cabmin.gov.az

cabmin.gov.az

Nazirlər Kabineti  koronavirus pandemiyasının yaratdığı böhranın iqtisadiyyata və sosial sferaya neqativ təsirlərinin qarşısını almaq üçün prezidentin sərəncamı ilə  2020-ci ilin dövlət büdcəsindən ayrılan  1 milyard manatın[1]  bölüşdürülməsini əks etdirən tədbirlər planını[2] açıqlayıb.  Öncə qeyd edim ki, Tədbirlər Planı 4 işçi qrupundan (iqtisadiyyat, biznes, bank və sosial) daxil olan təkliflərin məcmusunu özündə birləşdirir. Çox təəssüflə onu da qeyd etməliyəm  ki, təqdim olunmuş təkliflər arasında əlaqənin düzgün qurulmaması tədbirlər planını sistemsiz və hədəfsiz formata salıb. Bu sənədin məqsəd və hədəflərinə də mənfi təsir göstərib. Odur ki, bu yazıda Tədbirlər Planına və orda  əks olunmuş əsas  fəaliyyətlərə  münasibət bildiririk.

Tədbirlər Planında  bölüşdürülən 1 milyard manat  vəsaitin 15 faizinin birbaşa sosial məqsədlər üçün, 85 faiznin isə biznesin ehtiyaclarının qarşılanması ilə xərclənməsi planlaşdırılır. Biznesin böhrandan mühafizəsi ilə bağlı nəzərdə tutulan xərclərin 35,8 faizi və ya 305 milyon manatı orda çalışan muzdlu  işçilərə və fərdi (mikro) sahibkarlara onların məşğulluğunun təminatı və fəaliyyətinin dəstəklənməsi məqsədilə ödəniləcək.  Belə ki, iş yerlərinin azaldılmaması məqsədilə pandemiyadan zərər çəkmiş sahələrdə çalışan 300 min nəfər  muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi  məqsədilə  Tədbirlər Planının 2-ci bəndində 215 milyon manat vəsait  nəzərdə tutulub ki, bu da həmin işçilərin orta hesabla  1 ay əzində 716,6 manat və ya 2 ay ərzində  hər aya 358,3 manat əmək haqqı ödənişlərində istifadə olunacaq. Məlumat üçün qeyd edim ki,  2020-ci il fevralın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1641,0 min nəfər olmuş, onlardan 911,9 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 729,1 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib və 2020-ci ilin yanvar ayında onların  orta aylıq nominal əməkhaqqı 712,1 manat olub.[3] Göründüyü kimi, bu istiqamətdə dövlət dəstəyi özəl bölmədə muzdla çalışan 729,1 min işçinin yalnız 300 min nəfərini əhatə edəcək.  Yerdə qalan 429,1 min nəfər muzdlu işçinin dəstək proqramından kənarda qalması onların çalışdığı sahələrin pandemiyadan təsirlənməməsi ilə izah edilir. Bu isə onu göstərir ki, pandemiyanın təsirləndiyi sahələr üzrə tədqiqatlar səthi olmuş və mövcud vəziyyət düzgün dəyərlənidirilməmişdir. Əslində hazırda milli iqtisadiyyat tamamilə dayanıb, yeganə fəaliyyətdə olan neft-qaz sektoru və bəzi sənaye sahələri,  kənd təsərrüfatı və kommunikasiya bölməsidir.  Neft-qaz sektorunda çalışanların dövlət bölməsinə aid edilməsi də onu göstərir ki, pandemiyanın sektorlar üzrə təsirlərinin müəyyənləşdirilməsi zamanı bir çox sahələr məqsədli şəkildə çıxdaş edilmişdir. Burda başlıca məqsəd həmin sektorda çalışanlara dövlət dəstəyinin göstərilməməsi ilə büdcədən ayrılan vəsaitin miqdarını azaltmaqdır. 

Tədbirlər Planının 3-cü bəndində göstərilir ki, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən 300 min fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi üçün 80 milyon manat ayrılıb. Bu o deməkdir ki, 1 fərdi (mikro) sahibkara orta hesabla 266,6 manat pul veriləcək. İş yerlərinin azaldılmaması məqsədilə həyata keçiriləcək bu tədbirin icrası zamanı 2019-cu ildə vergiləri, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta ödənişləri əsas meyar kimi götürüləcək. Burda diqqəti 2 məqama cəlb etmək istərdim. Birincisi, sahibkarala ödəniləcək dəstəyin orta məbləği 1 aylıq orta aylıq əmək haqqının yarısı qədərdir. Bu onlara dəyən zərərin örtülməsi üçün əhəmiyyətli maliyyə mənbəyi ola bilməz.
İkincisi, hətta bu kiçik məbləği ayırarkən hakimiyyət fərdi (mikro) sahibkarlar arasından fərq qoyur. Belə ki, bu dəstək də yalnız 2019-cu ildə vergiləri, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta ödənişlərini həyata keçirənlərə şamil olunacaq. Elə bil ki, hökümət yardım deyil, kredit verir, bank kimi qərar verəndə müştərinin borc tarixini əsas götürür. Xüsusilə hazırkı böhran dövründə belə yanaşma qəbulolunmazdır. Məhz bu yanaşma nəticəsində 600 minə qədər fərdi sahibkar dəstək proqramından kənarda qalır. Belə ki,  ötən ilin iyul ayının 1-nə olan məlumata görə, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 880 mini keçib[4].

Tədbirlər Planında diqqəti çəkən başlıca məqamlardan siyasi hakimiyyətə bağlı olan biznesin və bankların korporativ maraqlarının müdafiəsidir.  Belə ki, tədbirlər planında büdcədən  ayrılan 1 milyard manat vəsaitdən ən çox pay götürən həyati vacib sərnişindaşıma sahəsidir. Tədbirlər Planının 10-cu bəndinə görə,  bu sahəyə  maliyyə dəstəyinin göstərilməsi üçün bütövlükdə  ayrılmış  1 milyard manat  vəsaitin 28 faizi və ya 280 milyon manat  nəzərdə tutulub.  Bu vəsait hava, dəmiryol, avtomobil, metro və su nəqliyyatı arasında bölüşdürüləcək. Böyük ehtimalla vəsaitin bölüşdürülməsi zamanı AZAL (Silkway və Buta), Azərbaycan Dəmir yolları, Bakı Metropoliteni, BakuBus, Ələt dəniz limanı nəzərdə tutulan yardımdan daha çox bəhrələcək.  

Banklara gəlincə,  tədbirlər planının 19-cu maddəsində qeyd olunur ki, bank və sığorta bazarının peşəkar iştirakçılarının maliyyə bazarlarına nəzarət orqanına ödədikləri haqların ləğv edilib. Bununla əlaqədar iki  qeydi də bölüşmək istərdim.  Birincisi, maliyyə bazarlarına nəzarət orqanına yalnız bank və sığorta bazarının peşəkar iştirakçıları haqq ödəmir. Maliyyə bazarlarında nəzarət edilən subyektlər tərəfindən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına ödənilən haqların tənzimlənməsi Qaydalarına[5] görə, bank olmayan kredit təşkilatları (BOKT), poçt rabitəsinin milli operatoru, fond birjaları, investisiya şirkətləri, mərkəzi depozitar, klirinq təşkilatları, investisiya fondları, investisiya fondunun idarəçiləri, investisiya fondunun depozitarı, kredit büroları, lotereya təşkilatçıları (stimullaşdırıcı lotereyalar istisna olmaqla) və idman mərc oyunlarının operatorları haqlar ödəyirdi. Sual olunur, nədən bu haqqı ödəməkdən yalnız banklar və sığorta bazarının peşəkar iştirakçıları azad olunur, digərlərinə belə güzəştlər nəzərdə tutulmur. 

İkincisi, banklar və sığorta bazarının peşəkar iştirakçılarının maliyyə bazarlarına nəzarət orqanına ödədikləri haqların ləğv edilirsə, bundan faydalananlar niyə istehlak kreditləri üzrə heç bir güzəşt (kredit tətilləri, kredit ödənişlərindən tan və ya qismən azad olunma və sair) təklif etmirlər. Məlumat üçün qeyd edim ki, banklar kapitalından asılı olaraq maliyyə bazarlarına nəzarət orqanına ildə 300 mindən - 800 minədək haqq ödəməlidirlər. Koronavirusa görə irəli düşən banklar istehlak kreditlərinə görə niyə güzəşt təklif etmir? Hesab edirəm ki, Mərkəzi Bank Azərbaycan Banklar Assosiyası ilə birlikdə istehlak kreditlərinə güzəştlərə dair təkliflərini ən qısa müddətdə təqdim etməlidir.

Tədbirlər Planın ən zəif həlqəsi əhaliyə edilən sosial yardımlardır. Belə ki,  pandemiyanın yaratdığı böhranın məşğulluğa təsirini azaltmaqdan ötrü cəmisi 100 milyon manat vəsait xərclənməsi nəzərdə tutulur. Bu vəsaitin 70 milyon manatı  200 min işsizə 2 ay ərzində hər ay 190 manat,  30 milyon manatı isə 50 min iş axtaranın  müvəqqəti məşğulluğunun təmin edilməsi üçün  xərclənəcək. Bundan əlavə,  40 milyon manat sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinə,   10 milyon manat  əhaliyə güzəştli işıq limitinin aprel-may aylarında 100 kvts. həcmində artırılmasına yönəldiləcək.

Bununla əlaqədar olaraq bildirmək istərdim ki, bu ilin yanvarın ayının 1-ə olan məlumata görə, məşğulluq mərkəzlərində rəsmi qeydiyyatdan keçən işsizlərin sayı 81,5 min nəfərdir ki, onların da indiyədək yalnız 6,6 faizinə və ya 540 nəfərinə işsizlikdən sığorta haqqı ödənilir. Belə olan halda da  çox böyük ehtimalla 200  min işsiz üçün nəzərdə tutulan 2 aylıq birdəfəlik yardımdan 81 min nəfər  köhnə işsizlər (pandemiyaya qədər) və 119 min yeni işsizlər (pandemiyadan sonra) bəhrələcənəcək. Hesab edirəm ki,  pandemiyadan sonra yaranmış  işsizlərin sayı  dəstək proqramına daxil edilmiş 119 min nəfərdən dəfələrlə çoxdur. Bu isə heç də bütün işsizlərin yardım proqramından faydalanacağını deməyə imkan vermir. 

Əhali qrupu üçün elektrik enerjisinin güzəştli istifadə limitinin 300 kVt/saatdan 400 kVt/saata artırılmasına gəlincə, “Azərişıq” ASC-nin açıqlamasına görə[6], hazırda əhali qrupu abunəçilərinin 80 faizi mövcud olan 300 kVt/saatlıq limitidən az enerji istehlak edir.  Yalnız 20 faizə qədər məişət abunəçisi qeyd edilən limiti aşır. Deməli bu qərarın 80 faiz abunəçilərə heç bir faydası olmayacaq. Nəticədə əhali qrupu istehlakçıları ay ərzində istifadə etdikləri elektrik enerjisinin ilk 400 kVt-saata   qədər artırılmasında bəhrələnən orta və varlı təbəqənin nümayəndələri olacaq. Məlumat üçün qeyd edim ki, bu dəyişikliyə görə 400 kvt/saata qədər elekrtik enerjisinin 1 kvt/saatı 7 qəpik, ondan yuxarı oalrsa 11 qəpikdən hesablanır.

Göründüyü kimi Nazirlər Kabineti koronavirus pandemiyasının yaratdığı böhranın iqtisadiyyata və sosial sferaya neqativ təsirlərinin qarşısını almaq üçün prezidentin sərəncamından irəli gələn taprşırıqların icrası zamanı daha çox siyasi hakimiyyətin korporativ maraqlarından çıxış edib.

Qubad İbadoğlu


[1] https://president.az/articles/36228

[2] https://cabmin.gov.az/az/document/4367/

[3] https://www.stat.gov.az/news/index.php?id=4507

[4] https://vergiler.az/news/economy/3050.html

[5] http://www.huquqiaktlar.gov.az/StatementDetails.aspx?statementId=37534

[6] https://report.az/energetika/tahir-ceferov-biz-calisamliyiq-ki-telebati-qeyri-ehali-qrupu-isteh/?fbclid=IwAR34euBfUyfjesuzNJwhI_5hTHz1DM5wiqYzrWnEiYf5IPWS0KpQ5-qsXw0

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti