�Qazprom, çətin ki, qaz kəmərini Ermənistandan keçməklə müasirləşdirsin�, - Gürcüstanlı politoloq

Bakı/10.08.17/Turan: "Gürcüstan və Azərbaycan arasında energetika sahəsində əməkdaşlığın çoxillik tarixi var. Bunun müsbət münasibətlər tarixi olması və sadəcə bizim bir-birimizə lazım olmağımız faktına əsaslanması xüsusilə əhəmiyyətlidir", bu barədə Strateji Araşdırmalar İnstitutunun siyasi analitiki Gela Vasadze Gürcüstanın yeni energetika naziri İlya Eloşvilinin Gürcüstanın qazlaşdırılması haqqında bu yaxınlarda verdiyi bəyanatla bağlı Turan-ın sorğusuna cavabda bildirib.

Xatırladaq ki, Eloşvili yerli nəşrlə söhbətdə xüsusilə qeyd edib ki, AR Dövlət Neft Şirkətinin (SOCAR) gürcü "qızı" tərəfindən Gürcüstanın qazlaşdırılması prosesi qrafikə uyğun gedir və ilin sonuna doğru artıq SOCAR Georgia-nın 250 min gürcü abunəsinin qazla təchiz edilməsi üzrə öhdəlikləri tamamilə yerinə yetiriləcək və hətta bu rəqəmi aşacaq. Onun sözlərinə görə, qazlaşdırma işləri Tbilisinin hüdudlarından kənarda bir çox rayonları əhatə edir və hazırda Gürcüstanın idxal etdiyi qazın böyük hissəsi Azərbaycandan daxil olur (90%), 2007-ci ildən etibarən, boru kəmərlərində partlayışdan sonra bu ölkənin qazı tədricən Rusiya qazını əvəz edib. Bundan başqa, SOCAR-ın bir sıra törəmə şirkətləri Gürcüstanda uğurla işləyir.

"Gürcüstan üçün Azərbaycan qaz mənbəyidir, Azərbaycan üçün isə bizim ölkəmiz enerji resurslarının dünyaya ixracı yoluna çevrilib. Bu əməkdaşlığın alternativi varmı? Nəzəri cəhətdən bəli. Gürcüstan qazı Rusiyadan ala, Azərbaycan isə öz enerji resurslarının Rusiya vasitəsilə ixrac edə bilərdi. Amma hər iki halda bu, şimal qonşusundan uşaq kimi asılı olmaq deməkdir, bunun isə hansı təhlükələr doğurduğunu Tbilisidə də, Bakıda da yaxşı bilirlər. Odur ki, burada hər şey təbii və qarşılıqlı səmərəlidir. Əlbəttə, Gürcüstanda regionlara qaz nəqlinin və paylanmasının bir-birindən ayrılması haqqında alternativ fikir var. Amma "hər şeyi bir ələ vermək olmaz" kimi arqumentlər mənə çox da inandırıcı gəlmir", deyə Vasadze bildirib.

Gürcüstanlı istehlakçılar üçün Azərbaycanın "mavi yanacağının" qiyməti haqqında məsələyə toxunan analitik qeyd edib ki, "... birincisi, Gürcüstanda enerji resurslarının qiymətlərinin tənzimlənməsi üzrə komissiya var və onsuz heç kim qiyməti qaldıra bilməz. İkincisi, belə qarşılıqlı asılılıq səviyyəsi olduğu halda hər iki tərəfin öz maraqlarını müdafiə etmək üçün əsaslı arqumentləri var. Odur ki, Socar-ın regionları qazlaşdırmasında heç bir təhlükə görmürəm, - deyə həmsöhbətimiz qeyd edib. - Qaz qiymətlərinin bahalaşmasına gəlincə, inflyasiya səviyyəsini və on ildən çoxdur qiymətlərin bahalaşmadığını nəzərə alsaq, bahalaşma daha da ciddi ola bilərdi. Amma burada dünya bazarlarında enerji daşıyıcılarının qiymətlərinin ümumi ucuzlaşması da öz təsirini göstərib".

Gürcüstanın yeni energetika nazirinin dediyi kimi, qonşu ölkənin enerji təhlükəsizliyinin mühüm aspektlərindən biri olan siyasət və iqtisadiyyat sahəsində iki ölkə arasında strateji qarşılıqlı əlaqələr məsələsinə gəlincə, maraqlıdır ki, Gürcüstan Rusiyadan Rusiya qazının Ermənistana nəqlindən tranzit haqqı kimi 10% alır. "Bu əməkdaşlıq olmasa Gürcüstan qazsız qalacaq, Azərbaycan isə öz neftini və qazını sata bilməyəcək. Təbii ki, bu, hər iki ölkənin təhlükəsizliyinin əsas aspektidir. Rusiya qazının Ermənistana tranzitinə görə Gürcüstan hazırda pul ödənişi alır. Bu il Gürcüstan bu pulla Azərbaycan qazı alır. Gələn il necə olacağını heç kim bilmir, ola bilər ki, sxem eyni olsun", Vasadze belə düşünür.

Rəsmi Yerevanın İran qazının Gürcüstan vasitəsilə Avropaya tranzitində iştirak etmək barədə rezonans doğuran istəyinə toxunan politoloq qeyd edib ki, bu təklif hələlik ehtimal olaraq qalır: "Onun nə dərəcədə real olduğu aydın deyil. Energetika sahəsində ekspertlər arasında ona münasibət, əlbəttə ki, müsbətdir, axı nə qədər çox qaz kəməri olsa, o qədər yaxşıdır. Əksər ekspertlərin layihənin perspektivlərini skeptik qiymətləndirməsi başqa bir məsələdir, ilk növbədə ona görə ki, Ermənistanın qaz nəqliyyatı sistemi Qazprom-un əlindədir, onlar isə, çətin ki, qaz kəmərinin Ermənistandan keçməklə müasirləşdirilməsinə razılaşsınlar. Niyə İranın şəxsində rəqib buraxsınlar? Bundan başqa, Rusiya kimi, İrana qarşı da sanksiyalar rejimi mövcuddur".

Bu arada, Gürcüstanın, bir tərəfdən yaranmış geosiyasi Bakı-Tbilisi-Ankara oxu şəraitində gizli surətdə energetika və hərbi-siyasi sahədə Azərbaycanın müttəfiqi olan, digər tərəfdən Ermənistanla dostluq münasibətlərini davam etdirən Gürcüstanın çətin seçim qarşısında qaldığını istisna etmək olmaz. Eyni zamanda, Bakı KİV-in Moskva və Tbilisinin Ermənistan və Rusiya arasında Abxaziya və Cənubi Osetiya ərazisindən keçən birbaşa əlaqəni bərpa etmək razılığı haqqında məlumatlara heç bir şərh vermir. Görünür, Azərbaycan rəhbərliyi rəsmi Tbilisidən bu məsələ ilə bağlı izahat gözləyir, yerli ekspert dairələrində belə düşünürlər. Həmsöhbətimizin bu məsələ ilə bağlı mövqeyi belədir: "Heç bir razılaşma yoxdur və çətin olsun".

Ümumilikdə isə, bu yaxınlarda Eloşvilinin bildirdiyi kimi, siyasət və iqtisadiyyat sahəsində iki ölkə arasında strateji əlaqələr ölkənin energetika təhlükəsizliyinin əsas aspektlərindən biridir. Hazırda Azərbaycan Gürcüstana əsas təbii qaz tədarükçüsüdür. Yanacaq tədarükünü SOCAR öz yataqlarından çıxardığı qaz həcmindən təmin edir. Bundan başqa, Gürcüstan Cənubi Qafqaz qaz kəməri ilə "Şahdəniz" yatağından qaz alır.

Rəy yaz

Siyasət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti