Фото из открытых источников
Bu həftə firəvan Avropa ölkəsində qalmaq üçün xoşagəlməz yola əl atmış vətəndaşı Almaniyadan Azərbaycana deportasiya ediblər. Almaniyada qalmaq üçün o, əri ilə birlikdə cinayətə belə əl atıb.
Almaniyanın "Haller-Kreysblat" nəşrinin məlumatına görə, polis və miqrasiya xidmətinin əməkdaşları onları aeroporta aparmaq üçün gəldikdə, Borqholtshauzendə, Şimali Reyn-Vestfaliyada qaçqınlar üçün icma düşərgəsində yaşayan Azərbaycan ailəsi amansız müqavimət göstərib. 53 yaşlı ailə başçısı gözlənilmədən polisin silahını əlindən alıb və alman zabitləri girov götürdüyünü bəyan edib. O, hətta havaya bir neçə atəş də açıb. Həyat yoldaşı mətbəxə qaçıb və özünə bıçaqla bir neçə zərbə vurub. Hadisə yerinə xüsusi təyinatlı briqada çağırmaq lazım gəlib. Bundan sonra ailə üzvləri hakimiyyətə təslim olublar.
Amma polis bu hadisə ilə bağlı cinayət işi açmayıb. Kişini dərhal Almaniyadan çıxarıblar. Bir ay yarım sonra - xəstəxanada müalicə aldıqdan sonra onun həyat yoldaşını da deportasiya ediblər.
Başqa bir Azərbaycan ailəsi də belə bir aqibətə məruz qalıb, onlar barədə "Frankenpost" nəşri məlumat verib. Məqalədə yazılanlara görə, bu yaxınlarda Zelb şəhərciyinin polisi gecə qəfildən Sədi Camalov, həyat yoldaşı Mətanət və dörd uşağının yaşadığı mənzilə gəlib. Onlara təcili olaraq zəruri əşyaları və sənədləri yığmağı təklif ediblər. Daha sonra onları Münhen aeroportuna aparıblar, təyyarəyə mindirib vətənə göndəriblər. Məlum olub ki, Camalov keçmiş polis işçisidir, orqanlardan qovulduqdan sonra Avropaya köçməyi qərara alıb. Əvvəlcə həyat yoldaşı Mətanət iki uşağı ilə birlikdə Fransaya mühacirət edib. Bu, 2011-ci ildə baş verib. Üç il sonra Səid həyat yoldaşının yanına gəlib və ailə Almaniyadan sığınacaq istəyib. Amma onlara imtina cavabı verilib.
Bu arada, Almaniya KİV-ləri gizli miqrasiya biznesinin ifşa edildiyini bildirirlər. Azərbaycan vətəndaşı olan bir qadın Almaniya ərazisinə qanunsuz girişin təşkilində şübhəli bilinərək həbs edilib. Onun adı açıqlanmır. Qadın ən az 7 nəfərin ölkəyə icazəsiz girişini təşkil etməkdə, öz xidmətlərinə görə onlardan ümumilikdə 30 min avroya yaxın pul almaqda ittiham olunur.
Müxtəlif variantlardan istifadə olunub. Məsələn, bir yeni evlənən cüt Bakıdakı turizm agentliyi vasitəsilə əvvəlcədən Şengen vizası əldə edərək, Praqaya putyovka alıb. Onlar bir neçə gün sonra Praqadan Almaniyaya gediblər, oraya çatdıqdan sonra bu kələyin təşkilatçısı onların pasportlarını alıb. Onlar Bilefelddə sığınacaq istəyənlər üçün mərkəzə aparılıb. Bədəməl qadın buna görə 2500 avro alıb. O, başqa bir Azərbaycan ailəsindən Almaniyaya gəlməyə kömək etmək üçün 10300 avro alıb. Üçüncü epizod Azərbaycanlı ailənin Budapeştdən Dortmunda gəlişi ilə bağlıdır. Bu insanlar da Bilefelddəki mərkəzə yerləşdiriliblər. Bu dəfə xidmətin qiyməti 19200 dollar təşkil edib.
Almaniya polisi hesab edir ki, cinayətlərin miqyası daha geniş olub, belə ki, şübhəli şəxsin mənzilində axtarış zamanı 54 Azərbaycan pasportu və sürücü vəsiqəsi tapılıb. Araşdırma davam etdirilir.
AFR Miqrasiya Xidmətinin məlumatına görə, ötən il ölkədən deportasiya olunan azərbaycanlıların sayı 50 nəfərə çatıb. Müvəqqəti oturma icazəsi almaq üçün minlərlə müraciətə hələ baxılır.
Azərbaycan vətəndaşlarının mühacirət coğrafiyası kifayət qədər genişdir. Əlil Rəşad Əliyev və onun altı ailə üzvü hazırda Fransada ev dustaqlığındadır, bu barədə oust-france.fr məlumat yayıb. O və yaxın qohumları Fransadan sığınacaq almaq istəyirlər. Ailə bu ölkəyə ötən ilin yayında İtaliyanın Bakıdakı səfirliyindən aldıqları vizalarla gəlib. Sığınacaq verilməsi haqqında müraciət verilərkən məlum olub ki, ailə Avropa İttifaqı hüdudlarına İtaliyadan gəlib və Dublin reqlamentinə əsasən, bu ölkəyə göndərilməlidir.
Keçmiş Bakılı Elçin İbrahimov Belçikaya yerləşməyi qərara alıb. O, bu dövlətin təbəəliyinə keçmək barədə müraciət verib, amma cavab almayıb, qaçqın düşərgəsində yaşayır. Bədbəxt hadisə baş verib - o, gözlənilmədən dünyasını dəyişib. İndi onun dul həyat yoldaşı və iki övladı ölkədən deportasiya qərarını gözləyirlər.
Azərbaycan Hüquq Müdafiə Mərkəzinin rəhbəri Eldar Zeynalovun "Turan"a verdiyi məlumata görə, ölkədən Avropada yaşamaq üçün gedən Azərbaycanlıların sayı barədə dəqiq rəqəm söyləmək çətindir. Çünki sənədlərdə bir məqsəd göstərilir, amma həqiqətdə başqa niyyət üzə çıxır. Azərbaycanlı mühacirlər İsveçdən, Hollandiyadan, Norveçdən, Belçikadan da sığınacaq almağa çalışırlar. Amma ötən illərdən fərqli olaraq, hazırda buna nail olmaq çox çətindir. Avropa Yaxın Şərqdən gələn qaçqınlarla dolub, yerli hakimiyyət əsas diqqəti bu insanlar üçün şərait yaradılmasına yetirir. Buna görə çox vaxt onlar bizi zəngin və müvəffəqiyyətli ölkə hesab edərək, Azərbaycan sakinlərinə yaşayış icazəsi verməkdən imtina edirlər.
"Yeni mühacirət dalğasının açıq-aşkar iqtisadi səbəbləri var. Ölkə vətəndaşları daha yaxşı şəraitdə yaşamaq, uşaqlarına yaxşı təhsil vermək, onların gələcəyini təmin etmək istəyirlər. Bu məqsədə nail olmaq üçün onlar istənilən üsullardan - turizm səfərlərindən, qonaq vizasından, saxta nikahdan və s. istifadə edirlər. Bəziləri kəskin addımlar atır, yüksək maaşlı iş əldə etmək və pensiya almaq perspektivi olmayan vətənə qayıtmamaq üçün etiraz aksiyaları təşkil edirlər. Əsasən orada yeni həyata başlamaq üçün real şansları olan gənclər və orta yaşlı vətəndaşlar ölkəni tərk edirlər", deyə hüquq müdafiəçisi qeyd edir.
Sosioloji Monitorinqlər Mərkəzi bu mövzuda maraqlı araşdırma aparıb. Araşdırmanın nəticələrinə əsasən, ölkədə respondentlərin 91%-i hesab edir ki, iqtisadi böhran fonunda mühacirət dalğası güclənir, onların yaxın ətrafında xaricə yaşamağa və işləməyə köçən insanlar var. Rəyi soruşulanların 8%-nin belə tanışı yoxdur. Respondentlərin 58%-i mühacirət əhval-ruhiyyəsinin əsas səbəbi kimi Azərbaycanda əmək haqqının və təhsil səviyyəsinin aşağı olmasını göstərib, 22%-i korrupsiyanı mühacirətin səbəbi hesab edir, digər sorğu iştirakçıları ölkədən gedişin əsas səbəbi kimi Avropada mütərəqqi sosial müdafiə sistemini, yüksək sosial standartları göstəriblər.
Rəy yaz