Zod-Soyudlu field
Bakı/10.12.20/Turan: Kəlbəcər rayonu işğaldan azad ediləndən sonra Azərbaycan ordusu Ermənistan tərəfindən 27 ildir qanunsuz istismar edilən Söyüdlü qızıl yatağının ərazisinə daxil olub. Hazırda qızıl hasilatı dayandırılıb və yatağın gələcək taleyi, xüsusən Sovet konturlarının yatağa təsir göstərdiyi Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası barədə danışıqlar aparılır.
Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, Bakı Dövlət Universitetinin “Faydalı qazıntılar” kafedrasının müdiri, geologiya və mineralogiya elmləri doktoru, professor Vasif Babazadə “Turan” agentliyinə verdiyi müsahibəsində azad edilmiş ərazilərdəki qızıl yataqlarının perspektivləri və proqnozları barədə fikirlərini bildirib.
- Vasif müəllim, Azərbaycan geoloqlarının azad edilmiş ərazilərdə yerləşən yataqlarda qiymətli metal ehtiyatları barədə dəqiq məlumatları varmı?
- Birincisi, qeyd etmək lazımdır ki, Azərbaycanın iqtisadi və müdafiə təhlükəsizliyini təmin edən strateji faydalı qazıntılar sırasına neft və qazla yanaşı, şübhəsiz ki, qızıl və mis kimi metallar da daxildir. Sonunculara uzun müddət ərzində dünya bazarlarında tələbat olur.
Zod yatağı Tərtər çayının qərbi su hövzəsinə yaxın qollarının yuxarı hissəsini əhatə edir və Kiçik Qafqazın mərkəzində, Şahdağ və Murovdağ silsilələrinin cənubunda (Böyük Ginaldağ dağı) yerləşir. Mədən sahəsinin tutduğu ümumi sahə 30-35 kv. km-dir. Yatağın sahəsi şimaldan və şimal-qərbdən Ermənistanla həmsərhəddir.
Kəlbəcər rayonunda Zod-Söyüdlü yatağında sənaye ehtiyatlarının hesablamalarına əsasən, qızılın həcmi 150 ton təşkil edir. Qızılın metrik əyarı yüksəkdir - 840-953 çəki hissəsi.
Zəngilan rayonunda 18 kv/km ərazidə yerləşən Vejnəli yatağına gəldikdə, morfoloji olaraq 27 qızıl-mədən damar zonası ilə təmsil olunur. Bu zonaların uzunluğu 900 və ya daha çox metrə qədər izlənilə bilər. Damar zonalarının yerləşmə sıxlığı 5-10 metrlə 20-30 metr arasındadır. Qızıl əyarı - 830-910. Yatağın ümumi ehtiyatları təxminən 7 ton təşkil edir. Qeyd edim ki, Vejnəlidə həmçinin az öyrənilmiş qızıl tərkibli mis-kolçedan təzahürləri var, onlar da dərindən öyrənilsə, perspektivdə qızıl-mis obyektinə çevrilə bilər.
Kəlbəcər rayonunun qızıl yataqlarından danışarkən Tutxun çayının yuxarı axarında yerləşən daha iki obyektin adını çəkmək lazımdır - bunlar Zülfüqarlı kəndi yaxınlığında yerləşən Ağduzdağ və Tutxun yataqlarıdır.
Laçın rayonu ərazisində də çoxlu sayda qızıl təzahürləri var. Bütün bu təzahürləri Laçın-Başlıbel mədən zonası ümumi ad altında birləşdirmişik.
Buraya Şahkərəm, Laləbağırlı, Qarabəyli, Fərəc, Məxtökən daxildir.
Qeyd etmək lazımdır ki, mis-qızıl yataqlarında mis ehtiyatları konkret götürülmüş yataqdakı qızıl ehtiyatlarından ümumiyyətlə 2-3 dəfə çox olur.
- Bu yataqlar nə vaxt kəşf edilib?
- Zod-Söyüdlü yatağı 1951-ci ildə kəşf edilib. Bu yataq Qafqazın ən böyük qızıl yatağı hesab olunur. Zəngilan rayonundakı Vejnəli yatağı 1959-cu ildə azərbaycanlı geoloqlar Arif Abdullayev və Vasif Xəlilzadə tərəfindən kəşf edilib. O zaman həmkarlarım və mən o vaxt mövcud olan “Azərqızıl” şirkətinin elmi məsləhətçiləri olaraq keçmiş Dövlət Plan Komitəsinə bu yataqların əsasında qızıl emalı kombinatı tikməyi təklif etdik.
Ermənilər işğaldan sonra bu ərazilərdə kiçik bir zavod tikdilər.
Qarabağdakı digər bir əhəmiyyətli yataq “Qızılbulaq” qızıl-mis yatağıdır (köhnə adı “Drmbon”). O, Ağdərə rayonunun mərkəzindən 35 km aralıda, Sərsəng su anbarının sağ sahilində yerləşir.
1965-ci ildən 1980-ci illərin sonuna qədər orada axtarış-kəşfiyyat işləri aparılırdı.
Oradan qızılla yanaşı mis və gümüş də hasil etmək olar. Bu yataq axıra qədər öyrənilməyib. O zaman texnoloji sınaqlar üçün 300-350 kq iki texnoloji nümunə götürülmüşdü. Burda təkcə qızıl ehtiyatı 26-30 tondur, üstəgəl iki-üç qat daha çox mis ehtiyatı var.
- Dediyiniz kimi Qızılbulaq yatağı tam öyrənilməyibsə, ermənilərin ondan istifadə edə bildikləri barədə hər hansı bir məlumat varmı?
- Maraqlı fakt budur ki, illər ərzində ermənilər yalnız işğaldan əvvəl bizim tərəfimizdən iş üçün hazırlanmış sahələri istismar etdilər. Başqa sözlə, ermənilər onlarla azərbaycanlı geoloqun əməyi sayəsində aşkar edilmiş yataqların faydalarından bəhrələndilər. Ancaq "Qızılbulaq"ı işləmədilər. Burada, mənim fikrimcə, iki səbəb ola bilər - ya eyni zamanda bütün sahələri istismar edə bilmədilər və ya bütün bu ərazilərin özlərində əbədi qalacaqlarına o qədər əmin idilər ki, sonraya saxladılar.
- İndi ərazilər azad edildikdən sonra bu yataqlardan çıxarılan qiymətli metalların həcmlərini hesablamaq mümkündürmü?
- İndi bu ərazilər azad edildikdən sonra Azərbaycan geoloqlarının qarşısında mineral yataqlarının, xüsusən də qızıl yataqlarının geoloji və iqtisadi perspektivlərini yenidən qiymətləndirmək vəzifəsi durur.
SSRİ-nin dağılmasından əvvəl, 1991-ci ildə, Azərbaycan və Ermənistanın inzibati sərhədlərinə görə, Zod-Söyüdlü yatağının ehtiyatları iki respublika arasında 76% Azərbaycana, 24% Ermənistana prinsipi ilə bölüşdürülüb.
Lakin işğal zamanı, yəni 27 il ərzində ermənilər yatağın Azərbaycan ərazisində yerləşən hissəsini istismar etdilər. 1967-ci ildən bəri bu yataq açıq şəkildə Ermənistan tərəfindən istismar olunur. Xatırladaq ki, hələ Sovetlər dövründə ermənilər Azərbaycan ərazisində olan yatağın bir hissəsindən mədən yolu ilə qızıl çıxarırdılar. 1967-1976-cı illər arasında qazılmış qızılın miqdarı barədə məlumatımız yoxdur. Ancaq 1977-1989-cu illərdə yataqdan təxminən 27 ton qızıl çıxarılıb. Son 27 ildə yataqdan çıxarılan qızılın həcmi barədə məlumat yoxdur. Yalnız bir faktı kosmosdan çəkilişlərə əsaslanaraq deyə bilərik. Bu illər ərzində ermənilər adət etdikləri qaydada yatağın Azərbaycan tərəfində olan hissəsini amansızlıqla istismar etdilər.
Elmi nöqteyi-nəzərdən Azərbaycanın yatağının ermənilər tərəfindən istismar edilməsinin həcmini hesablamaq mümkündür. Bu yataqlarda olan ümumi qızıl və mis ehtiyatları barədə əldə etdiyimiz məlumatlara əsasən, orada qalan ehtiyatlar üzərində araşdırma aparmaq mümkündür. Bu şəkildə qanunsuz istismarın miqdarı hesablana bilər.
Azərbaycan ekologiyasına, xüsusən meşəyə dəyən ziyan da hesablanmalıdır. Bunun üçün Ermənistanda işğaldan əvvəl və işğal dövründəki mebel istehsalının səviyyəsini müqayisə etmək olar. Aydındır ki, hasilat artımı mütləq Azərbaycan meşələrindən qanunsuz istifadə səviyyəsi ilə əlaqələndiriləcək.
- Azərbaycan yataqlarının qanunsuz istismarına görə Ermənistandan necə təzminat ala bilər?
- Ermənistan şəhər və kəndlərimizin, tarixi, mədəni, dini abidələrin, meşələrin dağıdılması, yataqların qanunsuz istifadəsinə görə təzminat ödəməlidir.
Prezident İlham Əliyev zərərin miqdarını qiymətləndirmək üçün beynəlxalq ekspertlərin dəvət olunacağını açıqladı. Hökumətin bununla bağlı böyük planları var.
Bu gün 8 milyard dollar xarici borcu olan Ermənistanın Azərbaycana təzminatı necə ödəyə biləcəyi ilə bağlı sual yaranır. Hesab edirəm ki, mal şəklində təzminat almaq olar. Belə ki, Ermənistanın Zəngəzur (Sünik) bölgəsi ərazisində mis və molibden yataqları var. Bunlardan ən böyüyü və ən əhəmiyyətlisi Qacaran yatağıdır. Bu yataqdakı mis ehtiyatları təxminən 4,5 milyon tondur. Filizlərindən mis, molibden, renium və digər nadir elementləri çıxarılması mümkün olan "Ağarak", "Destekert" və digər mis-molibden yataqları var. Hesab edirəm ki, Ermənistan bu yataqlarda çıxarılan bu qiymətli metalları kompensasiya olaraq Azərbaycana köçürə və ya bu yataqlardan birini müəyyən müddətə istismara verə bilər. –71V-
Rəy yaz