Media-icmal 05.05.2017

Ölkədə sosial müdafiə sisteminin dəyərləndirilməsi, bank sistemindəki depozit axını, “Azərenerji”dəki durum, ov turlarının təşkili bugünki medianın aparıcı mövzusudur... 

Etibarlı sosial müdafiə sistemi

“Azərbaycan” qəzetində “Effektiv sosial müdafiə strategiyasının banisi” sərlövhəli (http://www.azerbaijan-news.az/index.php?mod=3&id=121274) məqalədə ölkə əhalisinin sosial müdafiəsinin təminatı dəyərləndirilir.

Müəllif ölkənin sosial müdafiə sisteminin qurulmasında 1993-cü ildə hakimiyyətə gələn keçmiş prezident Heydər Əliyevin müstəsna rolu olmasını xüsusi nəzərə çatdırır və həmin illərədə mahiyyətcə yeni sosial müdafiə sisteminin hazırlandığını vurğulayır: “Bir tərəfdən sosial siyasətin məqsəd və vəzifələrinin, bunun ictimai inkişaf prosesinin prioritetlərinə uyğunluğunun müəyyənləşdirilməsi, yeni sosial strategiyanın beynəlxalq təcrübə, milli xüsusiyyətlər, dövlət tənzimləməsinin özəllikləri nəzərə alınmaqla müasir konseptual yanaşmalar əsasında formalaşdırılması tələb olunurdu”.

Müəllif dövlət başçısı H.Əliyevin bu tələbləri ödəyən bir sosial müdafiə sisteminin əsaslarını qurduğunu deyir və burada  əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasının işgüzar fəallığın artması ilə uzlaşdırılmaqla həyata keçirilməsi, cəmiyyətin inkişafı üçün vacib təşviq mexanizmi kimi gəlir və istehlakın iqtisadi fəaliyyət, nəticəsindən asılı olaraq yol verilən diferensiallaşma səviyyəsinin təmin edilməsi, sosial sahədə dövlətin balanslaşdırılmış iştirak səviyyəsini tənzimləmək məqsədilə sosial xərclərin optimal həddinin gözlənilməsi əksini tapırdı.

Müəllif deyir ki, ölkədə həyata keçirilən sosial siyasət etibarlı sosial müdafiə sisteminin formalaşmasına, əhalinin müxtəlif təbəqələrinin, xüsusilə də aztəminatlı ailələrin və sosial cəhətdən həssas insanların həyat səviyyəsinin yüksəldilməsinə geniş imkanlar yaradıb.

Məqalədə Dünya Bankına istinadən deyilir ki, ölkənin sosial müdafiə sistemi geniş əhatəyə malikdir və yoxsulluğun azaldılmasında mühüm rol oynamaqla yoxsul sayıla biləcək əhalinin 90,1 faizini əhatə edir: “2006-cı ildən ölkədə müasir əsaslarla fəaliyyət göstərən sosial müdafiə sistemi vasitəsilə üç ayrı istiqamət üzrə 1 milyon 319 min nəfər əmək pensiyası, 466,4 min nəfər müxtəlif növ müavinətlər, 130,8 min ailənin 546 min nəfər üzvü isə ünvanlı sosial yardım alır və bu insanlara nazirliyin yerli orqanlarının xətti ilə hər ay 316,3 milyon manat vəsait ödənilir”.
Ümumilikdə son 13 il ərzində qeyri-neft iqtisadiyyatının genişləndirilməsi şəraitində 1,5 milyondan çox yeni iş yerinin yaradıldığı ölkəmizdə əmək bazarında sabitliyə və işsizliyin 5 faizədək azaldılmasına nail olunub.

Bu baxımdan Prezident cənab İlham Əliyevin “Azərbaycan Respublikasında əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamı mühüm sosial-iqtisadi əhəmiyyətə malikdir və sərəncamla nəzərdə tutulan tədbirlərin icrası əmək münasibətləri sferasında meydana çıxan aktual məsələlərin konseptual diaqnostikası və həlli, eləcə də bu sahədə inzibatçılığın qabaqcıl beynəlxalq təcrübə əsasında inkişaf etdirilməsi üçün vacib önəm daşıyır.

Manata və banklara  itən etibar

“Exo” qəzetində “Azərbaycan banklarından depozit axını davam edir” sərlövhəli məqalədə  (http://ru.echo.az/?p=59181) bu axının səbəbləri ekspert Samir Əliyevlə müzakirə edilir.

Müəllif ölkədə qeyri-sabit iqtisadi durum yaşandığı bir vaxtda əldə olan maliyyə vəsaitini banklara etibar etməyi sual altına alır.

Məqalə müəllifi deyir ki, bank sektoruna etimad qalmayıb, amma vətəndaşlar pullarını hələ də banklarda saxlayırlar, amma ekspertlər depozit axınının baş verdiyini də gizlətmirlər.

“Bu gün manatın məzənnəsinin süni şəkildə saxlanması müşahidə olunsa da, manata etimad geridönməz halda itirilib. Ölkə vətəndaşları 2015-ci ildə iki devalvasiya yaşadı və bundan irəli gələrək, hamı indiki sabitliyi qısamüddətli və süni şəkildə dəstəklənən hadisə hesab edir. Manatın gələcək taleyi bir çox amildən, ilk növbədə isə neft amilindən asılıdır”. Ekspert Samir Əliyev manat ətrafında mövcud durumu qəzetə belə şərh edir.

S.Əliyev deyir ki, əhali öz acı təcrübəsindən irəli gələrək, təkcə manata yox, bütünlükdə bank sektoruna inanmır və ekspert 2016-cı ildə banklarda depozitlərin həcmi 7 milyard 500 milyon manata yaxın olduğu halda bu ilin ilk ayı ərzində bu məbləğin 350 milyon manat azaldığını bildirir.

Onun sözlərinə görə, əhali əsasən öz dollar depozitlərini banklardan geri çəkir: “Əgər 2016-cı ilin yanvarına depozit hesablarda 6 milyard 300 milyon dollar var idisə, 2016-cı ilin sonuna artıq 5 milyard 600 milyon dollara enmişdi.

İndi bir çox vətəndaşlar pullarını “yastıq altında” saxlamağa üstünlük verir, çünki manatın məzənnəsinin yenidən enməyə başlayacağını başa düşürlər. Neft Fondundan ayrılan 7,5 milyard manat ölkədə makrosabitliyin saxlanmasına yönələcək”.

S.Əliyev manatın məzənnəsinin bu ilin payızına kimi sabit qala biləcəyini, payızdan isə dolların manata nisbətdə bahalaşacağını və məzənnənin 1,70-dən 1,99-a kimi dəyişəcəyini bildirir.  

Ekspert ölkədə dollara da tələbatın artdığını bildirir və 2017-ci ilin ilk iki ayında 2 milyard 80 milyon dollar satılmasını bununla izah edir və təqribən 1,8 milyard dolların makrosabitliyin qorunmasına xərcləndiyini nəzərə çatdırır: “Pul kütləsinin azaldılması, dövlət xəttilə idxalın məhdudlaşdırılması, nağd əməliyyatlara məhdudiyyət tətbiqi, kapital axınının minimumua endirilməsi kimi inzibati tədbirlər manatın məzənnəsini saxlamaq üçün edilib. Əgər mövcud məhdudlaşdırmalar aradan qaldırılsa, dollara tələbat yenə artar”.

S.Əliyev bəzilərinin neftin qiymətinin yüksələcəyinə bəslənən ümidlərini də mənasız hesab edir. 

Batmaqda olan “Azərenerji”

“Novoe Vremya ” qəzetində “Azərenerji”yə “SOS!” siqnalı” sərlövhəli məqalədə  (http://www.novoye-vremya.com/w90842/.../#.WQtrLYiLTIU) bu qurumda yaranan ağır durumdan bəhs edilir.

Müəllif  beynəlxalq agentliklərin bir-birinin ardınca “Azərenerji”də acınacaqlı durum yaranmasını bəyan etməsini xüsusi olaraq vurğulayır: “Bu yaxınlarda bu təşkilatın qısa və uzun müddətli kredit reytinqini “Standart Poors” endirmişdi və proqnoz neqativə dəyişmişdi. Bunun ardınca Fitch beynəlxalq agentliyi də həmin mövqeyi təkrarlayıb və bu, əsassız deyil”.

Müəllif xatırladır ki, elektrik enerjisi tarifləri əhali üçün baha olsa da, dövlət büdcəsinə bu enerji nəhəngindən yaxşı vəsaitlər daxil olurdu, tariflər indi də sabit deyil, amma “Azərenerji” borc içindədir.

   Məqalədə deyilir ki, şirkətin büdcəyə 800 milyon manat borclu olması ciddi məsələdir və hələ vergi orqanları qarşısında ödəniş öhdəlikləri qalır: “Çoxları bununla bağlı iqtisadi böhrana, manatın devalvasiyasına, ölkənin iri müəssisələri üçün qaz və elektrik qiymətlərinin artmasına istinad edirlər. Əlbəttə, bunlar şirkətin    fəaliyyətinə pis təsir edib. Amma bunu da unutmaq olmaz ki, bu qurumda maliyyə böhranı hələ dünya bazarında neftin qiymətləri düşməmiş, iqtisadiyyat enməmiş baş verib”.

Müəllif xatırladır ki, “Azərenerji”də ixtisarlar hələ 2013-dən başlayıb və hələ o zaman bu şirkətin məsulları əməkdaşların pullarını ödəməyə vəsaitləri olmamasından gileylənirdilər.

Bundan irəli gələrək, müəllif belə hesab edir ki, “Azərenerji”də ilkin böhranın səbəbi devalvasiyadan yox, bu şirkət rəhbərliyinin bacarıqsızlığından və təşkilatın səmərəli fəaiyyətiniu təmin edə bilməməsindən irəli gəlir: “Bununla bağlı belə sual yaranır ki, yerli istehlakçılardan gələn pul vəsaitləri haraya yoxa çıxır, çünki bu vəsait hesabına yeni elektrik stansiyaları tikilməsi, elektrik xətlərinin yenilənməsi kimi fəaliyyət görünmür. Üstəlik, xarici maliyyə institutları da bu təşkilata və bütünlükdə ölkənin enerji sisteminə investisiyalar yatırırlar”.

Müəllif rəsmi rəqəmlərə istinadən “Azərenerji”nin 1,5 milayrd manat borcunun artıq 2,4 milyard manata yüksəldiyini bildirir və xatırladır ki, devalvasiyadan sonra hökumət bu şirkətə investisiya qoymaqla öhdəliklərinin bir hissəsini ödəyib. 

Məqalədə deyilir ki, elektrik enerjisi tarifləri 2016-cı ildə 33% bahalaşıb və qiymət bir az da qalxsa, nefti-qazı olmayan ölkələrdəkindən baha olacaq. Müəllif bunu da vurğulayır ki, artıq dövlətin də “Azərenerji”yə vəsait ayırmaq imkanı yoxdur və qarşıda xarici kredit təşkilatlarının verdikləri kreditləri qaytarmaq vəzifəsi durur. Müəllif hesab edir ki, indiki durumda “Azərenerji”nin rəhbərliyi dəyişməlidir, yoxsa bu şirkəti qaçılmaz iflsadan heç nə xilas edə bilməz. 

Dağ keçisi - 7 min manata

“Bizim Yol” qəzeti “Azərbaycanda ov turu üçün fantastik qiymət” sərlövhəli məqalədə (http://www.bizimyol.info/news/96810.html) ölkədə ov mövsümünün başlanması ilə bağlı bəzi turizm agentliklərinin müəyyən etdikləri qiymət və xidmətlər barədə müzakirə açır. Müəllif deyir ki, mayın sonlarından etibarən ölkədə ov mövsümünə start verilir və bəzi turizm agentlikləri bunu fürsət bilib öz xidmətlərini təklif edirlər, bahalı turlar təşkil olunur və bu turlardan biri üç günlükdür.

Məqalə müəllifi bu ov turlarında qiymətlərə də nəzərə salaraq deyir: “Bakı-Mingəçevir-Bakı, Bakı-Quba-Bakı istiqamətinə ov səyahətinin qiymətləri də qoyulub. Bir nəfər balıq ovu üçün 500 manat, quş ovu üçün 2300 manat, dağ keçisi ovu üçün isə 7 min manata yaxın pul xərcləməlidir”.

Müəllif bunu da bildirir ki, xidmətə hoteldə yerləşdirmə, qidalanma və ov ləvazimatları daxildir.

Müəllif deyir ki, təşkilatçılar ova çıxmaq istəyənlərin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edərək lisenziya almalı olduqlarını bildirir və müəllifə görə, burada düşündürücü olan lisenziyanın xeyli ucuz olsması ilə müqayisədə turun baha təklif olunmasıdır.

Müəllif vurğulayır ki, təşkilatçılar turda iştirak edənlərin, ov üçün bütün ləvazimatlarla təmin olunduqlarını bildirir: “Turun bu qədər baha olmasının tüfəng kimi bahalı ləvazimatların təşkilinə görə olduğu zənn edilsə də, qaydalara görə ov üçün nəzərdə tutulan silahlar başqasına verilə bilməz”.

Müəllif dolayısı ilə bunun özünün qanun pozuntusu olduğuna işarə edir.

Müəllifə görə, tur təşkil edən agentlik turisti yalnız mövsümi ayaqqabı və geyimlə təmin edə bilər.

Müəllif hesab edir ki, silaha gəlincə, burada bıçaq və tilovdan başqa heç bir silahdan söhbət gedə bilməz: “Şəxs, ov tüfəngi əldə etmək üçün müvafiq orqana müraciət etməlidir, psixoloji vəziyyəti və sağlamlığı yoxlanıldıqdan sonra ona rəsmi sənəd təqdim olunur. Şəxs, yalnız bu sənəd əsasında ovçuluq mağazalarına yaxınlaşa və tüfəng əldə edə bilər”.

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti