Media-icmal 08.05.2017

Dövlət başçısı İlham Əliyevdən dünya birliyinə çağırışlar, ölkədə yoxsulluğun səviyyəsi, dövləti borclanmanın artması bugünki medianın aparıcı mövzusudur...

Prezidentdən yeni çağırışlar

“Azərbaycan” qəzeti “İlham Əliyev yeni qlobal əməkdaşlıq təşəbbüsü irəli sürdü”  (http://www.azerbaijan-news.az/index.php?mod=3&id=121374) sərlövhəli məqalə ilə çıxış edir.

Məqalədə mayın 5-6-da Bakıda keçirilmiş IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda dövlət başçısı İlham Əliyevin irəli sürdüyü çağırışlar dəyərləndirilir.

Müəllif deyir ki, dövlət başçısı Azərbaycanı mədəniyyətlərarası dialoqun ən uğurlu platforması kimi təsbit edərək beynəlxalq birliyi Bakının müsbət nümunəsindən bəhrələnməyə və səyləri birləşdirməyə çağırıb.

Məqalədə vurğulanır ki, Prezident İ.Əliyev 120 ölkədən olan 800-dən artıq qonağın, 50-dən çox beynəlxalq qurumun Foruma qatılmasını müzakirə edilən məsələlərin aktuallığının göstəricisi kimi dəyərləndirib. 

Yazı müəllifi dövlət başçısının daha bir çağırış kimi mədəniyyətlərarası dialoqun vacibliyini xüsusi vurğulamasını göstərir: “Bizim coğrafiyamız və tariximiz, habelə Azərbaycandakı inkişaf onu nümayiş etdirir ki, mədəniyyətlərarası dialoq həm tarixən, həm də bu gün vacib məsələlərdən biri olaraq qalır. Çünki əks təqdirdə dünya daha çox təhlükələrə məruz qalacaqdır”.

Bununla bağlı müəllif deyir ki, dövlət başçısı Azərbaycanın çoxmillətli, çoxkonfessiyalı ölkə olduğunu, burada bütün etnik qrup və dinlərin nümayəndələrinin sülh və harmoniya şəraitində yaşadığını nəzərə çatdırır. Həm də bu sahədə Azərbaycanın tarixi və bugünki inkişafı uğur qazanmağın mümkünlüyünün yaxşı nümunəsi kimi vurğulanır.

Dövlət baçısı 2015-ci ildə I Avropa Oyunlarının müsəlman ölkəsi olan Azərbaycanda keçirildiyini multikulturalizm və dini tolerantlıq göstəricisi kimi dəyərləndirir.

Bu il Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarını keçirməyə hazırlaşmasını dövlət başçısı təkcə idman tədbiri yox, həm də insanları birləşdirən hadisə adlandırıb.  

Bununla yanaşı, məqalədə Prezidentin Azərbaycanın islamofobiya və İslamı terrorçuluqla əlaqələndirmə əleyhinə ən fəal mübarizə aparması haqda mövqeyi də əksini tapır. 

Daha sonra məqalədə dövlət baçısı İ.Əliyevin ölkənin sosial-iqtisadi və siyasi həyatda uğurlar əldə etməsi, siyasi və iqtisadi cəhətdən sabit ölkə, beynəlxalq enerji layihələrinin təşəbbüskarı olması kimi məsələlər də yerini tapır.

Yoxsulluq səviyyəsi hansı həddədir...

 “Exo” qəzeti “Azərbaycanda milyon yarım yoxsul var” sərlövhəli məqalədə (http://ru.echo.az/?p=59192) ölkədə yoxsulluğun səviyyəsini ekspert Nəriman Ağayevlə müzakirə edir.

“Son illər Azərbaycanda yoxsulların sayı artır. Rəsmi statistikaya görə Azərbaycanda yoxsulluğun həcmi 5,5%-dir, reallıqda isə bu, 15%-ə çatır. Təəssüf ki, yoxsulların sayı ölkədəki qeyri-sabit iqtisadi durumdan qaynaqlanır. Manatın məzənnəsi hələ ki, sabitləşməyib, bu isə istər ərzaq, istərsə də qeyri-ərzaq mallarının qiymətlərinin artmasına təsir edir”. Ekspert Nəriman Ağayev durumu qəzetə belə şərh edir.

Ekspert deyir ki, belə bahalanma vətəndaşların xərclərinin artmasına səbəb olur, bundan əlavə, biq rup insan iş yerlərini itirib, gəlir mənbələri yoxdur və bütün bunlar əhalinin vəziyyətinə təsir göstərir. 

N.Ağayev hesab edir ki, gəliri yaşayış minimumunun iki mislinə və ya 310 manata bərabər olan vətəndaşları kasıb saymaq olar, belə ki, 4 nəfərdən ibarət ailənin normal aylıq yaşayış xərci 1000 manatdan az deyil.

Eksperə görə, dövlət statistikası bir neçə səbəbdən yoxuslluğun real səviyyəsini müəyyən edə bilmir ki, bunlardan biri də torpaq sahəsi olan şəxsin, hətta ondan istifadə etməsə belə, işlə təmin olunmuş sayılmasıdır.

N.Ağayev hesab edir ki, Azərbaycanda yoxsulluq səviyyəsinin monitorinqi üsuluna yenidən baxılmalıdır.

Daha sonra müəllif baş nazirin müavini Əli Əhmədovun bir müddət öncə qiymət bahalığı haqqında bütün antiböhran tədbirlərinin vətəndaşların durumuna mənfi təsirin qarşısını almaq üçün görülməsi barədə dediklərini xatırladır: “Etiraf edirik ki, müəyyən qiymət artımını biz də hiss edirik, bununla yanaşı, hökumət qiymətlərin daha da bahalanmasının qarşısını almaq üçün addımlar atır. Düşünmürəm ki, indiki qiymət artımı ölkədə yoxsulluğun artmasına səbəb ola bilər”.   

Müəllif Ərzaq Siyasəti üzrə Beynəlxalq Tədqiqat İnstitutunun tədqiqatlarına istinadən hazırda dünyada 795 milyon nəfərin aclıq çəkdiyini bildirir və Azərbaycanın 118 ölkə arasında aclıq sviyyəsinə görə 9,8 bal aldığını bildirir və bu rəqəmin 2008-ci ildə 15,7 bal olduğunu xatırladır. 

Tədqiqatın nəticələrinə görə, Azərbaycanla müqayisədə qonşu Gürcüstan (8,3 bal) və Ermənistanda (8,7 bal) durum yaxşıdır.

Tədqiqata görə, Azərbaycanda 2016-cı ildə xrioniki qida çatışmazlığı əhalinin 1,7%-ni və ya 150 min nəfəri əhatə edib.

Dövlət borclanması sürətlənir

“Yeni Müsavat” qəzetində “Azərenerji” 360 milyon manat vergini niyə ödəməyib…” (http://musavat.com/news/etibar-pirverdiyev-360-milyon-manat-vergini-niye-odemeyib_436116.html) sərlövhəli məqalə diqqəti çəkir.

Müəllif deyir ki, hökumət üçün dövlət zəmanətilə alınan borcların həcminin artması kimi təhlükəli tendensiya baş verir. 

Məqalədə deyilir ki, bu günlərdə “Fitch” beynəlxalq reytinq agentliyi “Azərenerji” ASC-nin uzunmüddətli defolt reytinqini (IDR) “BB+”, qısamüddətli IDR isə “B” səviyyəsində təsdiqləyib və reytinqlər üzrə proqnozlar neqativdir: “Reytinqin bu səviyyədə təsdiqlənməsinin əsas səbəbi ASC-nin hökumətlə sıx strateji və əməliyyat əlaqələrinin mövcud olmasıdır. 2015-ci ilin sonuna dövlət şirkətinin borclarının 91%-nə Maliyyə Nazirliyi tərəfindən zəmanət verilib. Bu isə o deməkdir ki, “Azərenerji” həmin borcları ödəməkdə çətinlik çəkərsə, onlar dövlət zəmanəti ilə ödəniləcək”.

Müəllif  vergi borcunu ödəmək üçün xarici fondlardan dövlət zəmanəti ilə borc alınmasını büdcəyə ikiqat zərbə sayır və səbəbini belə izah edir ki, gələcəkdə qurum borcunu ödəyə bilməsə, həmin vəsaitlər dövlət büdcəsindən çıxacaq.

Bu məsələyə toxunan iqtisadçı-ekspert Natiq Cəfərli bu barədə həyəcan təbili çalmağın vaxtı olduğunu deyir: “Əslində Azərbaycanda dövlət borclarının hesablanmasının özündə böyük problemlər var. Hələlik ancaq dövlətin yalnız özü üçün ayrılmış kreditlər dövlət borcu kimi hesablanır. İki il öncə dövlət borcları ümumdaxili məhsulun cəmi 8 faizi həcmində idi, indi artıq 20 faizi keçib”. Ekspert Natiq Cəfərli dövlət borcu durumu sahəsində durumu qəzetə belə şərh edir. 

Ekspert  deyir ki, beynəlxalq praktikada dövlət zəmanəti ilə alınmış borclar da dövlət borcu sayılır və bu mənada Azərbaycanın dövlət zəmanəti ilə alınmış borclarının həcmi dövlətin özünün birbaşa götürdüyü borcların həcmindən çoxdur: “SOCAR-ın 8 milyard dollardan yuxarı borcu var. Həmçinin ”Azərsu"nun, “Azərenerji”nin, AZAL-ın dövlət zəmanəti ilə aldığı borclar var. Bir müddət sonra həmin borcları elə dövlət özü ödəməli olacaq. Ya da “Azərenerji” yenidən xaricdən dövlət zəmanəti ilə borc götürərək əvvəlki borclarını qaytaracaq".

N.Cəfərli Azərbaycanın kredit reytinqi aşağı olduğu üçün bundan sonra alınacaq kreditlərin faizinin daha yüksək olacağını da xatırladıb və buna görə də Azərbaycanda bütünlükdə borc siyasətinə yenidən baxmağın lazım gəldiyini söyləyib. 

Ekspertə görə, hələlik dövlət borcları və dövlət zəmanəti ilə alınan borclar ÜDM-in 60 faizi civarındadır, amma borclanmanın sürəti artıb, çünki bu il ilk dəfə  Azərbaycan büdcənin 12%-ni xarici borcların ödənilməsinə ayırıb.

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti