
Bakı/04.11.19/Turan: Beş ildə (2014 -2018-ci illər) dünyada 1109 jurnalist öldürülüb. Bu, əvvəlki beşillik dövrlə müqayisədə 18% çoxdur. 90% halda günahkarlar cəzalandırılmayıb. YUNESKO-nun noyabrın 2-də qeyd olunan Jurnalistlərə qarşı cinayətlərə görə cəzasızlığa son qoyulması beynəlxalq gününə həsr olunmuş hesabatında qeyd olunur.
Sənədə görə, jurnalistlər üçün ən təhlükəli bölgə ərəb dövlətləridir: öz fəaliyyətinə görə həyatını qurban vermiş KİV əməkdaşlarının üçdə biri orada həlak olub. İkinci yerdə Latın Amerikası və Karib ölkələri 26%, ardınca Asiya-Sakit Okean regionu gəlir.
Həlak olmuş jurnalistlərin yarıdan çoxu hakimiyyətin sui-istifadələrini və korrupsiyanı araşdırıb. Ölənlərin 93% -i yerli reportyorlardır.
YUNESKO qeyd edir ki, jurnalistlərin ölümünə görə günahkarların cəzalandırılması nadir haldır. Araşdırmalar bir qayda olaraq, heç bir nəticə vermir, cəzasızlıq isə yeni cinayətlərə yol açır, YUNESKO-nun baş direktoru Odri Azule bildirib.
“YUNESKO jurnalistlərin təhlükədə olmasına cavabdeh olanların hamısının: onları öldürənlərin və bu qanunsuzluğa son qoymaq üçün heç bir iş görməyənlərin məsuliyyətə cəlb olunmasına çağırır. Jurnalistin ölümü heç vaxt həqiqət axtarışının dayandırılması anlamına gəlməməlidir”, - təşkilat rəhbəri vurğulayıb.
YUNESKO-nun məlumatına görə, 1996-cı ildən başlayaraq Rusiyada 34 jurnalist öldürülüb. Anna Politkovskayanın qətli də daxil olmaqla, 14 işin üstü açılmış sayılır. 1995-ci ildən Ukraynada 16 reportyor öldürülüb, onların qatilləri tapılmayıb. Həmin müddətdə Azərbaycanda 3 jurnalist həlak olub, 1 işin üstü açılıb.-02D-
Rəy yaz