Açiq mənbələrdən foto.

Açiq mənbələrdən foto.

Pandemiya ilə bağlı ölkədəki vəziyyət, deputatın pandemiya məhdudiyyətlərinə münasibəti, kütləvi toplantılarn koronavirusa yoluxmanı artıra bilməsinin mümkünlüyü, orduya səfərbərlik qeydiyyatları və s. məsələlər medianın aparcı mövzuları sırasındadır.

Koronavirus ilinin 6 aylıq “göstəriciləri”

“Azərbaycan” qəzeti  “COVID-19 iqtisadi inkişafı ləngitsə də, vəziyyət kritik deyil” sərlövhəli məqalədə ölkədə pandemiya ilə bağlı vəziyyəti dəyərləndirir. 

Müəllifə görə, koronavirusa yoluxma 6 aydan çox aşkarda olsa da hələ ki  bir təsirli irəliləyiş yoxdur, dövlətlər iqtisadi baxımdan ağır vəziyyətə düşüblər,  amma Azərbaycan çox az ölkələrdən biridir ki, labirintdən yol tapıb həm iqtisadiyyatı, həm də xalqı xilas edə bilir.

Pandemiya Azərbaycan iqtisadiyyatına da zərbə vurub, ümumi daxili məhsul istehsalı bu ilin 6 ayında 2,7 faiz azalıb, turizm sektoru 48 faiz, tikinti sektoru isə 14 faiz tənəzzülə uğrayıb.

Azərbaycanda bu ilin 6 ayında 33 milyard 803,9 milyon manatlıq ÜDM istehsal olunub, 6 ayda adambaşına 3 min 393,7 manatlıq (3,4 faiz az) əlavə dəyər düşüb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar-iyun aylarında ölkə üzrə 18 milyard 401,9 milyon manatlıq (1,5 faiz az) sənaye məhsulu istehsal edilib ki, onun da 5 milyard 722,5 milyon manatlığı qeyri-neft sənaye məhsulları olub. Yeri gəlmişkən, qeyd edək ki, bu dövrdə qeyri-neft sənaye məhsullarının istehsalında 11,2 faiz artım qeydə alınıb.

Müəllifə görə, xarici ticarət əlaqələrinə gəldikdə bu sahədə də rəqəmlər pandemiyadan öncəki göstəricilərdən aşağıdır. Bununsa əsas obyektiv səbəbi neftin qiymətinin kəskin ucuzlaşmasıdır. Məhz bu ucuzlaşma səbəbindən ötən 6 ay ərzində xarici ticarət dövriyyəsində ixracın payı ötən ilin eyni dövrünə nisbətən 23 faiz azalaraq 7,7 milyard dollarlıq olub.

Deputat deyir ki...

“Redaktor.az” saytı “Rayonlara gediş-gəlişə icazə verilməlidir- deputat” sərlövhəli məqalədə koronavirus pandemiyası ilə bağlı məhdudiyyətlərə  deputat Bərhuz Məhərrəmovun mövqeyini təqdim edir.

Deputata görə, dövlət həm qanunvericilik, həm də tibbi profilaktik baxımdan çevik addımlar atmağa çalışır, sosial təminatla bağlı müvafiq paketlər də alqışlanandır.

B.Məhərrəmov hesab edir ki, sosial təminat  məsələsində müəyyən boşluqlar olub, bunlardan biri də torpaq sahələri olan vətəndaşların yardımdan kənarda qalması, bəzi texniki prosedurları tənzimləyə bilməməsinə görə müəyyən vətəndaşların yardım ala bilməməsidir.

Deputat bütünlükdə dövlətin pandemiya ilə mübarizə tədbirlərini yüksək qiymətləndirir.

B.Məhərrəmov deyir ki, Operativ Qərargahın bu günə kimi fəaliyyətini uğurlu sayır, amma rayonlara gedişə məhdudiyyətlərin qoyulmasını düzgün hesab etmir. “Hesab edirəm ki, kimin rayonda əmlakı və ya hər hansı bir yaşayacaq yeri varsa, həmin adamların rayona getməsinə icazə verilməlidir”.

O yürüşün “nəticələri”ni görəcəyik

“Yenisabah.az” isə “Bir müddət sonra bu kütləviliyin acı nəticələrini görəcəyik və yaşayacağıq” sərlövhəli məqalədə müəllif iyulun 14-də Bakıda orduya dəstək yürüşündəki kütləviliyi pandemiya fonunda ölkənin baş infeksionisti Cəlal İsayevlə dəyərləndirir.

C.İsayev deyir ki, orduya dəstək yürüşlərində heç kəs karantin qaydalarını gözləmədi, bu da yoluxma hallarının artmasına səbəb ola bilər.

Baş infeksionist əlavə edir ki, yüzlərlə insan bir yerə toplaşdı və maska taxmadı, hamısı yaxın məsafədə idi, başqalarını yoluxdurma ehtimalı yüksəkdir.

“İtkimiz ağırdır. Ordumuzun qəhrəman, yüksək çinli zabitləri şəhid olub, ürək ağrısı ilə bu xəbərləri eşidirik. Yaxınları da, dəfndə iştirak edənlər də karantin dövrünü düzgün qiymətləndirməlidir. İnsanlar yenidən toplaşacaqlarsa, maska taxmayacaqlarsa bunun sonu ağır olacaq. Bir müddət sonra bu kütləviliyin acı nəticələrini görəcəyik və yaşayacağıq”.

C.İsayev bu faktla bağlı bir təhlükəni də diqqətə çatdırır: “Böyük ehtimal ki, yoluxma dinamikasında artım müşahidə olunacaq. Bir tərəfdən, ermənilərlə müharibə şəraitindəyik. Digər tərəfdən, ölkədə COVID-19 pandemiyası hökm sürür. Üçüncü bir tərəfdən, yenidən toplaşma stabilliyin pozulması deməkdir. İnsanların toplaşıb qaydalara əməl etmədən nümayiş keçirməsi ölkəni təhdid altında qoymaq deməkdir”.

Saxta mədhiyyə, saxta vətənpərvərlik

“Azpolitika.info” isə “Səfərbərliyi hoqqabazlığa çevirənlər-icra başçılarının səfərbərlik şöbələrində nə işi var?” sərlövhəli məqalədə müəllif son günlər rayon səfərbərlik idarələrində orduda xidmət üçün qeydiyyatdan keçənlərin məsələsini qiymətləndirir. 

Müəllif deyir ki, iyulun 12-14-də Tovuz istiqamətində baş vermiş döyüşlərdən sonra gənclər ölkə üzrə səfərbərlik elan olunmasını tələb ediblər. 

Amma müəllifə görə, burada təəssüf olunası bəzi məqamlar var: “Qısa müddətdə minlərlə gənc xidmət üçün qeydiyyatdan keçdi. Lakin bəziləri də bu işi süni, şit bir kampaniyaya çevirməkdədirlər. Xüsusilə icra başçılarının bu prosesdə “boy göstərməsi” insanlarda qıcıq və məyusluq yaradır”.

Müəllifə görə, bəzi rayonların icra başçıları artıq yerli səfərbərlik şöbələrinə gedərək adlarını siyahıya yazdırır, pozalar verirlər, şəkillərini mətbuata yayırlar.

İcra başçısı var yaşı 65-i keçib, eləsi var qadındır, bunları savaşa-filana aparan deyillər: “Bəs belə olan halda bu nə artistlik, nə əttökənlikdir görəsən? İnsanlar bilir ki, istənilən icra başçısı canına, milyonlarına iynənin ucu qədər ziyan dəyə biləcəyindən şübhələnsə səfərbərlik xidmətinin heç qapısına da yaxın getməz”.

Müəllifə görə belələrinin vətənpərvərliyi də, könüllülüyü də ölkə rəhbərliyinin ünvanına söylədikləri təriflər, mədhiyyələr kimi saxta, yalançıdır.  Keçirdikləri, tenderlərdən tutmuş verdikləri torpaq, tikinti icazələrinə kimi hər şeyi korrupsiya rüşvət mənbəyinə çevirənlərin torpaq, millət sevgisinə kim inanar?

 

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti