![RATİ Azərbaycanda fərqli düşünənlərin təqibi haqqında](https://turan.az/resized/media/2017/main/122200006416-750-500-resize.webp)
RATİ Azərbaycanda fərqli düşünənlərin təqibi haqqında
Bakı/23.12.17/Turan: Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Azərbaycanın aparıcı internet tənqidçiləri - tanınmış anti-korrupsiya bloggeri Mehman Hüseynova və Kanal13 internet televiziyasının rəhbəri Əziz Orucova qarşı çıxarılmış siyasi motivli hökmlərə görə Azərbaycan hakimiyyətini qınayır. Təşkilat Hüseynov və Orucovun dərhal azad edilməsini tələb edir.
2017-ci il mayın 2-dən siyasi motivli vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə həbsdə olan jurnalist Əziz Orucov 2017-ci il dekabrın 15-də altı il həbs cəzasına məhkum edilib. Eyni gündə Apelyasiya Məhkəməsi RATİ İdarə Heyətinin sədri Mehman Hüseynova qarşı birinci instansiya məhkəməsi tərəfindən 2017-ci il martın 3-də diffamasiya ittihamı ilə çıxarılmış iki il həbs cəzasını qüvvədə saxlayıb.
Mehman Hüseynovun və Əziz Orucovun həbsləri Azərbaycanda fəaliyyət göstərən sosial şəbəkələri zəiflətmək məqsədi daşıyır, deyə RATİ-nin bəyanatında bildirilir.
Hakimiyyət xaricdə yaşayan onlayn tənqidçiləri təqib edə bilmədikdə, onların yaxın qohumları qurbana çevrilir.
İlin əvvəllərindən yerli və beynəlxalq müstəqil KİV-lər məhkəmə qərarı olmadan bloklanıb.
Müstəqil KİV-lərə DDos hücumları, rejimin məşhur tənqidçilərinin hesablarının icazəsiz ələ keçirilməsi halları davam edib.
Əhalinin siyasi cəhətdən aktiv və etirazçı seqmentləri arasında qorxu və paranoya yaratmaq məqsədilə süni intellektdən istifadə olunması ilk dəfə açıq şəkildə müşahidə edilib, dezinformasiya və saxta xəbərlərin yayılması və hökumətin təbliğatının aparılması ilə məşğul olan muzdlu troll ordusu əhəmiyyətli dərəcədə genişlənib, onlayn mühit vasitəsilə tənqidçilərə edilən anonim və açıq təhdidlərin sayı artıb.
Bütün bunlar fonunda, RATİ Microsoft Google və Facebook kimi qlobal informasiya texnologiyası (İT) nəhənglərinin Azərbaycanın İT infrastrukturuna investisiya qoymasını, öz regional serverlərini bu ölkədə yerləşdirməsini və həmin serverləri son benefisiarları yüksək səviyyəli korrupsioner məmurlar və ya onların yaxın qohumları olan data-mərkəzlərin bazasında qurmasını təəccüblə qarşılayır. Hər üç mobil operatorun və ən böyük data-mərkəzlərin prezidentin qohumlarına və yaxınlarına məxsus olduğu bir ölkədə yuxarıda qeyd edilən iki əsas provayderin birgə biznesinə başlamaqla, dünyanın İT nəhəngləri təkcə əsas insan hüquqlarını sistemli şəkildə pozan korrupsioner məmurların qeyri-qanuni varlanmasına dolayı töhfə vermir, həm də beynəlxalq anti-korrupsiya razılaşmalarını və öz qərargahlarının yerləşdiyi Qərb ölkələrinin qanunvericiliyini pozur.
RATİ özəl investorları Azərbaycanın İKT sektorunda iştirakla bağlı planlarını yenidən nəzərdən keçirməyə çağırır. Təşkilat investorları, ilk addım olaraq, öz serverlərinin ölkənin ərazisində fiziki yerləşdirilməsindən çəkinməyə çağırır.
RATİ Azərbaycanın hökumət qurumlarına qarşı internet istifadəçilərinin hüquqlarını pozmağa və məhdudlaşdırmağa imkan verən avadanlıq və proqram təminatı satılmasını qadağan edən sanksiyalar tətbiq etməyə çağırır.
Rati demokratiya və insan hüquqlarının qorunmasına dair öz üzərinə öhdəlik götürmüş Qərb ölkələrinin hökumətlərini öz ərazilərinə Azərbaycanın repressiyada rolu olan korrupsioner məmurlarının daxil olmasının qadağan edilməsi və onların xarici aktivlərinin həbsi ilə bağlı fərdi sanksiyaları tətbiq etməyə başlamağa çağırır.
RATİ hakimiyyəti söz azadlığına hücumların qurbanı olan qanunsuz olaraq həbs edilmiş bütün şəxsləri dərhal və qeyd-şərtsiz azad etməyə çağırır. -06D-
-
- Bazarların icmalı
- 22 Dekabr 2017 11:54
-
- Maliyyə
- 22 Dekabr 2017 12:43
Siyasət
-
Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənanyarlı Jurnalist Şahnaz Bəylərqızının səhhətində mövcüd olan problemlər ilə bağlı narahatlıq bildirərək ,Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edib.
-
Cümə günü, fevralın 7-də Aktauda 25 dekabr 2024-cü il tarixində Azerbaijan Airlines-ın (AZAL) təyyarə qəzasında həlak olanların xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib, xəbəri Tengrinews.kz yayıb.
-
Fevralın 7-də Bakı Apellyasiya Məhkəməsində ictimai fəal Cəlal Cavadovun inzibati qaydada həbsindən verilmiş şikayətə baxılıb.
-
Fevralın 7-də Bakı Məhkəmə Kompleksində Qarabağ separatmılarının liderlərinin işi üzrə proses dava etdirilib. İclasda ittiham aktının oxunması davam etdirilib.
Rəy yaz