Növbəti qəza cəzasız qalıb

Adi hallardan birinə çevrilən bu qəzalardan biri bu il iyunun 28-də səhər tezdən Saatlı rayonunun Dəllər kəndində baş verib. Mirzəağazadə İlkin evdən çıxıb, rayona gedib işlərini həll etmək üçün VAZ 2106 markalı taksiyə minib.

Atası Lazım Ümidovun sözlərinə görə, onların kəndində yollar o qədər də yaxşı vəziyyətdə deyil, yolları yenicə təmir ediblər, asfalt çəkiblər, amma hələlik istismara verməyiblər: "Oğlumun getdiyi taksi, sürücü Ramil Cəlilovun sözlərinə görə, təxminən 30-40 km/saat sürətlə hərəkət edirdi. Qəfildən qarşılarına 150 km/saat sürətlə "Mercedes" çıxıb və İlkinin içində olduğu taksiyə vurub. Zərbə oğluma dəyib, o, ciddi xəsarətlər alıb. Mənə məlum olduğu qədər, polis protokolunda "Mercedes"in sürəti 140 km/saat civarında yazılıb".

Daha sonra, zərərçəkmişin atasının sözlərinə görə, hadisə yerinə Təcili Tibbi Yardım maşını gəlib, o, zərərçəkmişi Saatlı xəstəxanasına aparıb: "Mən qəza yerinə gəldikdə oğlumu artıq rayona aparmışdılar. Kənddə tibb məntəqəsi yoxdur və bu, böyük problemdir. Tibb məntəqəsi olsaydı, ilkin tibbi yardımı oradaca göstərərdilər və vaxt itirməzdilər. Mən Saatlı xəstəxanasına gəldikdə baş həkim mənə başsağlığı verməyə başladı. Mən oğlumun ölmədiyini, ona təcili yardım lazım olduğunu qışqırmağa başladım: onun ağzından köpük gəlirdi, qaytarırdı. Hadisə bayram günlərinə (Ramazan bayramı - red.) təsadüf etmişdi, amma xəstəxanada növbətçi həkim olmalı idi. Nevroloq İlkini müayinə etdi və bildirdi ki, xəstəxanada zəruri avadanlıq yoxdur, xəstənin vəziyyəti ağırdır. Başa düşmürəm, bu yaxınlarda büdcə hesabına təmir edilmiş xəstəxanada necə xəstələrin müalicəsi və yerləşdirilməsi üçün şərait yoxdur?!".

Həmin dəqiqədən etibarən, Lazım müəllimin sözlərinə görə, ağır xəstə olan İlkinin xəstəxanalararası turnesi başladı: "Oğlumun Şirvana aparılması üçün Təcili Yardım maşını çağırdıq. İtirəcək bir dəqiqəmiz belə olmadığı halda, maşın yarım saatdan da gec gəldi. Bütün bu müddət ərzində İlkin xəstəxananın həyətində kölgədə yatırdı, onun qıcolması var idi, tez-tez huşunu itirirdi. Nəhayət gələn Təcili Yardım maşını ilə onu Şirvan Diaqnostika Mərkəzinə apardılar. Mən də onların ardınca getdim və çatdıqda gördüm ki, nevroloq Mərkəzdən çıxır. O dedi ki, İlkini təcili Bakıya aparmaq lazımdır və mənə tomoqrafiya görüntüsünü götürməyi tapşırdı. Biz oğlumu Respublika Xəstəxanasına apardıq. Orada nevroloq Ələddin Cəlilov bizə bildirdi ki, xəstəni yerindən tərpətmək olmazdı. O, Saatlıda qalmalı idi, həkimlər Bakıdan gəlməli, rəy verməli və onu göndəriş üçün hazırlamalı idi. Həkimin sözlərinə görə, bəxtimiz gətirib ki, o, yolda ölməyib. Oğlumun Bakıya aparılması prosesi ümumilikdə 8 saat sürdü. Respublika Xəstəxanasında İlkin iki gün qaldı, mən həkimlərin dediyi bütün dərmanları alırdım, amma yaxşılaşma yox idi. Əksinə, mən oğlumun huşsuz vəziyyətdə əl-ayağını qeyri-ixtiyari olaraq hərəkət etdirdiyini görürdüm. Həkim mənə deyirdi ki, bu, əksinə, yaxşıdır. Saatlı xəstəxanasında, Şirvan Diaqnostika Mərkəzində həkimlər yalnız baş tomoqrafiyası çəkmişdilər, Respublika Xəstəxanasında isə müalicə bu görüntülər əsasında aparılırdı.


Mirzəağazadə İlkin

İyunun 29-da gördüm ki, İlkinin vəziyyəti pisləşib və biz başqa bir mütəxəssis dəvət etdik. Konsilium keçirildi və oğlumun Nevrologiya İnstitutuna köçürülməsi haqqında qərar qəbul edildi. İyunun 30-da o, oraya köçürüldü, belə ki, o, əməliyyat olunmalı idi: oğlumda kəllə tasında qırıqlar, ağır kəllə-beyin travması aşkarlandı. Nevrologiya İnstitutunda rentgen çəkdilər və qabırğasında çoxsaylı qırıqlar aşkar etdilər, oğlumun ağ ciyərlərinə qan dolmuşdu. Yenidən konsilium keçirdilər və İlkini Sabunçu xəstəxanasına köçürmək qərara alındı. Orada bildirdilər ki, onu qəbul edə bilməzlər, belə ki, çox vaxt itirilib və o, xəstəxanada ölsə, bu, həkimlərin vicdanında qalacaq. Uzun müddət dilə tutduqdan sonra İlkini qəbul etməyə razılaşdılar".

Ümidov Sabunçu xəstəxanasının heyətinin və digər tibb müəssisələrindən gələn mütəxəssislərin fəaliyyətini yüksək qiymətləndirdi, onlar sayəsində oğlunun həyatını xilas etmək mümkün oldu.

"Baxmayaraq ki, oğlum hələ də komadadır, amma vəziyyəti gündən-günə yaxşılaşır. O, artıq sözlərə reaksiya verir, zədələnmiş orqanların funksiyaları bərpa olunur", deyə Ümidov bildirib.

Lazım Ümidov qeyd edib ki, oğlunun müalicəsi üçün hər gün pulsuz dərmanlar siyahısına daxil olmayan dərmanlar da lazım olur, amma qəzada təqsiri olan tərəfdən heç kim zərərçəkmişə maddi yardım göstərmir.

O, həmçinin indiyədək heç kimin cəzalandırılmamasından da gileylənib: "Atam şikayət vermək üçün rayon prokurorluğuna gedib, amma indiyədək heç kim həbs olunmayıb. Müstəntiq Xəyal Abbasov dəfələrlə mənə zəng edib, İlkinin vəziyyəti ilə maraqlanıb. Mən ondan işin gedişatı haqqında soruşdum, cavabda o, dedi: "Bəlkə də elə oğlun günahkar idi?". Mən çaşqınlıq içində idim - oğlumun sərnişin olduğunu bildirdim, qəza yerinə gələn rayonun Dövlət Yol Polisinin rəisi isə dərhal bildirdi ki, "Mercedes" sürücüsü təqsirlidir. Buna cavab olaraq müstəntiq bildirdi ki, nə olsun ki, o elə deyib, ekspertiza keçiriləcək. Amma indiyədək ekspertiza keçirilməyib. Bildiyim qədər, iş materiallarında "Mercedes"in hərəkət sürəti yanlış göstərilib, sürəti azaldıblar. Bundan başqa, tormoz izinin ölçüsü də yanlış göstərilib. Mən ədalət tələb edirəm".

Turan-ın müxbirinin çoxsaylı zənglərinə baxmayaraq, müstəntiq Abbasovla danışmaq mümkün olmayıb: onun telefonuna ya zəng çatmırdı, ya da cavab vermirdi. Saatlı rayon Polis İdarəsinin növbətçi hissəsi vasitəsilə də onu tapmaq mümkün olmayıb. -0-

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti