Devalvasiya kabusu iqtisadiyyatımın başında dolanan kimi rəsmilər çıxıb ictimaiyyətdə arxayınçılıq yaratmaq üçün valyuta ehtiyatlarımızın artıqlığını dilə gətirirlər. Bu günlərdən rəsmilərdən biri dedi ki, fiskal dayanıqlılığımız yerindədir, maliyyə ehtiyatlarımız 50 milyarddan, yəni ÜDM-un 106 faizindən çoxdur. Belə demək olar ki, hazırda dünyada belə bir ölkə yoxdur.
Əvvəla qeyd edim ki, konseptual olaraq fiskal dayanıqlılıq anlayışı yalnız strateji valyuta ehtiyatlarında toplanan aktivlərin həcmi ilə məhdudlaşmır. Strateji valyuta ehtiyatları fiskal baxımdan müvazinəti təmin edən 2 mənbədə toplanmış aktivlərin cəmidir. Başqa sözlə Neft Fondunun və Mərkəzi Bankın aktivlərinin kumilyativ cəmi kimi başa düşülür. Bu düsturdan yola çıxaraq söyləmək olar ki, fiskal dayanıqlığı şərtləndirən “təhülükəsizlik yastığı” kimi deyil, faktorlar çoxluğu kimi dərk edilməlidir.
BVF (İMF) ekspertləri bu anlayışı daha çox dövlətlərin makroiqtisadi sabitliyi təmin edərək mövcud durumu böhranlı situasiyalardan müdafiə mexanizmi kimi dəyərləndirirlər. Fiskal dayanıqlıq dövlətin gəlir və xərcləri arasında uzun müddətli dövrə disbalansın yaranmamasına xidmət edir. Başqa sözlə çətin günlər üçün akkumlyasiya olunmuş aktivlərin indiki nəslin xeyrinə istifadə edən zaman gələcək nəslin taleyini sual altında qoymaması kimi qəbul edir. Nəsillərarası “piroqun” bölgüsünün neqativ təsirlərini istisna edir. Deməli, bu anlayışın məna yükündən çıxış edərək deyə bilərik ki, bizim hökumət valyuta ehtiyatlarından cari problemlərin həllinə istifadə edən zaman gələcək nəslin payına əl uzadırsa, bu artıq fiskal dayanıqlılığın pozulması anlamına gəlir. Ona görə də valyuta ehtiyatlarının dayanıqlılığı rezervlərdən istifadə sərhəddi ilə müəyyənləşməsini nəzərdə tutur.
Bir dövlətin fiskal dayanıqlılığı konseptual olaraq əsasən bir neçə indikatorları nəzərdə tutur. Həmin dayanıqlılıq əsasən bu indikatorlar üzrə müəyyənləşir: (ı) borc dayanıqlılığı, (ıı) pensiya sisteminin dayanıqlılığı, (ııı) səhiyyə sisteminin dayanıqlılığı, (ıv) büdcə sisteminin dayanıqlılığı, (v) vergi sisteminin dayanıqlılığı. Bunları ayrı-ayrılıqda indikatorlar üzrə dəyərləndirməmiz vəziyyəti tamamilə aydınlaşdırmağa kömək edə biləcək.
Borc dayanıqlığı: Azərbaycanın rəsmi qurumlarının hesabatlarında dövlət borcları dövlət şirkətlərinin (AZAL, SOCAR, AzərSu və s.) borclarından ayrı götürülür. Halbuki dövlət şirkətinə dövlətin özü zəmanət durduğu borcları elə dövlət borcları adlandırmalıdır. Bu borcların toplam həcmi 20 milyard dolların üzərindədir. Bu beynəlxalq normalar baxımından təhlükəli hədd deyil, lakin rezervlərin pik həddini geridə qoyan dövlət üçün kiçicik yük də sayılmamalıdır. Bu mənada borcun artan həcmi yaxın gələcəkdə neft gəlirlərinin azalması və ÜDM-nin kiçilməsi fonunda artan borc öhdəlikləri risklərini şərtləndirir.
Pensiya sisteminin dayanıqlılığı. Ölkədə 1,3 milyon pensiyaçının orta pensiya məbləği 200 manatın üzərindədirsə, “demoqrafik yük” beynəlxalq normalar baxımından bəxti gətiribdirsə, o zaman pensiya sisteminin ürəkaçan olmasını söyləmək doğru olmaz.
Səhiyyə sisteminin dayanıqlılığı. Dövlət büdcəsindən səhiyyə xərclərinin maliyyələşməsinə ayrılan vəsaitin həcminə beynəlxalq normalar baxımından yanaşmaq lazımdır. Ümumdünya Səhiyyə Təşkilatının normalarına görə, inkişaf etmiş ölkələrdə dövlət büdcəsindən səhiyyəyə ayrılan xərclər ÜDM-nin 3 faizindən aşağı olmamalıdır. Azərbaycandakı hazırkı vəziyyət bu normalardan aşağı səviyyədədir.
Büdcə sisteminin dayanıqlılığı. Bu indikator dövlət büdcəsinin gəlir və xərclərinin uzun müddətli elə optimallaşdırılmasını nəzərdə tutur ki, iqtisadiyyatda hər hansı bir fors-major situasiyalar büdcəni təsirləndirməsin. Büdcənin gəlir mənbəyində bir sektorun dominant yükü varsa, həmin həlqəsinin zəifləməsi digər büdcə zəncirinə neqativ təsir etməməlidir. Azərbaycanda dövlət büdcəsində neft sektorunun büdcədəki ağırlığı (Neft Fondunun transfertləri və transmilli neft şirkətlərinin vergi yükünün cəmi) hələdə aparıcı sahə olaraq qalmaqdadır. Neftin dünya bazarındakı qiymət enişi fonunda büdcə xərclərinin maliyyələşməsində ciddi çətinliklərin yaranması acı bir reallıqdır.
Vergi sisteminin dayanıqlılığı. Vergilərin formalaşmasında mühüm paylardan biri yenə də neft sektorunda fəaliyyət göstərən transmilli neft şirkətlərinin vergi yükü ilə bağlıdır. Bu yükdən əvvəl satılan qiymətə uyğun olaraq fiskal quruma vergi yükü ödənilir. Bu yükdən sonra isə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətlərinin satdıqları neftin maya dəyəri çıxılandan sonra yerdə qalan mənfəət neftinin müqavilə öhdəliyi üzrə bölüşdürülməsini nəzərdə tutur. Büdcə gəlirlərinin 63 faizi neft sektorundakı vergi və qeyri-vergi daxilolmalarından formalaşırsa, bu artıq vergi sisteminin müvazinətinin ölkənin daxili faktorlarından asılı olmadığını söylməyə imkan verir.
Sadalanan istiqamətlər üzrə kiçik bir dəyərləndirmə aparanda məlum olur ki, bu indiktorların dayanıqlı olması birbaşa və dolayı təsir gücünü özündə saxlayan neft faktoru ilə bağlıdır. Ona görə fiskal dayanıqlılığı şərtləndirən kilid nöqtə hesab olunan neft faktoru qlobal konyukturadan asıldırsa, o zaman fiskal dayanıqlılıq da xarici şoklara həssas olacaq. Bu isə fiskal dayanıqlılığı deyil, daha çox dayanıqsızlığı özündə ehtiva edəcək.
Yazının giriş hissəsində iqtibas kimi gətirdiyimiz ikinci istiqamət rezervlərin həcmi ilə bağlı idi. “Dünyada belə bir rezervə malik olmadığına” işarə edərək bizi dünya ölkələrinə baxmağımıza səbəb oldu.
Norveçin cəmi 5 milyon nəfər əhalisi var. Pensiya Fondunda saxladıqları valyuta ehtiyatları 1 trilyon dollardan yüksəkdir. Adambaşına 200 min dollar düşür. Mən buraya Norveç Mərkəzi Bankının rezervlərini əlavə etmirəm.
Azərbaycanın 10 milyon nəfər əhalisi var. 52 milyard dollarlıq valyuta ehtiyatları var. Adambaşına 5,2 min dollar. Bu iki ölkənin adambaşına valyuta ehtiyatları arasındakı 40 dəfəyədək fərqi görə-görə necə “dünyada belə ölkə yoxdur” demək olar? Bax, burasın heç anlamaq olmur...
Rəy yaz