MOD Georgia

MOD Georgia

İki Cənubi Qafqaz ölkəsi arasında hərbi əməkdaşlıq 2007-ci ildə başlayıb və ikitərəfli əsaslarla; NATO çərçivəsində; habelə Azərbaycan, Gürcüstan və Türkiyə arasında üçtərəfli hərbi əməkdaşlıq formatında uğurla inkişaf edib.

2012-ci ildə Trabzonda (Türkiyə) tərəflər xarici siyasət sahəsində; Qarabağ, Abxaziya və Cənubi Osetiya probleminin nizamlanmasında; iqtisadi sahədə və nəqliyyat sahəsində əməkdaşlıq haqqında bəyannamə imzalayıblar. 2015-ci ilin mayında Ankarada üç ölkənin müdafiə nazirləri dəmiryolu xətlərinin və enerji resurslarının nəqli infrastrukturlarının təhlükəsizliyi məsələsini müzakirə ediblər. 2015-ci ilin dekabrında İstanbulda növbəti belə görüş keçirilib, görüşdə müdafiə təhlükəsizliyi və silahlı qüvvələrin müasirləşdirilməsi məsələləri müzakirə olunub. 2017-ci ilin fevralında Brüsseldə Gürcüstan və Türkiyənin müdafiə nazirləri üçtərəfli hərbi əməkdaşlıq haqqında müqavilə imzalanması məsələsini müzakirə ediblər.

Üç ölkənin hərbi əməkdaşlığı məsələsində diplomatik fəallıq dərhal təcrübi müstəviyə keçməyə başladı. 2012-ci ildə Gürcüstan silahlı qüvvələri ilk dəfə Azərbaycan-Türkiyə təlimlərində iştirak etdi, 2014-cü ilin avqustunda isə üç ölkə arasında yeni diplomatik formatın - iki ildə bir keçirilən müdafiə nazirlərinin üçtərəfli görüşü formatının yaradılması haqqında razılıq əldə edilib. Bundan başqa, tərəflər birgə təlimləri müntəzəm hala gətirməyi qərara alıblar və hər il yayın əvvəllərində bu təlimləri təşkil etmək barədə razılığa gəliblər.

Türkiyə və Azərbaycan arasında hərbi əməkdaşlıq bu iki ölkənin tarixi, mədəni və etnik yaxınlığından irəli gəlir və elə də mühüm suallar doğurmur, amma Gürcüstanın da bu hərbi əməkdaşlığa həvəslə qoşulması bu prosesin baş dirijorunun, göründüyü qədər, keçmiş SSRİ ölkələrindən ibarət bir təhlükəsizlik qurşağını birləşdirməyə, möhkəmləndirməyə və Kremlin eksponsionizminə qarşı qoymağa çalışan NATO olduğunu göstərir. Yəni Cənubi Qafqazda GUAM-ın, bəlkə bir qədər fərqli formatda yenidən canlanmasını müşahidə edirik.

Keçmiş SSRİ-nin Qərb sərhədlərində də buna bənzər proses müşahidə etmək olar. 2018-ci il martın əvvəllərində Kişinyovda parlament forumu zamanı Ukrayna, Moldova və Gürcüstan parlamentlərinin rəhbərləri Rusiyanın təcavüzünə qarşı birgə müqavimət və bir sıra bir-biri ilə əlaqəli problemlər, o cümlədən işğal edilmiş ərazilərin yenidən inteqrasiyası, təhlükəsizlik və iqtisadi əməkdaşlıq məsələləri, həmçinin Avropa İttifaqına inteqrasiya məsələləri üzrə fəaliyyətin əlaqələndirilməsi qətnamə imzalayıblar. Forumda iştirak üçün Avropa Parlamentinin, ABŞ Konqresinin və bir sıra Aİ ölkələrinin parlamentlərinin nümayəndələri dəvət olunmuşdu. Dəvət olunanlar arasında NATO baş katibinin müavini Aleksandr Verşbu, Avrasiya Mərkəzinin direktoru Con Herbst, Atlantik Şuranın vitse-direktoru Deymon Uilson və təhlükəsizlik sahəsində digər məşhur ekspertlər var idi. Azərbaycan nümayəndə heyəti forumda iştirak etməyib, amma Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev Azərbaycanın Türkiyə və Ukrayna ilə regional əməkdaşlıq layihəsinin olduğunu bildirib.

Rusiya və Ermənistan narahatdır

NATO-nun və Türkiyənin (regionda, çox güman ki, NATO-dan ayrı maraqları olan) yaxın xaricdə möhkəmlənmək cəhdləri Moskvanı və Yerevanı narahat etməyə bilməz. Hələlik bu paytaxtlardan hər-hansı rəsmi etiraz eşidilmir, amma Rusiya və Ermənistan ekspertləri yuxarıda qeyd edilən sazişi və Bakı, Tbilisi və Ankara arasında hərbi əməkdaşlığın inkişafı prosesini fəal şəkildə şərh edirlər, bu prosesin diqqətdən kənar qalmamalı olduğunu qeyd edirlər.

Bu sazişi müzakirə edən Rusiya ekspertləri qeyd edirlər ki, "onun yararlı regional hərbi-siyasi təşkilata və ya ən azından vahid uzunmüddətli məqsəd və vəzifələri olan möhkəm strateji alyansa çevrilməsi şansı minimumdr". Çünki tərəflərin uzunmüddətli maraqları bir-birindən çox fərqlənir. Gürcüstan Avropaya can atırsa, Türkiyə regionda "neosmanizm" siyasəti həyata keçirməyə çalışır, Qarabağ məsələsinin girovuna çevrilmiş Azərbaycan isə Rusiyaya münasibətdə neytral və ya hətta dost siyasəti həyata keçirməyə çalışır.

Bundan başqa, Rusiyalı ekspert Nikolay Silayev hesab edir ki: "Qarabağ münaqişəsi qızışdığı halda Türkiyə Azərbaycana birbaşa hərbi dəstək göstərməyə cürət etməyəcək, çünki Rusiya dərhal cavab verəcək, NATO-nun isə dəstəyi şansı yöx dərəcəsindədir".

Türkiyənin bütün sahələrdə öz tərəfdaşlarından xeyli üstün olduğu və bu tarazsızlığın gələcəkdə sabitliyi pozan amil olacağı qeyd edilir. Amma, Rusiya ekspertləri iddia edirlər ki, NATO-nun dəstəklədiyi bu regional üçlü ittifaqı layiqincə dəyərləndirməmək yanlış olardı, çünki o, Rusiyanın maraqlarını təhlükə altına qoymaya bilməz. (Burada, çox güman ki, Rusiyanın maraqlarının bütün keçmiş SSRİ məkanında hərbi üstünlüyə malik olmaqdan ibarət olması nəzərdə tutulur). "Beləliklə, bütün zəifliklərə və nöqsanlara baxmayaraq, - deyə politoloq İvan Sidorov qeyd edir, - Azərbaycan, Gürcüstan və Türkiyənin hərbi-siyasi ittifaqı Cənubi Qafqazda beynəlxalq münasibətlər sistemində mühüm amildir və regionun sabitliyi üçün əsas regional oyunçular, xüsusən Rusiya tərəfindən böyük diqqət tələb edən bir sıra təhlükələr yaradır". http://vpoanalytics.com/2017/06/21/turtsiya-azerbajdzhan-gruziya-voennoe-sotrudnichestvo-i-riski-regionalnoj-stabilnosti/

Yuxarıda qeyd edilən iki və üçtərəfli hərbi əməkdaşlıq haqqında Ermənistanın, Cənubi Qafqazda əsas gərginlik mənbəyi olan ölkənin ekspertlərinin rəyləri daha da həyəcanlı görünür. Belə ki, məsələn, məşhur "Rosbalt" internet saytı "Türkiyə, Azərbaycan və Gürcüstan hərbi triumvirat yaradır. Müttəfiqlərini itirən Erdoğan heç olmasa Cənubi Qafqazı özünə tabe etmək istəyir!" sərlövhəli məqalə dərc edib. http://www.rosbalt.ru/world/2017/05/29/1618702.html.

"Gürcüstan, Azərbaycan və Türkiyənin hərbi əməkdaşlığı Ermənistanın təhlükəsizliyi üçün təhdiddir. Onun fikrincə, bu formatın məqsədi Ermənistanın təcrid edilməsindən ibarətdir və Ankaranın ekspansionist səyləri və Zaqafqaziyada onun maraqlarının təşviqi üçün rahat meydandır", deyə şərqşünas akademik Ruben Safrastyan iddia edir. http://www.rosbalt.ru/world/2017/05/29/1618702.html.

"Bu cür hərbi təlimlərin keçirilməsi faktı özü bizi narahat etməlidir, - ekspert belə hesab edir. - Xəritəyə baxın, təlimlərin Ermənistana qarşı yönəldiyi aydın olacaq".

"Türkiyə-Gürcüstan-Azərbaycan üçtərəfli əməkdaşlığı zaman keçdikcə Ermənistana qarşı yönəldiyini daha çox büruzə verir", ekspert Roman Karapetyan belə hesab edir və Ermənistan üçün bu təhlükəli vəziyyətdən çıxış yolu göstərir: "Bu əməkdaşlığın və alternativlərinin təsirinin zəiflədilməsi yolunda ona qarşı regional səviyyədə Rusiya-Ermənistan-İran formatında əməkdaşlıq qoyulmalıdır". http://www.noravank.am/rus/articles/detail.php?ELEMENT_ID=15649

Ümumiyyətlə, Rusiya və Ermənistan ekspertlərinin yuxarıda qeyd edilən hərbi əməkdaşlığın perspektivləri haqqında fikri belədir: Ankara Cənubi Qafqaza görə Moskva ilə münasibətlərini pozmayacaq, amma hadisələrin bu istiqamətdə inkişafını gözdən qaçırmaq böyük səhv olardı...

Bu mərhələdə bu fikirlə razılaşmamaq çətindir, amma Cənubi Qafqazın daimi əhəmiyyəti, Qərbin və Türkiyənin bu mühüm regionda möhkəmlənmək cəhdləri, Rusiyada güclənən bütün mümkün böhranlar on il ərzində regionda vəziyyətin kökündən dəyişə biləcəyini və onda yuxarıda təsvir edilmiş hərbi əməkdaşlığın regionda sülhün bərqərar edilməsində və inkişafın təmin edilməsində müsbət rol oynaya biləcəyini ehtimal etməyə imkan verir.

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti