en.wikipedia.org

en.wikipedia.org

***

Azərbaycan hökuməti nikbin göstəricilər və proqnozlar verir. Ölkə prezidenti müşavirələrdə iqtisadiyyatın sürətli inkişafından danışır. Lakin statistik məlumatların  digər ölkələrin, hətta sovet Azərbaycanının analoji göstəriciləri ilə müqayisəsi, sadəcə, məyus edir.

İqtisad elmləri namizədi Şahmar Ağabalayevlə müsahibəmiz bu haqdadır.

- Dövlət iqtisadçıları qeyri-neft iqtisadiyyatının illik artımını bildirirlər. Qısamüddətli müvəffəqiyyətə aldanmamaq üçün əvvəlki uzun dövrlə müqayisə etsək bu, əslində belədirmi?

- Sualınıza cavab verməzdən öncə öz nəticələrimizi rəqəmlərlə təsdiqləmək üçün qısa təhlil aparaq. 2014-cü ili, böhranın başlanğıc nöqtəsini götürəcəyik. Son 5 ildə sənayenin gələcək vəziyyətinə baxacağıq. İqtisad elmində bu müddət qiymətləndirmə üçün ən optimal dövr hesab olunur. Başqa ölkələrlə müqayisə etmək asan olsun deyə göstəricilərdən dollar ekvivalentində istifadə etmişik.

Hələ neft bumunun əvvəlində müstəqil ekspertlər bizim iqtisadiyyatda Holland sindromunun olması barədə xəbərdarlıq edirdilər və onun mənfi nəticələrini proqnozlaşdırırdılar. Valyuta ehtiyatları şəklində sığorta yastığına malik hökumət vəziyyəti kifayət qədər stabil hesab etdi və durumu dəyişmək üçün səy göstərmədi. 2014-cü il böhranının başlanmasından sonra maliyyə ehtiyatlarının köməyilə vəziyyəti bir il ərsində nəzarətdə saxlamaq mümkün oldu. Sonra böhrandan çıxmaq üçün qeyri-populyar metodlarun tətbiqinə və iqtisadiyyatın neft sektorundan asılılığını azaltmaq yollarının axtarışına başlanıldı.

Bizim təhlillər göstərir ki, 2018-ci ildə sənaye məhsullarının istehsalı 2014-cü illə müqayisədə 31,5% azalıb. Eyni zamanda 64% azalma neft və qaz hasilatının azalmasının hesabına  baş verib. Ancaq son 3 ildə artım var. 2016-cı illə müqayisədə 56,3%, 2017-ci il ilə müqayisədə 19,5% artım var.  Müvafiq olaraq, 86,7 və 90.4%  artım neft və qaz hasilatının artmasının hesabına baş verib. Göründüyü kimi, tədqiqat dövründə azalma və artım əsasən neft sektorunun hesabına baş verib.

Sənaye istehsalının strukturunu nəzərdən keçirsək, mənzərə daha aydın olar. Əgər 2014-cü ildə hasilat sənayesinin xüsusi çəkisi 68,5% idisə, 2018-ci ildə 73,3%, o cümlədən neft və qaz hasilatı müvafiq olaraq 65,3% və 65,9% təşkil edib.
Göründüyü kimi, qeyd olunan sahələrin xüsusi çəkisi artıb, emal sənayesi isə 25,1% -dən 22% -ə, o cümlədən yeyinti məhsullarının istehsalı 7,3% -dən 6,4% -ə, neft məhsullarının istehsalı  8,9% -dən 5,9%-ə, elektrik enerjisi istehsalı 5,7% -dən 4,1% -ə qədər azalıb.

1990-cı il AzSSR-nin göstəricilərini 2018-ci il ilə müqayisə etsək, mənzərə daha acınacaqlı şəkil alar: Mədən sənayesi 5,3% (2018-ci ildə - 73,3%), neft və qaz hasilatı 4,8% (65,9%), emal sənayesi 90,1% (22%) səviyyəsində idi; yeyinti məhsulları istehsalı  24,6% (6,4%), tütün məmulatları 3,2% (0,1%), toxuculuq sənayesi 14% (0,52%), geyim istehsalı  3,8% (0,21%), neft emalı  6,9% (5,9%), kimya sənayesi  5,3%, (1,1%), tikinti materialları 3,2% (1,5%), metallurgiya sənayesi 3,7% (1,3%), kompüter məmulatlarının istehsalı  0,9% (0,18%), elektrik avadanlıqları 2,4% (0,4%), maşın və avadanlıqlar  9% (0,36%), mebel istehsalı  6,5% (0,23%), elektrik enerjisi  4,1%, (4,1%). Mötərizədə verilənlər 2018-ci ilin göstəriciləridir.

Müqayisələr göstərir ki, bu dövrdə yalnız elektrik enerjisi istehsalı öz mövqeyini saxlayıb. Digər sahələrdə itki 1% -dən 32 dəfəyə qədərdir. Biz hətta neft emalının payını belə artıra bilməmişik. Benzinin bəzi növlərini idxal etmək lazım gəlir. Biz neft mədənləri olmayan Belarusdan daha az neft emal edirik. Müqayisələr göstərir ki, sovet Azərbaycanında sənayenin strukturu indiki ilə müqayisədə dəfələrlə yaxşı idi. Biz neft hasilatını artırmaqla digər sənayeləri diqqətdən kənarda qoyduq.
  

- Bəlkə vəziyyət təsvir etdiyimiz qədər də narahatedici deyil? Azərbaycan iqtisadiyyatının göstəricilərini sovet keçmişinə görə bizə yaxın ölkələrin göstəriciləri ilə müqayisə etmək daha düzgün deyilmi?

-  Qonşu Gürcüstanın və digər postsovet ölkəsi Estoniyanın göstəricilərinə nəzər salaq. Bu ölkələrin başlanğıc mövqeləri bizdən də zəif olub. Burada biz keyfiyyət göstəricilərindən istifadə edəcəyik, çünki bu ölkələr ərazi, əhalinin sayı  və təbii sərvətlər baxımından bizdən geridir. 2018-ci ildə Gürcüstanda adambaşına sənaye məhsulunun həcmi 1172 dollar olub, bizdə isə neft və qaz olmadan 956 dollar olub. Emal sektorunda Gürcüstanda adambaşına 910 dollar düşüb,  bizdə isə neft emalını nəzərə almaqla 1046 dollar olub ki, bu da 15% çoxdur. Nəzərə alsaq ki, neft emalı emal sənayesinin 27%-ni təşkil edir, üstünlük o qədər də böyük deyil. Gürcüstanda emal sektoru sənaye strukturunda 77,5%  təşkil edir ki, bu da bizim səviyyədən 3,5 dəfə çoxdur. Yəni, neft  olmasa qonşularımıza uduzuruq.

İndi də bəzi rəqəmləri Estoniya sənayesinin göstəriciləri ilə müqayisə edək. Bu ölkənin seçilməsi təsadüfi deyil. Estoniya postsovet ölkələri arasında inkişaf üzrə lider hesab olunur. Və onun nümunəsində itirilmiş imkanları göstərə bilərik. Estoniyada adambaşına 6836 dollarlıq sənaye məhsulu istehsal edilib, bizdə neft hasilatı nəzərə alınmaqla 2804 dollar təşkil edib, yəni 2,4 dəfə az. Estoniya sənayesinin strukturu daha balanslıdır.

Maşınqayırmanın xüsusi çəkisi payı 22,5% (Azərbaycan 0,36%), ağac emalı və kağız sənayesi 20% (0,28%), yeyinti sənayesi 16,5 (6,4%), kimya sənayesi metal emalı ilə birlikdə 11%, (2,2%), yüngül sənaye  8% (7,9%) təşkil edir. Əgər bizim göstəricilər ilə müqayisə etsək (mötərizədə göstərilib) yalnız yüngül sənayedə paritet olduğu görünür, digər sahələrdə isə fərq müvafiq olaraq 64%; 71%; 2,5 və 5 dəfə təşkil edir.

Ən yaxşısı iqtisadiyyatın inkişafını əmək məhsuldarlığı üzrə qiymətləndirməkdir. Məhsuldarlıq nə qədər yüksək olarsa qabaqcıl texnologiyaların tətbiqi və iqtisadiyyatın innovativliyi bir o qədər yaxşı olar. 2017-ci ildə bizdə bütün iqtisadiyyatda bir işçiyə düşən əmək məhsuldarlığı saatda 4,46 dollar təşkil edib. Halbuki,  Rusiyada 26,5 dollar, Estoniyada 38,4 dollar olub. Gördüyümüz kimi, hətta qonşu Rusiyadan da 5,9 dəfə geridə qalırıq, Estoniyadan isə 8,6 dəfə. Hasilat sənayesində bu göstəricinin 151,6 dollara bərabər olması da bizə kömək etmədi. Yəni, digər sahələrdə göstəricilər o qədər aşağı səviyyədədir ki, neft sənayesinin yüksək səviyyəsi kəmiyyət göstəricilərindən fərqli olaraq keyfiyyət göstəricilərini uyğunlaşdıra bilmir. Məsələn, bu, kənd təsərrüfatında 0,60 dollara, emal sənayesində 3,7 dollara, tikintidə 5,5 dollara bərabərdir.

Əməkhaqqı bu göstəricidən asılıdır. Bir işçi nə qədər çox istehsal edərsə, onun əməkhaqqı bir o  qədər də yüksək olar. Bizim işçi ayda 802 dollar həcmində məhsul istehsal edir, əməkhaqqı istehsal olunan dəyərin 35% -ni təşkil edir ki, bu da 281 dollar və ya 477 manatdır. Estoniyada bir işçi ayda 6912 dollarlıq məhsul istehsal edir, müvafiq olaraq əməkhaqqı bir neçə dəfə artacaq.

Yuxarıdakıları yekunlaşdıraraq belə qənaətə gələ bilərik ki, bizim iqtisadiyyatdakı tərəddüdlər neft sektorundan daha çox asılı olmaqdan irəli gəlir. Hasilat səviyyəsi, birjalarda neftin qiyməti və dolların məzənnəsindəki dəyişikliklər neft sektorunun ümumi göstəricilərinə güclü təsir göstərir.
Yəni, qismən iqtisadiyyatın səviyyəsi daxili bazarda deyil, beynəlxalq meydançalarda müəyyən edilir. Yeni müəssisələrin istehsal həcmi hələlik neft sektoru ilə rəqabət aparmaq iqtidarında deyil. Buna görə də iş yerlərinin artması ilə sənayenin ümumi həcmində azalma müşahidə oluna bilər. Artıq bunu hökumətdə də yaxşı başa düşürlər. Buna iqtisadiyyat nazirinin müavininin hökumətin iqtisadiyyatın strukturundan narazı olması barədə açıqlaması sübutdur. Hamıya yaxşı məlumdur ki, çağdaş mərhələdə hökumətin reytinqi iqtisadi göstəricilərlə çox bağlıdır. Məsələn, Türkiyədə bələdiyyə seçkilərində hakim partiyanın böyük şəhərlərdə məğlub olması və RF hakimiyyətinin reytinqinin aşağı düşməsi iqtisadi vəziyyətin pisləşməsi səbəbindən baş verdi, baxmayaraq ki, hər iki ölkənin xarici siyasi cəbhədə uğurları var. Odur ki, son vaxtlar hökumətdə kardinal dəyişiklikləri müşahidə edirik.  Parlamentə yeni seçkilərə start verildi. Bunu islahatların ilkin mərhələsi hesab etmək olar. Belə ki, islahat özü bazarda oyun qaydalarının dəyişdirilməsini nəzərdə tutur. Bu, yəqin ki, parlament seçkilərindən sonra baş verəcək. Ümid edirik ki, yeni formalaşan gənc komanda vəziyyəti kardinal şəkildə dəyişə biləcək.


- İsmayıllıdakı velosiped zavodu da bariz nümunədir. Təmtəraqla inşa edildi, açılışında prezident də iştirak etdi. Sonra zavod səssiz qaldı, bu yaxınlarda isə məlum oldu ki, İsmayıllı rayonundakı zavod bu ilin üçüncü kvartalında 138 ədəd idman velosipedi ixrac edib, onlardan 53-ü Böyük Britaniyaya göndərilib. Bu barədə Turan-a Dövlət Gömrük Komitəsindən məlumat veriblər.

-  Sevindirici haldır ki, ölkəmiz Aİ-yə velosiped şəklində hazır məhsul ixracını artırır. Ancaq həcm o qədərdir ki, ümumi mənzərənin dəyişməsinə təsir edə bilmir.

Tədqiq edilən dövr üçün ixrac göstəricilərinə daha yaxından nəzər salaq. 2014-cü ildən bu göstərici sistematik olaraq azalıb. 2015-ci ildə azalma 45,0%, 2016-cı ildə 56,6%, 2017-ci ildə 48,6%, 2018-ci ildə isə 9,9 mlrd. dollar və ya 32,8% olub. Azərbaycanın bütün  ixrac strukturuna nəzər yetirsək görərik ki, bunun 92,1%-i neft məhsullarından ibarətdir. 2014-cü illə müqayisədə neft ixracatından asılılıq 0,4% azalıb. Və bu müddətdə neft hasilatı 8% azalıb. Yəni, beş il ərzində neft ixracı itkisini qismən əvəz edən ixrac məhsulları istehsal edə bilməmişik. Digər ixrac məhsullarının xüsusi çəkisi o qədər azdır ki, üzərində dayanmaq istəmirəm. Sadəcə, qeyd etmək lazımdır ki, qalan sektorlarda bu 0,1% -dən 3% -ə qədər dəyişir. İkinci sırada 3% ilə bitkçilik istehsalı gəlir.

Qeyri-neft ixracı cəmi 1,6 mlrd. dollardır, əgər qonşu Gürcüstanın ixracını (3,4 mlrd. dollar) nəzərə alsaq, bu, çox azdır. Hətta Gürcüstan ixracatından dağ-mədən məhsullarının ixracını çıxsaq da (özümüzdən neft hasilatını çıxdığımız üçün) yenə də 2,9 mlrd. dollar alınır ki, bu da bizim qeyri-neft ixracından 1,8 dəfə çoxdur.

Gürcüstanın ixracı daha balanslıdır, nəinki bizim. Orada 15,3%-i hasilat sənayesi məhsulları tutur. Spirtli içkilər  14,1%, avtomobillərin təkrar ixracı 13,5%, metallurgiya 12,2%, tütün və əvəzedicilər 4,8%, əczaçılıq məhsulları  4,8% təşkil edir.

Əgər bu rəqəmləri adambaşına bölsək geridə qalmağımız daha da təəccüblü olacaq, çünki biz əhaliyə görə Gürcüstanı iki dəfədən çox üstələyirik. Bu illər ərzində ölkəmiz ilə assosiasiya oluna biləcək məhsul yarada bilməmişik. Bu məsələdə Sovet Azərbaycanından da geridə qalırıq. Belə ki, o zaman neftdən başqa da bizi tanıdacaq məhsulumuz var idi. Bunlar BK məişət kondisionerləri idi. BK-nın servis  mərkəzləri SSRİ-nin şəhərləri nəzərə alınmaqla dünyanın 54 şəhərində vardı. Hətta uzaq Avstraliyada belə. Bu zavod Yaponiyanın qabaqcıl konserni “Toshiba” ilə birlikdə inşa edilmişdi. İndi də İran ilə birlikdə 20 illik tarixi olan avtomobil modelinin istehsalına investisiya qoyuruq. Hətta sovet dövrü ilə müqayisədə kreativ çalışmırıq. Eyni zamanda, Gürcüstan İsrail şirkəti ilə birlikdə “Boeing”, “Airbus” və “Bombardier” təyyarələri üçün ehtiyat hissələri istehsal edir. Bununla yanaşı onlar elektromobil istehsalı zavodunun inşası ilə bağlı çinlilərlə razılığa gəldilər. Məhsulların 30%-i Aİ-yə ixrac ediləcək. Biz həm həcmdə, həm də kreativlikdə geri qalırıq.

Estoniyanın göstəriciləri ilə müqayisə etsək, bu, daha da aydın olacaq. Estoniyanın ixracı 14,4 mlrd dollar təşkil edir.
Bu həcmdən 29% maşın və maşınqayırma, 13% ağac məhsulları, 10% metal, 8% ərzaq məhsulları, 5% toxuculuq, 4% kimya məhsullarının payına düşür. Estoniya ixracı bizim neft ixracının 77% -nə bərabərdir. Buna onlar 1,325 mln. əhali ilə nail olublar.

Estonlar adambaşına 10867 dollar dəyərində məhsul ixrac edirlər, biz isə 2029 dollar və ya 5,3 dəfə az ixrac edirik. Onlar 1 152 mln. dollar dəyərində yeyinti məhsulları ixrac edir, biz 90,7 mln. dollar. Guya biz cənub ölkəsiyik və bu seqmentdə heç olmasa bir paritet olmalıdır.

2014-cü il ilə müqayisədə bizdə bu sahədə  3,5 dəfə azalma var. İxracın 70% -dən çoxu Aİ ölkələrinin payına düşür ki, bu da Estoniya mallarının yüksək keyfiyyətindən xəbər verir. Sovet dönəmində estonların ləng tərpənməsi ilə bağlı çoxlu lətifələr vardı. Ancaq onlar hamıya sübut etdilər ki, belə deyil. Gəlin, biz də gerçəkdən “qaynar” olduğumuzu sübut edək.

Rəy yaz

İqtisadiyyat

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti