fövqəladə vəziyyət də elan oluna biləcəyini" istisna etməyib. "Belə olan halda, bu beşinci kolonun nümayəndələrinin təcrid edilməsi artıq tarixi zərurət olacaq... biz imkan verə bilmərik ki, anti-Azərbaycan qüvvələr, beşinci kolon, milli satqınlar bu vəziyyətdən istifadə edib hansısa təxribat törətsinlər". -02D-
Siyasət
-
Yanvarın 29-da keçirilən bələdiyyə seçkilərində altı seçki məntəqəsinin nəticələri ləğv edilib.
-
"Bütün siyasi məhbusların azad olunmasını tələb edirik. Siyasi məhbusların sağlıq durumuna görə hakimiyyət məsuliyyət daşıyır", - fevralın 3-də Müsavat Partiyası Divanının (İdarə Heyəti) iclasında bildirilib.
-
Turan agentliyinin iqtisadiyyat şöbəsinin redaktoru Hafiz Babalanın Qafqazinfo.az İnternet- nəşrə qarşı iddiasına baxılması əsassız olaraq yubadılır. Babalı “Abzas Media” nəşrinin işi üzrə həbs edilib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Əzizov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru təyin edilib.
Rəy yaz