Qanunsuzluq Şəraitində Qanuni Toplaşma

Son vaxtlar ölkədə qanunla tənzimlənən toplantılarla yanaşı, qanunla tənzimlənməyən toplantılara da hökumətin açıq müdaxilələri diqqət çəkir. Müxalifətin qanunla tənzimlənən mitinqləri, küçə yürüşləri, piketləri, qurultay və konfransları faktiki olaraq qadağan edilib. Qanunla tənzimlənməyən digər toplantılara və yığıncaqlara da qeyri- rəsmi olaraq imkan verilmir.

Öncə qeyd edək ki, artıq ölkənin əksər rayonlarında müxalifətin ən kiçik yığıncaqlarına da polis müdaxiləsi barədə informasiyalar artır. Hətta fərdi evlərdə keçirilən görüşlərə müdaxilə olunur, müxalifətçilər polis idarələrinə aparılır, inzibati həbslər və cərimələr tətbiq olunur. Xüsusilə də bu hüquqpozmalar, ayrı-seçkilik və basqı daha çox AXCP rəhbərliyinə və üzvlərinə qarşı tətbiq edilir.

AXCP sədrinin müavini Gözəl Bayramlının öz Facebook səhifəsində paylaşdığı informasiyalara əsasən partiyanın rayon şöbələrinin rəhbərləri və üzvləri mütəmadi olaraq belə qanunsuzluqla üzləşirlər.

İyunun 28-də isə Müsavat Partiyasının qərargahında Repressiya və İşgəncələr Əleyhinə Komitə tərəfindən keçirilən "Həmrəylik marafonu"na polis müdaxiləsi olub. AXCP sədri Əli Kərimli və digər fəallar müvəqqəti saxlanılaraq Binəqədi Rayon Polis İdarəsinə aparılıb, "Hәmrәylik marafonu" isə dayandırılıb.

Təşkilatçıların məlumatına əsasən bu marafonun məqsədi etiraz aksiyalarında qanuni iştirakına görə məhkəmələr tərəfindən qanunsuz cərimələnən şəxslərə bu cərimələrin ödənilməsində dəstək olmaq idi. Xatırladaq ki, yerli məhkəmələrin bu qanunsuz hökmündən Avropa İnsan Haqları Məhkəməsinə şikayətlər edilib. Şikayətçilərin pozulan hüquqlarının gələcəkdə bərpa ediləcəyi istisna deyil. Ancaq məhkəmə hökmünün dərhal icrası ilə bağlı cərimələnən şəxslərə qarşı təzyiqlər var.

Hökumətin bu davranışı qanuna uyğundurmu?

Müsavat Partiyasının qərargahında keçirilən toplantıya polisin açıq müdaxiləsi yerli və beynəlxalq qanunvericiliyin pozulması ilə yanaşı ölkədə siyasi azadlıqların olmamasının və hüquqların təmin edilməməsinin növbəti təzahürüdür.

Ölkə Konstitusiyasının 71-ci maddəsində "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı"na və "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 11-ci maddəsi ilə qorunan hüquqlara kobud müdaxilədir. Eyni zamanda "Siyasi Partiyalar haqqında" və "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunların da bir neçə maddəsinin açıq pozulmasıdır.

"Siyasi Partiyalar haqqında" qanunun 5-ci maddəsində "Siyasi partiyaların fəaliyyət formaları" təsbit olunub. Qanun hər bir partiyaya hüquq verir ki, onlar öz nizamnamələrinə uyğun olaraq üzvlərinin siyasi fəallığına rəvac verən fəaliyyəti təşkil etsinlər. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla dövlət orqanlarının və vəzifəli şəxslərin siyasi partiyaların fəaliyyətinə qarışmasına qətiyyən yol verilmədiyi halda hökumət qanunun bu tələblərinə məhəl qoymur.

"Siyasi partiyanın hüquqları"nı tənzimləyən 12-ci maddənin tələblərini həyata keçirməyə kobud müdaxilə edir. Qanunun 12.1.6 və 12.1.7-ci maddələrində partiyaların yığıncaq keçirmək, ianələr qəbul etmək hüququ təsbit olunsa da, təcrübədə buna imkan yaradılmadığı diqqəti çəkir.

Ən əsası isə qanunun 13-cü maddəsində qeyd olunan "Siyasi partiyalarla münasibətlərdə dövlətin hüquq və vəzifələri"nin icra edilməməsi faktına dəfələrlə rast gəlsək də, buna görə indiyədək heç kim məsuliyyət daşımayıb. Dövlət siyasi partiyaların hüquqlarına və qanuni mənafelərinə əməl olunmasına, onların öz nizamnamə vəzifələrini yerinə yetirmələri üçün bərabər hüquqi şərait yaradılmasına təminat verdiyi halda, polis orqanının bu hüquqi normaları pozması təəssüf doğurur.

Qanunun 22-ci maddəsində "Qanunun tələblərini pozan şəxslər qanuna uyğun olaraq məsuliyyətə cəlb olunur" tələbi nədənsə yalnız partiyalara və onların üzvlərinə şamil edilir.

"Siyasi partiyalar haqqında" qanunla yanaşı, "Sərbəst toplaşmaq azadlığı" haqqında qanunun da tələbləri polis orqanı tərəfindən pozulub. Qanunun 4-cü maddəsində "Qanunla nizamlanmayan toplantılar" barədə açıq mətnlə yazılıb ki, "şəxslərin xüsusi mülkiyyətində, icarəsində və ya başqa növ qanuni istifadəsində olan yerlərdə keçirilən toplantılar bu qanunla tənzimlənmir". Qanunun 7-ci maddəsində sərbəst toplaşmaq azadlığına qoyulan qanuni məhdudiyyətlər tənzimlənməyən toplantılara qətiyyən şamil olunmur. Həmçinin qanunun 8-ci maddəsində "Toplantının qadağan edilməsi və ya dayandırılması" da yalnız qanunla tənzimlənən toplantılara aiddir. Qanunvericiliyin tələbləri əsas götürülərsə polis orqanı yol verdiyi bu qanun pozuntularına görə mütləq məsuliyyət daşımalıdır.

Hakimiyyətin qanuna zidd yanaşmasının səbəbləri nədir?

Hakimiyyət siyasi vasitələrlə dinc mübarizədə sanki müxalifətə uduzacağından ehtiyat edir. Heç bir media müstəvisində real müxalifətlə qarşı-qarşıya müzakirələrə gəlmir. Açıq dialoqdan, azad seçkidən, siyasi diskussiyalardan çəkinir. Ölkədə mövcud olan sosial-siyasi problemlər narazılığı artırır və etirazlara meyli gücləndirir. Hökumət isə cəmiyyətə daha sərt, zorakı davranışlar nümayiş etdirməyə cəhd edir.

Bütün basqılara baxmayaraq, müxalif düşərgədə təşkilatlanma davam edir. Xüsusilə də siyasi məhbus ailələrinə maddi yardım kampaniyası, cərimələnmiş şəxslərlə həmrəylik nümayiş etdirilməsi hakimiyyətin ölkədə yaratdığı qorxu mühitini tədricən dağıdır.

Müxalifətçi gənclərin keçənilki "Məni tut!" virtual aksiyası siyasi məhbus probleminin, indiki həmrəylik marafonu isə inzibati həbslərin, cərimələrin mənfi psixoloji təsirini azaldır.

Hakimiyyət hüquq- mühafizə orqanlarının gücü ilə bu tendensiyanı durdurmaq istəyir. Ölkədə real müxalifətin real alternativə çevrilməsinə imkan verməməyə çalışır.

Son olaraq, hakimiyyət ölkədə hüquqsuzluq və qanunsuzluq mühitinin dərinləşməsinə səbəb olan neqativ amillərin qarşısını almağa səy göstərməlidir. Hazırkı geosiyasi şəraitdə polisin qanunsuz davranışlarının nüfuzlu beynəlxalq hesabatlarda öz əksini tapması hakimiyyətin zərərinə işləyəcək. Eyni zamanda hökumətin qanunazidd davranışları ölkədə gərginliyi, zorakılığı, ayrı-seçkiliyi və nifrəti dərinləşdirir. Sosial şəbəkələrin ictimai rəyi yönləndirdiyi mühitdə dövlət-vətəndaş və iqtidar-müxalifət münasibətləri daha da mürəkkəb şəkil ala bilər.

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti