Media-icmal 02.09.19

Ölkədə sosial müdafiə, problemli kreditlərin artması, ali təhsilin vəziyyətinə baxış, vətəndaş nikahlarının çoxalması və s. məsələlər bugünki (02 sentyabr 2019-cu il) medianın aparıcı mövzularındandır...

Sosial siyasətin davamlı təsdiqi

"Azərbaycan" qəzeti "Dövlətin sosial siyasətinin davamlı olduğunu təsdiqləyən sərəncamlar" sərlövhəli məqalədə əhalinin sosial müdafiəsinin vəziyyətini dəyərləndirir.

Müəllif deyir ki, Azərbaycanda əhalinin sosial müdafiəsi dövlətin iqtisadi siyasətinin əsas prioritetlərindəndir və Prezident İlham Əliyev bütün çıxışlarında vurğulayır ki, siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır.

"Yəni dövlət öz siyasətində iqtisadi inkişafla yanaşı, əhalinin sosial müdafiəsini hədəf götürür. Təkcə son 15 il üzrə bu sahədəki faktlara nəzər salaq: maaşlar 7, pensiyalar 9, minimum əməkhaqqı 6,5 dəfə artıb", deyə müəllif bildirir.

Yazıda vurğulanır ki, ökə iqtisadi cəhətdən inkişaf etdikcə əhalinin sosial güzəştləri də artır, çünki həyata keçirilən iqtisadi siyasətin əsas məqsədi də budur.

Bu mənada müəllif fikrini qüvvətləndirmək üçün prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına dair iclasındakı çıxışından sitat gətirir: "Qeyd etdiyim kimi, bu il maaşlar, pensiyalar artırıldı və bu proses davam etdiriləcək. Mən bildirmişəm ki, biz bu məsələni daim diqqətdə saxlayırıq. Qeyd etdim ki, son 15 il ərzində maaşlar və pensiyalar dəfələrlə artıb. Ancaq bu, bizi tam qane edə bilməz. Ona görə bundan sonra da minimum əməkhaqqı, minimum pensiya və digər sosial müavinətlərin artırılması nəzərdə tutulur".

Müəllif deyir ki, dövlət başçısının iyunun 18-də imzaladığı sərəncamlar verdiyi sözün sahibi olduğunu bir daha sübut etdi, həmin sərəncamlarla 1 milyon 350 min insanın əməkhaqqında böyük artımlara səbəb oldu.

Məqalədə deyilir ki, dövlət başçısının "Minimum əməkhaqqının artırılması haqqında" sərəncamına əsasən, cari il sentyabrın 1-dən minimum əməkhaqqı 40 faizədək artırılaraq 180 manatdan 250 manata çatdırıldı: "Bununla minimum əməkhaqqı yaşayış minimumunu (180 manat) 40 faizədək üstələdi. Prezidentin imzaladığı təkcə bu sərəncam 950 minədək vətəndaşı əhatə etdi. Artımdan faydalanacaq insanlardan 600 mini dövlət sektorunda, 350 mini özəl sektorda çalışanlardır. Qeyd edilən artımın təmin edilməsi üçün dövlət büdcəsindən illik 780 milyon manat əlavə vəsait ayrılıb".

Müəllif dövlət başçısının son sərəncamlarının, demək olar ki, əhalinin bütün təbəqələrini əhatə etdiyini nəzərə çatdırırr.

Yazının sonunda isə oxuyuruq: "Beləliklə, dövlət başçısı tərəfindən bu il təqdim edilən iki sosial paket minlərlə vətəndaşın maddi rifah halının yüksəlməsinə imkan verib ki, bu da ümumən əhalinin sosial müdafiəsinin gücləndirilməsində daha mühüm bir addımdır".

Yeni bank böhranı qapı döyür? - iddia

"YeniSabah.az"da isə "Azərbaycanda yeni bank böhranı gözlənilir - problemli kreditlər artır" sərlövhəli məqalə oxumaq olar.

Müəllif problemli kreditlərin məbləğinin artması və bunun səbəbləri barədə iqtisadçı-ekspert Natiq Cəfərli ilə söhbətləşir.

Müəllifin sözlərinə görə, N.Cəfərli Azərbaycanda vaxtı keçmiş, problemli kreditlərin məbləğinin bu il avqustun 1-nə 1 487,4 milyon manat təşkil etdiyini, bunun keçən ayla müqayisədə 0,1% çox olduğu, yəni problemli kreditlərin artması trendi kimi dəyərləndirib.

Müəllifin sözlərinə görə, iqtisadçı əlavə edib ki, rəsmi rəqəmlər və trendlər onu göstərir ki, yeni bank böhranı ölkənin qapısını döyür.

Ekspert vurğulayır ki, avqustun 1-nə bankların ümumi kredit portfelində vaxtı keçmiş kreditlərin xüsusi çəkisi 10,9% olub, bu gün bank sektorunda 11% problemli kreditlər var: "Dünya təcrübəsi deyir ki, vaxtı keçmiş kreditlər ümumi kredit portfelinin 3%-ni keçsə artıq böhranlı vəziyyət yaranır, bankların vəziyyəti stress-testlərlə yenidən qiymətləndirilməlidir. Bizdə isə bu norma 3 dəfədən çox aşılıb".

İqtisadçı problemli kreditlərin artma səbəbini açıqlayıb: "Kredit qoyuluşlarındakı artımın böyük hissəsi istehlak kreditlərinin artması ilə bağlıdır. İyun ayının sonu ilə müqayisədə iyulda ev təsərrüfatlarına verilən kreditlər 136,5 milyon manat, ötən ilin sonu ilə müqayisədə cari ilin 7 ayı ərzində isə 618,7 milyon manat artaraq 5 milyard 938,3 milyon manata çatıb. Ev təsərrüfatlarına, yəni istehlak krediti kimi verilən kreditlərin cəmi kredit qoyuluşlarında xüsusi çəkisi 43,4%-ə yüksəlib. Yəni kreditlərin az qala yarısı istehlak kreditləridir, bu isə ölkə iqtisadiyyatının "xəstə" olmasını göstərir".

Ekspert belə vəziyyətin yaranmasına aydınlıq gətirərək deyir ki, ölkə iqtisadiyyatı dünyada ən primitiv iqtisadi modellərdən biridir, bacarıqsız hökumət uzun illər bəsit model qurub və bunu uğur kimi sırımağa çalışır: "Məmləkətdə iqtisadi aktivlik ancaq büdcə xərclərinə və istehlak kreditlərinə bağlıdır - neft satılır, pul büdcəyə gəlir, ordan təmir-tikinti, investisiya xərclərinə və maaşlara yönəlir, investisiya xərcləri həm məmurlar üçün korrupsiya, həm də qara camaat üçün bəsit dolanışıq, dayanıqsız iş yeri mənbəyidir.

Sonra məmurlara bağlı banklar yüksək faizlə istehlak krediti verir, həmin məmurlara bağlı iri şirkətlər ölkəyə TV, telefon, mebel, bəyaz əşya gətirir, öz banklarından öz mallarını satmaq üçün qara camaata kredit verib iki qat pul qazanırlar - belə bir qısır döngə, primitiv model qurub ölkə idarə edirlər. Camaat da sabahını düşünmədən kredit götürüb xərcləyir, hökumət isə ümumiyyətlə bu günü qurtarmağa çalışır, bu vəziyyəti iqtisadi artım kimi təqdim edir".

Artmaqda olan vətəndaş nikahı

"Modern.az"da isə "Çox insan nikahı qeydiyyata almır ki, sabah boşananda əmlak gəlinə qalmasın - problem" sərlövhəli məqalə maraq doğurur.

Müəllif son zamanlar Azəraycanda vətəndaş nikahı ilə yaşayan şəxslərin sayının artması, bunun səbəbləri barədə "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin (QYİB) sədri Mehriban Zeynalova ilə söhbətləşir.

Müəllifin sözlərinə görə, əksəriyyət bu nikah növünün çoxlaması səbəbini Avropa həyat tərzinə uyğunlaşmağa çalışmaq kimi görsə də, pərdəarxası məqamları heç kim nəzərə almır.

M.Zeynalova "modern.az"a deyir ki, vətəndaş nikahları yeni hadisə deyil və ölkədə rəsmi nikahsız ailələrin artması erkən nikahlardan başlayıb: "Əsasən ailə quran tərəflərin, xüsusilə qızların rəsmi nikaha yaşı çatmadığına görə insanlar qeyri-rəsmi nikahda yaşayırdılar. Ona görə vətəndaş nikahının artması yeni proses sayılmır".

M.Zeynalovanın fikrincə, zamanla erkən nikahlardan əlavə iqtisadi amillər də ortaya çıxıb və bu da vətəndaş nikahlarının sayının durmadan artmasına təsir göstərib: "Mülk əldə etmək naminə qurulan evliliklər artıdığına görə, əksəriyyət qeyri-rəsmi nikaha can atmağa başladı. Beləliklə, məsuliyyətdən qaçmaq, aliment ödəməkdən yayınmaq istəyi ilə vətəndaş nikahları quruldu. Hətta indi də çox insan nikahı qeydiyyata almır ki, sabah-birisigün boşananda əmlak gəlinə qalmasın. Halbuki, qanun qəbul olunub, evlilikdən öncə mövcud olan əmlak sahibinin razılığı olmadan tərəflər arasında bölüşdürülmür".

M.Zeynalova əlavə edir ki, rəsmi nikah olduğu halda birgə yaşayış dövründə qazanılmış əmlak bölünür, amma ailənin nikaha qədər əldə etdiyi əmlak, sərvət bura daxil deyil, hətta ortada bir və ya bir neçə övlad olsa da belə.

Birlik sədri deyir ki, vətəndaş nikahlarının artmasında dini amilin də rolu var: "Çoxları "Əsas allah yanında nikahdır" deyib, kəbin kəsdirir və rəsmi nikaha girmirlər. Daha çox kişilər məsuliyyətdən qaçmaq üçün qadınları qınayır, psixoloji təsir edirlər ki, bir kağız bizim həyatımızı həll etmir. Bu ifadə çox geniş yayılıb", M.Zeynalova belə deyir.

Bizdən Mars qədər aralanan dünya elmi

"Moderator.az" da isə "Vaxt var idi BDU-nun tələbələrinə S.M.Kirovun heykəli qarşısında and içdirirdilər..." sərlövəhli məqalə diqqət cəlb edir.

Müəllif bu il sentyabrın 1-də Bakı Dövlət Universitetinin (BDU) 100 yaşının tamam olması və bu fonda ölkədə ali təhsilin vəziyyətilə bağlı təhsil üzrə ekspert, fəlsəfə doktoru, BDU-nun məzunu Etibar Əliyevlə söhbətləşir.

E.Əliyev bu uinversitetin 1919-cu il sentyabrın 1-də Xalq Cümhuriyyətinin parlamentinin təsis etdiyini, bu ali təhsil müəssisəsinin rektorları və onların taleləri barədə fikirlərini bildirir.

Ekspert deyir ki, vaxtilə BDU-nun rektorları olmuş Tağı Şahbazi, Maqsud Məmmədov, Məmmədkazım Ələkbərli, Balabəy Həsənbəyov sovet dönəminin 1937-38-ci illərindəki repressiaylarında güllələniblər.

"Cümhuriyyətdən miras qalmış Bakı Dövlət Universitetinin tarixinin 70 ili Sovetlər İttifaqı ilə bağlıdır. 1981-ci ildə BDU-nun fizika fakültəsinə daxil olanda bizi Dağüstü parkda Sergey Mironoviç Kirovun əzəmətli heykəlinin qarşısında andiçmə mərasiminə apardılar. Biz tələbə olan vaxtlar universitetimizin adını daşıyan Kirovun hansı yuvanın quşu olduğunu bilmirdik. Universitetin yaradıcıları olan əzəmətli kişilərdən də xəbərsiz idik. Sovetlər vaxtı böyük alimlər ordusu yetişdi, lakin məktəblər yaranmadı. İndi biz onun acısını çəkirik. Müstəqillik əldə etdikdən sonra bütün Universitet professurası siyasətə qurşandı. Bizim yaşatdığımız universitet Qərb Universitet standartlarına uyğun gəlmədiyi üçün reytinq cədvəllərində tamahımızı gizlətməliyik. Universitetə Boloniya Universitetinin yarandığı tarixdə verilən müstəqillik lazımdır. Biz hər dəfə Universitetə rektor təyin olunanda islahatlardan danışırıq. Rektorlar gedəndən sonra isə hamı bir nəfər kimi dərindən ah çəkir. Azadlığa çıxdıqlarını gizlətməyiblər. XXI əsrin artıq 20-ci ilinə qədəm qoyuruq. İslahatlardan danışırıq. Dünya elmi burdan Mars planetinə qədər bizdən aralanıb. DNK-nın təmirinə başlanılıb, neytronun kütləsi kəşf olunub, əlimizdə iPhone var, tamamilə başqa riyaziyyat tədris olunur, humanitar elmlərin paradiqmaları tamamilə dəyişib. Biz isə hələ də islahatlardan danışırıq. Biz islahatdan qabaq tələbələrə seçdikləri fənləri müasir səviyyədə tədris etməli, onları elmi-tədqiqatlara cəlb etməliyik. Bunu edə biləcək müəllim, yaxud elmi işçilər varmı? Bax, ilk həll olunası problem bu olmalıdır. Səmimi şəkildə bunları edə bilsək, tələbə özünə cığır tapacaq", deyə ekspert bildirib.

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti