Açiq mənbələrdən foto.
SOCAR və "KazMunayQaz" Qazaxıstan neftinin tranziti üzrə strateji əməkdaşlıq barədə razılığa gəliblər
Bakı/22.06.23/Turan: Bu gün Bakıda Azərbaycan və Qazaxıstanın baş nazirləri Əli Əsədov və Əlixan Smailovun danışıqlarının yekunlarına əsasən sənədlər paketi imzalanıb.
Əsasən “AzərTelekom” Məhdud Məsuliyyətli Cəmiyyət ilə “Kazakhtelecom” Açıq Səhmdar Cəmiyyəti arasında müqavilə imzalanıb.
Həmçinin "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti, "Qazaxıstan Dəmir Yolları Milli Şirkəti" Səhmdar Cəmiyyəti və "Gürcüstan Dəmir Yolları" Səhmdar Cəmiyyəti arasında birgə müəssisənin yaradılması və fəaliyyətinin əsas prinsipləri haqqında üçtərəfli saziş imzalanıb.
Qazaxıstan neftinin Azərbaycan Respublikası ərazisindən tranzitilə bağlı strateji əməkdaşlıq haqqında memorandumu Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və "KazMunayQaz" Açıq Səhmdar Cəmiyyəti imzalayıblar.
Turizm, idman, mədəniyyət sahəsində idarələrarası əməkdaşlığa dair memorandumlar da imzalanıb.
Bundan əlavə, nəqliyyat qarşılıqlı fəaliyyətinin genişləndirilməsi və Orta dəhlizin rəqəmsallaşdırılması, gəmilərin və dəmir yolu lokomotivlərinin təchizatının həyata keçirilməsi sahəsində əməkdaşlıq haqqında memorandumlar imzalanıb.
İki ölkənin Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri arasında 2023-2024-cü illərdə əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlıq haqqında sazişin həyata keçirilməsi üçün tədbirlər planı da imzalanıb.
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Qazaxıstan Respublikasının Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyi arasında görüşün protokolu imzalanıb.
Qeyd edək ki, bundan öncə, iyunun 9-da Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib ki, 2023-cü ildə Bakı-Tbilisi-Ceyhan boru kəmərilə ilin sonunadək 1,125 milyon ton Qazaxıstan neftinin nəqli nəzərdə tutulur. 06B
Rəy yaz