globallookpress.com
Birləşmiş Ştatlar mayın 20-də İranın BHFP (İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı) ilə əlaqəsi olan nüvə layihələri ilə bağlı sanksiyaların tətbiqini təxirə salmaq qərarından imtina etdiyini elan edib.
Dövlət katibi Mayk Pompeo bildirib ki, İranın nüvə obyektlərində işləməyə davam edən şirkətlərə 60 gün ərzində fəaliyyətlərini tamamilə dayandırmaq təklif ediləcək.
Dövlət katibinin bəyanatında həmçinin qeyd edilirdi ki, Vaşinqton İranın Atom Enerjisi Təşkilatının direktoru Amcad Sazgara və təşkilatın əməkdaşı Macid Aghaiyə qarşı sanksiya tətbiq edir.
Elə həmin gün ABŞ dinc nümayişçilərə və kənardan gələn müşahidəçilərə qarşı yüzlərlə etirazçının, o cümlədən ən az 23 yetkinlik yaşına çatmamış uşağın ölümünə gətirib çıxaran əsassız zorakılıqda əli olan İranın hüquq-mühafizə orqanları və İİKK-in (İslam İnqilabı Keşikçiləri Korpusu) xüsusi təyinatlı "Əl-Qüds" qüvvələri və ölkənin penitensiar sistemi ilə əlaqəsi olan daha 9 İran vətəndaşına və 3 İran təşkilatına qarşı sanksiya tətbiq edib.
"Qara siyahı" dərc edildikdən sonra Tehrandan "ABŞ-ın sanksiyalarının baş tutmadığı" haqqında fikirlər səslənməyə başlayıb. Xüsusən, bu siyahının fiqurantlarından biri, İranın XİN başçısı Abdolreza Fazli mayın 24-də bildirib ki, "Tehranın səmərəli əks addımları ABŞ-ı İranda qeyri-sabitlik, təhlükəsizlik defisiti və vətəndaş müharibəsi yaratmaq cəhdlərində ümidsizliyə düçar edib.
Əksinqilabi elementləri (İran dini hakimiyyətinə qarşı çıxan qüvvələr nəzərdə tutulur - red. qeydi) dəstəkləyən Amerika KİV-ləri İranda iğtişaşlara səbəb olmaq üçün ciddi-cəhdlə çalışıblar, amma uğursuzluğa düçar olublar", deyə İranın XİN başçısı bildirib.
Amma Fazlinin bu qızğın bəyanatlarına baxmayaraq, ABŞ prezidenti Donald Trampın 2018-ci ilin mayında ABŞ-ı bu sövdələşmədən çıxarmasından sonra tətbiq edilmiş yeni sanksiyalar miqyasına görə əvvəlki sanksiyaları ötüb keçib və İran iqtisadiyyatına həddindən artıq dağıdıcı təsir göstərir.
Sanksiya qarrotası
İranın vitse-prezidenti Eshak Cahangiriyə inansaq, İran büdcəsinin neftdən asılılığı 25%-dən çox deyil. Amma bu, sanksiyalar bərpa edilməzdən əvvəl - 2018-ci il dekabrın 5-də deyilib. Həmin vaxt İran neftinin ixracı gündə təxminən 245 000 000 barrel təşkil edirdi. 2019-cu ilin iyununda isə sanksiyalarla əlaqədar bu rəqəm minimum həddə enmişdi və İran gündə təxminən 250-300 000 barrel xammal neft ixrac edə bilirdi, bunun 250 000 barreli İran neftinin ən böyük alıcısı olan Çinə gedirdi.
Bu zaman neft satışından əldə olunan gəlir İrana verilmirdi, çünki cənub-qərbi Xuzestan əyalətində Azadegan və Yadavaran yataqlarının işlənməsinə görə İranın China Petrochemical Corp (Sinopec) və China National Petroleum Corp (CNCP) qarşısındakı borcunun ödənilməsi üçün istifadə olunurdu.
İxracın azalması İranın büdcəsinə güclü zərbə vurdu və benzin qiymətlərinin üç dəfə artırılması haqqında qərar qəbul edildi, bu da 2019-cu ilin noyabrında kütləvi etiraz aksiyalarına səbəb oldu.
2020-ci ildə neft satışının həcmi daha da azaldı. Çin gömrüyünün dərc etdiyi sonuncu ticarət göstəriciləri 2020-ci ilin ilk dörd ayı ərzində İrandan idxalın ötən ilin analoji dövrü ilə müqayisədə 61% azaldığını göstərir.
2019-cu ilin yanvar-aprel aylarında Çin ABŞ-ın İrandan neft alınması məhdudiyyətlərindən azad etdiyi ölkələrdən biri oldu. Çin İrandan gündə cəmi 70 min barrelə yaxın neft alırdı ki, bu da 2018-ci ildə ABŞ-ın sanksiyalar tətbiq etməsinə qədər alınan neft həcminin onda birini təşkil edir.
Bu günlərdə məlum olub ki, Çin İran nefti alınmasını tamamilə dayandırıb.
Çinlə yanaşı, Cənubi Koreya, Yaponiya və digər ölkələr də İrandan neft alınmasını dayandırıb. Bu, ABŞ-ın sanksiyalara baxmayaraq İrandan neft alan bir sıra ölkələr üçün imtiyaz müddətini uzatmaqdan imtina etməsindən sonra baş verib.
Məlumdur ki, İranda uzun illərdir valyuta daxilolmalarının 80%-dən çoxu və bütün büdcə gəlirlərinin təxminən yarısı neft ixracı hesabına təmin edilir. Bununla belə, satışların həddindən artıq azalmasına baxmayaraq, BVF (Beynəlxalq Valyuta Fondu) kifayət qədər nikbinliklə İran iqtisadiyyatının 2021-ci ildə yenidən artıma keçəcəyini proqnozlaşdırır.
BVF "1-ci fəsil: Böyük təcrid" sərlövhəli sonuncu "Dünya iqtisadiyyatının inkişaf perspektivləri" hesabatında İranın real ÜDM-nin 2020-ci ildə -6% azaldıqdan sonra gələn il 3,1% artacağını proqnozlaşdırır (fondun məlumatına görə, 2019-cu ildə İran iqtisadiyyatı -7,6% azalıb).
BVF-nin qiymətləndirmələri və proqnozları doğru olsa belə, yenə də, keçmişdə artım tempinin aşağı olmasını nəzərə alaraq, İranın iqtisadi vəziyyəti kifayət qədər pis olacaq. Belə ki, 2021-ci ildə bu ölkənin ÜDM-i 2008-ci ildəki səviyyəyə nisbətdə 100.7% təşkil edəcək.
Həmçinin qeyd etmək lazımdır ki, 1979-cu ildə İslam inqilabı nəticəsində İranda dindarlar hakimiyyətə gəldikdən sonra bir çox səbəblərdən milli valyutanın dəyəri getdikcə düşüb. 2018-ci ilin mayında isə ABŞ prezidenti Donald Tramp ABŞ-ın birtərəfli olaraq BHFP-dən çıxdığını və Tehrana qarşı sərt sanksiyaların bərpa edildiyini elan edərək İranın milli valyutasının - rialın məzənnəsinin daha çox düşməsinə səbəb olub.
Hazırda rialın bazar məzənnəsi 1 dollar / 150 min rial civarında dəyişir, İran hakimiyyətinin müəyyən etdiyi rəsmi məzənnə isə 42 850 rial təşkil edir. Amma əhalinin əksəriyyəti bu məzənnə ilə dollar ala bilmir - dollar çatışmazlığı var.
Mayın 4-də İran Məclisi (parlamenti) milli valyutanın adının dəyişdirilməsi və denominasiyası haqqında qanun layihəsini təsdiq edib. Sənədə əsasən, ölkənin milli valyutası artıq rial deyil, 1932-ci ilin pul islahatına qədər olduğu kimi tuman adlandırılacaq (həmin vaxt 1 tuman 10 krana, 1 kran isə 1000 dinara bərabər idi).
Ancaq 10 000 riallıq banknotda dörd sıfırdan imtinanın və onun adının tuman olaraq dəyişdirilməsinin əhalinin arzusunda olduğu rahatlığı təmin edəcəyi şübhə doğurur.
Denominasiya həyata keçirmək üçün böhran sovuşmalıdır. Yəni ölkədə iqtisadi vəziyyət sabitləşməlidir. Yalnız bu şəraitdə denominasiya həyata keçirmək olar. Bu arada, İran KİV-lərində yer alan məlumata görə, Amerikanın təkrarən sanksiya tətbiq etməsindən sonra iqtisadiyyatda azalma müxtəlif qiymətləndirmələrə görə 5%-dən 15%-ə qədər təşkil edir. Rəsmi məlumatlara görə, proqnoza əsasən 2020-ci ildə inflyasiya səviyyəsi 31%, işsizlik səviyyəsi isə 17,4% təşkil edəcək.
Dövlətin maliyyə siyasətinə etimadın az olduğu bir vəziyyətdə denominasiya həddindən artıq təhlükəli təşəbbüs ola bilər. İqtisadçılar denominasiyanı makroiqtisadi göstəricilərin az-çox stabil olduğu şəraitdə həyata keçirməyi məsləhət görürlər ki, İran haqqında heç cürə bunu demək olmaz.
Denominasiya ixracın artması ilə müşaiyət olunmalıdır, bu, dövlətə xeyli çox milli valyuta əldə etmək imkanı verir. Amma əsas ixrac məhsulu xammal neft olduğu halda, hələ də sanksiyalar şəraitində İranın ixracı artırmaq imkanı həddindən artıq şübhə doğurur.
Digər tərəfdən, denominasiya idxal məhsulların qiymətinin bahalaşması ilə səciyyələnir. İranda isə bu məhsulların qiyməti onsuz da kifayət qədər yüksəkdir.
İranın COVİD-19 pandemiyasının səbəb olduğu və səbəb olmaqda davam etdiyi böyük xərclərini də unutmaq olmaz. Təəccüblü deyil ki, İran hakimiyyəti insanların sağlamlığı üçün riski nəzərə almadan, iqtisadiyyatı xilas etməyə çalışır.
İranın yaşadığı iqtisadi böhran, heç şübhəsiz, gələcək vətəndaş itaətsizliyi və etiraz aksiyalrı üçün zəmin yaradır.
Etimadsızlıq
İran hakimiyyəti və xalqı arasında münasibətlər xeyli korlanıb. Hakimiyyət insanların etimadını itirib. Keçmişdə hökumət tez-tez öz bəyanatlarına düzəliş etmək məcburiyyətində qalırdı və buna görə cəmiyyət rəsmi məlumatlara məhəl qoymur.
Noyabr hadisələri xalqın narazılığının və hakimiyyətə etimadsızlığının təzahürünün kulminasiyası oldu. Bir çox şəhərlərin küçələrində İranın Ali lideri ayətullah Əli Xameneyinin devrilməsinə səsləyən şüarlar eşidilirdi.
Son aylarda isə iranlıların hakimiyyətə inamsızlığı daha da artıb.
Əvvəlcə (yanvarın əvvəllərində) Ukraynaya məxsus sərnişin təyyarəsi İran hərbiçiləri tərəfindən səhvən vurulub. Tehran bunu faciədən 3 gün sonra etiraf edib.
Ölkənin müqəddəs şəhəri olan Qumda koronavirus aşkar edildiyi uzun müddət məxfi saxlanılıb. İrandakı mənbələrin verdiyi məlumata görə, hakimiyyət Qumdakı din xadimlərini vəziyyətin təhlükəli olduğuna inandıra bilmirdi. Şəhərdə karantin tədbiq edilməmişdi, belə ki, dini hakimiyyət bunu "orada dəfn edilmiş şiə övliyaların təhqir edilməsi" kimi qiymətləndirərdi.
Noyabr iğtişaşları zamanı rejim etirazların və nümayişlərin öhdəsindən qeyri-proporsional və amansız güc tətbiqi ilə gəlməyə çalışarkən həlak olmuş nümayişçilərin sayı indiyədək məlum deyil. Rejim devrilmədi, amma onun legitimliyinə və hakimiyyəti əlində saxlamaq qabiliyyətinə ciddi ziyan dəydi, gələcək etirazlara qarşı mübarizə aparmaq bacarığı sarsıldı. 2019-cu ilin noyabr hadisələri, şübhəsiz, çox da uzaq olmayan gələcəkdə bu hadisələrin təkrarlanması üçün zəmin hazırladı - indi İranda hakimiyyət nümayəndələrinin islamı və ölkəni xarici düşmənlərdən qoruması haqqında arqumentləri, çətin ki, kimsə ciddi qəbul etsin.
Xarici siyasət perspektivləri
Hazırda ABŞ-da qarşıda duran prezident seçkiləri şəraitində İran isteblişmenti qarşısında çətin bir vəzifə: Tramp administrasiyası ilə qarşılıqlı fəaliyyətə dəyib-dəyməyəcəyini və əgər dəyərsə, bu qarşılıqlı fəaliyyətin necə olacağını müəyyən etmək vəzifəsi durur.
İran rəhbərliyi Trampla ünsiyyət məsələsində bölünüb. Çoxları hesab edirlər ki, Amerikada 2020-ci il prezident seçkilərinə qədər gözləmək lazımdır, bundan sonra daha yumşaq və daha az İranın əleyhinə olan demokratlar administrasiyası ilə danışıqlar masası arxasına oturmaq olardı.
Digərləri isə seçkilərdə Tramp qalib gələrsə danışıqlarda onun həmişəkindən daha sərfəli mövqedə olacağından, buna görə də xarici siyasi qələbə əldə etməkdə şəxsən maraqlı olduğu hazırkı dövrdən daha az güzəştlərə açıq olacağından ehtiyatlanırlar. Bundan başqa, bir il sonra İranda iqtisadi şərait daha da ağır ola bilər, bu da danışıqlarda Tehranın mövqeyini daha da zəiflədəcək.
Amma hər iki tərəf bir faktı nəzərə almır: ABŞ İrana qarşı sanksiyalar tətbiq etməsinin səbəbi təkcə onun kimisə təhdid etməsi deyil, eləcə də, hətta daha çox, İranda Vaşinqtonun birgə mövcud olmaq istəmədiyi rejim hakimiyyətdədir.
Rəy yaz