Media-icmal 01.08.18

Avqustun 1-dən ölkədə ictimai nəqliyyatda gediş haqlarının bahalaşması ilə bağlı Tarif Şurasının 30 iyul qərarına fərqli baxışlar, qanunların işləməməsi və s. bugünkü medianın aparıcı mövzularındandır...

Təkmilləşdirmə naminə bahalandırma

"Azərbaycan" qəzeti "Yeni tariflər nəqliyyat infrastrukturunun daha da təkmilləşdirilməsinə xidmət edir" sərlövhəli məqalədə ictimai nəqliyyatda gediş haqlarının artırılması barədə Tarif Şurasının iyulun 30-da qəbul etdiyi qərarı dəyərləndirir.

Müəllif hesab edir ki, bu qərarla gediş haqları 20 qəpikdən 30 qəpiyə qaldırılsa da Azərbaycanda sərnişindaşıma xidmətləri üçün qiymətlər bir çox ölkələrlə müqayisədə hələ də aşağıdır.

Yazı müəllifi qiymətlərin artırılması ilə bağlı Şuraya Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, "Bakı Metropoliteni" QSC, Bakı Nəqliyyat Agentliyi vasitəsilə "BakuBus" MMC və sərnişindaşıma xidmətlərini həyata keçirən bir sıra subyektlərin müraciət etdiyini bildirir.

Müəllif adları çəkilən qurumların qiymətlərin artırılması üçün səbəb kimi "son illərdə ictimai nəqliyyatda sərnişindaşıma xidməti üzrə xərclərin artmasını, avtobus parkının yenilənməsini və istismara saz vəziyyətdə saxlanılması üçün nəqliyyat vasitələrinin və ehtiyat hissələrinin xarici valyuta ilə idxal edilməsini və s. göstərdiyini deyir: "Odur ki, bunlar nəzərə alınıb və qaldırılan məsələlər Tarif (qiymət) Şurasının Katibliyində kompleks şəkildə araşdırılaraq şuranın iclasının gündəliyinə daxil edilib və qiymətlər qaldırılıb".

Məqalə müəllifi vurğulayır ki, müntəzəm avtobus marşrutları üzrə sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı hədləri sonuncu dəfə 2007-ci ildə, metroda isə 2011-ci ildə təsdiq edilib, xeyli müddətdir ölkədə nəqliyyat xidmətlərinə görə qiymətlər dəyişdirilməmiş qalırdı.

Müəllif sərnişinlərə belə bir təsəlli də verir ki, Rusiya, Qazaxıstan, Belarus, Gürcüstan, Türkiyədə qiymətlər bizimlə müqayisədə yenə də bahadır: "Göründüyü kimi, yeni tarif dəyişikliyindən sonra belə ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə tariflər Azərbaycanda əksər MDB və region ölkələri ilə müqayisədə yenə də aşağı olacaq".

Müəllif hesab edir ki, tarif dəyişikliyi nəqliyyat infrastrukturunun bundan sonra da təkmilləşdirilməsi tədbirlərinin sürətləndirilməsinə və maliyyə təminatının yaxşılaşdırılmasına müsbət təsir göstərməklə sərnişinlərin rahat gediş-gəlişini təmin edəcək.

Əgər neft 40% bahalaşırsa...

"Strateq.az"da isə Əli Məsimli bahalaşma qərarını tənqid etdi" sərlövhəli məqalə oxumaq olar.

Deputat Əli Məsimli ictimai nəqliyyatda gediş haqlarının bahalaşdırılması ilə bağlı Tarif Şurasının iyuılun 30-da qəbul etdiyi qərara tənqidi mövqe sərgiləyir.

"Əhalinin aztəminatlı təbəqəsinin güzəranının ağırlaşdığı bir zamanda metro və avtobuslarda gediş haqqının artırılması, həmin nəqliyyat növlərindən daha çox istifadə edənlərin ailə büdcəsinə mənfi təsir göstərəcək". "İqtisadi İnnovasiyalar İnstitutu"nun rəhbəri, deputat Əli Məsimli Tarif Şurasının ictimai nəqliyyatda qiymətləri 50 fazi artırması barədə qərarını "Strateq.az"a belə şərh edib.

Ə.Məsimli vurğulayır ki, 2017-ci ildə infilyasiyanın 13 faiz, ərzaq məhsulları qiymətlərinin isə 15 faizdən çox bahalaşması müqabilində 2018-ci ilin martından əmək haqları 10 faiz artırıldı, bu da vətəndaşların əksəriyyətinin əmək haqqına 20-40 manat əlavələr demək idi. amma bu məbləğ çox az olduğundan əhalinin inflyasiya nəticəsində məruz qaldığı itkilərini belə ödəmir.

Deputat hesab edir ki, bu bahalanmadan ictimai nəqliyyatdan daha çox istifadə edən vətəndaşlar ciddi zərər çəkəcək: "Elə ailə var ki, gündə evində 3-4 şəxs azı 2-3 marşrut dəyişərək işə, məktəbə və s. yerlərə gedir. Təbii ki, işdən də evə qayıdarkən 2-3 nəqliyyat vasitəsi dəyişir. Metro və avtobuslarda gediş haqqının 50 faiz artırılması, sözügedən kateqoriyaya aid insanların vəziyyətinə daha ciddi təsir göstərəcək".

Ə.Məsimli deyir ki, bu bahalaşma digər sahələrdə də qiymət artımına yol açacaq və tariflərin qaldırılması ilə bağlı əsaslandırmalar doğru deyil: "Azərbaycanda ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə tariflərin başqa ölkələrlə müqayisədə aşağı olması ilə bağlı müqayisələr birtərəfli xarakter daşıyır və real mənzərini tam əks etdirmir. Çünki müqayisə olunan ölkələrin hamısında minimum və orta aylıq əmək haqları da Azərbaycandakından yüksəkdir".

Deputat bildirir ki, digər tərəfdən, Azərbaycan neftinin dünya bazarında qiymətinin 2018-ci ilin büdcə proqnozlarında göstərildiyindən 40 faiz baha olduğu bir vaxtda, Tarif Şurasının qiymətin bahalaşdırılması ilə bağlı gətirdiyi arqumentlər əhəmiyyətsiz bir şeyə dönür.

Ə.Məsimli hesab edir ki, tariflərin artmasının aztəminatlı təbəqənin güzəranına mənfi təsirini aradan qaldırmaqdan ötrü əlavə tədbirlərə ehtiyac var, belə ki, tariflər qaldırılırsa, mütləq əmək haqları, xüsusən də əhalinin aztəminatlı təbəqəsinin maaşları, pensiyaları, müavinətləri, tələbə təqaüdləri və s. ödəmələr də artırılmalıdır.

Çərçivəsi bəlli olmayan qanunlar

"Azadlıq.info"da isə "Qanunun çərçivəsi" sərlövhəli məqalə diqqət cəlb edir.

Müəllif ölkədə qanunların işləməməsini gündəmin müzakirəsinə daşıyır.

Yazı müəllifi deyir ki, Azərbaycanda hüquq orqanları, eləcə də prezidentdən üzü aşağı hökumətdə çalışanlar hamısı "hər şey qanun çərçivəsində həll olunacaq" desələr də qanunlar işləmir, bu qanunların çərçivələri bəlli deyil.

Həm də müəllifin iddiasına görə, hüquq-mühafizə orqanlarının rəhbərləri bunu hansısa müxalifətçini əsassız həbsə alanda belə deyirlər: "Adamı heç bir qanun gözləmədən, daha doğrusu, bütün qanunlara tüpürərək tutanda belə o sözü eşidəcəksiz".

Məqalə müəllifi bu dediklərilə bağlı faktların çox olduğunu bildirir: "Bu ilin may ayında REAL-ın Məclis sədri Azər Qasımlı hansısa "küçədə ünvansız söyüş söyməsi və polisin qanuni əmrinə tabe olmaması" adıyla 30 sutka inzibati cəza alır, Seymur Həzi etmədiyi xuliqanlığa, İlkin Rüstəmzadə etmədiyi cinayətə, saysız cəbhəçilər var ki, etmədiyi hərəkətlərə görə həbsə atılıblar, həbsdədilər".

Bir qrup jurnalist və hüquq müdafiəçisi Penitensiar Xidmətə (PX) gedib həbsdə olan bloger Mehman Hüseynovun xəstə anasıyla görüşməsinə şərait yaradılmasını xahiş ediblər, ədliyə nazirinə teleqram vurublar.

Müəllif deyir ki, blogerin vəkilləri hələ iki həftə qabaq bu məsələ ilə bağlı cəzaçəkmə müəssisəsi rəhbərliyinə müraciət edib və məsələyə "qanun çərçivəsində" baxılacağı cavabı alıblar, amma nəticə yoxdur.

Mqəalə müəllifi xatırladır ki, M.Hüseynovun anası Firəngiz xanım 20 günə yaxındır ağır xəstədir və bu halda qanun oğulun ağır durumda olan anasıyla görüşünə imkan verirsə, türmə rəhbərliyinə, Penitensiar Xidmətə, ədliyyə nazirinə ehtiyac qalmır: "Cünki normal ölkələrdə qanun adamlardan yuxarıda dayanır, bu halda heç vəkilin müraciətinə də gərək yoxdur. Türmə rəhbərliyi öz məhbusu ilə bağlı informasiya alan kimi hərəkətə keçməli, qanuna əməl edib dustağı gözü yolda qalan yaxınıyla görüşə göndərməlidir".

Müəllif vurğulayır ki, araşdırmaçı jurnalist Xədicə İsmayılın mərhum anası Türkiyədə əməliyyat olunanda təxminən eyni situasiya yaranıb, jurnalistin ölkədən çıxışına qadağa olduğu üçün anası ilə görüşə buraxmayıblar.

Yazı müəllifi deyir ki, qadağanın götürülməsi üçün müraciət olunsa da bu müraciətə reaksiya ancaq X.İsmaylın anasının vəfatından sonra verilib.

Müəllif deyir ki, ictimai fəallar neçə gündür həyəcan təbili çalır, Mehmanın ağır durumda olan anasıyla görüşməsi üçün savaş aparır, amma hökumət qurumları hələ də işin "qanun çərçivəsində" araşdırılmasına "çalışır".

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti