COVID-19 pandemiyası şəraitində ərzaq idxalından aslılığın əhalinin sosial durumuna təsiri
Koronavirus pandemiyasının ciddi sosial-iqtisadi təsirləri olacağını BMT-nin Baş katibi qeyd edib.
Bu günlərdə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru QU Dongyu G20 ölkələrinin liderlərini qlobal qida sistemlərinin yaxşı işləməsi üçün tədbirlər görməyə, xüsusən də COVID-19 pandemiyası zamanı əhalinin kasıb və ən yoxsul həssas təbəqəsi üçün ərzaq əlçatanlığının təmin edilməsinə çağırıb.
O, 2007-2008-ci illərdəki böhranı yada salıb və deyib ki, o dövrdəki qeyri-müəyyənlik bəzi ölkələr tərəfindən ixrac məhdudiyyətləri dalğasına səbəb oldu, digərləri isə aqressiv şəkildə ərzaq idxalına başladı. Cənab Qu bunun, aşağı gəlirli, ərzaq çatışmazlığı olan ölkələr üçün zərər verən həddindən artıq qiymət dəyişkənliyinə səbəb olduğunu deyib.
Artıq belə tendensiyanın olduğunu demək olar. Bəzi ölkələr əhalinin ərzaq təhlükəsizliyini daha güvənli etmək məqsədilə ərzaq ehtiyatlarını artırmağa çalışır. Məsələn, qonşu Rusiya və Qazaxıstan kimi ölkələr bu ildən buğda ixracını məhdudlaşdırmaq haqqında artıq qərar qəbul ediblər. Rusiya Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, aprelin 1-dən iyunun 30-dək taxıl - buğda, çovdar, arpa və qarğıdalı ixracı 7 milyon ton məhdudlaşacaq. Regionun ən böyük taxıl ixracatçılarının buğda ixracına məhdudiyyət qoyması Azərbaycan kimi daha çox idxaldan asılı olan ölkələr üçün ciddi problem yarada bilər.
Qeyd etməliyəm ki, Rusiyada ərzaq buğdasının qiyməti ciddi şəkildə artmışdır. Koronavirus pandemiyasına görə karantinə hazırlaşan bir çox ölkələrdə müştərilər marketlərdən daha çox un və un məmulatlarının- makaron, vermeşil və sair məhsulların alışına üstünlük verərək, demək olar ki, mağazaları boşaltmışlar. Yaranmış ajiotajdan əməli işə keçən idxalçılar sərhədlərin bağlanmasından ehtiyatlanaraq təcili taxıl ehtiyatlarını artırmaq qərarına gəliblər.
Ölkələrdə un məhsulları ətrafında ajiotaj yaranması dünya bazarında taxıl məhsullarının qiymətlərinin görünməmiş dərəcədə artmasına səbəb olub. Martın 20-də Rusiyada bir həftə ərzində 3-cü və 4-cü sinif buğdanın 1 tonunun qiyməti 12,250 rubldan 13.275 rubladək artıb. Rusiya Taxıl İstehsalçıları Birliyinin məlumatlarına görə qiymət artımı mart ayının sonunadək davam edib.
Onu da qeyd etməliyəm ki, hələ pandemiya elan edilməmişdən əvvəl də dünya bazarında ərzaq mallarının və taxıl məhsullarının qiymətlərində artım müşahidə olunurdu. Son 2 ildə Azərbaycana idxal olunan buğdanın dəyəri 20 faizdən çox artmışdır. Ölkəyə 2017-ci ildə gətirilən buğdanın 1 tonunun idxal dəyəri 178,2 ABŞ dolları təşkil etdiyi halda, 2019-cu ildə 214,8 dollara qədər artmışdır. Azərbaycan ərzaq buğdasını əsasən Rusiyadan, az bir hissəsini isə Qazaxıstandan idxal edir. 2019-cu ildə ölkəyə 1 584,9 min ton (340,5 milyon dollar dəyərində) ərzaq buğdası idxal edilmişdir.
Azərbaycan dünyada adambaşına ən çox çörək (150 kiloqram) istehlak edən ölkələrdən biridir. Öıkə əhalisinin sürətli artımı, təbii olaraq ərzağa və ölkə sənayesinin kənd təsərrüfatında istehsal olunan xammala təlabatını artırır. Lakin ilbəil buğda istehsalında ciddi artım göstərilsə də, eyni adda məhsulun idxalının artıdığını görürük. Cədvəl 1-dən də göründüyü kimi il ərzində ərzaq məhsullarının istehsalı üçün istifadə olunan buğdanın 70 faizə qədəri idxal edilir.
Cədvəl 1 Buğda ehtiyatları və istifadələri, min ton.
2010 | 2015 | 2016 | 2018 | 2019 | |
İstehsal | 1 272,3 | 1 639,8 | 1 799,8 | 1 991,6 | 2 172,5 |
İdxal | 1 330,0 | 1 353,0 | 1 599,5 | 1 080,9 | 1 584,9 |
Ərzaq məhsullarının istehsalı üçün | 1 848,3 | 2 075,9 | 2 198,7 | 2 211,3 | 2 300,3 |
Rusiyanın, Qazaxıstanın buğda ixracını məhdudlaşdıracağı haqqında verdiyi qərarlar və həmin ölkələrdə baş verən qiymət artımları Azərbaycan hökumətini ciddi düşündürməlidir. Belə çıxır ki, Azərbaycan həmin ölkələrdən əvvəlki həcmdə və əvvəlki qiymətə artıq buğda ala bilməyəcək. Ölkəyə idxal olunan ərzaq buğdasının həcminin azlması və qiymətin bahalaşması daxili bazara ciddi təsir göstərəcək. Ona görə ki, çörəkbişirmədə istifadə olunan buğdanın 69,5 faizi idxal edilir.
Ərzaq təhlükəsizliyinin ən vacib prinsiplərindən biri tələbatın daxili istehsal hesabına odənilməsi, digəri isə ərzağın hamı üçün əlçatan olmasıdır. Təssüflər olsun ki, Azərbaycan özünün heç bir adda ərzaq və qida məhsullarına olan təlabatlarını daxili istehsal hesabına ödəyə bilmir. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müəyyən etdiyi qida normasına uyğun olaraq adambaşına ət norması il ərzində 78 kiloqram olduğu halda, Azərbaycan il ərzində adambaşına 33 kiloqram, yəni təlabatın yalnız 42 faizi qədər ət istehsal edir. İdxal olunan ət və ət məhsulları ilə birlikdə isə ümumi təlabatın yalnız 51 faizi təmin olunur. ÜST-ün müəyyən etdiyi beynəlxalq qida normasını nəzərə almasaq da, ölkədə bir sıra məhsullar üzrə özünütəminat aşağı səviyyədədir. Belə ki, istehlak olunan ərzaq buğdası üzrə özünütəminat 30,5%, idxaldan aslılıq isə 69,5 faizdir. Bitki yağları üzrə idxaldan aslılıq 100%, düyü 82,6%, makaron məmulatları 75%, cay 61,7%, şəkər, kərə yağı kimi əsas məhsullar üzrə idxaldan aslılıq 30 faizdən yüksəkdir. Digər məhsullar üzrə vəziyyət cədvəl 2-də təqdim edilmişdir
Cədvəl 2. 2018-ci ildə qida məhsulları istehsalı, idxalı və idxaldan aslılıq səviyyəsi
Məhsulun adı | İstehsal (ton) | İdxal (ton) | İstehlak (ton) | İdxaldan aslılıq, faiz |
Buğda 2019-cu il (min ton) | 2 172,5 | 1 584,9 | 2 280,3 | 69,5 |
Kartof | 898 914 | 158 272 | 721 435 | 21,9 |
Tərəvəz | 1 521 931 | 36 794 | 1 109 021 | 3,3 |
Meyvə giləmeyvə | 1 010 816 | 138 078 | 728 641 | 18,9 |
Süd və süd məhsulları | 2 080 437 | 330 853 | 2 358 911 | 14 |
Ət və ət məhsulları | 326 024 | 68 874 | 390 531 | 17,6 |
Yumurta, min ədəd | 1 676 213 | 18 537 | 1 507 205 | 1,2 |
Balıq | 61 879 | 13 148 | 72 799 | 18 |
Pendir | 50 081 | 7 508 | 57 247 | 13,1 |
Düyü | 11 975 | 49 826 | 60 275 | 82,6 |
Un | 1 603 133 | 73 223 | 720 553 | 10,1 |
Makaron məmulatları | 4 230 | 11 204 | 14 930 | 75 |
Duz | 64 410 | 16 224 | 47 070 | 34,4 |
Bitki yağları | 71 143 | 150 534 | 148 517 | 100 |
Kərə yağı | 23 638 | 9 759 | 32 046 | 30,4 |
Şəkər | 200 983 | 93 290 | 248 769 | 37,5 |
Çay | 9 323 | 12 978 | 21 032 | 61,7 |
Bəla burasındadır ki, son bir neçə ayda Azarbaycan idxal etdiyi yeyinti məhsullarının qiymətlərində ciddi artım müşahidə olunur. Belə ki, Dövlət Gömrük Komitəsinin təqdim etdiyi məlumatlara əsasən apardığımız hesablamalar göstərdi ki, 2020-ci ilin yanvar-fevral aylarında respublikaya gətirilən ət və ət məhsullarının idxal dəyəri keçən ilin eyni dövrü ilə müqayisədə 30 faiz, südün idxal dəyəri 15 faiz artmışdır (Cədvəl 3). Həmçinin əvvəlki illə müqayisədə meyvə-tərəvəzin, bitki və heyvan mənşəli piylərin və yağların, çayın və digər məhsulların da idxal dəyəri yüksək olmuşdur.
Cədvəl 3 2019-2020-ci illərin yanvar-fevral aylarında idxal məhsulların 1 tonunun dəyəri, dollarla
Məhsulun adı | 2019-cu ildə idxal dəyəri | 2020-ci ildə idxal dəyəri | 1il ərzində fərq |
Ət və ətməhsulları | 1379 | 1793 | + 414 |
Süd | 1286 | 1484 | + 201 |
Kərə yağı | 5129 | 4950 | -179 |
Meyvə-tərəvəz, | 518 | 528 | +10 |
Piylər və yağlar | 789 | 913 | +124 |
Çay | 3746 | 3834 | +88 |
Beləliklə, ölkənin əsas ərzaq məhsulları üzrə özünütəminat səviyyəsi aşağıdır. Ölkə bitki yağına, çaya, ərzaq buğdasına, düyüyə və sair məhsullara olan təlabatını əsasən idxal hesabına ödəyir. İdxal olunan yeyinti məhsullarının qiymətləri hələ dünyada pandemiya elan edilməmişdən əvvəl ciddi şəkildə artmışdır.
BMT-ni FAO təşkilatı koronavirus pandemiyasının dünya ərzaq təchizatında problem yaradacağını və bu səbəbdən də əsas qida məhsullarının qiymətlərinin artmasına gətirib çıxaracağını bildirir. Belə olan halda ərzaq təhlükəsizliyini təmin edə bilməyən Azərbaycan kimi ölkələrdə yeyinti məhsulları qıtlığı və ərzaq mallarının qiymətlərində kəşkin qiymət artımı baş verə bilər. Qiymətlərin bahalaşması isə kasıb və yoxsulluq şəraitində yaşayan əhali üçün çox ağır zərbə olacaq. Digər tərəfdən qiymətlərin bahalanması yoxsulluğu dərinləşdirəcək, çünki Azərbaycan adambaşına gəliri aşağı olan ölkələr sırasındadır. Demək olar ki, əhalinin əsas hissəsinin istehlak xərcləri real gəlirləri səviyyəsindədir.
Onu da qeyd etməliyəm ki, 2019-cu ildə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 45,8%-i ərzaq məhsullarının alınmasına sərf olunub.
Hökumət əhalinin ərzaq əlçatanlığını təmin etmək üçün sosial təhlükəsizlik mexanizmlərini gücləndirməlidir. Nümunə üçün qeyd etməliyəm ki, Azərbaycan kimi adambaşına gəliri aşağı olan Argentina koronavirus pandemiyasına görə ciddi karantin rejimi tətbiq etməklə yanaşı, vətəndaşların sosial müdafiəsinin gücləndirilmək, aztəminatlı əhaliyə yardım etmək məqsədilə bir sıra addımlar atdı. Baxmayaraq ki, üçüncü ildir ki, Argentina defolt həddindədir və demək olar ki büdcə kəsirini maliyyələşdirmək üçün vəsait toplamaq imkanı yoxdur, bununla yanaşı ölkədə bir çox tədbirlər görüldü, yəni həkimlərə əlavə kompensasiyalar ödənildi, kiçik müəssisələrin vergilər ödənişləri ləğv edildi, yoxsul vətəndaşlara, pensiyaçılara və sosial müavinət alanlara əlavə yardımlar verildı.
Digər ölkələrdə olduğu kimi Azərbaycan hökuməti də aztəminatlı ailələrin, işsizlərin sosial müdafiəsinə daha çox diqqət yetirməlidir. Hesab edirəm ki, hökumət ərzaq məhsullarının qiymətlərinin artımı şəraitində əhalinin aztəminatlı təbəqələrinin, işsizlərin sosial müdafiəsini gücləndirməli və onların alıcılıq qabiliyyətinin aşağı düşməsinin qarşısını almalıdır.
Rəy yaz