Media-icmal 28.07.18

Əhalinin məşğulluq probleminin həlli, paytaxt Bakıda yaşıllıqların kəskin azalması, tamahkarlıq və zənginlik ehtirasının mənəviyyatı uçuruma aparması bugünkü (28 iyul, 2018-ci il) medianın aparıcı mövzularındandır.

Əhalinin məşğulluq probleminin həlli

"Azərbaycan" qəzeti "Əhalinin məşğulluq probleminin həlli ardıcıl xarakter daşıyır" sərlövhəli məqalədə son illərdə iş yerlərinin yaradılması sahəsindəki fəaliyyəti dəyərləndirir.

Müəllif deyir ki, 2018-ci ilin ilk yarısında ölkədə 67 min yeni iş yeri yaradılıb və bu, əhalinin məşğulluq probleminin həllinə yönəldilən tədbirlərin ardıcıl xarakterli olmasının təsdiqidir : "Yeni iş yerlərinin 58 mini daimidir, müxtəlif səbəblərdən 20 mindən çox iş yeri bağlansa da, bu sahədə dinamika müsbətdir".

Dövlət Statistika Komitəsinə istinad edən müəllif regionların sosial-iqtisadi inkişafı ilə bağlı üçüncü Dövlət Proqramının icrasına başlanan 2014-cü ildən 2018-ci ilin yanvarına kimi ölkədə 721,2 min yeni iş yerinin açıldığını deyir: "Onlardan 530,4 mini daimidir. Təkcə 2017-ci ildə 179,3 mini daimi olmaqla 281,4 min yeni iş yeri yaradılıb".

Müəllifin deməsinə görə, yeni iş yerlərinin 61 faizi qeyri-dövlət sektorunda açılıb, iş yerləri təkcə şəhərləri yox, bölgələri də əhatə edir, belə ki, bu iş yerlərinin cəmi 24,4 faizi Bakıda açılıb, qalanı ölkə bölgələrinin payına düşür.

Daimi iş yerlərinin bir hissəsi yeni yaradılan, fəaliyyətini bərpa edən müəssisə və təşkilatlarda açılıbsa, 74,2 faizi fərdi sahibkarlıq subyektləri tərəfindən yaradılıb: "Bu, sahibkarlığın inkişafına dövlətin yönəltdiyi tədbirlərin yekunu kimi özünü həm də əhalinin işlə təmin olunmasında göstərir. Yəni, dövlətdən hərtərəfli dəstək alan sahibkar fəaliyyətini genişləndirdikcə ətrafına daha çox əməkçi toplayır, onların dolanışığı təmin olunur".

Müəllif deyir ki, bununla belə, ölkədə hələ də daimi iş axtaran vətəndaşlar var, odur ki, dövlət yeni iş yerlərinin açılması prosesini ardıcıl davam etdirir.

Məqalə müəllifinin deməsinə görə, 2017-ci ildə bağlanan iş yerlərinin 81,6 faizi qeyri-dövlət sektorunun payına düşür: "Bağlanan iş yerlərinin 70,1 faizi fərdi sahibkarlıq subyektlərinin, 12,1 faizi isə müəssisə və təşkilatların fəaliyyətinin dayandırılması səbəbindən bağlanıb. Qalan iş yerlərinin itirilməsi fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlarla əlaqədardır".

Müəllif deyir ki, özünüməşğulluq proqramı müasir dövrdə əhalinin işlə təminatının bir yoludur, onun yerinə yetirilməsi iqtisadi inkişafa təkan verməklə bərabər bölgələrdə əhalinin məşğulluğuna kömək edir. Ən başlıcası isə insanları ələbaxımlıq vərdişindən çəkindirir və bu proqrama hər il 6-7 min insanın cəlb olunması nəzərdə tutulur.

Müəllifə görə, iş yerlərinin əhatəsinin genişlənməsi yollarından biri də iqtisadiyyatdakı qeyri-formal məşğulluğu aradan qaldırmaqdır.

Ölkənin yarısı Bakıda

"Modern.az"da isə "Bakıda adambaşına düşən yaşıllıq yarıbayarı azalıb" sərlövhəli məqalə oxumaq olar.

Müəllif paytaxt Bakıda yaşıllıqların qırılması ilə bağlı məsələni ekspert Telman Zeynalovla müzakirəyə çıxarır.

Yazıda vurğulanır ki, bir neçə gün bundan öncə Bakıda, Şərifzadə küçəsi 130A ünvanında şam ağaclarının dibinə kimyəvi maddə tökməklə yaşıllığı məhv etməyə çalışıblar və səbəb də bu ola bilər ki, kimlərinsə məqsədi həmin ərazini ələ keçirmək, satın almaq, obyekt inşa etməkdir.

Müəllif bunu xüsusilə vurğulayır ki, Bakıda yaşıllıqlara qarşı bu cür iyrənc üsullar yeni deyil, paytaxtda "yaşıl soyqırım" davamlı olaraq paytaxtın müxtəlif yerlərində həyata keçirilir, məmurlar buna göz yumurlar.

Müəllif deyir ki, nəticədə Bakıda yaşıllıq zolağının ərazisi ildən-ilə azalır və normalda adambaşına düşən yaşıllığın həcminin nə qədər olması sualı gündəmə gəlir: "Paytaxtda adambaşına düşən yaşıllıq yarıbayarı azalıb. Əslində adambaşına düşən yaşıllıq minimum 25 kvadrat metr olmalıdır, bununla bağlı BMT-də sənədlərə imza atılıb. Yaşıllığın bu qədər olması ratifikasiya edilib". Bu şərhi sayta ekoloq Telman Zeynalov verib.

Amma T.Zeynalov xatırladır ki, ay yarım bundan öncə, tamam fərqli mənzərə yaranıb, belə ki, Nazirlər Kabineti BMT-nin bu normasını Azərbaycanda 5 dəfə azaldaraq adambaşına düşən yaşıllığın 5 kvadrat metr olması qərarı verib.

Ekoloq bu qərarın hansı arqumentlərlə əsaslandırılmasının ona məlum olmadığını deyir.

T. Zeynalov yaşıllıqların məhv edilməsilə bağlı bölgələrdən paytaxta axın probleminə də toxunub və deyib ki, meqapolis böyüyür, hazırda Azərbaycan əhalisinin 50%-dən çoxu paytaxtda yaşayır: "Axı, niyə bu qədər tikili aparıb paytaxtı genişləndirirlər ki, rayonlardan da insan axını çox güclü olur?! Daha yaxşı olardı ki, kənd təsərrüfatı kimi sahələri inkişaf etdirsinlər. Bu zaman regionlarda həmin sahələri inkişaf etdirməklə işçi qüvvəsi də çox olar, insanlar bölgələrdən iş dalınca paytaxta üz tutmazlar".

Ekoloq hesab edir ki, paytaxtın böyüdülməsi özü də yaşıllıqların məhv edilməsi səbəblərindən biridir, üstəlik yaşıllıqlar məhv edildikcə, xəstəliklər və insanlar arasında ölüm riski də yüksəlir.

Müəllif Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühitin Mühafizəsi Departamentinə istinadən deyir ki, 2018-ci ilin son 6 ay ərzində ölkədə ağac və kolların qanunsuz kəsilməsi, zədələnməsi ilə əlaqədar ümumilikdə 415 fakt aşkar edilib, 889 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 50 müddətli "məcburi göstəriş" verilib".

Tamahkarlıq-Allahla yox, İblislə müqavilə

"Novoye Vremya" qəzetində isə "Satılmağın qiyməti" sərlövhəli məqalə diqqəti cəlb edir.

Müəllif insanları tamahkarlığa, acgözlüyə, sərvət toplamağa vadar edən səbəbləri və bu səbəblərin nəticədə "satqınlıq" adlı bir nöqtədə birləşdiyini iddia edərək müzakirə açır.

Müəllif deyir ki, hər gün "bu, neçəyədir?" sualı ilə üz-üzə qalırıq və ümid edirik ki, bizə qanedici cavab veriləcək, cavab həm rəqəm, ya da ekvivalent ifadə də alınır və bu cavabla da qiymət müəyyən olunur .

Bundan irəli gələrək müəllif deyir ki, insanın pulu çox olmadıqda ancaq məişət tələbatlarını ödəməklə məşğul olur və fərqinə varmır ki, tələbatlar gəlirə uyğun artır: "Gəlir isə müxtəlif olur. Əməklə qaznılmış halal, bir də əməkdən kənar, oğurlanmış, haram. Hər ikisi kapitalı artırır. Amma əldə edilən artdıqca tələbat yox, tamahkarlıq artır. Bu tamahkarlığa vərdiş edən puldan asılı vəziyyətə düşür və bu asılılıq özü də elə narkomaniya və ya alkoqoldan asılılıq kimidir. Demək olar ki, heç kim özünü bu asılılıqdan xilas edə bilmir. Asılılığa düşən insanlar isə həmişə özü kimilərini axtarıırlar".

Müəllif deyir ki, tmahkarlığa alışanlar özləri də bunu bilirlər, amma alçaqlıq və satqınlıq üstün gəlir, başını itirərək elə buna görə də dostlarını, valideynlərini, ailəsini və uşaqlarını itirirlər: "Görünür, İblis ilə saziş Allah ilə sazişdən şirindir.

Nə qədər qəribə olsa da onların bir çoxu Allaha inanan inanclı insanlar kimi görünərək ibadət edirlər, hə, niyyətlər fərqidir. Bu qaçhaqaçda. qovhaqovda irq, cins ayrılığı yoxdur. Burada eyni duruma düşən kişi oğru dünyasında olduğu kimi yeni mərhələyə keçmək üçün özü kimi yuxarı ranqda olana müraciət edir, bütün alçaq şərtlərə razı olur. O, kastaya daxil olmaq üçün ailəsindən, hər kəsdən imtina etməyə hazırdır. Elə ki hamısı bir yerdə oldu, birgə banketlər, toylar, bir-birini təqlid başlayır. Övladları ancaq bu darirədən ailə qurmalıdır ki, "cins"ləri pozulmasın".

Müəllif deyir ki, onlar hər şeyin qiymətini bilirlər, yalnız şərəf və vicdanın qiymətini bilmirlər.

Yazı müəllifi deyir ki, yenə də sabahı gün yerimizdən qalxacaq, harasa gedəcək və yenə də "bu, neçəyədir?" sorusu ilə üzbəüz qalacağıq.

Müəllifə görə, insan xoşqəlbli olmadıqca burnunu uca tutur, çünki, burnunu uca tutduğu yerə hələ ki qəlbini yüksəldə bilməyib.

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti