"Gəncə işi"nin daha bir fiqurantı azad edilib
Bakı/30.08.19/Turan: Gəncə hadisələri ilə bağlı həbs edilmiş daha bir şəxs - Nemət Heydərli bu gün apellyasiya instansiyasının qərarı ilə məhkəmə zalından azad edilib.
Onunla birlikdə həbs edilmiş digər şəxslərin: Elman Rüstəmov, Elvin Allahverdiyev, Elvin Nəzərov, Vüqar Xudiyev və Renat Məmmədovun həbs cəzası müddəti azaldılıb.
Bu qərar Bakı Apellyasiya Məhkəməsindəki prosesdə elan edilib.
Gəncə Ağır Cinayətlər Məhkəməsi sözügedən şəxsləri CM-in 220.1 (kütləvi iğtişaşların təşkili) və 315.2 (hakimiyyət nümayəndəsinə həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiqi) maddələri ilə 6-8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum etmişdi.
Onlar 2018-ci il iyulun 10-da Gəncə şəhər İcra Hakimiyyətinin binası qarşısında aksiya təşkil etməkdə və polis əməkdaşlarına bədən xəsarətləri yetirməkdə ittiham olunurdular. Allahverdiyevin azadlıqdan məhrumetmə cəzası 4 ilə, Xudiyevin cəzası 3, Nəzərov və Məmmədovun cəzası 2,5 ilə endirilib.
Rüstəmova qarşı 220.1-ci maddə ilə ittiham dəyişdirilməyib. 315.2-ci maddə ilə ittiham isə eyni maddənin birinci bəndinə (polis nümayəndəsinə qarşı zor tətbiq etmə) tövsif edilib, cəza müddəti isə 8 ildən 5 ilə endirilib.
Heydərlinin azadlıqdan məhrumetmə cəzası isə 1 ilə endirilib və cəza müddətinin başa çatması ilə əlaqədar o, məhkəmə zalından azadlığa buraxılıb.
Heydərli jurnalistlərə bildirib ki, onun və onunla birlikdə həbs edilmiş şəxslərin heç bir təqsiri yoxdur. O, günahsız həbs edilən hər kəsin tezliklə azad edilməsini arzu edib.
* 2018-ci il iyulun 3-də Gəncədə şəhərin o vaxtki icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsd törədilib. Gəncə sakini Yunis Səfərov onu və cangüdənini yaralayıb. Bundan sonra sosial şəbəkələrdə iyulun 10-na Gəncə administrasiyası qarşısında Vəliyevə qarşı etiraz aksiyası təyin edilib. Elə həmin gün DİN Gəncədə iğtişaşlar olduğu, iki polis əməkdaşının öldürüldüyü barədə məlumat yayıb. Bunun ardınca dindarlar və digər şəxslər arasında kütləvi həbslər aparılmağa başlayıb.
2019-cu il iyulun 31-də baş prokuror Zakir Qaralov idarədə keçirilən müşavirədə bildirib ki, E.Vəliyevə sui-qəsdlə bağlı mütəşəkkil cinayətkar qrupun 29 üzvü cinayət məsuliyyətinə cəlb edilib, 11 nəfər barəsində isə beynəlxalq axtarış elan edilib.
10 iyul hadisələri ilə bağlı 60 nəfər barəsində 8 cinayət işi üzrə istintaq yekunlaşıb və işlər məhkəmələrə göndərilib. Təqsirləndirilən şəxslər müxtəlif müddətli həbs cəzalarına məhkum edilib. Sonradan Apellyasiya Məhkəməsi işin beş fiqurantını azad edib və iyirmi məhbusun cəza müddətini azaldıb. -16D06-
Cəmiyyət
-
Bakıda keçirilən COP29 konfransı mübahisələr və tənqidlərin kölgəsində başa çatdı. Tanınmış tarixçi Cəmil Həsənli bu tədbiri Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın idarəçilik problemlərinin parlaq əks olunması kimi xarakterizə etdi. Administrasiyanın qatı tənqidçisi olan Həsənli, COP29-u bahalı bir tamaşa adlandıraraq sistemli çatışmazlıqları üzə çıxardığını və Azərbaycanın siyasi və iqtisadi strukturlarına beynəlxalq diqqəti artırdığını vurğuladı.
-
Avropa Parlamenti Prezidenti Roberta Metsola azərbaycanlı iqtisadçı və siyasi məhbus, professor Qubad İbadoğlunu 2024-cü il Saxarov Mükafatı təqdimetmə mərasimində iştirak etmək üçün Strasburqa dəvət edib. Dəvət məktubu COP29 iqlim konfransı zamanı Avropa Parlamenti üzvü Maykl Bloss tərəfindən çatdırılıb. Lakin İbadoğlu hazırda ev dustaqlığında olduğu və Azərbaycandan çıxmasına qadağa qoyulduğu üçün dəvəti qəbul edə bilmir.
-
İstanbul Hava Limanında həyata keçirilən bir əməliyyat, diplomatik münasibətlərdə sarsıntı yarada biləcək bir hadisəni üzə çıxardı. Azərbaycan hərbi attaşesi olduğu iddia edilən Kəhrəman Şamil oğlu Məmmədov, 70 kiloqram qızıl ilə saxlanıldı. Türkiyə KİV-in məlumatına görə, Məmmədovun diplomat olması ilə bağlı açıqlamalarına baxmayaraq, hadisənin qızıl qaçaqmalçılığı ilə bağlı olduğu güman edilir.
-
Sərin bir noyabr axşamı, Bakının sakinləri Xəzər dənizinin sahilində toplaşaraq, sahilə vurulmuş nəhəng bir balinanın bədənini heyrətlə izlədilər. 16 metr uzunluğunda olan bu məxluqun cansız görünən forması və kəskin qoxusu bir çoxlarına ekoloji faciənin şahidi olduqlarını düşündürdü. Lakin bu gecə sirli qonaq artıq yox idi – yük platformasına yüklənərək hava limanına aparılmışdı.
Rəy yaz