Opening ceremony of the headquarters of the secretariat of the Organization of Turkic States
Türk xalqları türk təfəkkürünün formallaşmasının xarakterinə və xalqların birləşməsi probleminə ən çox təsir göstərən Rus və Osmanlı imperiyalarının münasibətləri ilə bağlı mürəkkəb və ziddiyyətli tarixi hadisələr kontekstində inkişaf edib. İnqilaböncəsi Rusiyada bütün türk xalqlarının dillərinin və əlifbalarının Osmanlı türk dili normaları altında birləşdirilməsi məsələsi ilə bağlı müzakirə yaxşı məlumdur. Bu müzakirədə Azərbaycan və tatar ziyalıları fəal iştirak edib. Bu, milli kimliyin formalaşması dövrü idi və M.Ə.Rəsulzadə bu məqamı dəqiq olaraq ayrı-ayrı türk xalqlarının və onların mədəniyyətlərinin formalaşması prosesinin başa çatdırılması zərurəti ilə əlaqələndirmişdi.
1990-cı illərin əvvəllərində türkdilli dövlətlər birliyinin yaradılmasının baş ideoloqu olan Türkiyə prezidenti Turgut Özal “türk evi” ideyasını irəli sürdükdə onun damı altında bir-birindən kifayət qədər uzaq, özünəməxsus inkişaf tarixi olan, lakin SSRİ-də “panturanizm”ə (pantürkizmə) qarşı mübarizə zəhərləri ilə eyni dərəcədə zəhərlənmiş xalqlar toplaşmalı idi.
Aydındır ki, bu şəraitdə MDB-nin türkdilli respublikalarının Türkiyə ilə siyasi və iqtisadi birliyinin yaradılması yalnız türk xalqlarının itirilmş tarixi birlik epizodlarını dirçəltmək məqsədi güdən ilkin mədəni-humanitar fəaliyyəti ilə yarana bilərdi. Bu rolu Qazaxıstan prezidenti N.Nazarbayevin təklifi ilə yaradılan Türk Şurası (2009) öz üzərinə götürüb. Eyni zamanda, - bu da çox mühüm məqamdır, - beynəlxalq türk qurultaylarının keçirilməsinə başlanıb (Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri A.Türkeşin ideyası), bu qurultaylarda bütün dünyanın türk icmaları və təşkilatları, o cümlədən Rusiyanın tərkibindəki türk respublikaları və digər MDB ölkələrinin türkdilli əhalisi iştirak edirdi. 1993-cü ilin yanvarında qəbul edilən qanunla Türkiyə təhsil və mədəniyyətə dair iki beşillik proqramın maliyyələşdirilməsini öz üzərinə götürüb. Onların həyata keçirilməsi zamanı MDB-dən böyük tələbə və məktəbli qrupları Türkiyədə mülki və hərbi təhsil alıb, bu ölkələrdə isə Anadolu liseyləri – türk dilinin və Qərb dillərindən birinin dərindən tədris edildiyi orta təhsil müəssisələri şəbəkəsi yaradılıb, bir sıra məktəblərdə isə türk dilinin tədrisinə başlanıb. 1995-ci ildə Qazaxıstan ərazisində iki türk ali məktəbi – Sultan Demirel adına Universitet və Hoci Ahmad Yasevi adına Beynəlxalq Türk-Qazax Universiteti (Almatı ş.) açılıb. Yeni dil siyasəti çərçivəsində Azərbaycan, Türkmənistan və Özbəkistan 1990-cı illərdə milli əlifbalarını kiril qrafikasından latın qrafikasına keçirib. Hazırda Qırğızıstan və Qazaxıstanda latın əlifbasına keçid başlayıb. 2006-cı ildə Türkiyənin Antalya şəhərində Türkiyə baş naziri Recep Tayyip Erdoğan ümumi türk tarixini yenidən yazmağı və məktəblərdə tədris etməyi təklif edib. Türkdilli Ölkələrin Parlament Assambleyasının yaradılması (TürkPA, Bakı, 2009), çox güman ki, artıq siyasi addım olub.
İqtisadiyyatların xarakteri və coğrafiya karbohidrogenlərin nəqli üçün Türkiyənin inkişaf etmiş infrastrukturu ilə Avropa və Asiyanı birləşdirən yeni dünya sisteminnin yaradılması zərurətini diktə edirdi. Siyasi vəziyyət ABŞ, ÇXR və RF ilə müstəsna olaraq əlverişli münasibətlərin seçilməsini tələb edirdi, Türkiyə bunda kifayət qədər müvəffəqiyyətli olub, eyni zamanda Aİ tərəfindən özünə təzyiq amilini aradan qaldırıb. Yeri gəlmişkən, həmin vaxta qədər qabaqcıl dövlətlərin əksəriyyəti dünya siyasətinin və iqtisadiyyatının mərkəzinin Asiyaya doğru yerini dəyişdirdiyini dərk edib. Burada sonuncu strateji problem olaraq Əfqanıstan qalırdı. Bu gün bir çox dövlətlər gözəgörünməz şəkildə Talibanın xeyrinə mübarizə aparır və qeyd etmək lazımdır ki, Türkiyə də onlardan geri qalmır. Bundan başqa, İkinci Qarabağ müharibəsi, yeni kommunikasiya perspektivlərinin açılması Türkiyəni müasir dünya siyasəti kontekstinə daha yaxından uyğunlaşdıran praktiki addımlara çevrilib. Və burada əhalisi 160 milyon nəfərdən çox olan yeni inteqrasiya birliyinin yaranması tamamilə yerinə düşüb. Bu şəraitdə Türk Dövlətləri Təşkilatının yaradılması, İstanbul Bəyannaməsinin qəbulu ilə bağlı yeni perspektivlər açan türk xalqlarının birləşməsi siyasi aspektinin möhkəmlənməsi və genişləndirilməsi zəruri idi.
Türkiyədə Türk Şurası liderlərinin VIII sammiti bir sıra kifayət qədər mühüm vəzifələri həll edib: təşkilatın adının dəyişməsi, Türkmənistanın müşahidəçi statusu əldə etməsi, - bu, təşkilatın bütün türkdilli dövlətləri əhatə etməsinə imkan verir, tərəfdaş ölkələrin və müşahidəçilərin statuslarının konkretləşdirilməsi, uzun müddətlik əməkdaşlıq çərçivələrini və normalarını formalaşdıran Konsepsiya-2040-ın təsdiq edilməsi. Sazişə əsasən, ölkələr xarici siyasət məsələlərində vahid mövqe tutacaq, terrorçuluğa və cinayətkarlığa qarşı mübarizədə fəaliyyətlərini əlaqələndirəcək, ticarət və investisiyalar üçün əlverişli mühit yaradacaq, hərtərəfli iqtisadi inkişafı təmin edəcək, elm, texnologiyalar, təhsil və mədəniyyət sahələrində qarşılıqlı fəaliyyəti genişləndirəcəklər.
Türkiyə prezidenti R.T.Erdoğanın sammitin açılışında və onun yekunlarına həsr olunmuş çıxışları qarşıya qoyulan vəzifələr spektrini müəyyən edib: təşkilatın adının dəyişməsi atılan addımlara təsir göstərməlidir; ölkələr əməkdaşlığa və regional proseslərə dair məsələlərdə fəallaşmalıdır; əməkdaşlıq yolundakı maneələr aradan qaldırılmalıdır; ölkələr arasında ticarət dövriyyəsinin səviyyəsi artırılmalıdır: “Ölkələrimiz arasında ticarət dövriyyəsi 21 mlrd. dollara çatır, bu, digər dünya ölkələri ilə ticarət həcminin cəmi 3%-ni təşkil edir, bir halda ki, ticarətin inkişaf potensialı 1 trln. dollara bərabərdir. Türk Şurası ölkələri nəqliyyat əlaqəsini, kombinə edilmiş daşımaları inkişaf etdirməli, həmçinin Xəzər dənizindən keçən “Orta dəhliz”dən fəal istifadə etməlidir. Naxçıvandan (Azərbaycan) keçən marşrut da əhəmiyyətlidir”. “İqtisadiyyatın yaşıl inkişafı” ekoloji konsepsiyası çərçivəsində təklif edilən layihələr arasında təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üçün vahid mülki müdafiə mexanizmi, iqlim dəyişikliklərinə qarşı mübarizədə əməkdaşlıq da var.
Türkiyə prezidenti yeni təşkilatın Türkiyə Kiprinin blokadasının aradan qaldırılmasına və onun tezliklə təşkilatın tərkibinə qəbul edilməsinə, islamofobiyaya və terrorçuluğa qarşı, o cümlədən PKK-YPG, DAEŞ döyüşçülərinə və Fətullah Gülən təşkilatına qarşı birgə mübarizəyə töhfə verəcəyinə ümid etdiyini bildirib. Türkiyə lideri yeni təşkilatın yaranması ilə bağlı mümkün müqavimətlərin aradan qaldırılması məsələsinə xüsusi diqqət çəkib: bu qurum əməkdaşlığa açıqdır və heç kimə qarşı yönəlməyib. Həqiqətən də, Budapeştdə Avropa ofisinin açılması, Rusiya və Ukraynanın müşahidəçi statusuna marağı hələlik Türk Dövlətləri Təşkilatının və onun Azərbaycandan sonra növbəti sədrinin – Türkiyənin xeyrinə işləyir.
Forumda çıxış edən Azərbaycan prezidenti İlham Əliyev Cənubi Qafqazda 44 günlük müharibənin yekunlarına görə formalaşmış yeni reallıqları, ölkənin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası üzrə genişmiqyaslı addımları qeyd edib, Naxçıvanı respublikanın şərq rayonları ilə birləşdirən Zəngəzur dəhlizinin açılmasının əhəmiyyətinə diqqət çəkib: “Zəngəzur dəhlizi bütün türk dünyasını birləşdirəcək və bizi Avropa ilə birləşdirən halqa olacaq”.
Rusiya mətbuatı hələ sammitin açılması ərəfəsində Türkiyənin yeni imperiya - “Türk Birləşmiş Ştatları” yaratması, Türkmənistanı israrla bu imperiyaya sürükləməyə çalışması mövzusunu şişirdirdi. Həqiqətən də, Aşqabadın Türk Dövlətləri Təşkilatına üzvlüyü problemi əsas baş ağrılarından biridir, yeri gəlmişkən, Rusiya və İranın bu ölkəyə təsiri azaldıqca və bitərəflik statusunun dəyişməsi ehtimalı qarşısında bu problem mərhələli şəkildə həllini tapacaq. Hələlik isə Aşqabad hesab edir ki, türk dövlətlərinin daha sərt ittifaqının yaranması və Türkiyənin siyasi və çox güman ki, hərbi qüvvə kimi Xəzər regionuna və Mərkəzi Asiyaya gəlməsi regional təhlükəsizlik riskləri daşıyır. Doğrudur, Türkiyənin əsas ixrac istiqamətləri Çin, Əfqanıstan və Türkiyə olan, idxalın isə əsasən məhz Türkiyədən həyata keçirildiyi Türkmənistana böyük iqtisadi təsiri var.
Türk İttifaqının fəaliyyət tarixi türk xalqlarının ortaq dil, mədəniyyət, ənənə, din əsasında yaxınlaşması tarixidir. Bu proses isə kiçik xalqların böyük xalqlar tərəfindən udulmasına deyil, Cənubi Qafqaz və Mərkəzi Asiyanın türk xalqları üçün səciyyəvi olan fikir ayrılıqları və münaqişələri tarazlaşdıran yeni birlik şüurunun formalaşmasına şərait yaradır.
Türk dünyasının investisiya fondunun yaradılması daha böyük problem olmalıdır, bu, hələ ki, həyata keçirilmir, baxmayaraq ki, belə bir fond olmadan iddialı biznes layihələrinin maliyyələşdirilməsi üçün mənbə tapmaq, kiçik və orta biznesi dəstəkləmək çətindir. 2040-cı ilə qədər nəzərdə tutulan proqram özü də güclü maliyyə dəstəyi olmadan havada asılı qalacaq. Böyük maliyyə problemləri ilə qarşılaşan Türkiyə türk dövlətlərinin yaxınlaşmasının maddi təminatının bütün ağırlığını öz üzərinə götürməyə hazırdır, digər ölkələr bu yükü Türkiyə ilə paylaşa biləcək? Bu suallara hələlik cavab yoxdur!
Nəhayət, türk dünyası ölkələri NATO, KTMT, Aİİ, ŞƏT kimi rəqib təşkilatlarla hərbi, iqtisadi öhdəliklərlə müxtəlif şəkildə bağlıdır, bu isə xarici siyasətin reviziyası zərurətinin dəlilidir, belə ki, təşkilat 2026-2029-ci illərə qədər ümumi mal, investisiya, işçi qüvvə və xidmət bazarı formalaşdırmağı planlaşdırır.
Biz etnik əsaslarla, ortaq etnik-mədəni (slavyanlar, almanlar) və dil (ispan-portuqal-farsdilli və s.) kökləri olan bir çox xalqların imtina etdiyi əsaslarla bir sıra dövlətlərin birliyini yaratmağa çalışan 21-ci əsrin böyük eksperimentinə şahid oluruq. Məsələ bundadır ki, hansımız bu eksperimentin şahidi olaraq qalacaq, hansımız iştirakçısı olacaq?
Amma daha bir məsələ qalır: Türk Dövlətləri Təşkilatı Türkiyənin islam dünyasının lideri statusunu möhkəmləndirmək siyasətini davam etdirəcəkmi?
Rəy yaz