Media-icmal 06.05.2017

Ölkənin idman oyunlarının təşkili sahəsindəki uğurları, gənclər arasında işsizlik, problemli kreditlərin artması, dünya neft bazarındakı qiymətlərin Azərbaycana təsiri bugünki medianın aparıcı mövzusudur... 

Həm də idman ölkəsi – Azərbaycan

“Azərbaycan” qəzeti “Azərbaycan bir daha həm də idman ölkəsi olduğunu sübut edir” (http://www.azerbaijan-news.az/index.php?mod=3&id=121368) sərlövhəli məqalədə ölkənin idman yarışları üzrə təşkilatçılığını dəyərləndirir.

Müəllif Azərbaycanın dünyada böyük siyasi nüfuza malik olduğunu deyir və bunu həyata keçirilən praqmatik və balanslı xarici siyasətin nəticəsi sayır.

Müəllif bunu da xüsusi vurğulayır ki, Azərbaycan özünün dini və mədəni dəyərlərinə görə öncə Şərq aləminin ayrılmaz hissəsidir.

Məqalədə deyilir ki, Azərbaycan hazırda müsəlman aləmində baş verən qarşıdurmalara, müharibələrə son qoyulması üçün öz imkanlarından istifadə edir: “Elə Prezident İlham Əliyev tərəfindən ölkəmizdə cari ilin “İslam həmrəyliyi ili” elan edilməsi bu məqsədə xidmət edir, üstəlik IV İslam Həmrəyliyi Oyunlarına evsahibliyi etməyimiz də bu xoş məramdan irəli gəlir. Ölkəmizin beynəlxalq idman yarışlarının keçirilməsində böyük təcrübəsi var. I Avropa Oyunlarının Olimpiya yarışları səviyyəsində keçirilməsi bütün dünyada ölkəmizə xüsusi nüfuz qazandırıb”.

Müəlif  IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri Birinci vitse-prezident Mehriban Əliyevanın olmasını xatırladır və M.Əliyevanın IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin aprelin 21-də keçirilmiş yekun iclasındakı çıxışından sitat gətirir: “Ümumi rəyə görə, bu tədbirlər təşkilati baxımdan çox yüksək səviyyədə hazırlanır və keçirilir. 2015-ci ildə Bakıda I Avropa Oyunları böyük uğurla keçirilmişdi. Bu Oyunlar Avropanın Olimpiya tarixində yeni səhifə açmışdı. Ümumi rəyə görə, Azərbaycan dövləti I Avropa Oyunlarını Olimpiya Oyunları səviyyəsində təşkil etmişdi. Ümidvaram ki, IV İslam Həmrəyliyi Oyunları da mükəmməl hazırlanmışdır və keçirilmiş Oyunlar kimi tarixdə qalacaqdır”.

Müəllif vurğulayır ki, Azərbaycan artıq dünyada idman məkanı kimi tanınır və bununla bağlı ölkənin müxtəlif olimpiadalarda əldə etdiyi idman uğurları barədə danışır.

Məqalədə deyilir ki, dövlət tərəfindən idmana verilən dəstək nəticəsiz qalmır və bu vaxta qədər idman sahəsindəki uğurlara IV İslam Həmrəyliyi Oyunlarında qazanılacaqlar da əlavə ediləcək.

Müəllif hesab edir ki, bu oyunları yüksək səviyyədə başa vurmaqla Azərbaycan həm də özünün nümunəvi təşkilatçılıq bacarığını bir daha nümayiş etdirəcək.

Gəncliyin iş problemi

“Exo” qəzeti “Azərbaycan gəncləri daxilində işsizlik: rəsmi və real olan rəqəmlər” (http://ru.echo.az/?p=59177) sərlövhəli məqalədə bu sahədəki durumu ekspertlərlə müzakirə edir.

Müəllif işə düzəlmək məsələsində gənclərin və xüsusilə universitetləri yenicə bitirmiş gənclərin problemlərlə üzləşdiklərini vurğulayır. Həm də bu məsələyə yanaşmada ikili münasibəti nəzərə çatdırır ki, rəsmi qurumlar müsbət meyllərdən danışırlar, ekspertlər isə durumun o qədər də xoş olmadığını bildirirlər.

Məqalədə əmək və əhalinin sosial məşğulluğu naziri Səlim Müslümova istinadən deyilir ki, ölkədə işsizliyin ümumi səviyyəsi 5% təşkil etdiyi halda, gənclər arasında bu rəqəm 9%-ə bərabərdir.

Amma ekspertlər nazirin göstərdiyi bu rəqəmlə razılaşmayaraq, gənclər arasında işsizliyin daha yüksək səviyyədə olduğunu iddia edirlər: “Bu gün Azərbaycanda gənclər arasında işsizlik nəinki 9% deyil, bundan dəfələrlə yuxarıdır, odur ki hökumətin “Məşğulluq Strategiyası” hazırlaması zəruridir. Bu sənəddə əmək bazarı bütünlüklə öyrənilməlidir, gənclərin işə düzəlməsindəki problemlərin səbəbləri, əmək bazarında hansı peşəyə ehtiyac olması, əksinə, hansına olmaması və s. əksini tapmalıdır”.  

Ekspertlər belə bir fikir ifadə edirlər ki, ölkədə 800 min insan işsizdir, buna baxmayaraq, onların torpaq sahələri olduğuna görə, avtomatik işlə məşğul olanlar sayılırlar.

Gənclər arasında işsizliyin 9% olması barədə rəqəmi rəsmi sayan ekspertlər deyirlər ki, ölkənin əmək bazarı dərindən öyrənilsə bu rəqəm bir neçə dəfə yuxarı qalxar: “Hesab edirik ki, nazirə informasiyanı Dövlət Statistika Komitəsi verir ki, bu rəqəmlər də gerçəyi əks etdirmir. Bu rəqəmlər formal əmək bazarını əhatə edir, odur ki, biz bu qədər optimal ola bilmərik”, ekspertlər durumu belə dəyərləndirirlər.

Daha sonra isə məqalədə nazir Səlim Müslümova istinadən deyilir ki, nazirlik bu ilin ilk rübündə gənclərin 30%-ni işlə təmin edib, əlavə təhsil kurslarına və peşə hazırlığına cəlb edilənlərin isə 70%-i gənclər olub.

S.Müslümovun sözlərinə görə, hər il ölkənin əmək bazarına 100 min nəfərdən çox gənc daxil olur və proqnozlara istinadən bu il əmək bazarına 108 min nəfərdən yuxarı gəncin daxil olacağı gözlənilir.

Artmaqda olan problemli kreditlər

“Novoe Vremya” qəzetində “Banklar məhkəmələrin əsas müştəriləridir” sərlövhəli (http://www.novoye-vremya.com/w90970/.../#.WQytJIiLTIU) məqalə oxumaq olar.

Müəllif Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən deyir ki, məhkəmələrdə araşdırılan işlərin sayı 700 mindən yuxarıdır: “Bu artım ilk növbədə bank işlərilə bağlıdır və 280 min məhkəmə prosesi və ya məhkəmələrin 40%-i bank-müştəri münasibətləri sahəsini əhatə edir. Burada əmanətçilərin banklara, eləcə də bankların kreditləri ödəyə bilməyən müştərilərə iddiaları yer alır”.

Daha sonra müəllif artıq bağlanmış banklardan biri olan “Bank Standart”dakı durumu təhlil edir və deyir ki, əmanətçilərə qaytarılan 747,5 milyon manat vəsaitin ancaq 40,5 milyon manatı problemli sayılmır, verilən kreditlərin 95%-i problemli kreditlər sırasına aiddir: “Bunlar arasında 271,2 milyon manat heç nə ilə təmin edilməyib, başqa sözlə, bu bankda 278,5 milyon manat əmanət heç nə ilə təmin edilməyən kredit olaraq verilib və bunun da 95%-i problemli və ya qayıtması mümkün olmayan kreditlər sayılır. Buradan irəli gələrək, hətta başqa banklarda nə baş verdiyini təsəvvür belə etmək olmur”.

Müəllif deyir ki, bu bankın əmanətçiləri olan SOCAR-ın törəmə qurumları, sığorta təşkilatları, “Azercell Telecom”, “Xəzər” universiteti, Sahibkarlığa Kömək Milli Fondu və s. öz pullarını geri ala bilmirlər.

Müəllif problemli kreditlərin həcminin artmasını rəsmi rəqəmlərə əsasən də təhlil etməyin mümkünlüyünü bildirir və deyir ki, 2016-cı ildə banklarda 109 min hüquqi şəxsin hesabı olub, amma 2017-ci ilin yanvarında bu rəqəm 70 min hesaba enib ki, bu da 36% azalma deməkdir: “Belə durumun yaranması səbəbi az deyil, ilk növbədə böhran müəsisələrin bağlanmasına səbəb olub, müəssisələr də öz hesablarını bağlayıblar. Bundan başqa, bağlanan banklarda hesabları olan şirkətlər banklara etimadsızlıq üzündən digər banklarda hesab açmayıblar”.

Müəllif bu təhlillərdən sonra belə bir ümumi qənaət ifadə edir ki, hələ üç il öncə durumu pisləşən bank sistemində yaxşılığa doğru heç nə baş vermir. Hətta kredit bazarında hər hansı aktivlik olmadığı üçün parlamentin daşınar əmlakı girov qoymağın mümkünlüyü haqqında qanun qəbul etməsi də bu sektorda durumun pis olmasının göstəricisi sayılır.

Neft 40 dollardan aşağı düşsə...

“Yeni Müsavat” qəzeti “Bizim üçün qırmızı xətt neftin qiymətinin 40 dollardan aşağı düşməsi ola bilər” (http://musavat.com/news/bizim-ucun-qirmizi-xett-neftin-qiymetinin-40-dollardan-asagi-dusmesi-ola-biler-iqtisadci_435860.html) sərlövhəli məqalədə iqtisadçı-ekspert Vüqar Bayramovun dünya neft bazarında qiymətlərin növbəti dəfə stabil durumundan aşağı enməsinə dair düşüncələrinə yer verib.

Ekspert deyir ki, Brent markalı neftin bir barelinin qiymətinin 50 dollardan aşağı düşməsilə qlobal neft bazarı yenidən çalxalanıb və son iki ayda dünya neft bazarındakı balans “qara qızılın” qiymətinin azalacağına işarə verirdi.

Müəllif neft bazarında qiymətlərin azalması səbəblərini isə belə şərh edir: “Əvvəla, hasilatın azaldılması barədə anlaşma OPEC və eləcə də təşkilata üzv olmayan bir neçə dövlətin, xüsusən də Rusiyanın bazar payını azaltsa da, anlaşmaya qoşulmayan ölkələr hasilatı artırırlar, ABŞ qlobal neft hasilatında mövqeyini gücləndirir.

İkincisi, şist neftin maya dəyəri aşağı düşdükcə OPEC-in bazara təsir imkanları azalır, bir neçə il öncə hər barelinin maya dəyəri 65 dollara başa gələn şist neftin xərci artıq 35 dollara yaxınlaşır. Bu isə o deməkdir ki, şist neft bazarda “əsas rəqib” statusunu gücləndirməkdədir.

Üçüncüsü, Səudiyyə Ərəbistanının bazarda kiçilən mövqeyi İran və İraq tərəfindən tutulmaqdadır”.

Müəllif neft ölkəsi kimi Azərbaycan üçün bu xammalın dünya bazarında qiymətinin vacibliyini bildirir və əslində, neftin bir barelinin 50 dollar olmasını ölkə üçün uyğun sayır: “Amma ən vacibi, təbii ki, qiymət sabitliyidir və burada  qırmızı xətt neftin qiymətinin 40 dollardan aşağı düşməsi ola bilər”.

Müəllif hazırda Azərbaycanın gündəlik neft ixracının 596 min barel olduğunu, neftin dünya bazarındakı hazırkı qiyməti nəzərə alınmaqla, gündəlik neft ixracatından ölkəyə 29,0 milyon dolların daxil olduğunu, bu vəsaitin orta hesabla 75%-nin Azərbaycan dövlətinə çatdığını bildirir.

Müəllifə görə, neftin qiymətindəki hər 2 dollarlıq azalma Azərbaycan üçün gündəlik 1 milyon dollardan artıq itki deməkdir.

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti