Media-icmal 14.09.18

100 il bundan öncə Bakının azad edilməsi, ixrac əmtəəsində neft-qazın xüsusi payının yüksək olması amilinə baxış, Qarabağ münaqişəsi tərafındakı son vəziyyət və s. məsələlər bugünki (14 sentyabr, 2018-ci il) medianın aparıcı mövzularındandır ...

Paytaxt günü və ya Bakının paytaxt olduğu gün

"Azərbaycan" qəzeti "Zəfər yürüşü" sərlövhəli məqalədə 100 il öncə Bakının erməni-bolşevik hərbi birliklərindən azad olunması tarxini dəyərləndirir.

Müəllif 1918-ci il sentybarın 15-də Bakının erməni-bolşevik hərbi birliklərindən geri alınmasını 100 il öncəki tarixi bir teleqramla xatırladır: "Həmin gün Qafqaz İslam Ordusuna başçılıq edən Nuru Paşa Azərbaycan hökumətinə, Ənvər Paşaya, 3-cü və 9-cu Ordu komandanlarına teleqramlar ünvanladı. Bu teleqramların hamısı eyni cümlə ilə başlayırdı: "Bakı şəhəri 30 saatlıq şiddətli müharibədən sonra sentyabrın 15-də saat 9-da fəth olunub"...

Müəllif həmin vaxtlarda Qafqazda bolşeviklərin basqısının hər gün daha da artdığını, bu bölgə ilə bağlı hazırlanan bütün planların mərkəzində isə zəngin neft mədənləri olan Azərbaycan dururdu.

Müəllif deyir ki, bolşeviklərin məqsədi bu ərazidən türk, müsəlman əhalini təmizləmək və neft yataqlarını ələ keçirmək idi: "İstila planları çox keçmədən həyata keçirilməyə başlandı. Bolşeviklər erməni dəstələrini silahlandırdılar. Bir tərəfdə ağır silahlarla təchiz olunmuş bolşevik ordusu və erməni birləşmələri, digər tərəfdə isə əliyalın və tənha qalmış azərbaycanlılar...".

Müəllif vurğulayır ki, elə buna görə də 1918-ci il martın 30-dan aprelin 1-nə kimi bolşevik ordusu və erməni birləşmələri təkcə Bakıda 15 mindən çox əhalini qətlə yetirilmişdi: "Həmin günlərin şahidləri danışırdılar ki, Bakıda cəsədlərdən başqa heç bir müsəlman qalmamışdı. Həmçinin Şamaxıda, Qubada, Lənkəranda və ölkənin digər bölgələrində də əliyalın, silahsız insanlara qarşı soyqırım törədilmişdi".

Müəllif belə bir mürəkkəb şəraitdə 1918-20-ci illərdə mövcud olmuş Azərbaycan cümhuriyyətinin qurucularından Məhəmməd Əmin Rəsulzadənin başçılıq etdiyi qrupun İstanbulda hərbiyyə naziri Ənvər Paşa və Sultan Məhəmməd Rəşadla görüşdüyünü və Azərbaycana ordu göndərilməsi məsələsinin müzakirə olunduğunu bildirir.

Beləliklə, Azərbaycanın xilaskarı, dövlət müstəqilliyinin təminatçısı olan Qafqaz İslam Ordusu yaradılır və bu artıq 1918-ci ilin aprelində Zəngəzura daxil olur. Mayın 25-də müxtəlif hərbi qüvvələri yenərək Gəncəni azad edir: "Bu döyüşlərdə 112 əsgər şəhid oldu. 3 gün sonra, mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan edildi və Gəncə müvəqqəti paytaxt oldu.

Müəllif Bakının azad edilməsi üçün Qafqaz İslam Ordusunun 20 min nəfərlik hərbi heyətlə yürüşə başladığı, şimalda Şamaxı və Mərəzəni, cənubda Salyan-Neftçalanı azad etməklə Bakının 60-70 kilometrliyinə kimi yaxınlaşdığını bildirir.

Müəllif deyir ki, sentyabrın 13-də Hacı Həsən (bakılılar həmin kəndə el içində Xocasən deyir) kəndinin qərbindəki müşahidə məntəqəsində Nuru Paşa Bakı üzərinə həlledici hücum əmrini imzaladı.

Müəlifin sözlərinə görə, sentyabrın 14-də səhər tezdən, hələ günəş çıxmamış ordu Şabanı dağlarından enərək Yasamal yamaclarına çıxıb, əl bombaları ilə düşməni məhv edərək şəhərin girişində dayanıb. "30 saatlıq qanlı vuruşdan sonra ağ bayraqlı avtomobildə döyüş yerinə gələn düşmənin qərb cəbhəsi üzrə erməni komandiri şəhəri təslim etməyə hazır olduqlarını bildirdilər".

Bununla da Bakıdakı "Sentrokaspi diktaturası" darmadağın edildi, Bakı antiazərbaycan qüvvələrin əlindən xilas oldu və 1918-ci il sentyabrın 17-də - Fətəli xan Xoyski kabinetinin təşkilindən üç ay sonra Cümhuriyyət hökuməti Bakıya köçərək Bakı rəsmən paytaxt elan olundu.

Neftin qiymətinə ümid etmək...

"Novoye Vremya" qəzetində isə "Neftə ümid etmək yeni böhran təxribatı yarada bilər" sərlövhəli məqalə diqqət cəlb edir.

Müəllif Azərbaycanın xüsici ticarət dövriyyəsində neft və neft məhsullarının payının həddən artıq yüksək olmasını və bunun səbəblərini gündəmin müzakirəsinə daşıyır.

Dövlət Gömrük Komitəsinin məlumatlarına istinadən müəllif deyir ki, son 8 ayda Azərbaycanın xarici ticarət dövriyyəsi 2017-ci ilin eyni dövrülə müqayisədə 57,6% artıb, ixrac sahəsində əmtəənin 91%-i neft-qaz sektorunun payına düşür.

"Hələ ki, neft və qaz Azərbaycan üçün başlıca ixrac əmtəəsi kimi qalır, bizim iqtisadiyyat zəif olacaq, dünya itqisadiyyatındakı istənilən təlatüm ölkə iqtisadiyyatına neqativ təsir göstərəcək. Ona görə də neft-qaz sektorunun xüsusi payının artmasına sevinmək, yoxsa, qəmgin olmaq lazımdır, aydın deyil. Şübhəsiz, neftin qiymətinin bahalaşması, xəzinəyə neftdən gələn dollarların daxil olması büdcəni tamamlamaq üçün müsbət amildir. Amma bundan eyforiyaya qapılmaq olmaz, bizdə isə məhz bu baş verir", deyə müəllif bu sahədəki mövcud vəziyyəti anladır.

Müəllif vurğulayır ki, bir zamanlar neftin qiyməti 35-40 dollara enəndə bütün məmurlar qeyri-neft sektorunun inkişafını zərurət kimi təsdiq edirdilər, elə ki, neftin qiyməti bir qədər artdı, həmin an qeyri-neft sektorunun unudulması başlandı və neftin qiymətinə əsasən iqtisadi planlar quruldu.

Müəllif vurğulayır ki, hətta bəzi məmurlar açıq etiraf etdilər ki, son vaxtlar iqtisadiyyatın və bank sektorunun inkişafı yalnız neft tariflərilə bağlı olub: "Görünür, neftin qiymətinin enməsi nəticəsində baş vermiş 2015-ci il böhranı hakimiyyət mənsubları üçün dərs olmayıb, Amma neftin bahalaşmasına baxmayaraq, iqtisadi böhran hələ də dəf olunmayıb. Başqa sözlə hətta neftin indiki yüksək qiyməti belə iqtisadiyyatda, maliyyə və bank sektorunda sabitlik zəmanəti ola bilməz".

Müəllif iddia edir ki, digər sahələri yaddan çıxararaq, hökumətin neft sektoruna yönlənməsi ilə ÜDM-də çətinliklə əldə olunmuş qeyri-neft sektorunun çəkisi tezliklə sürətlə azalmağa başlayacaq ki, heç bir halda buna yol vermək olmaz: "Belə ki, bu növbəti iqtisadi böhranın hərəkətə gəlməsinin ilk zəngi olacaq. Bu da aydındır ki, istənilən səbəbdən ÜDM-in kiçilməsi bütünülükdə Azərbaycanın ixrac imkanlarına ağır zərbə deməkdir".

Məqalə müəllifi vurğulayır ki, neftlə məşğul olaraq kənd təsərrüfatı məhsullarının ixracını zərbə altında qoymaq olmaz. Belə ki, 2017-ci ildə bu sahənin ixracından gələn gəlir neft-qaz satışından gələn gəliri üstələyib.

Üstəlik müəllif iddia edir ki, neftin indiki qiyməti reallığa uyğun deyil, belə ki, yayda bahalaşan neftin qiymətinin payızda ucuzlaşması kimi halı var və buna görə ölkə iqtisadiyyatını neftdən asılı duruma salmaq olmaz.

Müəllifə görə, ixracda neft-qaz sektorunun xüsusi çəkisinin 91%-ə yüksəlməsi özü göstərir ki, ölkə iqtisadiyyatı ilə xoşa gəlməyən hal baş verir və bunu aradan qaldırmaq üçün iqtisadi islahatları yaxşılaşdırmaq lazımdır.

"Kim danışıq istəməlidir?" dilemması

"Azadlıq.info"da isə "Hökumətin Qarabağ rüsvayçılığı" sərlövhəli məqalə oxumaq olar.

Müəllif 30 ildir ki, davam edən Qarabağ münaqişəsi ətrafındakı son durumu dəyərləndirir.

Yazı müəllifinə görə, son günlər problem ətrafında müşahidə olunanlar həqiqətən də acınacaqlıdır: "Bəzən düşünürsən ki, işğalçı ölkə bizik, işğala məruz qalan isə Ermənistan. Çünki Azərbaycan hakimiyyəti bütün dövrlərdə təslimçi mövqe nümayiş etdirib, Ermənistanın addımlarından şikayətlənməklə məşğul olub, atəşkəs pozuntusunun sayını hesablamaqla kifayətlənib və "lazım gəlsə Qarabağı alarıq" kimi gülüş obyektinə çevrilmiş şüarla silahlanıb".

Müəllif deyir ki, indi Ermənistanın baş naziri Nikol Paşinyan meydan sulayır, Rusiya səfəri zamanı Qarabağı Ermənistanın ərazisi kimi təqdim edir, danışıqlar prosesinə yenidən başlanmasını məsləhət görür və "bizim daxili işimizə heç kim qarışa bilməz" mesajı verir.

Müəllif qarşı tərəfin belə mövqe sərgiləməsini və Azərbaycanın Ermənistan tərəfə "savadını artırması" kimi mənasız cavabını "dəhşətli mənzərə" adlandırır.

Müəllif hesab edir ki, baş verənlərə Azərbaycan tərəfdən adekvat reaksiya yoxdur, belə ki, Ermənistan baş naziri açıq şəkildə deyir ki, bir qarış da torpaq qaytarmaq fikri yoxdur, Azərbaycan hökuməti isə nəzarətində olan media qurumlarında Paşinyanın Rusiya səfərini gözdən salmaqla məşğuldur: "Paşinyan faktiki olaraq 25 illik sülh danışıqlarının heç bir mənası olmadığını göstərdi. İşğala məruz qalmış ölkənin hökuməti isə "nə olar, gəlin sülh danışıqlarını davam etdirək" libasına girib".

Müəllif yaranan təzadı belə anladır ki, Rusiyanın quberniyası sayılan Ermənistan Putinin qarşısında mövqe qoyur, Azərbaycan da Putinin xoşuna gəlmək üçün Qarabağı unutmağa da hazır görünür.

Müəllif hakimiyyətin bu yanaşmasından doğan ağır mənəvi nəticələri də dilə gətirir: "Bir dövləti bu qədər qürursuzlaşdırmaq olmaz. Cırtdan boyda Ermənistan, div boyda Azərbaycanı "nənəsinin yağ-yaxmacına" təslim edib. Daxildə vətən sevənlərə divan tuturlar, xaricdə isə vətənimizi işğal edənlərlə şirin söhbət aparılır. Axırda da məlum olur ki, Qarabağ danışıqlarında 1 metr də irəli gedilməyib".

Müəllif Azərbaycanın prosesə yanaşmasına ironik mövqe ifadə edərək bildirir ki, yəqin, hökumətin növbəti bəyanatı "Allah Paşinyanın başına daş salsın", daha sonrakı bəyanatı isə "Qarabağ sizin olsun, sağlığnan işlətməyin" qarğışıyla yekunlaşacaq, beləliklə, hökumət danışıqlardan küsüb, daxildəki "analoqsuz inkişaf"la məşğul olacaq.

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti