Arlem Dezir Azərbaycanda jurnalistin azad edilməsini alqışlayıb

Bakı/30.08.19/Turan: "Mən Azərbaycanda jurnalist Seymur Həzinin 5 illik həbs cəzasını çəkəndən sonra azadlığa çıxmasından məmnunam. Ölkədə həbsdə olan bütün digər jurnalistlərin və blogerlərin sərbəst buraxılmasına çağırıram". Bu sözləri ATƏT-in media azadlığı üzrə nümayəndəsi Harlem Dezir Tvitter-dəki mikrobloqunda yazıb.

Qeyd edək ki, avqustun 29-da jurnalist Seymur Həzi 5 illik həbsdən sonra azadlığa buraxılıb. "Azadlıq" qəzetinin şöbə müdiri, "Azərbaycan saatı" televiziya proqramının aparıcısı və redaktoru olmuş Seymur Həzi Cinayət Məcəlləsinin xuliqanlıqda ittiham olunaraq, 5 il müddətinə azadlıqdan məhrum edilib. O, ittihamları təkzib edib və ona qarşı təxribat törədildiyini bildirib, həbsini peşə fəaliyyəti ilə əlaqələndirib.

Beynəlxalq hüquq müdafiə təşkilatı onu "vicdan məhbusu" kimi tanıyıb.

Avropa İnsan Hüquqları Məhkəməsi ötən il Seymur Həzinin həbsinin qanunsuz olduğunu etiraf edib və jurnalistə mənəvi zərərə görə 13 min avro, digər xərclərə görə isə 1500 avro ödənilməsi barədə qərar çıxarıb. -0-

Rəy yaz

Siyasət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti