Yerevan/09.02.19/Turan: Kibertəhlükəsizlik və informasiya müharibəsi məsələlərində Ermənistan və Azərbaycan bir- birinə daha çox təhlükə yaradır. Bu, kiberhücumlarda, qarşı tərəfi gözdən salmaq və dezinformasiya məqsədilə saxta məlumatlarda özünü göstərir. Bu barədə kibertəhlükəsizlik sahəsində ekspert Samvel Martirosyan Turan-a müsahibəsində bildirib.
Onun sözlərinə görə, iki ölkə arasında ilk böyük kibermüharibə 2000-cı ilin qışında baş verib. "Azərbaycan hakerlərinin İnternetin erməni seqmentinə kütləvi hücumları baş vermişdi və 30-a yaxın sayt dağıdılmışdı, demək olar ki, o dövr üçün erməni saytlarının hamısı.
Erməni tərəfi cavab hücumu edərək sizin də o qədər saytınızı sındırdı. Ziyan qarşılıqlı idi və bildiyimə görə, bu vəziyyətin müzakirəsi üçün Bakıda Təhlükəsizlik Şurasının iclası çağırılmışdı", - Martirosyan bildirib.
Qarabağ münaqişəsi səbəbindən iki ölkə arasında informasiya müharibəsi çoxdan var, ancaq kibermüharibənin məhz 2000-ci ilin qışında başlandığını hesab etmək olar.
Lakin bu, yeganə təhlükə deyil. Dünyada və regionda hər iki ölkə üçün daha ciddi təhlükələr var: "Bizim belə güclü İnternet magistrallarımız yoxdur və əgər bizə qarşı güclü DDoS-hücumu (Distributed Denial of Service) həyata keçirilərsə, Gürcüstan da daxil olmaqla, bütün Cənubi Qafqaz regionunda İnternet kəsilə bilər", - Martirosyan deyib.
Burada maraqlı məqam odur ki, kibermüharibələrdə də muzdlulardan istifadə olunur. "MDB məkanında, eləcə də dünyada çoxlu haker qrupları var. Onlara pul verərək istənilən hücumu təşkil etmək olar.
Vaxtaşırı biz də, siz də bu cür DDoS hücumlarla qarşılaşırsınız, onlar buradan gəlmir.
Son 5-6 ildə Ermənistanın və Azərbaycanın dövlət saytlarına kütləvi DDoS hücumlar olub ki, onlar da üçüncü tərəfdən gəlib", - Martirosyan qeyd edib.
"Bu, kim ola bilər?" sualının cavabında ekspert güman edir ki, bunlar hansısa ciddi haker qruplarının "təlimləri" ola bilər. Onlar zəif müdafiə olunmuş şəbəkələrdə "təlim keçirlər". Bu cür qruplar dünyada o qədər də çox olmasa da, yetərincə yayılıb və onları dəqiq ayırd etmək çətinlik yaradır.
Lakin dünyada yaxşı məlum olan haker qrupları da var ki, onların arxasında konkret ölkələr və ya dövlət strukturları dayanır. Belə qruplardan biri Fancy Bear - BKİ strukturudur (RF Baş Qərargahı Baş Kəşfiyyat İdarəsi).
Məhz həmin qrupu Amerika dövlət strukturlarının, Hilari Klintonun saytlarının sındırılmasında və ABŞ-da seçkilərə müdaxilədə ittiham edirlər.
"Son 5-6-da ən azı 6 ciddi insident baş verib. Onlar hərbçilər və diplomatlar da daxil olmaqla, erməni resurslara hücum ediblər. Bu planda biz də, siz də yaxşı müdafiə olunmamışıq", - ekspert vurğulayıb.
Azərbaycan hakerlərinin erməni resurslara hücumlarına gəlincə, son ildə iki hadisə qeydə alınıb: parlamentin və hökumətin saytlarına hücumlar, ancaq onlar mühün ziyan vurmayıblar. Ziyan psixolojidir. Cavab olaraq erməni hakerlər Azərbaycan saytlarını sındırır və orada öz məlumatlarını yerləşdirirlər.
Ciddi kibermüharibə 2012-ci ildə baş vermişdi. Ermənistan və Azərbaycan prezidentlərinin, hətta bəzi dövlət qurumlarının saytları sındırılmışdı.
"Qəribə də olsa, azərbaycanlı hakerlərdən fayda var, belə ki, sizin Ermənistana hücumlardan sonra müdafiə ilə ciddi məşğul olmağa başladılar. Sizin hakerlər olmasaydı, bu məsələdə irəliləyiş ləng gedərdi.
2016-cı ilin aprel müharibəsində sizin hücumlar artıq o qədər də ziyan vura bilmədi, ancaq çaxnaşma yaratmaq üçün saxta məlumatlar oldu.
Son vaxtlar biz bəzi dəyişiklik hiss edirik: xuliqanlıq edən, bizim saytlarda söyüş, bayraq yerləşdirən gənclik yox olub.
Saxta xəbərlərin erməni dilində savadlı şəkildə yazılması başlayıb. Bu o deməkdir ki, hakimiyyət onlarla iş aparmağa başlayıb. Və indi daha məqsədli hücumlar olar ki, bunların da ziyanı daha çox olar", - Martirosyan hesab edir.
İrimiqyaslı hərbi əməliyyatlar başlayarsa ölkələr aarsında kibermüharibə mühüm rol oynayacaq, ekspert hesab edir.
"Düşünürəm ki, bir-birinin informasiya strukturunu sıradan çıxarmağa cəhdlər olacaq. Bu cür kibermüharibəni Rusiya-Ukrayna qarşıdurmasında da gördük. Hərbi qarşıdurma müəyyən dərəcədə kiberməkanda da baş verir", - Martirosyan deyib.
Onun fikrincə, tərəflər təkcə öz resurslarından istifadə etməyəcək, həm də kənardan muzdlu haker qrupları tutacaqlar.
Bu mənada hər iki tərəfin yetərincə zəif yeri var. Məsələ bundadır ki, rəqəmsal inkişaf müdafiə sisteminin yaradılmasından cəld gedir. Yəni, hücum etmək daha asandır, nəinki müdafiə olunmaq və bu problem ölkələrin çoxunda var.-02B-
Rəy yaz