İqtisadi inkişafın göstəriciləri, sosial müdafiə sistemində islahatlara zərurət, intihar və intihara cəhdləri yaradan səbəblər, ictimai nəqliyyatda gediş haqlarının artırılması və s. bugünkü (31 iyul, 2018-ci il) medianın aparıcı mövzuları sırasındadır...
İqtisadi inkişaf indikatorları
"Azərbaycan" qəzeti "İqtisadi müstəqilliyin yaratdığı reallıq" sərlövhəli məqalədə ölkədəki iqtisadi inkişafı dəyərləndirir.
Müəllif deyir ki, qeyri-sabit dünyada Azərbaycanda həyata keçirilən siyasi və iqtisadi islahatlar ölkəyə uğurlar gətirir, onu dünyada etibarlı və layqli üzv dövlət kimi tanıdır: "Azərbaycan son 15 ildə dünyanın heç bir dövlətinə müyəssər olmayan sürətli inkişaf yolu keçib. 2003-cü ildən bu yana valyuta ehtiyatlarını 24 dəfə artıraraq 44,3 milyard dollara yüksəltməsi, iqtisadiyyatına 250 milyon dollar investisiyanın yatırılması bunu təsdiq edən ən vacib faktlardır".
Müəllif MDB dövlətləri arasında əməkhaqqının ayda 306 dollar olması ilə Azərbaycanın 5-ci yer tutmasının özünü də uğur adlandırır.
Məqalədə ölkənin iqtisadi inkişafı ilə bağlı perspektivlərə nəzər salınaraq beynəlxalq "Standard & Poor's" reytinq agentliyinin hesabatına istinadən deyilir ki, 2018-2021-ci illərdə Azərbaycan iqtisadiyyatı orta hesabla 3 faiz böyüyəcək.
Hesabata görə, növbəti 4 ildə qaz ixracının tədricən artması gözlənilir ki, bu da daha geniş iqtisadi fəallığı özündə ehtiva edəcək.
Müəllif "Fitch Ratings" Beynəlxalq Reytinq Agentliyinin Azərbaycanla bağlı proqnozlarına istinadən ölkədə mövcud olan geniş sosial və siyasi sabitliyin davam edəcəyini, iqtisadiyyatın 2018-ci ildə bu il 2 faiz artacağını bildirir.
Müəllif Agentliyin göstəricilərinə əsasən Azərbaycanda makroiqtisadi sabitliyin inflyasiyanın 3,2 faizə düşməsi fonunda yüksəldiyini deyir, səbəblər sırasında manatın məzənnə sabitliyini, bank sektorunda dollarlaşma səviyyəsinin azalmasını göstərir: "Depozitlər üzrə dollarlaşmanın səviyyəsi 67 faizdən 63 faizə, kreditlər üzrə isə dollarlaşmanın səviyyəsi 41 faizdən 39 faizə düşüb".
Yazı müəllifi deyir ki, Azərbaycan sosial-iqtisadi inkişaf tempinə və aparılan iqtisadi islahatlara görə də dünyada öncül yerlərdədir: "Məsələn, Dünya Bankı tərəfindən hazırlanan "Doing Business- 2017" hesabatında Azərbaycan 65-ci pillədə qərarlaşmışdı. Hesabata əsasən, Azərbaycan dünyada 3 və daha çox islahat aparan 29 ölkədən biri idi. Ötən il isə "Doing Business 2018" hesabatında Azərbaycan 8 pillə irəliləyərək 190 ölkə arasında 65-ci pillədən 57-ci yerə yüksəldi".
Müəllif deyir ki, bütün bunlar dövlət başçısı İlham Əliyevin yeni iqtisadi inkişaf strategiyasının məntiqi nəticəsidir və Azərbaycanın uğurlu gələcəyinin təminatçısıdır.
Təkmilləşməyə ehtiyacı olan sosial müdafiə sistemi
"Novoye Vremya" qəzetində isə "Sosial təminat sisteminin islahatlara ehtiyacı var" sərlövhəli məqalə oxumaq olar.
Müəllif ölkədəki mövcud sosial təminat sisteminin səmərəsizliyini müzakirəyə çıxarır.
Yazı müəllifi deyir ki, ölkə hakimiyyəti iqtisadiyyatın sosialyönlü, şəxsiyyətin inkişafına və tərəqqi etməsinə istiqamətləndirilmiş iqtisadiyyat olduğunu bildirir.
Müəlif vurğulayır ki, digər tərəfdən sosialyönlü iqtisadiyyat iddiası həm də əhaliyə layiqli vəsait verilməsi deməkdir.
Rəsmi mənbələrə istinadən müəllif deyir ki, hazırda ölkədə 409284 nəfər sosial müavinətlə təmin edilir, bu ilin ilk yarısında Əmək və Əhalinin Sosial Müdadiəsi Nazirliyi 48 min 391 nəfərə birdəfəlik müavinət verib.
Müəllifə görə, yaxşısı bu idi ki, vətəndaş özü qazanaraq hansısa vəsaitlərdən asılı olmaya, amma sosial müavinət həyatın təkib hissəsidir və dövlət əhalinin aztəminatlı təbəqəsinə nəzərdə tutulan sosial yardım sistemini təkmilləşdirməlidir:
"Bu, sirr deyil ki, ölkədə əhalinin böyük hissəsinin gəlirləri müəyyən edilən yaşayış minimumundan bir qədər yuxarıdır və bu təbəqənin sosial müdafiəyə ehtiyacı var".
Müəllif hesab edir ki, 2015-ci ilin iqtisadi böhranı sosial müdafiəyə ehtiyacı olanların sayını kəskin artırdı, belə ki, çoxları iş yerlərini bununla da yaşamaq üçün gəlir mənbələrini itirdilər.
Məqalə müəllifi deyir ki, bu sahədə vəziyyəti normallaşdırmaq üçün atılan addımlar eilə də ciddi nəticə vermədi: "Bir tərəfdən, vakant yerlər təqdim etməklə elə indinin özündə də keçirilən əmək yaramarkaları məşğulluq problemini həll edə bilmir, digər tərəfdən isə işsizliyə görə verilən müavinət hətta minimum tətələbatı belə təmin etməyə yetərli deyil. Üstəlik, müavinət almaq özü mürəkkəb məsələdir və bürokratik əngəllər az deyil".
Vəsaitlərin həcminə gəlincə, bu, əsas məsələdir, bunu yaxşılaşdırmaq lazımdır, müəllif belə müqayisə təqdim edir ki, Almaniyada isizliyə görə aylıq vəsait 2 min avro, Azərbaycanda isə bu rəqəm 200 manatdan bir az çoxdur.
Müəllif əlavə edir ki, əlilliyə görə verilən müavinətlər isə daha acınacaqlı haldadır .
Yazı müəllifi hesab edir ki, məhdud imkanlı uşaqlara ayda 90-100 manat verilən müavinət yolverilməz təhqirdir və dövlət bu məqsədlə az vəsait ayırmır.
Müəllifə görə, Azərbaycan sosial təminat sistemi əmək bazarını səmərələşdirə bilsə yoxsulluq, sosial müavinətə ehtiyac azalar, müavinətlərin həcmi isə artar.
Körpüyə qaldıran səbəblər aradan qalxmadıqca...
"Azadlıq.info"da isə "Vətəndaşı intihar körpüsünə kim çıxardır?" sərlövhəli məqalə diqqət cəlb edir.
Müəllif son vaxtlar artmaqda olan intiharları və intihara cəhdləri araşdırır, həm də araşdırma iyulun 30-da daha bir nəfərin metronun "Koroğlu" stansiyası yaxınlığında intihar məqsədilə körpünün üzərinə çıxması fonunda aparılır.
Müəllif isə intiharlar və intihara cəhdlər fonunda iddia edir ki, Azərbaycanda intihara cəhd həyat normasına dönüb, çoxdandır ki, bu ölkədə ölüm yaşamaqdan cazibədar olub.
Yazı müəllifinin iddiasına görə, adamları intihar körpüsünə hökumət özü çıxarır və burada söhbət təkcə ölkənin baş nazirinin də qatılaraq qarşısını aldığı bir intihara cəhddən getmir: "Azərbaycandakı bütün intihar cəhdlərinin statistikası aparılsa, məlum olacaq ki, hüquqsuzluq, məmur özbaşınalığı, ədalətsizlik, bank talançılığı, aşağı əməkhaqqı və s. səbəblər aparıcıdır. Yəni, uzun illər ölkədə korrupsiyanın, qanunsuzluğun hakim olması, vətəndaşı ümidsiz, arxasız edib".
Müəllif deyir ki, insanlar əmindirlər ki, hansı quruma müraciət etsələr süründürməçilik, rüşvət tələbiylə üzləşəcəklər, ona görə də ən yaxşı həmdəm, ən yaxşı məmur, ölümün özüdür və problemin birdəfəlik həlli intihardan keçir.
Məqalə müəllifi deyir ki, bu yaxınlarda bir nəfərlə söhbət edib, həmin şəxsin 10 ildir 2 sot torpaqda ev tikə bilmədiyini, buna səbəb isə işə başlamaq istəyəndə 5000 rüşvət tələb olunmasını göstərib: "Ya 5 min manat verəcəksən, ya da evi uçuracağıq. Rüşvət istəyənlərin hamısının da bir şüarı var, "get, kimə istəyirsən şikayət et". Bu "qanun" ölkənin hər yerində keçərlidir".
Yazı müəllifinə görə, ölkədə on minlərlə ailə bu tipli quldurluqlardan cana doyub, kredit ödəyən bir cür, təhsil haqqını ödəyə bilməyən başqa cür, müalicə olunmaq istəyən tamam fərqli tərzdə "labirint"lərə salınır.
Müəllif iddia edir ki, haqsızlığa uğramış adamın üz tutacağı ünvan qalmır və beləliklə, yeganə "xilaskar" kimi ölüm "köməyi"nə gəlir: "Demək istəyirəm ki, vətəndaşa qiymət verilməməsi, pulun qanunları doğraması intihar zərurəti yaradıb".
Müəllif hesab edir ki, indi əsas məsələ adamları körpüdən endirməkdən daha çox, onları körpüyə qaldıran səbəbləri aradan qaldırmaqdır.
Sürətli bahalanmaya yol açan qərar
"Modern.az" isə "Bu qərar taksi və kənd təsərrüfatı məhsullarının qiymətini bahalaşdıracaq" sərlövhəli məqalə maraq doğurur.
Müəllif Tarif Şurasının iyulun 30-da keçirilən iclasında metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi 1 gediş üçün 30 qəpik, Bakı şəhərində, eləcə də digər şəhər və rayonlarda sərnişindaşıma xidməti tarifini 1 gediş üçün 30 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 1 gediş üçün 30-90 qəpik, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik təsdiq edilib.
Müəllif ictimai nəqliyyatda gediş haqqının avqustun 1-dən 50 faiz artırılması haqda qərarını və ehtimal olunan nəticələrini iqtisadşı-ekspert Qubad İbadoğlu ilə müzakirə edir.
"30 qəpik gediş haqqı keçid dövrü üçündür. Bir müddətdən sonra 10 qəpik çatışmazlığı bəhanəsi ilə qiymətlər 40 qəpiyə qaldırılacaq". Ekspert bu istiqamətdə perspektivi belə görür.
Q.İbadoğluna görə, bu qərar ilk növbədə taksi xidmətlərinin və kənd təsərrüfatı məhsullarının qiymətini bahalaşdıracaq, həm də növbəti qiymət artımları üçün əsas yaradacaq.
Ekspert həqiqətən də Azərbaycanda ictimai nəqliyyatda mövcud qiymətlərin aşağı olduğunu vurğulayıb, amma Bakı şəhər sakinlərinin əsas nəqliyyat vasitəsi kimi metroda tarifin 50 faiz bahalaşmasının ilk növbədə inflyasiyaya artırıcı təsir göstərəcəyini söyləyib.
Ekspert deyir ki, metroda gediş haqqı inflyasiyanın hesablanması üçün istifadə edilən istehlak səbətində 5-ci xüsusi çəkiyə malik xidmət sayılır.
.İbadoğlu hesab edir ki, ictimai nəqliyyatda gediş haqlarının bahalaşması eyni zamanda taksidə də gediş haqlarının artımını şərtləndirəcək, 30 qəpik gediş haqqı keçid xarakteri daşıyır, bu, sadəcə, nəbz yoxlamasıdır. Bununla yanaşı bu digər sahələrdə gözlənilən qiymət artımlarının reallaşması sürətlənəcək.
Ekspert deyir ki, kənd təsərrüfatı mövsümü başa çatan kimi dizel yanacağının və mazutun da qiyməti bahalaşacaq:
Q.İbadoğlu vurğulayır ki, metroda və digər ictimai nəqliyyat vasitələrində gediş haqlarının qiymət artımın neqativ təsirlərini neytrallaşdırmaq üçün hökumət xüsusilə aztəminatlı və ictimai nəqliyyatdan müntəzəm olaraq istifadə edənlərin xərclərinin tənzimlənməsi barədə qərarlar qəbul etməlidir.
Ekspert təklif edir ki, tələbələr üçün gediş haqlarının əvvəlki-20 qəpik səviyyəsində saxlanması üçün xüsusi güzəştli ödəniş kartları dövriyyəyə buraxılsın.
Ekspertə görə, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün tarifin 2,4 qəpiyə qaldırılması xüsusilə də mövsüm dövründə rayondan şəhərə daşınan kənd təsərrüfatı mallarının qiymətinə bahalaşdırıcı təsir göstərəcək.
Q.İbadoğlu deyib ki, ictimai nəqliyyatda gediş haqqının bahalaşdırılması, özü də dövlət büdcəsindən subsidiya alan metroda şəffaflıq və hesabatlığın artımına, keyfiyyətin yüksəlməsinə xidmət etməlidir, təəssüf ki, indiki şərtlərlə bunları gözləməyə dəyməz.
Rəy yaz