Irakli Garibashvili in Baku on May 5, 2021.
Qaribaşvilini öz iqamətgahında qəbul edən Əliyev də mətbuata açıqlamasında dostluq və strateji tərəfdaşlıq haqqında diplomatik sitatlarla kifayətlənib.
Qaribaşvilinin sözlərinə görə, görüşün gündəliyində münaqişələrin sülh yolu ilə həllinin vacibliyi, iqtisadiyyat, energetika və ticarət sahələrində əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin həyata keçirilməsi haqqında qarşılıqlı maraq doğuran məsələlər olub.
Tərəflər ictimaiyyət qarşısında bir-birinin xoşuna gələn sözlər deyiblər, bu da tərəflərin əsaslı olaraq strateji hesab etdikləri münasibətlərin hazırki səviyyəsini qoruyub saxlamaq və inkişaf etdirmək istəyini göstərirdi.
Azərbaycan Gürcüstanın əsas investorudur, Gürcüstan isə öz növbəsində həyati əhəmiyyətə malik nəqliyyat dəhlizi və investisiyalar üçün azad məkan qismində çıxış edir. Hər iki tərəfin, demək olar ki, bərabər dividentlərə malik olduğu sosial-iqtisadi əməkdaşlıq göz önündədir.
Dövlət Gömrük Komitəsinin qiymətləndirmələrinə görə, 2020-ci ildə Azərbaycandan mal ixracı həcmi əvvəlki illə müqayisədə 21,3% azalaraq, 461,9 mln. dollar təşkil edib. Gürcüstandan ümumilikdə 74,3 mln. dollar dəyərində mal idxal olunub ki, bu da 2019-cu ilin göstəricisindən 3% artıq olub. Azərbaycan DGK-nin hesablamalarına görə, bu ilin birinci rübündə iki ölkə arasında ticarət dövriyyəsi 280,5 mln. dollar və ya bu dövrdə idxal-ixrac əməliyyatları həcminin 6,3%-i ölçüsündə olub. Bunun 203,9 mln. dolları təqribən 1,5 mlrd. kubmetr həcmində təbii qazın payına düşür.
Azərbaycanın Gürcüstana investisiyalarının həcmi 4 mlrd. dollara yaxınlaşır. Ən böyük investor ölkənin qaz təsərrüfatını idarə edən və bu ölkədə YDM şəbəkəsi olan SOCAR-dır.
“Çox şadam ki, bizi ziyarət edirsiniz. Sizə möhkəm cansağlığı arzulayıram. Bilirəm ki, bu yaxınlarda koronavirusa yoluxmuşdunuz. Çox şadam ki, tamamilə sağalmısınız. Bu, sizin Azərbaycana səfərinizin bir az təxirə salınmasının səbəbi idi.
Azərbaycan Gürcüstan iqtisadiyyatında ən böyük investorlardan biri olmağa davam edir. Bu da, həmçinin çox müsbət və əlverişli investisiya mühitinin yaradılmasında sizin hökumətinizin həyata keçirdiyi islahatların yaxşı göstəricisidir.
Bu gün biz, əlbəttə ki, nail olduqlarımızı nəzərdən keçirəcəyik və gələcək addımlarımızı planlaşdıracağıq”, deyə Əliyev qeyd edib.
“Cənab Prezident, məni qəbul etdiyinizə görə təşəkkür edirəm.
Siz qeyd etdiniz ki, bizim mükəmməl münasibətlərimiz var və münasibətlərimiz əsrlər boyu davam edir. Mən Sizin atanızın vaxtilə Tbilisidə dediyi sözləri təkrar etmək istəyirəm – tale belə müəyyənləşdirib və bəxtimiz gətirib ki, biz qonşuyuq, gürcü və Azərbaycan xalqları qonşudurlar. Bu, bizim taleyimizdir”, deyə Qaribaşvili Əliyevin həssas olduğu mövzuya toxunmağa çalışıb.
Qaribaşvili hələ Gürcüstan hökumətinin başçısı olmazdan əvvəl səfərinin platformasını hazırlamağa başlayıb. Fevralın 22-də parlametndə “Gürcü arzusu” fraksiyası qarşısında hələ baş nazirliyə namizəd qismində çıxış edərkən o, belə deyib: “Azərbaycan bizim çox yaxın strateji tərəfdaşımızdır, ölkəni müdrik başçı İlham Əliyev idarə edir, onunla çox yaxşı münasibətlərimiz var. Qardaş dövlətlə dialoqumuz olacaq. İnanıram ki, cənab Əliyev, dost Azərbaycan və biz müdrik qərar qəbul edəcəyik, razılıq əldə edə və ortaq dil tapa biləcəyik, bu, bizim üçün çətin deyil”.
Bu qəliz mədhiyyələr Gürcüstan və Azərbaycan arasında bölünməmiş mübahisəli sərhəddə yerləşən David Qareci monastır kompleksi ilə bağlı səslənib.
David Qareci mövzusu Gürcüstanda daxili siyasi mübarizədə mühüm rol oynayır, burada din amili çox vaxt siyasətə qarışır, dini-siyasi seçicilərə dualist təsir edir. “Gürcü arzusu”nun son illər eks-pezident Saakaşviliyə qarşı seçkiqabağı mübarizəsində də bu məsələ mühüm PR addımı olmuşdu. Bununla da “Gürcü arzusu” özü də bilmədən daxili siyasətin bu mövzusunun girovuna çevrilib. Və indi monastır arzusu ölkədə siyasi böhranla əlaqədar 2022-ci ildə keçiriləcək növbədənkənar parlament seçkiləri şəraitində aktuallığını artırır.
Qabriaşvili Əliyevlə görüşündən razı qalıb, mayın 5-də öz Tvitter hesabında belə yazıb: “Bu gün Azərbaycan prezidenti İlham Əliyevlə əla görüş keçirdim”.
Onun sözlərinə görə, görüşdə strateji tərəfdaşlıq məsələləri müzakirə olunub.
Tərəflərin iki illik fasilədən sonra sərhədin demarkasiyası üzrə ikitərəfli komissiyanın işini bərpa etmək niyyətində olması barədə məlumat yayılıb. Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze “ən yaxın gələcəkdə keçiriləcək iclasda tərəflərin bu məsələni dostluq və strateji tərəfdaşlıq münasibətlərinə uyğun şəkildə həll edəcəklərindən” əminliyini dilə gətirib.
Buna baxmayaraq, növbəti parlament seçkilərinin gözlənilməsi və vəziyyətin mütərəddidliyi şəraitində Gürcüstanda siyasi tarazlıq bərqərar olana qədər Qareci ilə bağlı, çətin ki, yekun razılıq əldə edilsin. Amma, kim bilir, bəlkə də Əliyev Gürcüstanda hakim partiyanı qane edən və onun seçkiqabağı mövqeyini möhkəmləndirən güzəşt edəcək.
Səfər kontekstində nə Gürcüstanda, nə də Azərbayacanda heç kimin bəhs etmədiyi digər mövzu isə Gürcüstan və Azərbaycan xüsusi xidmətlərinin birgə əməliyyatı nəticəsində 2017-ci ilin mayında Tbilisidə oğurlanmış və rəsmi Bakıya təhvil verilmiş azərbaycanlı jurnalist Əfqan Muxtarlının məsələsi ola bilərdi. Qaribaşvilinin səfəri ərəfəsində bu mövzu yenidən canlanıb və Muxtarlının oğurlanması əməliyyatının ifşası ciddi şəkildə sürətlənir, bu da rəsmi Bakı üçün siyasi nöqteyi-nəzərdən yersizdir. Qaribaşvilinin səfəri ərəfəsində Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Əli Nağyev Tbilisiyə səfər edib, həmin vaxt Tbilisidə Gürcüstan prokurorluğu xüsusi xeyirxahlıqla Muxtarlını dindirirdi.
Muxtarlının işi ikitərəfli münasibətlərin zəif halqasına çevrilib, burada Azərbaycanın mövqeyi daha zəifdir, belə ki, Gürcüstanda söhbət oğurlanmada əli olan bir qrup məmurdan gedir, Azərbaycanda isə bütövlükdə dövlətdən.
Amma, gəlin, Qaribaşvilinin başa çatan danışıqlara verdiyi qiymətə qayıdaq – “əla görüş”. Bu, münaqişələrin sülh yolu ilə həllinin vacibliyi, iqtisadiyyat, energetika, ticarət sahələrində əməkdaşlığın inkişafı, regional layihələrin həyata keçirilməsi kimi qarşılıqlı maraq doğuran məsələlərdə tərəflərin bir-birinə qarşı atacaqları gələcək addımların çox nikbin anonsudur. David Qareci problemini, Muxtarlının işini və digər məsələləri də buraya aid etmək olar. -0-
Rəy yaz