Russian peacekeeper
Hər çıxışında vasitəçilərin Ermənistanı silahlandırdığını deyən, bir tərəfə əvəzsiz silah verənlərin vasitəçi ola bilməyəcəyini ifadə edən prezident necə oldu ki, Ermənistanı silahlandıran, onların 3 ölkə ilə sərhədlərini qoruyan Rusiyanı vasitəçi olaraq qəbul etdi və “sülhməramlı” kimi ölkəyə 27 ildən sonra qoşun və ağır texnika ilə girişinə icazə verdi?
O Rusiya ki, 20 Yanvar faciəsini törödərək yüzlərlə şəhidimizin qanını axıdıb, Xocalı soyqırımının təşkilatçılarına və icraçılarına yaşıl işıq yandırıb.
Dünən axşam saat 18:30 radələrində Rus hərbi karvanını müşayət edən rus helkopteri sərhəddimizin yaxınlığında vuruldu. Sərhəddi qoruyan əsgərlərimiz qoruma görəvinə uyğun olaraq bu addımı atdılar. Lakin onlar bilmirdilər ki, Rus hərbi konvoyu Qarabağa “sülməramlı” kimi gəlir və masada buna Azərbaycan rəsmiləri razılıq verib.
Gecə saat 3-də məlum oldu ki, Rus qoşunları Moskva vaxtı ilə saat 24-00 də artıq sərhəddi keçib, hərbi əməliyyatların olduğu təmas xəttinə giriblər. Bundan 3 saat sonra bizə məlum oldu ki, buna razılıq verilib. Yəni ortada heç bir hüquqi sənəd olmadan sərhəddi keçən və ərazimizə girən rus qoşunları gerçəyi ilə qarşı-qarşıyayıq….
Burada xeyli hüquqi suallar var. Bunlara indi girməyəcəyəm. Məsələn, Azərbaycana başqa bir ölkənin adı nə olursa olsun qoşun birliklərinin heç bir hüquqi sənəd olmadan, sadə bir bəyanatla girməsi və müəyyən ərazilərə nəzarət etməsi, Konstitusiyanın 11-ci maddəsinin nəzərdə tutduğu məsələ ilə koridor məsələsinin uyğun gəlməməsi və s.
Azərbaycan tərəfi düşməni tam məğlub etmənin bir addımlığında, yekun zəfərə bir nəfəs qədər yaxınkən niyə buna gedib və Ermənistanı tam məğlubiyyətdən qutarıb?
Burada çoxlu mülahizələr söyləmək mümkündür.
Amma bəzi faktoloji məqamlar da var.
Azərbaycan Prezidenti ümumxalq dəstəyinin ən pik olduğu bir məqamda, istər siyasi tərəflərin, istər cəmiyyətin bütün təbəqələrinin maksimum dəstəklədiyi, ordu mənsublarının qarşıya qoyulan bütün hədəflərini itkiləri olmasına baxmayaraq mətanətlə aldığı vaxtda Azərbaycan suverenliyini zədələyən addımı ataraq rus qoşunlarının ölkəyə girişinə icazə verməsini şərtləndirən nədir?
Qapalı qapılar arxasındakı vəziyyəti bilməsəm də, burada bəzi mulahizələr söyləmək mümkündür.
Mənə görə, “iti qovan kimi” ermənilərin əli silahlı son əsgərini qovacağını deyən Əliyev, bu bəyanata razılıq verməsə də rus birlikləri əraziyə girişdə israrlı olub. Çünki, Şuşanın azad olunmasından sonra Xankəndinin və qondarma rejimin tamamilə təslim olması an məsələsi idi. Qondarma rejimin rəhbəri Araik Arutuniyanın erməni əhaliyə son müraciətində bunun etirafı mövcuddur.
Rusiya bu prossesdə mütləq qələbə qazanan Azərbaycanın olmasını istəmirdi. Üstəlik elə bir mühit arzu edir ki, hər iki tərəf üçün Rusiyanın varlığı alternativsiz olsun.
Bölgəyə girməkdə İsrarlı olan Rusiyanın 08.08.2008 də Gürcüstana, daha sonra Kırıma, Donetskə girməsindən fərqli olaraq, Azərbaycana müddətli və çərçvəli girərsə bəlkə bir gün konyuktura görə daha sivil çıxarılma şansı olar deyə, yəqin ki, belə bir bəyanatla girişə icazə verildi. Çünki, bəyanatda 5 ilin bitiminə 6 ay qalmış tərəflərdən hər hansı birinin xəbər verməklə mandatın bitirilməsi yolu ən azından kağız üzərində qalacaq.
İkincisi, hər nə qədər 8-9 noyabrda Şuşanın və 72 ətraf yaşayış yerinin azad olunmasından və mütləq zəfərə bir addım qalarkən belə bir razılaşma geri addım kimi görünsə də, 26 Sentyabr 2020-ci ilə nisbətdə işğl olunmuş 7 rayonun və Dağlıq Qarabağa aid 2 qəsəbə və bir neçə yaşayış yerinin, habelə Şuşanın geri alınması təkbaşına üstün başarıdır. Belə bir başarı əldə etmişkən, Rusiyanın bölgəyə təktərəfli müdaxiləsi Azərbaycana proqnozlaşması mümkün olmayan sürprizlər vəd edə bilərdi.
Eyni zamanda hər bir qarış uğrunda savaşan əsgərlərimiz xeyli itkilərlə nəticə əldə etmişkən, 3 rayonu döyüşmədən almaq pozitiv bir nəticədir.
Amma ən böyük problem, 27 ildən sonra Rus qoşunlarının Azərbaycanın ürəyinə daxil olmasıdır. Rus qoşunlarının girdiyi yerdən rahat çıxmayacağı sınanmış bir reallıqdır və zaman-zaman bizim suverenliyimizə təhdidolduğunu da görəcəyik.
Ermənistan tərəfi bu razılığa müvəqqəti və yeni güc qazanma kimi baxır. Çünki, Ermənistan və Qarabağ erməniləri hərbi əməliyyatların daha 1 həftə davam etməsi halında mütləq məğlubiyyətin qaçılmaz olduğunu dərk edirdi. Dünən gecə Paşinyanın xalqa müraciətində bu açıq qeyd edilib. Ermənistan qondarma “Artsax” məsələsindən də vaz keçməyib. Paşinyanın müraciətinin sonunda “yaşasın Artsax” ifadəsi ilə bunu göstərib.
İmzalanan bəyanata gəldikdə;
Ermənistan Azərbaycanın ərazi bütünlüyü çərçivəsində bu sənədi imzaladığını bəyan etməyib. Sənəddə Azərbaycanın ərazi bütünlüyünə vurğu yoxdur. Sənəddə 1-ci bənddə sadəcə “Dağlıq Qarabağ münaqişəsi zonasında” deyilərək, Azərbaycanın işğal olunmuş əraziləri ifadəsinə yer verilməyib.
Sənədin 2-ci bəndində ifadə şəkli “Ağdam rayonu Azərbaycan Respublikasına qaytarılır”- deyilməklə elə bir anlayış formalaşdırılır ki, digər ərazilərin Azərbaycan Respublikasının ərazisi deyil və qaytarılmayacaq. Məs. Xankəndi, Xocalı, Ağdərə, Xocavənt və s.
3-cü bənddə “360 avtomobil və xüsusi texnika”- ifadəsində “xüsusi texnikanın” mahiyyəti çox önəmlidir. Bura hava hücumundan müdafiə sistemləri və s. daxil ola bilərmi, bu mübahisəlidir. 360 rəqəmi çox yüksək rəqəmdir və xırda bir ərazi və cəmi 2000 nəfərlik rus alayı üçün bu qədər Xüsusi texnikanın nəzərdə tutulması başlı-başına problem yarada bilər.
4-cü bənddə rus qoşunlarının “erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir”- ifadəsi müsbət çalarlı olduğu və bütün erməni silahlılarını yerli və Ermənistandan gələnləri əhatə etsə də, bütünlüklə “sülhməramlı”ların yerləşdirildiyi Dağlıq Qarabağda ermənilərə aid hər hansı silahlı birləşmələrin mövcud olmayacağını aydın ifadə edən konkret məqamın göstərilməməsi ziddiyətlidir.
5-ci bənddə “atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz”in yaradılması nəzərdə tutulsa da, buraya yalnız Bəyanatı imzalayan tərəflərin qatılacağını düşünməyə əsas var. Bəziləri məhz Türkiyənin rolunun bu bənddə nəzərdə tutulduğunu iddia etsə də, əminəm ki, erməni tərəfi imzaladıqları sənəddə Türkiyənin nəzərdə tutulmadığını ilk gündən israr edəcək və bu şərtin yalnız tərəflər və uzaq başı Minsk qrupu həmsəd ölkə ilə məhdudlaşacağını bildirəcək. O ayrı məsələdir ki, Minsk qrupunun bundan sonra münaqişə ilə bağlı rolu və yerini bu bəyanatda görmürük. Əgər deyildiyi kimi Türkiyənin iştirakı məhz burada nəzərdə tutulurdusa, gərək bu aydın qeyd ediləydi.
Ayrıca Türkiyənin bu məsələyə yanaşması mənə tez-tez soruşulduğundan, qeyd etməliyəm ki, Türkiyə ilk gündən açıq bəyan etdi ki, bizim dəstəyimiz Azərbycanın nə istəməsi ilə bağlıdır. Azərbaycan nəyə hə desə biz də deyəcəyik. Yəni, bütün sorumluluq Azərbaycan tərəfinin üzərinə qoyulmuşdur. Savaş desəniz də yanınızdayıq, barış desəniz də..
Ən narahatedici məqamlardan biri 5 km enində Laçın kolidorunun elan edilməsi və Rusiyanın nəzarətinə verilməsidir. Burada heç bir halda Azərbaycanın nəzarətinin, gömrük keçid məntəqəsinin və s. nəzərdə tutulmaması separat münasibətlərin davam etməsi və konfiliktin “əbədi” davamının motivasiyasıdır.
Ələsgər Məmmədli
Rəy yaz