Tanınmış, istedadlı gənc video blogger, Reportiyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun sədri Mehman Hüseynov Cinayət Məcəlləsinin 147.2-ci maddəsi (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) ilə ittiham olunaraq Suraxanı rayon məhkəməsinin 3 mart 2017-ci il tarixli hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. Apelliyasiya məhkəməsi də birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxladı. Blogger Azərbaycan polisinə böhtan ataraq onun nüfuzunu zədələməkdə ittiham olunur (!?). Maraqlıdır, görəsən Mehman Hüseynov polisə hansı “böhtan”-ı atıb, onun nüfuzunu necə “zədələyib”? Və ya ümumiyyətlə polisə böhtan ataraq onun nüfuzdan kim salır?
Gəlin əvvəlcə görək Mehman Hüseynov kimdir? O istedadlı fotoqraf və bloggerdir. 300 mindən çox izləyicisi olan “Sancaq Produktion” səhifəsinin yaradıcısıdır. Vaxtaşırı olaraq ölkədə məmur harınlığını, səriştəsizliyini, yanlış idarəetməni, eləcə də korrupsiya və monopoliya hallarını çəkdiyi videolarla kəskin ifşa edib. Onu xeyli sayda izləyən və sevən oxucuları var. Gənc olmasına baxmayaraq ölkənin ən populiyar və sosial şəbəkələrdə izlənən simalarından biridir.
Mehman polisə necə “böhtan atıb”?
Tanınmış blogger bu il yanvarın 10-da şəhərin mərkəzində dostlarından ayrılarkən zorla maşına oturdulub oğurlanaraq naməlum istiqamətə aparılıb. 15 saatdan çox onun yeri gizli saxlanılıb. Bu barədə yaxınlarına, ailə üzvlərinə və vəkilinə hər hansı məlumat verilməyib. Yaxınları tərəfindən DİN- in 102 Qaynar xəttinə zəng edilsə də məlumat almaq mümkün olmayıb. Bildirilib ki, Mehman Hüseynov polisdə deyil.
Sonradan məlum olub ki, o, Nəsimi rayon 22- ci polis bölməsində saxlanılıb. Necə deyərlər ictimaiyyətə yanlış məlumat verilib. O da məlum oldu ki, başına qara torba keçirilən Mehman polis bölməsində zorakılığa, qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qalıb. O bu barədə 11 yanvarda əvvəlcə Nəsimi rayon məhkəməsində hakimin, sonra isə məhkəmə önündə jurnalistlərin qarşısında çıxış edərkən bildirib və sonra aidiyyatı qurumlara şikayət edib. Maraqlıdır ki, onun şikayətini araşdıraraq lazımi ölçü götürmək əvəzinə bloggerin özünə qarşı cinayət işi açıblar. Şikayəti lazımi səviyyədə araşdırılmayıb. Nə istintaq, nə də məhkəmə əhəmiyyətli sübutları qiymətləndirməyib. Ekspertiza keçirilməyib, hadisə yerində və polis bölməsində quraşdırılmış video görüntülər incələnməyib. Mehmanın verdiyi ifadələr, psixi durumu, köynəyindəki qan ləkələri və s. araşdırılmayıb. Əksinə o, Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında verdiyi şikayət əsasında tələm- tələsik məhkəmə önünə çıxarılaraq məhkəmə zalında həbs edilib.
Tanınmış blogger niyə həbs olundu?
M. Hüseynov son illər ölkənin ən çox tanınan, izlənilən və sevilən video bloggerlərindən biridir. O, fotoqraf və bloggerlik fəaliyyətinə görə hələ 2012-ci ildə də həbs edilib, ona qarşı xuliqanlıq ittihamı irəli sürülüb. Həbs edilməsi tələbi ilə məhkəmə qarşısına çıxarılsa da, polis nəzarətinə verilmə barədə qərar qəbul olunub. Bundan sonra ölkədən çıxışı qadağan olunub, sonradan isə şəxsiyyət vəsiqəsi və pasportu əlindən alınıb, yenisini verməkdən isə imtina edilib.
Mehman Hüseynov dəfələrlə ölkədə yüksək ranqlı məmurların korrupsiya əməllərini və yarıtmaz idarəçiliyini kəskin tənqid edib. Bu yaxınlarda Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova məxsus olduğu bildirilən, Qəbələdə tikilmiş dəbdəbəli bir villada 3 milyon manat həcmində işıq lüstrunun fotosunu ictimailəşdirmişdi və sual vermişdi ki, Azərbaycanlı nazir bu bahalı çıl- çırağı hansı pulla, necə alıb? Təbii ki, sual açıq və cavabsız qaldı. Mehman Hüseynov yolların çəkilməsində korrupsiyaya yol verildiyini, Bakının kanalzasiya probleminin ağır vəziyyətdə olmasını, büdcənin talan edildiyini, polis zorakalığı, məmur özbaşınalığı və harınlığı, Qarabağ qazilərinə və şəhid ailələrinə diqqətsizlik və s. barədə maraqlı videolar çəkib ictimailəşdirirdi. Mehman gənc olmasına baxmayaraq istedadlı və cəsarətli bloggerdir. Onun həbsinin tezləşməsinə səbəb məhkəmə qərarından bir neçə gün öncə dövlət başçısı İlham Əliyevin öz həyat yoldaşını 1- ci vitse- prezident təyin etməsi ilə bağlı keçirdiyi ironik video sorğu və bu sorgunu ictimailəşdirməsi oldu.
Polisi nüfuzdan kim salır?
Mehman Hüseynovun həbsi diqqəti yenidən polisə yönəltdi. Çünki yuxarıda qeyd olunduğu kimi o, polis təşkilatına böhtan ataraq onu nüfuzdan salmaqda ittiham olunur və bloggeri məhkəməyə də polis rəisi verib. Maraqlıdır, görəsən Azərbaycan polisini nufuzdan kim salır; Mehman Hüseynov, yoxsa başqaları? Apardığımız araşdırmalar və gündəlik qarşılaşdığımız onlarla fakt sübut edir ki, polisi həqiqətən nüfuzdan salırlar. Amma kim? Məsələn, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları 2012- ci ildə “Kür” Vətəndaş Cəmiyyəti fəalı İlham Əmiraslanovu həbs edərək Sabirabad Olimpiya Mərkəzinə gətirir, başına torba keçirib stola bağlayırlar. Döyür və təhdid edərək istintaqa sərf edən etirafedici ifadə almağa çalışırlar. Təklifi qəbul etməyən ictimai fəala ağır işgəncələr verilir, döyülür və aldığı zərbələrdən onun qulaq pərdəsi cırılır. Müdafiə tərəfinin təkidli tələbi ilə İlham Əmiraslanov İstintaq Təcridxanasında tibbi ekspertizadan keçirilir və ekspertiza təsdiq edir ki, həqiqətən onun qulaq pərdəsi deşilib. Amma buna görə kimsə məsuliyyətə cəlb olunmur. İndi sual oluna bilər; polisi nufuzdan ona etirafedici ifadə verməyən İlham Əmiraslanov salır, yoxsa ictimai fəala işgəncə verərək ondan zorla ifadə almağa çalışan polis? Və ya Hollandiyada yaşayan siyasi mühacir, blogger Orduxan Teymurxanın tənqidi çıxışlarına görə onun bacılarının polis şöbəsinə gətirdib incidən polis rəisini nüfuzdan kim salır; özü, yoxsa Orduxan bəy?
Son illər polis çoxlu sayda insanları mitinqlərdə, ictimai aksiyalarda qadın- kişi, uşaq- böyük demədən amansızlıqla döyüb, fiziki zorakalığa məruz qoymağa vadar edilir. Bu zorakalığı əks etdirən yüzlərlə fotolar və video görüntülər var. Həmin görüntülərin bir hissəsini də Mehman Hüseynov çəkib ictimailəşdirib. Heç kimə sirr deyil ki, polis ictimai fəalların cibinə narkotik maddələr qoyub, onların şərlənib həbs olunmasında alət kimi istifadə olunub. İstintaq orqanları “növbətçi hal şahidləri”- ndən günahsız insanların şərlənib həbs olunmasında istifadə ediblər. Məsələn, siyasi məhbuslardan İlham Əmiraslanovun, Babək Ədalətlinin, Elvin Abdullayevin, Fərəc Kərimlinin, eləcə də digər siyasilərdən Nailə Paşayevanın, Azər Qurbanovun, Nəsimi Quliyevin və başqalarının haqqında olan cinayət işində polisin adamı olan eyni şəxs “hal şahidi” kimi iştirak edir- Dərgah Quliyev. Bu şəxs qanunvericiliyə zidd olaraq onlarla cinayət işində paralel şəkildə “hal şahidi” olub.
Başqa bir misal; saysız- hesabsız insanlar polis bölmələrində ağır işgəncələrə, qeyri- insani hərəkətlərə, təhdidlərə məruz qalıb. Təkcə “Nardaran işi” ilə bağlı həbs olunanlara DİN BMCMİ- də tutulan divan Xocalı soyqrımı zamanı dinc, günahsız soydaşlarımıza qarşı həyata keçirilən qəddarlıqla müqayisə oluna bilər. Taleh Bağırzadə başda olmaqla onlarla şəxs təsdiq edib ki, 26 noyabr 2015- ci il Nardaran hadisələri zamanı Fərahim adlı yerli kənd sakini polislər tərəfindən mebel maşınında avtomatın qundağı ilə döyülə- döyülə öldürülüb. Həbs olunan şəxslərdən istintaqa sərf edən ifadələrin alınması üçün onları döyüb, başı üstə asıb, elektroşoka veriblər, axtalama, zorlama, eləcə də həyat yoldaşlarını polisə gətirib onlara qarşı nəlayiq hərəkətlər edəcəkləri ilə təhdid ediblər.
Taleh Bağırzadə, jurnalist Fikrət Fərəməzoğlu və digərləri qanunvericiliyə zidd olaraq 1 aydan artıq “bandotdel”- də saxlanılaraq işgəncələrə, fiziki və psixoloji təzyiqlərə məruz qalıblar.
Eyni zamanda son illər onlarla dinc, günahsız insanın polis bölmələrindən “intihar” xəbərləri yayılır. Hətta Daxili İşlər Nazirliyinin bildirdiyi kimi həmin şəxslər özlərinə sui- qəsd etsələr belə sual olunur; niyə insanlar polis bölmələrində intihara əl atırlar?
Son zamanlar polis bölməsində “intihar” edənlərin statistikasına nəzər salaq; Bəhruz Hacıyev Mingəçevir şəhər polis şöbəsində, Rəşad Mehdiyev Sumqayıt polisində, Zaur Sultanov isə Xəzər rayon 1 saylı polis bölməsində müəmmalı şəkildə dünyasını dəyişib. Onların yaxınlarının verdiyi məlumatda və təqdim etdiyi fotolarda həmin şəxslərin amansız işgəncə nəticəsində dünyasını dəyişdiyi qeyd olunur.
Polis zabiti adam oğurluğu cinayətində...
DİN- də yüksək vəzifə tutan vəzifəli şəxslərin polisi nüfuzdan salan bir çox ağır cinayətlərin törədilməsində və həyata keçirilməsində iştirakı məhkəmə qaydasında təsdiq olunub. Bu cinayətlərin ən hay- küylüsü, diqqət çəkənlərindən biri DİN- nin keçmiş baş əməliyyat müvəkkili, hazırda həbsdə olan Hacı Məmmədov tərəfindən həyata keçirilib. Hacı Məmmədov (2006- cı ilin avqustun 9-da məhkəmədə ifadəsində bildirir- red.) DİN Baş Cinayət Axtarış İdarəsinin rəisi Zakir Nəsirovla birgə Beynəlxalq Bankın prezidenti Cahangir Hacıyevdən 2 milyon avro pul almaq üçün onun həyat yoldaşı Zamirə Hacıyevanı oğurlayırlar. Hacı Məmmədovun insan ogurluğu, adam öldürmək və s. kimi ağır cinayətləri məhkəmə tərəfindən sübuta yetirilərək ömürlük həbs cəzasına məhkum edilib.
Müəmmalı şəkildə oğurlanmış qardaşı Mahir Abdullayevin geri qaytarılması ilə bağlı onunla danışıqlar aparan şəxslərin video görüntüsünü gizli şəkildə lentə alan ABU- nun sabiq rektoru Elşad Abdullayev adam oğurluğu cinayətində adı keçən bir çox vəzifəli şəxslərlə bağlı bildirir ki, “DİN-in keçmiş 1- ci müavini Zahid Dünyamalıyev “dəmir alverçisi” Arzu Kazımovla birgə Daxili İşlər naziri Ramil Usubovun adı ilə məni təhdid edərək 3 milyon dollar alıb... Daha sonra Ramil Usubovun adı ilə onun qudası, Xətai rayon prokuroru Yusif İldrımzadənin qardaşı - Aeroport Polis İdarəsinin rəisi Rasim İldrımzadə dövriyyəyə girərək qardaşım Mahir Abdullayevi geri qaytarmaq üçün məndən 2 milyon dollar pul tələb etdi. Ən nəhayət, DİN-in Cinayət Axtarış İdarəsinin keçmiş rəisi Zakir Nəsirov və Kürdəmir rayon polis şöbəsinin rəisi Polad Şıxəliyev, onun müavini polis polkovniki Qabil Tagıyev Mahir Abdullayev üçün Ramil Usubovun adı il məndən 5 milyon dollar pul tələb etdilər”. Təəssüf ki, bu günə qədər nə Mahir Abdullayev cinayətinə, nə də Elşad Abdullayevin yaydığı məlum video görüntülərə və onun açıqlamalarına aydınlıq gətirilməyib, tədbir görülməyib.
Polis bölməsində ölüm və işgəncə halları beynəlxalq hesabatlarda...
Azərbaycandakı həbs və saxlama yerlərində məhbuslara qarşı tətbiq olunan, polisin nüfuzuna ciddi zərbə vuran işgəncə və ölüm halları dünyanın nüfuzlu beynəlxalq qurumları tərəfindən də birmənalı şəkildə qeyd olunur. ABŞ Dövlət Departamenti, BMT, Amnesty İnternational, Human Rights Watch və s. təşkilatlarının hesabat və sənədlərində Azərbaycandakı işgəncə və ölüm hallarına geniş yer verilir.
Azərbaycan dünyanın bəlkə də yeganə ölkəsidir ki, burda polislər insanlara qarşı həyata keçirdikləri zorakı hərəkətlərinə görə heç zaman cəzalandırılmayıb, həbs edilməyib. Bu fakt onunla bağlıdır ki, hakimiyyətin dayağı hüquq- mühafizə orqanlarıdır, polisdir. Haqsız və günahkar olsa belə hökümət polisi cəzalandırıb onun geri çəkilməsinə, xalqın gözündə kiçildilməsinə imkan vermir. Hətta İlham Əliyev demişdi ki, biz polisə güvənirik, heç bir polis cəzalandırıla bilməz; “Mən dedim ki, bir nəfər də olsun polis işçisi cəzalandırılmayacaq”. Daxili işlər naziri Ramil Usubov da bildirib ki, “Kimsə indi məhkəmədə özünü müdafiə etmək üçün deyə bilər ki, guya polis onu döyüb, işgəncə verib. Amma bunlar öz təsdiqini tapırmı? Tapmayacaq”.
.....
Təbii ki, Mehman Hüseynov polisə “böhtan atdığına” görə yox, hakimiyyətin ifşasına yönəlik fəaliyyətinə görə şərlənərək həbs olunub. Mehmanın ittiham olunduğu maddə (CM 147.2- böhtan atma) Diffamasiya haqqında qanunun tələbələri ilə ziddiyyət təşkil edir və ifadə azadlığının pozulmasıdır. O, polisi nüfuzdan salacaq hər hansı hərəkətə yol verməyib. Əksinə polis bölməsində işgəncələrə və qeyri- insani münasibətə məruz qaldığına görə bu faktın araşdırılıb hüquqi qiymət verilməsini istəyib...
.....
Əlbəttə yuxarıda qeyd olunanları bütün polislərə şamil etmək olmaz. Qanunlara əməl, insanlığa hörmət edən saysız- hesabsız polislərimiz var. Qarabağ ugrunda gedən döyüşlərdə sücaətlə sona qədər döyüşüb qəhrəmanlıqla şəhid olan Xocalı Aeroportunun komandiri, Milli Qəhraman Əlif Hacıyev kimi vətənpərvər polislərimiz var. Amma nə yazıqlar ki, polis sistemində yuxarıda qeyd olunan hallar mövcuddur. Həmin halları araşdırıb aradan qaldırmaq əvəzinə Mehman Hüseynovu polisə böhtan atıb onun nüfuzdan salmaqda ittiham və sonra da şərləyib həbs etmək absurddur. Əksinə, Mehman kimi dürüst, sevilən, nüfuzlu bir jurnalist- bloggeri polis rəisinin əli ilə əsassız olaraq həbs etmək polisin özünü nüfuzdan salmağa xidmət edir...
Rəy yaz